Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:39

Şahnaz Kamalova. Cənnət deyilən Bakı olsaydı gərək...


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Şahnaz Kamalova

CƏNNƏT DEYİLƏN BAKI OLSAYDI GƏRƏK...

Yuxudan hövlnak ayıldım. Qan-tərə batmışdım. Dilim şişmişdi elə bil. Qalxıb yerimdə oturmaq istəsəm də, soyuq mənə güc gəldi, yorğanımı təzədən başıma çəkdim.

Gördüyüm röyanı yenidən xatırlamağa çalışdım. Anamı görmüşdüm yuxumda. İllərdir nəfəsinə həsrət qaldığım anamı.

Yuxumda başımı onun zəif dizlərinə qoyub uzanmışdım. Sümüyü boynumu incitsə də, narahat olmurdum. İçimi rahatladırdı bu ağrı. Anam titrək barmaqlarını qıvrım saçlarımın arasında gəzdirir, pıçıltı ilə danışırdı:

- Gözlərinə qurban olum, oğul, gör gələ bilirsənmi evimizə. Bilirəm, çətindir. Atan da, qardaşların da deyir bu tərəflərə keçsən, dilim-ağzım qurusun, o dəfəkilər kimi səni tutarlar...

Əvəz söz verib, deyir, bir az pul yığıb məni aparacaq səni görməyə. Anan sənə qurban, Səhəri də nişanlayıblar. Qız getmirmiş, zorla veriblər... Özünü üzmə, can bala, onsuz da hamı bilirdi, onu sənə verməyəcəklər. Sən elə Tehranda zindana düşəndən Əli kişi demişdi ki, qızım o gədənin adını tutsa, başını kəsəcəm.

Fikir eləmə, başına dönüm, qızmı qəhətdi sənə? Sən bircə özünə bir yuva qur, yatacaq yer tap, qalanı düzələcək.

Yuxunun bu yerində çöldə hay-həşir qopdu, deyəsən, atam naxırı gətirmişdi, səsi həyəti başına götürmüşdü. Söyüşlər yağdırırdı kiməsə. Anam başımı ehmalca döşəyin üstünə qoyub durdu:

- Gedim görüm yenə hansı itin başı qalıb ağzında.

Atam həmişəki kimi həyətimizdəki boş vedrəyə bir təpik ilişdirdi, vedrə qapımıza dəydi... yuxum yarıda qırıldı.

Otağım soyuq idi. durub əl-üzümü yumağa ərinirdim. Gözlərimi yumdum. Necə yuxuya getdiyimi özüm də bilmədim.

Anam idi. Anamın səsi idi:

- Gəl, başına dönüm, gəl. Gedəndə soyunduğun köynəyin iyi də çəkilib. Gör bir nə vaxtdır getmisən, can bala!

Diksinib ayıldım, yuxum yenə yarımçıq qaldı, yenə anama demək istədiklərimi deyə bilməmişdim.

Yerimdən qalxıb vanna otağına keçdim, Əl-üzümü yuyub bir az özümə gəlmək istəyirdim. Dilim-ağzım qurumuşdu. Elə bil, anama demək istədiyim, sözlər dilimin üstünə qalaqlanmışdı.

Anama deyə bilmədim, deyə bilmədim ki, səndən ötrü burnumun ucu göynəyir, bir dəri, bir sümük olan vücudunu qollarımın arasına alıb var-gücümlə özümə sıxmaq istəyirəm, qızılı-ağ saçlarından öpmək istəyirəm. Başını sinəmə sıxıb ağlamaq istəyirəm.
Yuxumda heç nə deyə bilməmişdim anama. Dilim tutulmuşdu.

Ac qaldığımı, günü yayma, ya da kartof soyutması ilə ötüşdürdüyümü deyə bilməmişdim. Qaldığım evdən şikayət də edə bilməmişdim. Üstəlik Tehranın “Evin” həbsxanasında, 209-cu bölmədə “qazandığım” can ağrılarım şiddətlənmişdi son zamanlar. Bunların heç birini deməmişdim anama. Heç demək də istəmirdim. Arvad ayrı cür düşünürdü. Elə bilirdi burada mənim yaxşı şəraitim, isti mənzilim, yeməyə gündəlik çörəyim var.

İrandan qaçanda anam Bakıya getməyimi istəmişdi: “Hər necə olsa, doğma qardaşıq onlarla” demişdi. Arvad inanırdı. Azərbaycana da inanırdı, Türkiyəyə də.

Cənubi Azərbaycanda doğulmuşam. Saraclı kəndində. Xudafərin körpüsündən 4 kilometr qərbdə. Xəritəyə baxmayın əbəs yerə. İndi o kənd yoxdur. Saraclıları Suceyli, Mahruzlu, Cəfərabad camaatı ilə birlikdə “Xudafərin” şəhərciyinə köçürüb, yerində bənd salıblar.

Uşaqlığım, ilk köçkünlüyüm, Araz qırağındakı kəndimiz, evimiz, Arazın o tayında - gecə işıqları sayrışan kəndlər.

Arazın bu tayında biz idik, o tayında Zəngilan rayonu. Deyirdilər, orada qohumlarımız yaşayır, yaşlılar, hətta evlərini də tanıyırdılar, ancaq gediş-gəliş yox idi . O qohumları cəmi bir dəfə gördüm. O böyük faciə zamanı. Bu barədə bir az sonra danışacam. Hələ sizə kəndimizdən, nağıla dönən uşaqlığımdan danışım.

Kəndimiz yadımda bir-birinin təkrarı olan evləri, bir-birinə bənzər tale yaşayan adamları ilə qalıb. Bir də evimizə yaxın olan balaca təpə ilə. O təpə uşaqlığımın, gizli arzularımın məkanı idi. Təpənin başında əllərimi boynumun dalında düyünləyib arxası üstünə uzanar, xəyallar qurardım. Arazın o tayı ilə üzü Bakıya gedən qatara minib arzularıma doğru yüyürürdüm. Bakı mənim aləmimdə ayrı aləm idi, Cənnət deyilən yer Bakı olsaydı gərək. Bakı hər gecə dinlədiyim ”Koroğlu” üvertürası idi. Hər həftə kənddə televizoru olan iki evin birinə yığışıb baxdığımız “Aşıq Pəri məclisi” idi. Bakı mənim üçün arzularımı həyata keçirə biləcəyim yeganə yer idi. Yeganə məkan idi.

Adım Daryouşdur. Qəribəmi addır? Heç adamın dilinə də yatmır. Bu adı mənə ağam (atamı belə çağırırıq) qoyub. Qədim Fars hökmdarlarından birinin adıdır. Uşaqlıqda öz adım özümə qəribə gəlirdi. Anam evdə məni ”can bala” - deyə çağırardı . Mən də həmişə düşünürdüm ki, kaş mənim adım Can Bala olaydı.

Uşaqlıqda bilirdim ki, Arazın o tayında eynən bizi kimi danışan insanlar yaşayırlar. Farslar kimi deyillər. Onlarla danışmaq üçün başqa dili bilmək tələb olunmur. O vaxtlar, babam rusların və farsların bir milləti necə ikiyə böldüklərindən, bizi bir-birimizə necə həsrət qoyduqlarından danışırdı.

Ağlımız kəsməyə başlayandan o taydan atışma səsləri eşitməyə başladıq. Böyüklər deyirdilər ermənilər Qarabağı almaq istəyirlər, müharibəyə başlayıblar. Mən o toyda nələr baş verdiyini tam anlaya bilmirdim. O vaxta qədər ki, gecə Arazı keçən zəngilanlılar bizim kəndə pənah gətirdilər. Ermənilər onların kəndlərini dağıdıb, özlərini də didərgin etmişdilər.

Gələnlərin əksəriyyəti qadınlar, uşaqlar qocalar idi. Bir neçə əli avtomatlı kişi də gəlmişdi. Qaçqınları kəndin məscidinə, evlərə yerləşdirib geri qayıtdılar.
Hər gün qaçqınlara yemək bişirib aparırdıq. Kimin əlindən nə kömək gəlirdisə etməyə çalışırdı.

Onlar bizim adamlara çox oxşayırdılar. Bizim kimi danışırdılar .Geyimləri-kecimləri, düşüncələri, hətta ağlamaqları da bizim kimi idi. Qadınları bizim arvadlar kimi dizlərinə döyür, üzlərini saçlarını yolurdular. Bu taydan o taya yanan evlərinə baxıb nalə çəkirdilər. Bizim analarımız da onlara qoşulurdu…

Bir gəlin qaçhaqaçda körpəsini kürəyinə bağlayıbmış. Çayı keçəndə şəlləyin düyünü açılır, körpə çaya düşür. Nə qədər çalışırlar heç nə mümkün olmur. Uşaq axır çayda.
O gəlinin halı lap pis idi. Naləsi gün axşama kəsmirdi. Hamı onu ovundurmaq sakitləşdirmək istəyirdi. Amma kirimək bilmirdi bədbəxt.

Üç gün sonra qaçqınları yük maşınlarıyla Şimala-İmişlı rayonuna göndərdilər. Onlar getdi, amma mən onları ömrüm boyu unutmadım.

Deməli, biz bir xalqıq. Dilimiz, adətimiz, acımız bir, özümüz ayrı olan xalq.
O gündən içimdə bir etiraz baş qaldırdı.

İlk etirazım adıma oldu. Ağama adımı dəyişdirmək istədiyimi dedim, özümə yeni ad da tapmışdım - Savalan. Atam çox əsəbiləşdi və məni möhkəm döydü:

- Ay küçük, sən nə zibilsən ad bəyənmirsən, özünə ad seçirsən! Qoduğun hünərinə bax, hələ özünə ad da tapıb -Savalan – adına-zadına bax…

Ağam üç gün deyindi. Düzdür, sənəddə adımı dəyişdirə bilmədim, amma o gündən sonra tanış olduğum adamlara özümü belə təqdim etdim - Savalan.

Evin böyük uşağı olduğum üçün bacı-qardaşlarımın gözünü qorxudub məcbur edirdim ki, məni Savalan çağırsınlar. Ancaq onlar məndən çox ağamdan qorxardılar deyə, o, evdə olanda Savalan adını nəinki dillərinə, heç ağıllarına belə gətirməzdilər. Atam çölə, əkinə, naxıra gedəndə məni Savalan çağırardılar, özü də cümlənin əvvəlində də, axırında da adımı çəkmək şərtilə. Bundan xüsusi zövq alır, adımla xalqımın bütün düşmənlərindən intiqam aldığımı düşnürdüm.

Məni Savalan çağıran bir adam da var idi - Səhər. İndi də onun adı çəkiləndə ürəyim titrəyir.

Qonşumuzun qızı idi. Uşaqlıqdan bir yerdə böyümüşdük. Həddi-büluğa çatandan sonra bir-birimizə ancaq çəpərdən baxa bilərdik. Qanunlar belə istəyirdi. Çarə yox idi.
Sonralar atası onu başqa şəhərə göndərdi, bizim məktəbin yuxarı siniflərində qızlar oxumazdı. Atası isə Səhəri təhsilli görmək istəyirdi, bunun üçün onun kifayət qədər pulu da var idi. Səhər şəhərə oxumağa gedəndən kəndə tətildən-tətilə gələrdi və mən onunla yalnız baxışımla salamlaşa bilirdim. O mənim ömrümə açılan yeganə səhər idi.

Məktəbi bitirən kimi Gilan Universitetinin “Aqronomluq” fakültəsinə qəbul oldum. Ana dilimdə az da olsa, oxuyub-yazmağı bacarırdım. Universitetdə oxuduğum illərdə türkcə kitablar oxumağa başladım. Şimalda Təbriz deyə inləyən şairlərin kitablarını gizlicə bir-birimizə ötürürdük. Gizlicə bir dərgi də çıxarırdıq: “Qopuz” dərgisi.

Təhsilimi Gilanda başa vurub Tehrana getdim - rütbə almaq üçün. Burada da gizli - milli təşkilatlarla əlaqələrimi davam etdirirdim. Elə ilk dəfə də burada həbs olundum. Şəbistər şəhərində milliyyətçi professor Zehtabinin məzarı önündə mitinq təşkil etmişdik. Onda yüz adamı həbs etdilər. Bizi üç gün buz altında saxladıqdan sonra buraxdılar.

Üç gündə verilən işgəncənin ağrısını canımda üç ay hiss etsəm də, yolumdan dönməyi ağlımdan belə keçirmirdim.

2002-ci ildə “Babək” qalasına yürüşdə bayrağımızı ilk dəfə üzə çıxartdıq! Gözlərim yaşla dolmuşdu. Qürür yaşı ilə. Sevinc yaşı ilə.

2003-cü ildə Təbrizdə həbs olundum, bir həftə saxlanıldıqdan sonra məni Tehrana- dustaqxanaya göndərdilər. O günləri xatırlayanda canıma üşütmə düşür. Bütün bədənimə ağrı dolur. Soyuq hücrə, gur işıq salan lampa, hər gün keçirilən, hər dəfə də döyülməklə sonuclanan sorğular…

40 gün hücrədə saxlanıldıqdan sonra yenə Təbriz həbsxanasına göndərildim. Mənim həbs olunma xəbərimi qardaşlarım qəzetdən oxumuşdular:

- Sentyabrın 30-da Kəleybə məhkəməsinin çıxardığı qərarla mühəndis D.H. həbs olunub, 38 gün təkadamlıq kamerada saxlanılıb və daha 27 gün də Təbriz həbsxanasında dustaq olub. Buna görə də məhkəmə onun cəza müddətini 65 günə çıxarıb. Məhkəmə D.H.-nı 1 il həbs və 5 il Kəleybər mahalına getməkdən məhrum etmə cəzasına məhkum edib.

Bax belə…Bir il həbsdə oldum. Dustaq yoldaşlarımın içində nə dində-donda desən, adam var idi. At oğrusu, it oğrusu, adam öldürən, ev yandıran…

Mənim onların sırasına düşmə səbəbimi hamı bilirdi, münasibətlər də müxtəlif idi. Elə Azərbaycan türkü olan dustaq var idi. “Niyə axmaqlıq edib öz əlinlə öz evini yıxırsan? cavanlığına heyfin gəlsin,” – deyirdi. Elə fars da var idi ki, “sizdəki əzmə heyranam,” – deyirdi.

Həbsxanadan çıxan kimi, qardaşımın köməkliyi ilə Türkiyəyə getdim. Döyülməkdən, işgəncə verilməkdən bədənimdə sağ yer yox idi. Hər dəfə sorğuya çağırır, nəinki etdiyim, hətta etmədiyim əməlləri belə boynuma qoymağa çalışırdılar. Sorğudan sonra isə iki jandarm növbə ilə məni döyərdilər. O qədər döyülməyin qabağında ölməməyimə hələ də təəccüb edirəm. Sonra da halsız bədənimi sürüyüb kameraya atardılar. Bu cümlələri yazarkən canımda o təpiklərin ağrısını, ağzımda qan dadını hiss edirəm.
Bakıya gələndə o qədər zəif, halsız idim ki, düzgün yeriyə də bilmirdim. Dəfələrlə polis küçədə yaxınlaşmış, sənədlərimi təqdim etməmi istəmişdi. İran vətəndaşı olduğumu görəndə,”tiryəkin bol yerindən gəlibsən,” - deyib bölməyə aparmışdılar. Hər dəfəsində dostlar gəlib bölmədə vəziyyəti onlara anlatmış və məni azad etmişdilər.

Bakıda küçədə, təzə tanışlar arasında, lap elə polis bölməsində də qəribə münasibətlə üzləşirdim. Sanki insanlar Azərbaycanın ikiyə bölündüyünü, İranda yaşayan Azərbaycan türklərinin də onların qardaşları olduğunu unutmuşdular. Çoxunda bir ögeylik, biganəlik hiss etdim. Bütöv Azərbaycan ideyasının isə buralarda gülüş konusu olduğunu görəndə isə sarsılmışdım.

Bakıda üç ay qaldım. Ağrı-acı, aclıq, təəssüf dolu üç ay. Yenidən Türkiyəyə qayıtmağa məcbur oldum. BMT-nin qaçqınlar üzrə komitəsi də mənə yardım edəcəyinə söz vermişdi.Verilən bu sözün, közərən ümidin ucundan tutub, Əskişəhərə gəldim.

İndi Əskişəhərdə yaşayıram. Kirayə tutduğum balaca bir otaqda, fəhləlikdən qazandığım pulun hesabına yaşayıram.

İndi İrana qayıda bilmərəm. Dönsəm, tutub sorğusuz- sualsız asacaqlar.

Amma mən yaşamaq istəyirəm…Yaşamaq və mübarizə aparmaq.
XS
SM
MD
LG