Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:14

Beynəlxalq Federasiya Azərbaycanda insan haqları pozuntularına dair məlumat yayıb


Arxiv foto: 2011-ci il aprelin 11-də Bakıda keçirilən etiraz aksiyasında saxlananlardan biri.
Arxiv foto: 2011-ci il aprelin 11-də Bakıda keçirilən etiraz aksiyasında saxlananlardan biri.
Bakıda keçiriləcək Eurovision-2012 mahnı yarışı ərəfəsində İnsan Haqları üzrə Beynəlxalq Federasiya və onun üzvü olan Azərbaycan İnsan Haqları Mərkəzi Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşməsinə dair məlumat yayıb.

Məlumatda deyilir ki, 2011-ci ildə Azərbaycanda etiraz dalğaları oldu. Mart və aprel aylarında küçələrə çıxan yüzlərlə adam demokratik islahatlar və insan haqlarına hörmət tələb etdi.

Azərbaycan hökuməti isə repressiyalar, təzyiqlər, vətəndaş cəmiyyətinə basqılarla bu etirazları yatırmağa çalışdı. Həmin etirazlar zamanı tutulan insanlardan 15 nəfəri hələ də həbsdədir.

Bu dövrdə media, sərbəst toplaşma, birləşmə azadlıqları məhdudlaşdırıldı. Rejim tənqidi səsləri boğduqca fikrin azad ifadəsinə imkanlar kəskin daraldı.

Bu hadisəlrədn bir il keçmiş yenə də Azərbaycanda etiraz dalğaları davam edir.
Bu il martın 1-də Qubada minlərlə adam yerli icra hakimiyyətinin binası qarşısında etiraz aksiyasına çıxdı. Onlar icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefaya göndərilməsini tələb edirdilər. Aksiya zorakılığa çevrildi və bir neçə bina dağıdıldı və yandırıldı.

Qubanın icra başçısı işdən çıxarılsa da sonrakı günlərdə azı 8 nəfər həbs edildi.
Bundan bir neçə gün sonra – martın 6-da Bakının mərkəzində dinc etiraz aksiyası polis tərəfindən dağıdıldı. Bir neçə müxalifət fəalı saxlandı, döyülənlər oldu.

Azərbaycan hakimiyyətinin təmsilçiləri ölkədə insan haqları pozuntuları barədə ittihamları rədd edirlər. Onlar bildirirlər ki, Bakıda keçirilən Eurovision-2012 yarışları ərəfəsində bu cür tənqidlərin çoxalması hansısa siyasi dairələrin öz məqsədləri üçün Bakıya təzyiq cəhdləridir.

Eurovision-2012 mahnı yarışmasının yarımfinalı mayın 23-24-də, finalı isə 26-da olacaq.
XS
SM
MD
LG