Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Büdcə xərcləri 600 milyon manat artırılır


Azərbaycanın 2012-ci il dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklər çərçivəsində büdcə xərclərinin 600 mln. manat artırılması əlavə vergi ödəmələri hesabına həyata keçiriləcək.

«APA-ECONOMICS»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün parlamentin plenar iclasında çıxışında bildirib.

Nazirin sözlərinə görə, büdcəyə dəyişikliklərin edilməsi bir neçə səbəblə bağlıdır: «Azərbaycanın Şimal-Qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarına böyük zərər dəyib. Bundan başqa, 2010-cu ildə baş verən daşqınlar nəticəsində Kürqırağı rayonlara ziyan dəyib. Həmçinin, respublika ərazisində qeyri-sabit hava şəraiti və leysan yağışlar nəticəsində bəzi rayonlara da zərər dəyib və burada əlavə tədbirlərin görülməsinə ehtiyac yaranıb, eləcə də bəzi ehtimal olunan təbii hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsi və texnikanın alınması tələb olunur».

S.Şərifov bildirib ki, hüquq-mühafizə və təhlükəsizlik tədbirlərinə də vəsaitlər ayrılmasına ehtiyac yaranıb. Bunlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatlarının Mühafizəsi Agentliyinin formalaşması ilə bağlıdır. «Bundan başqa, SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə əlaqədar olaraq tədbirlərin başlanması üçün büdcənin xüsusi ehtiyat fondundan 300 mln. manat götürülüb. bunları nəzərə alaraq, eləcə də zəlzələ ilə əlaqədar olaraq bu fonddan 20 mln. manat və bəzi rayonlardakı tədbirlərə vəsaitlərin ayrıldığını nəzərə alaraq, ehtiyat fonduna əlavə vəsaitlərin ödənilməsi nəzərdə tutulur», - deyə nazir vurğulayıb.

Nəzərdə tutulan dəyişikliklər nəticəsində, təbii fəlakətlərlə bağlı tədbirlərin həyata keçirilməsinə 350 mln. manat, büdcənin xüsusi ehtiyat fonduna 200 mln. manat,
Bakı şəhəri və kəndlərdə ekoloji durumun, sosial infrastrukturun yaxşılaşdırılması, abadlıq işlərinin görülməsinə 95 mln. manat, hərbi quruculuq və müdafiə xərclərinə 45 mln. manat ayrılması nəzərdə tutulub.

Nazirin sözlərinə görə, bu tədbirlərə ümumilikdə 690 mln. manat tələb olunur. Bunun 600 mln. manatı əlavə vergi daxilolmaları hesabına təmin ediləcək: «Bu, vergi inzibatçılığındakı uğurlarla bağlıdır. Belə ki, ilk 4 ayda Vergilər Nazirliyi tərəfindən büdcəyə 91 mln. manat artıq vəsait köçürülüb, daha 90 mln. manat digər xərclərin azaldılması hesabına əldə olunacaq. Bu, əsasən xarici borca xidmət xərclərinə qənaət edilməsi hesabına olacaq. Dünya maliyyə bazarlarında faiz dərəcələrinin aşağı düşməsi buna imkan yaradıb».

S.Şərifov qeyd edib ki, büdcə xərclərinin artırılması zamanı Dövlət Neft Fondundan əlavə transferlər nəzərdə tutulmur. Proqnoza görə, Vergilər Nazirliyi hesabına təmin ediləcək əlavə 600 mln. manatın isə 500 mln. manatı neft gəlirləri (neft sektorunun vergi ödəmələri), 100 mln. manat isə qeyri-neft gəlirləri hesabına təmin ediləcək.

Dəyişikliklər nəticəsində büdcə gəlirlərinin 17 038 mln. manata çatdırılması nəzərdə tutulub. Bu isə nəzərdə tutulmuş proqnozdan 3,7% artıqdır. Xərclərin isə 17 672 mln. manata çatdırılması planlaşdırılır. Dövlət büdcəsinin kəsiri ilə əlaqədar vəziyyət dəyişmir.

«Bunun əvəzində dünya bazarında neftin qiymətinin gözəniləndən artıq olması Neft Fondunun gəlirlərinin nəzərdə tutulandan 3 625 mln. manat artıq olmasına səbəb olub ki, nəticədə icmal büdcənin kəsiri 938 mln. manatlıq profisitlə əvəz olunacaq», - deyə nazir bildirib.
XS
SM
MD
LG