Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:41

Babək rayonunda sahibsiz itlər həyətlərə soxulur…


Arxiv foto
Arxiv foto
Naxçıvanın Babək rayonunun Şıxmahmud kəndində vəhşiləşmiş itlər həyətlərə hücum edir. Bu haqda AzadlıqRadiosuna kənd sakinləri məlumat veriblər. Onların bildirməsinə görə, həmin itlər bir neçə müddətdir ki, kənddə görünürlər. Son vaxtlar isə həyətlərə hücum edirlər.

Kənd sakini Nurəddin Bayramov deyir ki, mayın 7-də itlər onun da həyətinə soxulublar:

«KƏNDDƏ KİMDƏN SORUŞSAN HAMI BİZİM VƏZİYYƏTDƏDİR»

«30-35 toyuğum var idi. Həyətə girdim ki, hamısını itlər boğublar. Həyətimin hasarı 2 metrdir. 15-17 vəhşi it olub. Necə giriblər həyətə, xəbərimiz də olmayıb. Kənddə kimdən soruşsan hamı bizim vəziyyətdədir. Zülümlə toyuq – cücəni ərsəyə gətiririk, sonunda itlər gəlib aparırlar».

Nurəddin Bayramov
Nurəddin Bayramov
Nurəddin Bayramov deyir ki, dəfələrlə kənd bələdiyyəsinə və hüquq-mühafizə orqanlarına müraciət etsələr də gəlib bu məsələ ilə maraqlanan olmayıb:

«BƏLKƏ, İTLƏR QUDUZDURLAR?»

«Gəlib qarşısını almalıdırlar. İtlər gəlib həyətdə 1-2 yaşlarında olan nəvələrimi də yeyə bilərlər. Bəlkə, itlər quduzdurlar? Ev dustağı kimi otururuq evdə, çölə çıxa bilmirik. Vəhşi itlərin qarşısını mən necə ala bilərəm? Hər gün itlər kənddəki polislərin gözünün qabağında o tərəf, bu tərəfə gedirlər. Polislər nədən yanadılar? Onlar öldürsünlər da itləri. Mən «raqatka» ilə vurmayacağam ki? Bələdiyyənin sədri Zahid Tağıyevə də demişik».

Məsələyə münasibət öyrənmək üçün öncə Şıxmahmud kənd bələdiyyəsinin sədri Zahid Tağıyevlə əlaqə saxladıq. Zahid Tağıyev də bu məsələ ilə bağlı sahə polisindən gileyləndi:

«DEDİLƏR Kİ, SAKİNLƏR PUL YIĞSIN, PATRON ALSINLAR, BİZ DƏ GƏLƏK İTLƏRİ ÖLDÜRƏK»

«Dəfələrlə sahə polisinə müraciət etmişəm. Onların icazəsi olmadan, biz güllə ata bilmərik. Dedilər ki, sakinlər pul yığsın, patron alsınlar, biz də gələk öldürək itləri. Bizim öz büdcəmiz də yoxdur ki, ordan pul götürüb patron alaq. Biz bələdiyyə olaraq bu işdə acizik. Bu işləri polislər görməlidirlər».

Şıxmahmud kənd sahə müvəkkili Nadir Ələsgərov isə deyir ki, bu işlə Baytarlıq Xidməti məşğul olmalıdır:

«Qanunla biz heyvanları güllələyə bilmərik. Baytarlıq idarəsindən gəlib bu işlə məşğul olmalıdırlar».

Naxçıvan Muxtar Respublikası Baytarlıq Xidmətinin həkimi Kamil Qurbanov isə öz növbəsində məsuliyyəti polislərin üzərinə atır. O, da bildirdi ki, sahibsiz heyvanların vurulması onların yox, polisin işidir:

«BİZ YALNIZ DEZİNFEKSİYA İŞLƏRİ VƏ HƏMİN HEYVANLARIN BASDIRILMASI İLƏ MƏŞĞUL OLAQ»

Arxiv foto
Arxiv foto
«Bizim işimiz ancaq ondan ibarətdir ki, sahibsiz itlər polislər tərəfindən güllələndikdən sonra biz yalnız dezinfeksiya işləri və həmin heyvanların basdırılması ilə məşğul olaq. Göstəriş verəcəyik, gedib Nurəddin Bayramovun da həyətini dezinfeksiya etsinlər. Bizim gücümüz ancaq buna çatar».

Babək Rayon Polis İdarəsi Cəhri Bölməsinin rəisi Vahid Qarayev isə bu məsələlərdən xəbərsiz olduğunu deyir. Bununla belə o, bu məsələdə polisi məsuliyyətdən kənarda saymır:

- Kəndlərin əksəriyyətində belə hallar baş verir. Şıxmahmud kəndindən bizə müraciət etməyiblər. Etsələr tədbir görərik.

- Belə hal baş verəndə kim maraqlanmalıdır bu işlə?

- Bu işlərlə biz özümüz məşğul olmalıyıq. Polislər məşğul olmalıdır.

Canlı Aləmin Mühafizəsi Alyansı və Etik Maarifləndirmə İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə hesab edir ki, sahibsiz heyvanları öldürmək çıxış yolu deyil. Öncə bunu yaradan səbəbləri axtarmaq lazımdır:

«ONLARI ÖLDÜRMƏKLƏ PROBLEMDƏN YAXA QURTARMAQ OLMAYACAQ»

«Vəhşi itlər olmur. Həmin itlər də nə vaxtsa ev heyvanı olublar. Baxımsızlıq üzündən bu vəziyyətə gəlib düşüblər. Onları öldürməklə problemdən yaxa qurtarmaq olmayacaq. Həmin itləri qısırlaşdırmaqla tədricən bu problemi həll etmək olar. Əgər, həmin itlər zərər verirlərsə, onları güllə ilə yox, xüsusi iynələrlə ağrısız öldürmək lazımdır».

Yazını sayta hazırlayarkən Şıxmahmud kənd sakini Nurəddin Bayramovdan məlumat aldıq ki, Muxtar Respublika Baytarlıq Xidmətinin əməkdaşları onların həyətlərinə gəliblər. Tələf olunan quşların cəsədləri ekspertiza məqsədi ilə aparılıb, həyat-baca isə dezinfeksiya edilib.
XS
SM
MD
LG