Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:54

İnformasiya əldə etməyə yeni məhdudiyyət qoyulur


Milli Məclis
Milli Məclis
«KOMMERSİYA SİRRİ»

«İnformasiya əldə etmək haqqında» qanuna dəyişiklik edilə bilər. Təkliflər iyunun 1-də parlament komitələrinin iclaslarında müzakirə edilib. Dəyişikliklərə görə, informasiyanın əldə olunmasına o şərtlə icazə verilə bilər ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın, şəxslərin hüquq və azadlıqlarının, kommersiya və başqa iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Bu hələ hamısı deyil. Azərbaycanda yeni bir qanun layihəsi də hazırlanıb: «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında». Qanun layihəsinə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar konfidensial saxlanılacaq.

Həmin məlumatlar bəzi hallarda sorğu əsasında açıqlana bilər. Yəni məhkəmə, istintaq və təhqiqat orqanlarına, əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə və sairə. Bununla bağlı «Kommersiya sirri haqqında» qanuna dəyişikliklər edilməsi nəzərdə tutulub və bu məlumatlar kommersiya sirri hesab olunacaq.

«TAM BİR RƏZALƏTDİR, BİABIRÇILIQDIR»

Natiq Cəfərli
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərliyə görə, bu, rəzalətdir. Onun fikrincə, bu yöndə hüquqi müstəvidə mübarizə aparmaq lazımdır:

«Bu, tam bir rəzalətdir! Tam biabırçılıqdır. Jurnalist araşdırmaları, onların üzə çıxardığı faktlar hakimiyyəti narahat etməyə başlamışdı. Və bununla da mənbələrin gizli saxlanmasına çalışacaqlar. Bu, absurddur. Özünü az-çox sivil sayan ölkələrdə belə qanun yoxdur. Bu qanun layihəsi hakimiyyətə, oliqarxlara, hökumətə yaxın adamların biznes qurumları haqda məlumatların yayılmamasına xidmət edir. Məmurların və ailə üzvlərinin biznes sahələrinin ictimai qınaq hədəfinə çevrilməsi hökuməti narahat edirdi. Bu qanuna da mahiyyətcə eyni dəyişikliklərin edilməsi buna xidmət edir ki, ictimai əhəmiyyət kəsb edən məsələlərin araşdırılmasında onsuz da çətin olan vəziyyət bir az daha çətinləşsin».

NİCAT DAĞLAR: «VƏZİYYƏT KRİTİKLƏŞƏCƏK»

Araşdırmaçı jurnalist Nicat Dağlar deyir ki, bu təkliflər reallaşarsa, söz azadlığı, informasiya əldə etmək sahəsində vəziyyət kritikləşəcək. Onun qənaətincə, ictimaiyyət buna etiraz etməlidir.

«Biz bu günə qədər zatən dövlət qurumlarından, kommersiya şirkətlərindən məlumat almaqda əziyyət çəkirdik. İş məhkəmələrə qədər gedib çıxırdı. Bundan sonra bu imkanlar da əldən alınacaq. Məncə, bu qərar son dövrlər araşdırma jurnalistikasının sürətli inkişafının nəticəsidir».

FƏZAİL AĞAMALI: «BU DA TƏBİİDİR»

Fəzail Ağamalı
Fəzail Ağamalı
Deputat Fəzail Ağamalı isə bu cür yanaşmalarıyanlış sayır. O deyir ki, informasiya əldə edilməsi ilə bağlı məhdudiyyətlər Türkiyədə, Litvada, Ukraynada, Rusiyada da var:
«Bir sıra hallarda KİV-lərə sızdırılan, dövlət maraqlarına zidd, hərbi sirləri ehtiva edən, siyasi xəttə zərbə vuracaq xəbərlər, şərhlər gedir. Bu da Azərbaycanı istəməyən qüvvələr üçün göydəndüşmə olur. «İnformasiya əldə etmək haqda qanun»da da birmənalı deyilir ki, iqtisadi, siyasi, hərbi xarakterli dövlət, milli maraqlarımıza, milli dəyərlərimizə ziyan gətirən informasiyaların verilməsinə məhdudiyyət qoyulur. Bu da təbiidir».

« HANSI MƏLUMATI VERİRSƏ BUNUNLA DA KİFAYƏTLƏNMƏLİDİR»

O ki qaldı, hüquqi şəxslərin təsisçiləri və nizamnamə kapitalındakı payları haqda məlumatların məxfi saxlanmasına, Fəzail Ağamalı deyir:

«Jurnalistə kommersant hansı məlumatı verirsə bununla da kifayətlənməlidir. Bəlkə jurnalistin kommersiya sirlərini açıqlaması kommersanta ciddi maliyyə problemləri yaradacaq? Düşünürəm ki, hər bir vətəndaşın hüquqları qorunmalıdır. Əlbəttə Azərbaycanda da deklarasiya haqda qanun var və məmurlar gəlirləri haqda açıqlama verməlidirlər. Eyni zamanda, hər bir vətəndaşla bağlı hesabatlar var. Amma bu o demək deyil ki, istənilən jurnalist bu məlumatları açıqlaya bilər».

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, bəzi informasiyaların yayılmasında məhdudiyyətlərin olması mümkündür. Bu nəinki Azərbaycan qanunvericiliyində, hətta Azərbaycanın qoşulduğu bəzi beynəlxalq sənədlərdə də əksini tapıb. Rəşid Hacılı deyir ki, əslində bu gün informasiya əldə etməklə bağlı təklif edilən məhdudiyyətlərin bəzisi ayrı-ayrı qanunlarda əksini tapıb. Amma onların yenidən gündəmə gətirilməsi, vurğulanması ona da təəccüblüdür. Və səbəbini izah eləməkdə çətinlik çəkir.

Əli Hüseynov
Əli Hüseynov
«Trend»in məlumatına görə, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bu fikirdədir: «Qanunvericilikdə informasiyanın əldə edilməsinin məhdudlaşdırılmasının çərçivəsi göstərilməyəndə, bundan sui-istifadə olunur».

İqtisadçı Natiq Cəfərliyə görə, bu dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək lazımdır. Hətta nəticə olmazsa, Avropa İnsan Haqları Məhkəməsinə və Azərbaycanın tərəfdaş olduğu qurumların təzyiqini artırmaq lazımdır.
XS
SM
MD
LG