Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 10:00

Ölkədə qeyri-neft sektoru nəyin hesabına artır?


«Dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsində neft-qaz amili öz sözünü deyir. Hazırda bəzi ölkələrin balansında Azərbaycan nefti 25 –30-35 faiz təşkil edir».

Bunu prezident İlham Əliyev İyunun 5-də Bakıda keçirilən «XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012» sərgisindəki çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektoruna indiyədək ümumilikdə 50 milyard dollar həcmində investisiya qoyulub. 1995-ci ildən bu yana ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi isə 120 milyard dollardır. «Hazırda Azərbaycanın valyuta ehtiyatı 40 milyard dollardan artıqdır»-deyən prezidentin sözlərinə görə, ötən səkkiz ildə Azərbaycanın iqtisadiyyatı və sənaye istehsalı 3 dəfə artıb: «Son iki ildə kəşf edilən 2 böyük qaz yatağında ilkin hesablamalara görə 700 milyard kubmetrə qədər qaz ehtiyatı var. Ölkənin təsdiq olunmuş qaz ehtiyatları isə 2,6 trilyon kubmetrdir. Artıq «Şahdəniz-2» layihəsinin reallaşması yaxınlaşır. Ölkə uzunmüddətli qaz strategiyasına demək olar ki, hazırdır».

SON SƏKKİZ İLDƏ BİR MİLYON İŞ YERİ

Prezidentin dediyinə görə, Azərbaycanda neft gəlirlərinin artımı ölkənin qeyri neft sektorunun inkişafına təkan verir. Artıq son səkkiz ildə qeyri-neft sektorunda 1 milyon iş yeri açılıb. Ölkənin enerji ehtiyatları tam olaraq xalqın mənafeyinə xidmət edir:

İlham Əliyev və Xoşbəxt Yusifzadə
İlham Əliyev və Xoşbəxt Yusifzadə
«Biz bu strategiyanı icra edərkən qarşıya qoyulan hədəflərdən biri də neft amilindən istifadə edərək qeyri neft sektorunu inkişaf etdirmək idi. Hələ o illərdə mən demişdim ki, neft bizim üçün məqsəd deyil, müasir dövlət yaratmaq üçün vasitədir. Hesab edirəm ki. bu imkanlardan biz səmərəli şəkildə istifadə edə bilmişik. Dövlət Neft Fondunun fəaliyyətə başlaması imkan verdi ki, neft gəlirlərinin şəffaflığı təmin edilsin və investisiya şəklində qeyri neft sektoruna qoyulsun. Valyuta ehtiyatlarımızın ildən ilə artımı Azərbaycan iqtisadiyyatının neftdən asılılığını maksimum dərəcədə aşağı salmağa imkan verir. İqtisadi göstəricilər buna nail olduğumuzu deməyə əsas verir. Çünki bu ilin birinci 3 ayında qeyri- neft sənayemizdə 16 faiz artım olub»

TİKİNTİ HESABINA

İlham Əliyevin dediyinə görə, nefti və qazı Azərbaycanınkından çox olan bəzi ölkələr var ki, iqtisadiyyatı birtərəfli inkişaf edir və bu iki amildən asılıdır. Azərbaycanda isə belə deyil.

Sabit Bağırov
Sabit Bağırov
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) prezidenti Sabit Bağırov deyir ki, qeyri- neft sektorunun inkişafının neftdən gələn gəlirlərə adekvat olub- olmadığını müəyyənləşdirmək kifayət qədər çətindir. Çünki bu, mücərrəd məsələdir. Bununla belə Sabit Bağırov hesab edir ki, Azərbaycanda qeyri- neft sektoru inkişaf edir:

«Düzdür qeyri- neft sektoru inkişaf etməkdədir. Əgər nəzərə alsaq ki, buraya əsasən tikinti sektoru daxildir, Azərbaycanda da son illər böyük tikinti işləri aparılır, təbii ki, qeyri- neft sektoru da məhz bu istiqamətdə inkişaf edir. Amma təəssüflər olsun ki, digər istiqamətdə arzu edilən səviyyədə qeyri- neft sektorunun inkişafını hələ ki, müşahidə edə bilmirik».

ÜDM-DƏ NEFTİN PAYI

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, rəsmilər 10 ilə Azərbaycanın ümumi daxili məhsulunda qeyri- neft sektorunun payını 80 faizə çatdırmaq bərədə proqnozlar səsləndirirlər. Amma bunu nəinki 2025-ci, heç 2030-cu ildə də gerçəkləşdirə bilməyəcəklər. Onun sözlərinə görə, hazırda ARDNŞ-də 2015-2020-ci illərdə gerçəkləşdiriləcək nəhəng bir layihə var. Bu neftayırma və neft emalı kompleksinin layihəsidir. Orada neft emalı, qaz emalı, kimya kompleksi və enerji mərkəzi kimi 4 kompleksi birləşdirəcək böyük bir layihədir. Düzdür bu illər ərzində orada həqiqətən də 16-17 min insanın çalışacağı gözlənilir. Amma bu emal sənayesi olsa da yenə də neftə aiddir. Yəni bu enerji sektorudur, bunları qeyri neft sektoru adlandırmaq olmaz:

İlham Şaban
İlham Şaban
«Reallıq belədir ki, Azərbaycana gələn neft pulları guya daxili investisiya şəklində qoyulur qeyri neft sektoruna deyə, xarici investisiyanın qarşısında böyük sədlər çəkilir. Bu məsələdə ancaq müəyyən şirkətlər üçün balaca bir nəfəslik açmaqla məsələ bitmiş hesab olunur. Nəticədə də Azərbaycanın ixracatında yenə də neft sektorunun payı əvvəllər olduğu kimi 95 faizdən aşağı düşməyib. Yəni şaxələndirilmiş iqtisadiyyatdan danışdığımız halda çox ümumi daxili məhsula və ixracata baxanda bunu görmürük. Reallıq ondan ibarətdir ki, əgər əvvəllər ümumi daxili məhsulda neftin payı 47 faiz idisə, indi 52 faizə çatır».

2 MİLYON YOXSA 5 MİN TURİST

İlham Şaban deyir ki, 1990-cı illərdə, eləcə də 2000-ci illərin ortalarında xarici investisiyaların gəlməsi üçün neft sektoruna yaradılan münbit şərait qeyri- neft sektoru üçün də yaradılsaydı, həqiqətən də bir qədər sonra o iqtisadiyyatda öz gözəl effektini verəcəkdi. Qeyri- neft sektorunun inkişafı barədə deyilənlərin reallığı əks etdirmədiyi barədə danışarkən ekspert Azərbaycanda turizmin inkişafını da misal gətirir. O qeyd edir ki, bəzi rəsmi açıqlamalarda ildə Azərbaycana 2 milyon turistin gəldiyi bildirilir: «O hesabla «Eurovision» kimi cəlbedici bir tədbir ərəfəsində turist əlindən tərpənmək mümkün olmamalı idi. Halbuki, gələnlərin sayının təxminən 5 min olduğu ortaya çıxdı».
Ənənəvi olaraq Bakıda hər il keçirilən «Caspian Oil and Gas» sərgisində bu dəfə 30-dan çox ölkənin 300-dən artıq şirkəti iştirak edir.

İlham Şabanın sözlərinə görə , ötən ilki sərgi ilə müqayisədə bu il iştirakçı şirkətlərin sayı artıb. Amma sərgidə ən çox şirkətlə yenə də Azərbaycan təmsil olunur.
XS
SM
MD
LG