Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Alim Qasımov «Eurovision»da ifası haqda: "Necə çıxacaq - o qismətdir"


Alim Qasımov
Alim Qasımov
«Məni şəm yandıra bilməz oda, pərvanə kimi. Yurdum Odlar Yurdu, çün Azərbaycanım var!».

Bu sözləri tanınmış muğam ustası Alim Qasımov Bakıda keçirilən 57-ci «Eurovision» Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayevanın oxuyacağı «When the music dies» mahnısında muğam parçası kimi səsləndirəcək.

DÜNYANIN QULAĞI MUĞAM EŞİDƏCƏK!

Tanınmış xanəndə Eurovision.az saytına açıqlamasında bildirib ki, bu müsabiqədə muğamın səslənməsi ona yeni nəfəs gətirəcək: «Bu, mənim üçün çox çətin və məsuliyyətli bir işdir. Muğamın bu səhnəyə çıxışı çox önəmlidir. İştirakçıların qulağı muğam eşidəcək. Bu da bizim muğam sənətinin şöhrətini artıracaq».

BEYT YEKUNDA SƏSLƏNƏCƏK

Alim Qasımov «Məni şəm yandıra bilməz oda, pərvanə kimi. Yurdum Odlar Yurdu, çün Azərbaycanım var!» beytini yekunda səsləndirəcəyini söyləyib: «Səbinə xanımla da sözsüz bir-iki oxumalar var. O da canlı olacaq. Necə çıxacaq - o qismətdir».

ALİM BƏYƏ MƏXSUSİ PALTAR TİKİLİR

Tanınmış xanəndə müsabiqədəki çıxışı üçün ayrıca paltar da tikildiyini bildirib: «İnşallah, görək necə olacaq! Səhnədə o qədər hərəkət var ki! Adam tuta bilmir. Yəqin televiziyada gözəl görünəcək».

İŞIQLAR, REJİSSURA FƏRQLİ BİR ŞOUDAN XƏBƏR VERİR

Səbinə Babayeva
Səbinə Babayeva
Alim Qasımov yarışmanın keçiriləcəyi Baku Crystal Hall-ı da çox bəyənib: «Burada ayrı bir əhval-ruhiyyə var. Maraqlı işlər gedir. İşıqlar, rejissura fərqli bir proqramdan xəbər verir».

MUĞAM DAHA AYDIN EŞİDİLƏCƏK

İlk variantda fon kimi istifadə olunan muğam parçası son variantda daha da artırılaraq yuxarıda verdiyimiz beyt şəklində mahnını bitirəcək.

SƏBİNƏ: ÇOX XOŞBƏXTƏM!

Səbinə Babayeva isə səhnədə Alim Qasımovla birgə çıxış etməsini özü üçün böyük şərəf adlandırıb: «Azərbaycanın ən böyük ifaçılarından biri ilə çıxış etmək mənim üçün böyük şərəfdir. «Eurovision» səhnəsini Alim Qasımovla bölüşdüyümə görə çox xoşbəxtəm».

Xəbəri eurovision.tv saytı yayıb.
XS
SM
MD
LG