Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:26

Vüqar Haqverdiyevin 20-liyə düşməyən hekayəsi: "Qol saatı"


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Vüqar Haqverdiyev

QOL SAATI

Əsmər səhər tezdən ərini işə yola salıb güzgünün qabağına keçdi.

Üzünə, qaşına, gözünə əl gəzdirdi. Qara saçlarını səliqə ilə arxaya yığdı. Bədənini sağa-sola çevirib məftunluqla aynada özünə baxdı. Yaşı otuzu ötsə də, sinnindən çox cavan görünürdü.

Güzgünün önündə Əsmər xeyli nazlandı. Sağ əli ilə qarnını sığallaya-sığallaya məmnunluqla gülümsədi. Özünü çox xoşbəxt hiss edirdi.

Dünən səhhətində anormal dəyişiklik olmuşdu. Ürəyi bulanmış, başı gicəllənmiş, bir anlığa az qalmışdı huşunu itirsin.

Beş ilin gəlini Ramanla ailə qurduğu vaxtdan ötən müddətdə birinci dəfə idi ki, əhvalında belə qəribəliklər hiss etmişdi.

Ürəyinə dammışdı ki, bu hamiləliyin əlamətidir. Üç ildən çox olardı o həkim qalmamışdı yanına getməsin. Bütün dava-dərmanları qəbul etmişdi. Nəticə olmurdu.

Ancaq dörd ay öncə, sonuncu tanış olduğu tanınmış həkim onda güclü inam yaratmışdı. Uzağı il yarıma ana olacağına söz vermişdi.

“Deyəsən, Rita həkimin müalicəsi özünü doğruldur... Kişinin qızı düz proqnoz veribmiş... İndi, tez gedim yanına görüm nə deyəcək?!” – Əsmər əynini geyinib balaca qırmızı çantasını çiynindən asdı. Qara tuflilərini də ayaqlarına keçirdib evdən çıxdı...

Müayinədən sonra Rita həkim Əsməri ana olacağı münasibətilə təbrik etdi. Bildirdi ki: “Uşaq ikiaylıqdır. Aparatda tam dəqiq bilinməsə də, oğlan uşağına oxşayır. İnkişafı normaldır. Ancaq sənin yaşın üçün risk var. Doğulana kimi, gərək özünü yaxşı qoruyasan. Hamiləlik dövründə bərk həyəcanlanmaq, təşviş, qorxu hissləri keçirmək, ağır işlər görmək olmaz. Bir-iki dərman yazacam onları da qəbul edərsən, hər şey yaxşı olacaq!”

Həkimin yanından xoş əhval-ruhiyyədə çıxan Əsmər özünü göyün yeddinci qatında hiss edirdi. Əmin idi ki, Raman bilsə, sevincindən qanad açıb uçacaq. Bundan sonra onu daha çox sevəcək. Uşaq olmamasına görə son vaxtlar aralarında yaranmış soyuqluq aradan götürüləcək.

Xoşbəxt qadın gedə-gedə şirin xəyallara dalırdı: “Hələlik Ramana bir söz demərəm. Onsuz da bir həftədən sonra 35 yaşı tamam olur. Həmin gün romantik bir süfrə açaram. Axşam oturub ad gününü qeyd edərik... Deyib-gülüb, sonra da dərdləşərik... Uşaqdan söz salaram... Görüm nə dəyəcək?... Yüz faiz, üzünə kədər çökəcək. Elə həmin an körpəmizin olacağını deyərəm... Əla sürpriz olacaq!... Raman məni bağrına basıb çoxlu-çoxlu öpəcək, əzizləyəcək!...”

“Yaxşı, bəs Ramana hədiyyə nə alım?... Yubileyidir axı...” – Əsmər xəyaldan ayıldı. – “Gərək yaddaqalan elə bir hədiyyə alım ki, hər dəfə ona baxanda Raman məni xatırlasın!”

Bir az fikirləşdikdən sonra yaxşı bir qol saatı almaq qərarına gəldi. Düşündü ki, Ramanın saatı onsuz da köhnəlib. Özü də çoxdandır deyir ki, “təzə bir saat alım gərək!”

“Əla!” – ağlına gələn fikirdən Əsmər sevincək oldu. – “Nə qədər ki, Raman işdədir, elə hədiyyəni gedim indi alım. Sonra vaxt olmaz?!”

Yaxınlıqdakı firma dükanlarının birinə girib qol saatlarına baxmağa başladı. Hər formada saat var idi. Əsmər çaşıb qalmışdı. Seçim edə bilmirdi. Birdən gözü özü yaşda çox yaraşıqlı bir qadına sataşdı. O da qol saatlarına baxırdı. Vücudu o qədər gözəl idi ki, dükanda olan müştərilər oğrun-oğrun həmin xanımı seyr edirdilər. Təravətli şabalıdı saçları açıq çiyinlərinə, bir qədər də üzünə səpələnmişdi. Ağappaq ayaqları dizindən yuxarı mini yubkasında çox qamətli görünürdü. Hündürdaban tufliləri isə bu qaməti daha da biçimli edirdi.

Əsmərin qadına bir qədər paxıllığı tutdu. Vitrindəki saatlara baxa-baxa yaxınlaşıb yanında dayandı. Diqqət yetirməyə başladı ki, görsün hansı saatı seçir.

Qadın, deyəsən, Əsmərin ona olan marağını hiss etmişdi. Qəfildən əlinin incə hərəkəti ilə azacıq çöhrəsinə dağılmış saçlarını da çiyninə atıb Əsmər tərəfə çöndü. Sürməli iri badamı gözlərində ilan kimi ovsunlayıcı bir baxış vardı.

– Siz də saat almaq istəyirsiniz... canım? – məlahətli səslə soruşdu.

Qadının baxışı, üstəlik şirin dili Əsməri əfsunladı.

– Hə! Bu yaxınlarda ərimin ad günü olacaq!... İstəyirəm ona yaddaqalan bir hədiyyə alım... Qol saatı ağlıma gəlib... Ancaq bilmirəm hansı yaxşıdır?!

– Çox xoşbəxt görsənirsən, canım!...

Əsmər bir qədər qızardı: – Çox sağolun!...Tezliklə daha xoşbəxt olacam!... – deyə qeyri-ixtiyarı əli ilə qarnını sığalladı.

– İnşallah, canım!

– Bəs siz kimin üçün hədiyyə alırsınız? – Əsmər soruşdu.

– Mən... sevgilim üçün... Onun da bu yaxınlarda ad günü olacaq!...

– Siz, hələ ailə qurmamısınız? – Əsmər təəccüblə soruşdu.

– Yox, canım, hələ ki, qismət olmayıb... O, evlidir... Biz bir yerdə işləyirik.

– Evlidir? – Əsmər heyrətləndi.

– Bilirsən... canım... yazıq keçib bir həyasızın cənginə, yaxasını qurtara bilmir... Ancaq mən ümidimi itirmirəm...Bilirsən, də biz qadınlar bir az da stervayıq axı.
Qadının müəmmalı sözlərindən Əsmər az qaldı şoka düşsün. Verdiyi suala görə peşman oldu. İstədi qadından uzaqlaşsın.

– Həyatdır də canım, – deyə qadın halını pozmadan şirin-şirin davam etdi. – Bu dünyada hər şey ola bilər. Biz bir-birimizi çox sevirik. Hər gün işdə bir yerdə oluruq... Çox keçməz, həmişə bir yerdə olarıq!

Qadının birdən-birə onunla açıq danışması, ona “sən” müraciət etməsi Əsmərə xoş gəlmədi. O, tanımadığı adamla heç vaxt belə söhbətlər etməzdi. Ona görə də söhbəti qurtarmaq üçün dilucu xala-xətrin qalmasın: – Allah eləsin!... deyib uzaqlaşmaq istədi.
Deyəsən xanım vəziyyəti anlayıb tez söhbəti dəyişdi.

– Nəisə...canım, gəlin hədiyyəmizi seçək, qanımızı qaraltmayaq... – deyə satıcıya bir saatı göstərib, onu verməyi xahiş etdi. Satıcı ehtiyatla saatı qutusundan götürüb xanıma uzatdı.

Saatın qızılı rəngdə yumru gözəl korpusu vardı. Büllur şüşə altından bərq vuran siferblatı açıq səma rəngdə idi. Qıraqları parıldayan qiymətli xırda daşlarla bəzədilmişdi. Əqrəbləri fosforlu idi. Qayışı da xalis timsah dərisindən hazırlanmışdı.
Xanım saatın o tərəf-bu tərəfinə baxıb qulağına tutdu. Sonra dedi:

– Əla!... Mən, bu saatı götürürəm!

– Yaxşı saatdır? – Əsmər soruşdu.

Qadın gülümsəyərək dedi:

– Hə canım!... Bahalı olsa da, almağına dəyər! Əminəm ki, ərinizin çox xoşuna gələcək!
Əsmər satıcıdan ona da həmin saatdan verməyi xahiş etdi.

Satıcı dedi:

– Görün ürəyiniz necə düzdür?!... Bu saatdan cəmisi iki dənə gətirmişdik. Onlar da sizin qismətinizdədir... Buyurun!

Qadınlar saatları alıb dükandan çıxdılar və ayrıldılar...

Əsmər bir qədər ayaq saxlayıb xanımın arxasınca baxdı. Qadın nazlana-nazlana, vücudunu oynada-oynada gedirdi. Yol keçənlər bir anlıq ayaq saxlayıb ona tamaşa edirdilər.

“Bəxtəvər yaman gözəldir. Beləsi istənilən kişini yoldan çıxarar. Heç adını da soruşmadım, – Əsmər ürəyində dedi: – Ancaq, maraqlıdır ki, niyə evli adamdan yapışıb... Bu vaxtacan subay kişi ilə ailə qura bilməzdi bəyəm?!.. Bəlkə həqiqətən ürəkdən sevir?!... Eh… nəyisə... Hərə bir cür bədbəxtdir deyəsən?!”

Əsmər yoluna düzəldi. Yaxındakı hədiyyə yazdırmaq budkasına girib saatın altında ürək sözlərini yazdırdı: “Ramana Əsmərdən yadigar!” Sonra Aptekə girdi. Həkim yazan dərmanları alıb evlərinə yollandı.

Evdə saatı qabından çıxardıb xeyli tamaşa etdi. “Zalım qızının doğurdan da zövqü əla imiş. Raman görən kimi xoşuna gələcək. Yaxşı ki arxasını da yazdırdım. Ad gününə kimi elə bir yerə qoyum ki, görən olmasın” – Əsmər saatı qabına qoyub öz şkafında paltarların altında gizlətdi...

Ramanın doğum günü gəlib çatdı. Əsmər səhər tezdən ərini xoş arzularla işə yola salaraq, bu gün evə tez gəlməyini xahiş etdi. Sonra mətbəxə keçib axşama hazırlıq görməyə başladı.

Axşam düşdü. Raman isə gəlib çıxmaq bilmirdi. Əsmər hazırlıq görməkdən yorulub əldən düşmüşdü. Dincini almaq üçün yataq otağına keçdi. Şkafı açıb aldığı saatı götürdü. Taxtının üstünə uzanıb saata baxa-baxa: “Eh harada qaldı Raman? Bircə gəlib çıxsaydı...” – fikirləşə-fikirləşə gözlərini yumdu. Yuxu apardı...

Qapının səsi gəldi.

– Ramandır!...– Əsmər sevincək yerindən qalxdı. Saatı şkafa qoydu. Tez qaçıb qapını açdı.

Raman qapıda dayanmışdı. Kefi kök idi. Hiss olunurdu ki, içkilidir.

– Əzizim, bayaqdan səni gözləyirəm. Gəl çıx də!... Haradasan bu vaxtacan? – Əsmər bir az incimiş halda soruşdu.

– İşdə bir balaca ad günümü qeyd etdik. Ona görə gecikdim, – deyə Raman dili topuq vura-vura dedi.

– Heç əvvəllər işdə ad günü qeyd etmirdiniz?! – Əsmər təəccüblə soruşdu.

– Bu, yubileydir axı, əzizim! – Raman kefini pozmadan dedi: – Hələ mənə hədiyyə də alıblar.

– Hədiyyə?... Nə hədiyyədir? – Əsmər maraqla soruşdu.

– İmkan ver, indi göstərərəm!

– Tez ol, göstər! – Əsmərin marağı lap artdı: – Ürəyim partladı ki...

– Səncə, nə olar? – Raman Əsməri lap həyəcanlandırmağa başladı

– Qurban olum, tez de görüm də... nə alıblar sənə?!...Mənim də sənə yaxşı bir sürprizim olacaq!

– Yaxşı!... Ancaq gözlərini yum, sonra...

Əsmər gözlərini yumdu.

– Bax, bunu alıblar! – deyə Raman sağ əli ilə pencəyinin sol qolunu yuxarı dartıb biləyindəki saatı göstərdi.

Gözlərini açıb saatı görəndə Əsməri dəhşət götürdü. Bu, o aldığı saatdan idi. Dükanda, o qadınla aldığı saatdan. Dünya-aləm başına fırlandı. Ürəyi az qaldı qopub düşsün ayağının altına. – “Satıcı demişdi ki, bu saatdan cəmisi iki dənədir...O gözəlçə də deyirdi ki, sevgilisi ilə bir yerdə işləyir... Ay aman!... Raman onun oynaşıdır?!.. Aman Allah!.. Bircə bu olamasın!...Özümü öldürərəm!” – beynindən ani keçən təlaşlı fikirlərdən Əsmərin halı pisləşdi. Həkimin sözləri yadına düşdü. Ona həyəcanlanmaq olmazdı. Ha istədi həyəcanını boğsun, alınmadı. Qəfildən sancı tutdu. Əlləri ilə qarnını sıxıb ikiqat əyildi. Ağrının şiddətinə dözə bilməyib böyrü üstə döşəməyə yıxıldı. İlan kimi qıvrılıb zarıldamağa başladı.

Ramanın qorxudan rəngi ağarmışdı. Nə baş verdiyini anlaya bilmirdi. Vahimə içində tez təcili yardıma zəng edib həkimləri köməyə çağırdı...

Ağır vəziyyətdə olan Əsməri xəstəxanaya çatdırdılar. Cərrahiyyə əməliyyatı aparıldı. Həyatını xilas etmək mümkün olsa da, uşaq tələf oldu.

Operasiyadan sonra Əsmərdə yaşamaq həvəsi qalmamışdı. Psixikası pozulmuşdu. Şizofreniyanın əlamətləri açıq-aydın özünü göstərirdi. Öz-özünə sayıqlayırdı. Heç kimi görmək istəmirdi. Ramanın hətta palataya girməsinə icazə vermirdi. Əlləri ilə onu boğmağa hazır idi. Ürəyi nifrətlə dolu idi.

Bir neçə gün keçdi...

Raman evdə Əsmərin şkafında onun üçün əyin-baş axtarırdı. Birdən gözü paltarların arasında saat qutusuna sataşdı. Götürüb tez açdı. Gözünə inanmadı. Elə bildi qolundakı saatı açıb qoyublar içinə. Tez sol qoluna baxdı. Saatı yerində idi. – “Lənət şeytana, bu nə işdir belə?!” – qutudakı saatı götürüb o tərəf-bu tərəfinə baxmağa başladı. Birdən arxasında yazı gördü: “Ramana Əsmərdən yadigar!” Heyrətindən gözü kəlləsinə çıxdı. – “Aman Allah!... Heç nə anlamıram... Bu nə işdir axı?...Deyəsən, bütün olanlarda, bu lənətə gəlmiş saatın rolu var?...” – fikirləşmədən tez Əsmərin paltarlarını da saat qarışıq bir torbaya yığıb təlaş içində xəstəxanaya yollandı...

Əsməri müayinə etməyə yaşadığı rayonun əsəb həkimi gəlmişdi. Orta yaşlı sarışın kişi idi. Yanında qadın həmkarını da gətirmişdi. Psixiatr əvvəl xəstə ilə təklikdə söhbət etmək qərarına gəldi. Sol əlində kağız, sağ əlində qələm xəstənin çarpayısı yanındakı stulda oturub müxtəlif suallar verirdi. Ancaq heç bir cavab almırdı. Hər sualdan sonra kağızda nəyisə qeyd edib yazırdı. Kağız dolandan sonra onu tumbanın üstünə qoymaq istəyəndə əynindəki ağ xalatın sol qolu azacıq geri çəkildi və qolundakı saat pəncərədən otağa düşən günəşin işığını düz Əsmərin gözünə əks etdirdi. Xəstənin gözü qamaşdı. Tez gözlərini yumdu. O saniyə də açıb həyəcanla həkimin qolundakı saata baxmağa başladı. Bu, həmin saatdan idi. Onu bu günə salan saatdan. Əsməri yenə vahimə bürüdü. Ağlı başından çıxdı. İdarəolunmaz hala düşdü. Sir-sifəti qorxunc vəhşi görkəmini aldı. Qəfildən sol əli ilə həkimin saat olan biləyindən necə yapışdısa kişinin az qaldı ürəyi qopsun.

– Ay xanım, buraxın məni!... Siz nə edirsiniz? Qolumu qopardınız ki... – psixiatr dartıb biləyini azad etmək istədi.

Ancaq Əsmərin heysiz əlinə necə güc gəlmişdirsə, nazik barmaqları həkimin biləyini dəmir kimi sıxırdı. Psixiatr qorxudan rəngini udmuşdu. Ağrıdan stuldan dizi üstə yerə çöküb inildəyirdi. Səsə həmkarı içəri girdi.

Ağxalatlı qadını görəndə, Əsmərin gözləri az qaldı həlqəsindən çıxsın. Əli boşaldı. Psixiatrın biləyini buraxdı.

– Bu sizsiz?...

– Aaaa,...canım, bu, sənsən? Bu nə haldır düşmüsən?...

– Siz... burda nə edirsiniz?

– Canım,... mən də həkiməm! – əli ilə hələ də biləyinin azad olduğuna inanmayan, qorxudan gözü kəlləsinə çıxmış psixiatrı göstərib: – Biz, bir yerdə işləyirik! – dedi.

– Bir yerdə işləyirsiniz?

– Hə... canım yadındadır qol saatı alanda sənə dediyim adam... bax... budur də!...

– Necə... necə?... Bəs Ramanı tanımırsınız?

– Raman kimdir, canım?

– Raman... Raman... Raman mənim...– birdən, elə bil hər şey Əsmərə aydın oldu. – Ax!... O lənətə gəlmiş saat!... Hər şeyi məhv elədi!.... Axı mənim... Axı mənim... – Əsmər sözünü axıra kimi deyə bilmədi. Huşunu itirib çarpayıda hərəkətsiz qaldı.
Psixiatr vahimə içində əyilib Əsmərin nəbzini tutdu. Nəbzi çox zəif vururdu. Bu zaman Raman içəri girdi. Gördüyü mənzərədən dəhşətə gəldi. Əlindəki torba yerə düşdü. İçindəkilər döşəməyə dağıldı.

– Ona nə olub...ona nə olub?... Niyə susursunuz? – deyə Raman özünü Əsmərin üstünə atdı. – Aman Allah, deyəsən nəfəsi gəlmir...Həkim burda nə baş verib? – təlaşla üzünü psixiatra tutdu.

Psixiatr çiyinlərini çəkib başını aşağı saldı. Birdən gözü yerdəki saat qutusuna sataşdı. Tez əyilib götürdü. Qapağını açdı. Heyrətə gəldi. Qolundakı saatdan idi. Həmkarına tərəf çönüb: – Stella, bu nə qəribə işdir belə?... Bax, sən mənə hədiyyə etdiyin saatdandır! – deyə qolundakı saatla qutudakı saatı yanaşı tutub göstərdi.

– Mənə də işdə bu lənətə gəlmiş saatdan hədiyyə ediblər, – deyə Raman da qolundakı saatı göstərdi.

Ağxalatlı qadın kişilərin qolundakı və qutudakı saata baxıb heyrətləndi.

– Aaa... doğurdan a... bunlar hamısı eynidir ki?!

– İş yoldaşlarım bu saatı mənə hədiyyə edəndə, dedilər ki, bundan Bakıda cəmisi bir dənədir. Kiminsə qohumu İsveçrədən gətirib. Ondan alıblar. Mən də evdə bu zəhrimara qalmışı sevinə-sevinə Əsmərə göstərəndə aləm qatışdı bir-birinə.

– Mən bu saatı, – ağxalatlı qadın psixiatrın qolundakını göstərdi. – Sizin arvadınızla bir yerdə almışam. Bu qutudakı saatı isə o götürdü... Özü də satıcı dedi ki, “Bu saatdan cəmisi iki dənədir!” ... Aaaa... deyəsən, mən hər şeyi başa düşdüm?! – birdən qadın nəyisə kəşf etmiş kimi barmağını dişlədi. – Yoldaşınız məndən soruşdu ki, kimin üçün alırsınız? Mən də dedim sevgilim üçün. Yazıq qız, yəqin sizin qolunuzda saatı görəndə elə bilib ki, mən aldığım saatdır.

Hər şey Ramana aydın oldu. Lənətə gəlmiş saat! – qolundakı saatı açıb yerə çırpdı. Ayaqqabısının qalın dabanı ilə var-gücü ilə saata zərbələr endirməyə başladı. – Lənətə gələsən səni!... Sən mənim həyatımı məhv etdin!... Səni dağım-dağım edəcəm!

Saatın şüşəsi cilik-cilik olmuşdu. Korpusu da dağılmışdı. Ancaq Ramanın hirsi soyumurdu. Sir-sifəti qıpqırmızı pörtmüşdü. Ağzından köpük tökülürdü. Qırılıb xurd-xəşil olmuş saatı təpikləməkdə davam edirdi. Zərbələrin gücündən bütün xəstəxana silkələnirdi. Qolundakı saatdan qurtarıb Əsmərin ona aldığı saatı götürdü. Onu da ayağının altına salıb tapdalamaq istədi. Ancaq arxasındakı yazıya baxıb dayandı. Hıçqırıq tutdu. Hönkür-hönkür ağlamağa başladı. Üzünü Əsmərə tərəf tutub var-gücü ilə qışqırmağa başladı. – Əsmər, Əsmər sən niyə belə etdin, Əsmər? Qurban olum, məni tək qoyma! Gözlərini aç!... Eşidirsən məni, Əsmər?.. Gözlərini aç!...

Əsmər səsə gözlərini açdı. Qan-tər içində idi. Bədəni uçunurdu. – “Aman Allah, mən haradayam belə?” Sol əlində Ramana aldığı saatı bərk-bərk sıxmışdı. Sağ əli ilə qorxa-qorxa qarnına toxundu. Hər şey qaydasında idi. Qapını isə bərk-bərk döyürdülər. – Əsmər, Əsmər... sənə nə olub... Əsmər...? Məni eşidirsən...Əsmər...!– Ramanın həyəcanlı səsini eşidəndə, qəfildən anladı ki, bayaqdan gördükləri hamısı yuxu imiş. Sevincək yerindən atıldı. – Gəlirəm əzizim, gəlirəm! – Tez əlindəki saatı şkafa dürtüb, qaçıb qapını açdı.

Ramanın həyəcandan rəngi-ruhu qaçmışdı. Qapı açılanda, Əsməri görəndə özünə gəldi.

– Əsmər, nə olmuşdu, eşitmirdin məni? Bayaqdan qapını dağıdıram axı!

– Bağışla əzizim, yatıb qalmışam, – Əsmər günahkar-günahkar Ramanı bərk-bərk qucaqlayıb, sinəsinə sıxıldı. Bağışla məni, əzizim, bağışla. Pis yuxu görürdüm. Nə yaxşı gəldin! Mən sənsiz yaşaya bilmərəm. Səni çox sevirəm!

Raman da Əsməri bərk-bərk özünə sıxıb qulağına pıçıldadı:

– Əzizim, elə bildim sənə nəyisə olub. Ürəyim qopmuşdu az qala.

– Eyyy...dəlisən ey, mənə nə olacaq ki?! – Əsmər Ramanın sol əlindən tutub içəri dartdı. Gözucu qolundakı saata da nəzər yetirdi. Əvvəlki köhnə saatı idi. Ürəyi tam yerinə gəldi. – Əzizim, gəl içəri! Pis-pis fikirlər ağlına gətirmə! Axı bu gün sənin ad günündür. Gör sənə necə sürprizlər edəcəm!...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG