Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Böyük yazıçı və ziyalı vəfat etdi


Məşhur Meksika yazıçısı Karlos Fuentes 83 yaşında vəfat edib.

Yazıçı Mexikoda Angeles del Pedregal hospitalında keçinib.

Onu paytaxtdakı evində şəxsi həkimi Arturo Ballesteros huşunu itirmiş vəziyyətdə tapıb.

“Associated Press” agentliyinin məlumatına görə, həkim jurnalistlərə yazıçıda daxili qanaxma aşkar edildiyini deyib.

Fuentes ispandilli ölkələrin ən məşhur yazıçılarından idi. Gabriel García Márquez, Mario Vargas Llosa və Julio Cortázar ilə birlikdə 1960-70-ci illərdə Latın Amerikası ədəbiyyatında El Boom deyilən böyük sıçrayışın, nəsr bumunun bayraqdarlarından olub.

Fuentes özündən sonra onlarla pyes, siyasi mövzulu roman və publisistik kitablar qoyub gedib.

İspandilli ölkələr xaricində yazıçını məşhur edən əsərlərin arasında onun 1985-ci ildə ABŞ-da çap edilən “Qoca Qrinqo” əsərinin adını çəkmək olar.

Amerika yazıçısı Ambrose Bierce-in Meksika inqilabının xaosunda yoxa çıxması hadisəsinə əsaslanan roman ölüm, mədəni əlaqələr və meksikalı kimliyi kimi mövzulara toxunur.

1989-cu ildə roman əsasında film də çəkilib. Baş rolları Gregory Peck və Jane Fonda ifa ediblər.

Əksər Latın Amerikası yazıçıları kimi Fuentes də siyasi məsələlərlə bağlı fikrini açıq bildirib və qəzet-jurnallar üçün ictimai-siyasi mövzuda yazılar yazıb, cəmiyyətin problemlərini diqqət mərkəzinə gətirib.

O, xüsusən də Meksikada bir partiyanın 2000-ci ilə qədər davam edən hegemonluğuna qarşı çıxıb, hökuməti tənqid edib.

Fuentes siyasət adamından daha çox ideologiya adamı idi.

Onun üçün əsas olan - insan haqlarının qorunması idi.

Məhz buna görə də ilk əvvəl Fidel Kastronun rəhbərlik etdiyi inqilabı dəstəkləsə də, sonradan Kuba liderini tənqid etməyə başlamışdı. Bunun da əsas səbəbi Kastronun demokratik cəmiyyət əvəzinə avtoritar hakimiyyət qurması idi.

Yazıçı Venesuelanın solçu prezidenti Hugo Chávez-i “tropik Mussolini” adlandırırdı.

Fuentes hökumətin Meksika üçün əsl faciəyə çevrilmiş narkomafiyaya qarşı mübarizəsinin ciddi effekt verməməsini də tənqid edirdi.

O, 1975-ci ildə Meksikanın Fransadakı səfiri vəzifəsinə təyin edilmişdi.

Amma 2 il sonra istefa vermişdi.

Səbəb də Gustavo Díaz Ordaz-ın İspaniyaya səfir göndərilməsi idi.

Bu həmin Gustavo Díaz Ordaz idi ki, Meksika prezidenti olarkən – 1968-ci ildə ordu Mexikodakı tələbə nümayişinə atəş açmışdı.

Amma bütün bu siyasi çıxışlar Fuentesin yaradıcılığını heç zaman ikinci plana keçirməmişdi.

Fuentesin 1962-ci ildə yazdığı, bir çoxlarının onun şedevri saydığı “Artemio Cruz-un ölümü” əsəri yataq xəstəsi olan baş qəhrəmanın – qəzet sahibinin özünün kasıblıq içində keçən uşaqlığı, Meksika inqilabındakı şücaətini xatırlaması və inqilabın insanlara bərabər yaşayış və haqlar vermək vədinin həyata keçməməsi qənaətinə gəlməsi haqdadır.

New York Times-a istinadla oxuzali.az
XS
SM
MD
LG