Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:48

«Anamı öldürən azadlıqda gəzir»


Arxiv foto
Arxiv foto
Şamil Babanlı AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, avtomobil qəzası törətmək nəticəsində anasının ölümünə səbəb olmuş Musa Nayıbov adlı şəxs yüngül cəzalandırılıb. Məhkəmə hökmü ilə Musa Nayıbov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ancaq cəza faktiki icra olunmur. Yəni Musa Nayıbov məntəqə tipli cəzaçəkmə müəssisəsində qalmır. Aylıq ödəyərək azadlıqda gəzir.

MƏHKUM AZADLIQDA?

Şamil Babanlı: «Mən dəfələrlə yoxlatdırmışam, o adam məntəqə tipli cəzaçəkmə müəssisəsində qalmır. Orda yalnız bircə dəfə olub. Ondan sonra hər ay pul ödəyərək azadlıqda gəzir. Mən başa düşmürəm, insan ölümünə səbəb olan adam necə azadlıqda gəzə bilər? Hələ mən onun ailəmizə vurduğu mənəvi zərbəni demirəm. Atam o qədər istintaq orqanlarına gedib gəldi, əsəbiləşdi ki, axırda ürəyi partladı. Yəni o adam iki nəfərin ölümünə səbəb olub. O adam o zaman məntəqə tipli müəssisəyə göndərilə bilərdi ki, qəza nəticəsində ölüm-itim olmayaydı. Belə bir cinayətkar necə azadlıqda gəzə bilər? Bu, bizim ailəni ələ salmaqdır».

Qeyd edək ki, Musa Nayıbov məhkəmədə bildirib ki, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. O, Sumqayıt şəhərinin mərkəzi küçələrindən birində ehtiyatsızlıq nəticəsində avtomobillə Gülayət Babanlını vurduğunu və piyadanın ölümünə səbəb olduğunu etiraf edib. Məhkəmə onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Ancaq Şamil Babanlı anasının ölümünə səbəb olmuş və ailəyə ağır mənəvi zərər vurmuş hesab etdiyi Musa Nayıbova verilmiş cəzayla razılaşmayaraq hökmdən apelyasiya şikayəti verib. Şikayət təmin olunmayıb. Şamil Babanlı Ali Məhkəməyə kasasiya şikayəti verib. Onunla yanaşı prokuror da Musa Nayıbovun cəzasının artırılması üçün Ali Məhkəməyə kasasiya protesti göndərib.

ÜMİD ALİ MƏHKƏMƏYƏDİR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov qaynar xəttə bildirib ki, Şamil Babanlının məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılması ilə bağlı dedikləri ilə razılaşmır.

Mehman Sadıqov: «Bu məsələ araşdırılıb və Şamil Babanlıya Penitensiar Xidmətin rəhbərliyi səviyyəsində də rəsmi cavab verilib. Mümkün deyil ki, cəzaçəkmə müəssisəsində saxlanılan şəxs azadlıqda gəzsin. Ora cəzaçəkmə yeridir və bütün məhkumlar müəssisədə saxlanılır».

İndi Şamil Babanlı anasının ölümünə səbəb olmuş sürücünün cəzasının ağırlaşdırılması ilə bağlı bütün ümidlərini Ali Məhkəmə bağlayıb.
XS
SM
MD
LG