Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:42

Xuraman Hüseynzadə. Mən heç böyümədim ki...


Xuraman Hüseynzadə


Mən heç böyümədim ki

atam yaxşı-yaxşı işlərdə
işlədi
yedi, içdi
hər içəndən sonra
anamın başında yumruqlarının
şişi böyüdü
atam gözlərimdə kiçildikcə
gördüyüm dəhşətlərdən
gözlərim böyüdü
mən heç böyümədim ki

çoxaldı evimizdə stollar
qab-qacaqlar
qədəhlər çoxaldı
yemək qazanları böyüdü
dostlarının vəzifələri böyüdükcə
içki məclisləri çoxaldıqca
evimizdə...
ayaq üstə durmaqdan
zülm çəkməkdən
anamın qarnındakı şiş böyüdü
mən heç böyümədim ki

füzulidən
zakirdən
oxuyardu atam
sözü yalnız söyüş bilən
polis rəislərinə
bazar müdirlərinə
evimizdə nə qədər poqonlu, vəzifəli
yal itinin qarnı böyüdü
yeməkdən, içməkdən...
mən heç böyümədim ki

bişirdiyi yeməklərdən
çatmazdı anama
durub bir küncdə içini yeyərdi
gecələr səssiz ağlayardı
kimsə eşitməsin deyə
ancaq bir allah
bir də mən bilirdik anamın ağladığını
yaxınlaşıb gözlərini silərdim əllərimlə
göz yaşları ovcuma düşdükcə
atam gözümdən düşürdi.

aylar belə keçdi
illər belə keçdi
və bir gün...
atam arağı tərgidən gün
uşaqlığım özünü asdı
köhnə məhləmizdəki
ərik ağacının budağından

30. 05.12


Sənin ad günün

bu gün ad günündü
səni təbrik etmək istəyirəm
sənə sarılmaq
boynunu qucaqlamaq əvəzinə
boynumu büküb
dizlərimi qucaqlayıram
bir qədəh sənsizliklə
ad gününü qeyd edirəm
səndən xəbərsiz

dostların əhatəsindəsən indi
sağlığına qaldırılan qədəhlərin
cingiltisi qulaqlarıma gəlir sanki
mənim qədəhimsə
tənha
özüm kimi...
sükutla baş-başayam
sənsizliklə üz-üzə
yaşının üstünə yaş gəlir
mənim gözlərimdən...
doğum gününü qeyd edirəm
qarşımdakı qədəh qədər
tənhayam...


Get

səni də külək təsadüfən gətirdi
dənizə
sonra qan-qan deyən dalğalar
atdı səni sahilə
böyük-böyük gəmilərin üzdüyü dənizdə
nə işin vardı axı
çox da ki külək əsirdi
çox da ki fırtına qopurdu
sahildə də durma
üşüyərsən
get
çək gözlərini gözümdən
mən sənin həsrətini çəkim
üz əllərini əlimdən
ümidimi üzüm mən də birdəfəlik
səsini dalğaların səsi batıracaq
onsuz da
heç nə ilə yadımda qalmayacaqsan
heç nə ilə
dəniz çör-çöpü sahilə atır, atam…

***

səni aldada bilər baxışlarım
səni aldada bilər gözlərim
sözlərim
saçım
dayan
sənə bir sirr açım
mən zəhərli çiçəkdən
şirə çəkən bal arısıyam
ölə bilərsən
sevgimdən...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG