Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Vaqif İbrahimoğlu. Adam doğrudan da dəli olar


Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi


ƏVVƏLİ

Gecə...

... “Şakacı” tamaşasından sonra yazıram. Əvvəldən başlayım.

Saat 10.00-da səhnə hazır idi. Birinci bölümü başlayaraq, namuslu sovet rejissoru kimi bəzi məqamları təmizlədim – sadəcə, özümü sakitləşdirmək üçün, çünki onsuz da heç nəyi yadda saxlamayacaq və necəgəldi oynayacaqlar.

İkinci bölümdə, əsasən, Cahidlə Cümhurun ifalarını təmizlədim.

Biri tenor, digər bas olmaqla, onların hər ikisi bildirdilər ki, dünənki “prova”dan sonra səslərini qoruyacaq və yarımsəslə oxuyacaqlar. “İstəyirsiniz, lap çərək səslə oxuyun” – dedim. Anlamadığı bir şeylər qalsa da, Cahiddə nəsə alınırdı.

Bəzi mexaniki hərəkətlərinə öz işıqlı gözlərimi yummaq məcburiyyətindəydim...


Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

Üçüncü bölümdə yenə Cahid məni üzdü: düz 35 dəqiqə qəzetləri tikə-tikə cırıb səhnəyə tullayaraq axşam tamaşa zamanı uçuşdurmağı öyrəndim. Axırda uşaq kimi qımışırdım. Haləninin üstünə düşdüm: buxarıya girməsi 3 saat çəkdiyi üçün danlayanda üzümə qayıtdı ki, tez mümkün deyil. Tələb etdim. O da nümayişkaranə şəkildə buxarının künclərindən yapışıb, özünü dəmirə ilişdirdi. Bunu 8-ci dəfə təkrarlayanda (mən mikrofondan yararlanaraq cəhdləri sayır və ucadan söyləyirdim), səhnə mizanını dəyişəcəyimi bildirdim: Halə (Asya) yavaş-yavaş qapıya tərəf gedir və Gizəm (Telli) cəld buxarıya soxulur. Elə bunu demişdim ki, Haləciyim, siçan kimi, o dəqiqə özünü buxarının dar deşiyindən içəri saldı...

Dördüncü səhnədə hər şeyi tələm-tələsik təmizləyirdim. Axşam “Esmeralda” baleti göstəriləcəyindən gələnlər olacaqdı deyə, hamı qonaq (Türkiyə Cümhuriyyətinin prezidenti Kenan Evreni) qarşılamağa hazırlaşırdı.

Artıq qarabasmalar da başlayıb: bu gün məşqdə (saat 14.30-da) dönüb nə görsəm yaxşıdır? – 4-cü qapıda birə-bir Məzim dayanıb!.. Sanki elektrik vurdu məni. Axşam tamaşaya gedərkən də “Kızılay”da işıqforun önündə öz boz paltosunun yaxasını qaldırıb yolda duran Rəhman Bədəlovu gördüm. Gülümsədim və az qaldı ki, ona da mənimlə tamaşaya getməyi təklif edim.

...Elə bu gün, yalnız bu yaramaz Oğuz deyib gözümü açandan sonra mən “Düzlənin!” komandası verərkən aktyorların niyə qızarıb-hırıldaşıb narazı-narazı bozardıqlarının səbəbini anladım: sən demə, bu söz türkcədə (arqoda) “cinsi əlaqəyə başlayın!” anlamında işlənirmiş və onları qıcıqlandıran da sözün deyiliş şəkli deyil, məzmunuymuş...

... Maraqsız və boz bir tamaşaydı, amma aktyorlar rollarını yaxşı oynayırdılar. “Zarafatcıl” ata guya öldüyünü bildirən teleqram göndərir və sonra... yada sal...

25-26 yanvar (cümə-şənbə) 1985-ci il

... İndi gecədən xeyli ötüb (və ya dan sökülmək öncəsidir...), bu üzdən çox yazmayacağam.

Səhər Əhədlə birgə dükanları gəzdim. Ayaqqabı, köynək və kəpənək- qalstuk aldıq. Sövdələşir, hər yerdə qiyməti salırdıq. Götürdüklərimizə 3 min TL xərclədik. Qiymətlər, daha doğrusu onların sapma-sapan fərqləri məni dəli edirdi. Tutalım, köynəyi 900 TL-yə aldıq, amma kəpənək-qalstuku 600 TL –yə təklif edirdilər!! Adam doğrudan da dəli olar – eyni köynəyin qiyməti, deyək ki, burada 900 TL-dirsə, yanaşı yerdə 3 min TL-dir...

Saat 14.00-da “son genel prova” oldu. Hər şeyi vaxtında yetirdik, dekorların yerini 11; 12 və 10 dəqiqəyə dəyişdirdik. Ağlayıb-sızıldayırdılar ki, tamaşa 4 saat gedəcək. Nə oldu? İndi 3 saat 10 dəqiqə gedirsə, demək, mütləq 3 saata endirəcəyik.

Eyni səviyyədə və dözüləsi oynayırdılar. Yalnız 4-cü pərdəni korladılar. Dəhşətli dərəcədə qorxuram: axı sabah, pardon, bu gün – ilk tamaşadır! Səfir və müşavirlərinin hamısı gələcək.

Məşqin ardından atelyeyə baş çəkdik: aktyorlar mənə kostyumluq parça bağışlayıblar və indi teatrda onu tikirlər. Kövrəlmişəm. Bir təhər əvəzini qaytarmaq lazımdır.

Bundan sonra “Cümhuriyet” qəzetinin müxbiri ilə görüş və müsahibə vardı. Yeri gəlmişkən, hər şey qaydasında keçdi, necə lazımdır danışdıq (Bu gün qəzetdə fotoşəklim də çıxıb...).

Daha sonra Rəcəbin arabasında “Sefaret”ə -- səfirliyə getdik. Orada mədəniyyət müşaviri ilə danışıb Hüseyn Quliyevi tamaşaya dəvət etdik...

Ardından eyni arabada Rüştünün qohumlarıgilə qonaq getdik. Elə indicə oradan qayıtmışıq (gecə saat 4.00).

Çox maraqlı idi: axır ki, istədiyim insanlarla – rejissor və yazıçılarla rastlaşdım. Onlardan biri Yılmaz Onay idi. Yeri gəlmişkən, elə onun qonağıydıq.

Şox maraqlandılar. Onlara Ramizin şeirini oxudum, Levi-Strosdan, Ternerdən, İordanskidən, Rəhmandan, Niyazidən söz açdım. Son dərəcə maraqlandılar. Səsimiz batınca çəkişdik.

Oteldə isti su yoxdur, sabah da olmasa, ilk tamaşaya (15.30-da başlayacaq) üzümü və bədənimin digər hissələrini yumadan gedəsi olacağam... Təbii.

26-27 yanvar (şənbə-bazar) 1985-ci il

Bu gün (26 yanvar) Türkiyədə, Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində “Arşın mal alan”ın ilk tamaşası oldu.

... İndi səhərin erkən çağıdır, duşlanıb yazmağa oturmuşam. Anlaşılmaz və təzadlı duyğular bürüyüb məni. Bəlkə olanları yazıya boşaldandan sonra nələrsə öz yerini tutar.

(... Pəncərənin o üzündə məhəllə məscidinin müəzzini azan oxuyur, yaxınlıqdakı məsciddən onun səsinə səs verilir. Demək, tezliklə səhərdir və demək, mən Ankaradayam və demək, tamaşanı öz seyrçilərinə təhvil vermişəm...)

Səhər (yanvarın 26-da) gec oyandım (səbəbi öncəki səhifədə yazılıb...), elə o dəqiqə də Rəcəb gəldi və səhər yeməyini birgə yedik. Ardından mən yuyundum, o, mənim köynəyimi ütülədi. Sonra geyindim, kəpənək-qalstuku taxdım və getdik... pardon, Rəcəbin arabasına minib yollandıq teatra.

Turqut bəyə baş çəkib danışdıq və çay içdik. Yeri gəlmişkən, gəldiyimizi bildirincə, o qəbul otağına çıxıb kabinetə dəvət etdi. Opera Teatrının baş direktoru isə hələ
Zeynal Məmmədli
Zeynal Məmmədli
bugünədək məni qəbul etməyib və axtarsan, keçmiş tenorun qəbulunda olmağa heç mənim də fikrim yoxdur... Turqut bəylə “Müsyö Cordan”ın (“Müsyö Jordan və dərviş Məstəli şah” pyesi nəzərdə tutulur – Z.M.) rollarını təzəcə bölüşdürmək istəyirdik ki, gec olduğunu görüb (14.30) onunla sağollaşdım və səhnəyə tərəf getdim. Turqut bəylə sabah (yəni bu gün – yanvarın 27-də) görüşməyi razılaşdırdıq.

(... Müəzzinin səsi radio ilə bütün Ankaraya yayılır, demək, hava işıqlanır, demək, “Arşın mal alan”ın təhvilindən, ilk tamaşasından sonra yeni gün doğub...)

... Qrim odasına qalxdım, ayrı-ayrı qrim yerləri yoxdur: iri bir otaqdır, yüngül arakəsmələrlə güzgülü bölümlərə ayrılıb. Bir-iki adamı qrimlədim. Ardından kostyumun üstümə tikilib-tikilmədiyini yoxlamaq üçün atelyeyə çağırdılar. Sonra yenə qrim otağına qayıtdım. Qara kostyum və kəpənək-qalstuk olmasaydı, ilk tamaşadan xəbər verən hər hansı ovqat və əsəb gərginliyi duyulmazdı.

Tamaşa düz saat 15.30-da başladı. Elə təzəcə həyəcanlanırdım ki, Rüştü gəib-çıxdı və birlikdə kantinə, çay içməyə getdik. Orada danışdıq. Dünənki söhbətimiz onu tutmuşdu. O söhbətdən çox şey aldığından işdən əl çəkməyəcəyinə və daha dərinlərə varacağına söz verdi. Beləcə, 25 dəqiqə danışdıq və 1-ci bölüm də elə bu qədər çəkir. Başqa sözlə, həmin hissəni mən görmədim və yalnız tamaşaçıların xeyli tox reaksiyasını və finalda alqış tufanını eşidə bildim. Təəccüblənsəm də, buna elə bir önəm vermədim, çünki “son genel prova”dan sonra yaxşı heç nə gözləmirdim.

Dekorların dəyişdirilməsi 10 dəqiqə sürdü, amma öncə orkestr, ardından da Nazim Rzayev gözlətdi. Maestro rəqsi başlatdı və heç tükünü... pardon, bığını da tərpətmədi, sadəcə, dirijor çubuğunu yellədi və yekə bir dəsmala burnunu fınxırdı. Bir az irəli gedib deyim ki, o, həmin hərəkətini bütün tamaşa boyu təkrarladı və səhnə arxasındakı TV-də onun biganə sifətini görürdüm.

İkinci bölüm göstərilərkən də Rüştüylə danışırdım. O, qəfildən bildirdi ki, mənə baxanda özünü görür, amma-ancaq və lakin yaşı az, ağlı çox variantda. Xoş idi, əlbəttə və həmin dəqiqə psixoloji tarazlığa qovuşmaq üçün özümü alçaltdım.
(Gözüm yumulur, oyanandan sonra ardını yazaram...)

27-28 yanvar (gecə-səhər) ... yaza bilmədim, çünki saat 11-də Camal, 11.30-da isə Rəcəb gəldi. Zaman və məkan baxımından xeyli abırlı defikasiya aktına macal tapıb, mənim əlimdən yığan V.V.-ni də götürərək, onlarla getdim. Şəhəri gəzib-dolaşdıq, bir kafeyə girdik və yenə Opera Teatrına qayıtdıq. Turqut Özakmana baş çəkib, pyesləri ona verdim. O öz müdiriyyətini işdən xəbərdar etdiyini bildirərək, sabah -- yəni, əslində bu gün – bizimkilərlə danışacağını dedi. Bu zəhrimar ürəyim susursa, demək, alınmayacaq. Elə o səbəbdən də günü sabahdan getməyə hazırlaşmaq, şey-şüy almaq və s. lazımdır. Sabah artıq bu gün olub. Demək, Türkiyənin paytaxtı Ankarada qalmağa daha 2 günüm var.

İlk tamaşa haqqında söhbəti davam etdirək

... İkinci bölümün ardından verilən fasilədə Rəcəb mənə yanaşaraq bildirdi ki, “Azerbeycan Kültür Derneği”nin üzvləri üstü yazılı buket hazırlayıblar (sonra bilindi ki, buket yox, nəhəng əklil). Dedim: -- Üstünü yazmaq gərək deyil!.. – Ancaq ardından Əhəd söylədi ki, yazıyla da olar. Sözügedən təşkilat aşırı sağçılar – müsavatçılardır və liderlərindən biri də Səlcuq abidir. Artıq gör neçə gündür ki, mənimlə əlaqəyə girmək istəyirlər. Özü də -- açıq deyirəm – bu işi çox nəzakətlə görürdülər, amma tanışlığın rəsmi səviyyədə (Dərnəyə getməklə və s.) alınmayacağını anlayandan sonra onların həvəsi öləzidi və demək olar, gəlib-getmədilər. Mən əvvəlcə şəxsi səviyyədə və yalnız mədəniyyət və sənət mövzularında görüşüb-danışmağa hazır olduğumu söylədim. Daha sonra “Bizim ictimai təşkilatlarla özünüz bağlantı qurun” təklifini verdim və... bununla da mənə marağın azaldığını gördüm. Özümü oda-közə vurmurdum, çox sərbəst aparırdım – sanki nə gizlətməyə bir şeyim, nə də qorxmağa əsasım vardı... Bir də, qeyri-adi bir davranışa niyyətim də yox idi, axı... Belə də yaşamaq olar.

ARDI VAR

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG