Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

İctimai Palata növbəti aksiyasını keçirdi [Video-Foto]


İctimai Palata Bakıda etiraz aksiyası keçirdi
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00
Direct-ə keçid
İcazəsiz aksiyada saxlanan 18 nəfərin hamısı buraxılıb. Onlardan 10-a şifahi, 8-ə isə yazılı xəbərdarlıq olunub.

Bu haqda AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətin şöbə rəisi Orxan Mənsurzadə məlumat verib.

QOBUSTAN QORUĞU

Saxlananlardan biri, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı AzadlıqRadiosuna bildirib ki, polis onları saxlayandan sonra əvvəlcə Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə, sonra isə Səbail rayon Polis İdarəsinə gətiriblər:

«18 nəfər idik. 8 nəfərin taleyindən xəbərimiz yoxdur. Bizi - 10 nəfəri isə polis düz Qobustan qoruğunun yanında buraxıb dedi ki, gedin, qoruğu səyahət edin. Biz etiraz etdik, dedik ki, Qobustan qoruğuna gəlmək istəsəydik, özümüz gələrdik. Niyə bizi bu istidə bura gətirmisiniz?».

Daxili İşlər Nazirliyi mətbuat xidmətin şöbə rəisi Orxan Mənsurzadə isə deyir ki, aksiyada saxlananların Qobustan qoruğunda buraxılması yalandır.

AKSİYA «SABİR BAĞI»NAN BAŞLADI

Mayın 14-də İctimai Palata Bakı şəhər İcra Hakimiyyəti binası qarşısında piket keçirməyə cəhd etdi. Aksiyaçılar gəlməmişdən əvvəl polis «Axundov bağı» ərazisini, «İçərişəhər» metro stansiyasının qarşısını və «Sabir bağı» ərazisini nəzarətə götürmüşdü.

Aksiyaçılar piketə «Sabir bağı» ərazisindən başladılar. Onlar «İstefa!», «Azadlıq!» şüarları səsləndirə-səsləndirə Bakı şəhər İcra Hakimiyyəti binası qarşısına doğru yürüş etmək istəyəndə, polis onların qarşısını aldı. Aksiyaçıların əsas tələblərindən biri İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi mitinqə görə həbs olunanların və digər fəalların azadlığa buraxılması idi. Aksiyada mülki hüquqları pozulanlar da iştirak edirdi.

SABİR BAĞINDA İLK QARŞIDURMA

Elə polislə aksiyaçılar arasında ilk qarşıdurma da bu ərazidə oldu. Aksiyaçılar «Sabir bağı»ndan üzüaşağı hərəkət etmək istəyəndə polislər aksiyaçıları itələməyə, təpikləməyə başladı. Bu vaxt 4-5 qadın yerə yıxılmışdı. Nəqliyyatın hərəkəti bir neçə dəqiqə dayanmışdı. Bundan sonra aksiyaçılar Nizami Gəncəvinin heykəlinə doğru hərəkət etdilər. Burda da qarşıdurmalar davam etdi. Polis 9 aksiyaçı qadını itələyə-itələyə əvvəlcədən ayrılmış avtobusa doldurdu. Onların arasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var idi.

GƏNCLƏR NİZAMİ KÜÇƏSİNƏ YÜRÜŞ ETDİLƏR

Bundan sonra aksiyaçılar kiçik qruplar şəklində Nizami küçəsinə doğru hərəkət etməyə başladılar. Onlar əsasən gənclər idilər. Onlar «Azadlıq!», «İstefa!» şüarları səsləndirirdilər. Həmin şüarlar yazılmış plakatları isə polis və mülkigeyimlilər alıb cırdılar. Gənclər Nizami küçəsi ərazisində yürüşü bir neçə dəfə arxa küçələrdə davam etdirdilər.

AKSİYAYA ÇIXAN MƏKTƏBLİ OĞLAN

1 saylı məktəbin qarşısındakı yolda bir məktəbli oğlan «İstefa!» şüarı səsləndirəndə polis və mülkigeyimlilər onu qovmağa başladı. Məktəbli oğlan özünü yaxınlıqdakı yeraltı qaraja atanda qarajın içində yerə yıxıldı. Dəftəri, kitabı, çantası hərəsi bir tərəfə səpələnmişdi. Alnından qan axırdı. Kitablarının üstündən görünürdü ki, oğlan 8-ci sinifdə oxuyur. Adını soyadını demək istəməyən məktəbli bildirdi ki, aksiyaya öz istəyi ilə qoşulub. Bundan sonra polis onu saxlamadı. Xəsarət almış məktəbliyə isə elə ətrafdakılar kömək etdilər.

20-DƏN ARTIQ SAXLANAN VAR

İctimai Palatanın 14 may aksiyası


45 dəqiqədən sonra icazəsiz aksiya başa çatdı. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının verdiyi məlumata görə, aksiyada 20-dən artıq adam saxlanılıb. Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov hər hansı məlumat verə bilməyəcəyini bildirdi. Aksiyanın sonuna yaxın saxlanan qadınlardan bir neçəsi buraxılmışdı. Saxlananlardan biri, AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, polislər onu və bir neçə avtobusa doldurub aparandan sonra «Axundov bağı» yaxınlığında sərbəst buraxıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən saxlananlarla bağlı dəqiqləşmələr aparıldığı, bir saatdan sonra məlumat yayılacağını bildirdilər.

Aksiyasının qətnaməsində bildirilir ki, ölkədə siyasi, sosial-iqtisadi islahatlar aparılmalı, növbədənkənar parlament seçkisi keçirilməli, yeni konstitusiya qəbul olunmalı, insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, ifadə, dini etiqad azadlıqları bərpa olunmalıdır.

Aksiyanı ATƏT əməkdaşları da müşahidə edirdi.

İctimai Palata mayın 13-də «Dərnəgül» metro stansiyasının qarşısında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. İcra hakimiyyəti isə Bibiheybət qəsəbəsindəki «20-ci sahə»də mitinq keçirilməsinə icazə vermişdi. Aksiyaçılar da sərbəst toplaşmaq hüquqlarını pozulmasına etiraz olaraq icra hakimiyyətinin qarşısında piket keçirmək istədiklərini bildirirdilər.
XS
SM
MD
LG