Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:59

Bələdiyyədə problemini rüşvətsiz həll edə bilirsənmi?


Arxiv foto.
Arxiv foto.
-


Son iki ildə 20-ə yaxın bələdiyyə sədri rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq iddiası ilə həbs edilib. AzadlıqRadiosunda “Korrupsiometr” proqramında bələdiyyələrdə rüşvət məsələsinin müzakirəsi zamanı da qonaqlardan heç biri bələdiyyələrin rüşvət aldığını inkar etmədi.

Amma əksəriyyət bildirir ki, ölkədə başqa sahələrə baxanda bələdiyyələr daha az rüşvət alırlar.

Debata qoşulan Masallı rayon Ərkivan kənd bələdiyyəsinin üzvü Ramiz Abdulla bildirir ki, əslində onların elə bir səlahiyyətləri yoxdur ki, kimdənsə, rüşvət də ala bilsinlər:

- Bələdiyyə əsasən sədrdən iki müavindən ibarətdir, onlar da icra hakimi ilə oturub durur, nə alır, nə verir, onlar bilir. Bələdiyyələrin nə səlahiyyətləri var ki!

Mülkiyyət qiymətləndirilmədiyindən bir bu vergini yığa bilmirik.

Torpaq ayıra bilərik. Onun da sənədlərini hökumət orqanlarına göndərəndə 5-6 ay fırladandan sonra vətəndaşın həyətyanı sahəsini təsdiq edilir. Nəticədə vətəndaş dövlətə ödəyəcəyi haqdan iki dəfə artıq pul ödəyəsi olur.

Hafiz Əliyev
Hafiz Əliyev
Proqramın digər qonağı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin Baş Məsləhətçisi, Ədliyyə Müşaviri Hafiz Əliyev isə bildirir ki, hansısa icra hakimiyyəti orqanının bələdiyyələrin ayırdığı torpaq sahəsinin sənədləşdirilməsinə maneə yaratdığına inanmır. Hafiz Əliyev düşünür ki, bələdiyyələr torpaqlardan və başqa imkanlarından səmərəli istifadə etmirlər:

- Bələdiyyələr mülkiyyətində olan torpaqlardan ağıllı istifadə etsələr bələdiyyənin büdcəsi indiki kimi yarıtmaz olmazdı. Bəzən rastlaşırıq ki orta savadlı insan qohum-əqrəbaların hesabına seçilib, belə insanlardan səmərəli iş gözləmək düzgün deyil. Əhalinin fəallığı seçkilərdə çox önəmlidir.

Abil Bayramov
Abil Bayramov
Proqramda iştirak edən ekspert Abil Bayramov bələdiyyə təmsilçilərinin rüşvət alma səbəblərindən danışdı:

- Səbəblərdən biri ola bilər ki, bələdiyyə rəhbərliyinə gələn şəxslərin gözləntilər özünü doğrultmur. Onlar bələdiyyə vəzifəsinə gələndə başqa mənzərəni təsəvvür ediblər. Amma reallıqda bələdiyyələrin maliyyəsi kifayət qədər az olduğundan bu sövq edə bilər.

Digər tərəfdən bələdiyyələrin faktiki olaraq asılı qurumlar tərəfindən rüşvət almağa təşviq olunması faktları ola bilər.

Vüqar Tofiqli
Vüqar Tofiqli
Ekspert Vüqar Tofiqli deyir ki, əsas problem bələdiyyələrə baxış fəlsəfəsidir.

- Bu gün əsas məqam bələdiyyələrin torpaq satan orqan kimi tanınmasıdır. Rüşvəti alan və verən başqa struktur olsa da biz bələdiyyələri günahlandırırıq.

Tutalım ki bələdiyyənin büdcəsi yoxdursa, bu gün orta Azərbaycan bələdiyyəsinin aylıq büdcə gəliri min manatı keçmirsə, öz vətəndaşının yox işçisinin maaşını vaxtı vaxtında vermirsə o bələdiyyədən hər hansısa iş tələb etmək mümkün deyil.

Debatı ətraflı burada dinləyə bilərsən:



Müzakirələrdə səslənən təkliflər:

Hafiz Əliyev
  • Bələdiyyələrə daha təcrübəli, cəmiyyətdə seçilmiş insanların seçilməsi daha yaxşı olardı.
  • Bələdiyyələr mülkiyyətində olan torpaqlardan səmərəli istifadə etsinlər.

Ramiz Abdulla
  • Bələdiyyələr icradan asılı deyil müstəqil orqanlar olsunlar.
  • Bələdiyyə ərazilərindəki əmlak qiymətləndirilsin ki, vergi toplamaq mümkün olsun.
  • İcra hakimiyyəti bələdiyyələrin işinə mane olmasın.
  • Dövlət bələdiyyələrin də səlahiyyətli olmasına qısqanmasın.

Vüqar Tofiqli
  • Bələdiyyələrlə bağlı qanunlardakı boşluqlar aradan qaldırılsın.
  • Prezident yanında bələdiyyələr üzrə əlaqələndirici şura yaradılmalıdır
  • Bələdiyyələrin səlahiyyət çərçivəsi genişləndirilməlidir

Abil Bayramov
  • Bələdiyyələrin səlahiyyətləri genişləndirilməli, konkretləşdirilməlidir.
  • Həmin səlahiyyətin həyata keçirilməsini təmin edəcək dayanıqlı maliyyə mənbələri verilməlidir.
  • Kadr potensialın gücləndirilməsi istiqamətində xüsusi strategiya həyata keçirilməlidir.
Bu mövzuda sənin başına gələn əhvalatlar, təklifləriniz, şahidi olduğunuz hallar varsa, şərhlərinizi aşağıdakı foruma göndər.
XS
SM
MD
LG