Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:23

Leyla Nəsirovanın 20-liyə düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Leyla Nəsirova

Torpağın bağrı, lal sükut, bir də ikinci dəfə “can alanların bayramı”

Uzaqdan gələn tappıltı axşamdan çökən sükutu pozdu. Sakitcə dayandılar. Addım səsləri yaxınlaşdı. Gələnlər elə də çox deyildilər. Tap-tupdan bəlli idi.

Qısa danışıq oldu. Sonra yenə sükut çökdü. Deyəsən, çıxıb getdilər. Yox, kimsə var. Acı bir qoxu hopdu torpağa. Sanki qoxunu torpağın içinə soxmağa çalışdılar. Bu ki tanış qoxudu: siqaret kötüyünü dabanları ilə əzib torpağa basırdılar. Ani fasilədən sonra belin dəmir ucu torpağın canına işlədi. Arada bir xırçıltı da qopardı. Deyəsən, xırda daşa dəymişdi. Tap-tup xırçıltıya, belin torpağın bağrını yaran səsinə qarışdı…

Onu çoxdan tanıyırdılar. Addım səsini də, yorulanda fasilə verib çəkdiyi siqaretin qoxusunu da, torpaqda çuxur qazmaq üçün ayağını belin dəmir başlığına basdığı təpiyinin gücünü də.

Torpağın altında yaşayanlar qazılan ərazidən uzaqlaşmağa çalışdılar. Soxulcanlar, domba gözlərini bərəldən at qarışqalar, arxasınca parıldayan, yaş zey çəkən ilbizlər, balaca cücülər arasına vəlvələ düşdü. Belin iti ucuna tuş gələn soxulcanların qorxusu o biri həşəratlardakından çox olsa da, təsəlli yerləri vardı. Atrofiyaya uğramış hissələri yenidən əmələ gələ biləcəkdi. Vay qarışqaların, qara pıspısaların halına.

Hərəsi bir tərəfə üz tutdu. Balaca, cıqqılı canları töyşüyürdü. Artıq əzbərləmişdilər belin fəaliyyət dairəsini. Burdan o yana keçə bilməzdi. Ya da təsadüfən keçərdi. Bu fəaliyyət dairəsi ikiyə, üçə çatanda. Bu günkü də az idi. Torpaq qazanın cəmi bir dəfə fasilə verib siqaret çəkməyindən duydular.

Yuxarıda, torpağın üstündəki dayandı, işini bitirəndən sonra hirslə beli torpağa sancdı. Fələkdən gileyləndi, zəmanənin qarasınca deyindi. Sonra əlini göyə qaldırıb: "Özün bilən məsləhətdir, mən nə karəyəm ki, sənin işinə qarışam"-dedi. Bayaq çəkdiyi siqaretdən sonra ağzında yığılan acı tüpürcəyini qazdığı yerə tolazladı: "Allah kəssin belə çörəyi", - deyə mızıldandı. Yaxınlıqdakı ağacın budağına keçirdiyi pencəyini geyindi. Nəm qoxusu gələn torpağın üstünə atdığı siqaret qutusuyla kibritini götürdü.

Bir giləsini qaralmış dodaqları arasında qoyub çiyinlərini sıxıb qaldırdı, yandırdığı kibriti ovucları arasında o başdan bu başa vıyıldayan küləkdən qorudu. Alışan siqaretinin ucuna baxıb yanmış kibriti qazdığı çuxura atdı. Ciyərlərinə çəkdi acı tüstünü. Yavaş-yavaş uzaqlaşdı.

…Yenə küləyin vıyıltısı duyuldu. Ucalan daşlar, əkilən sərv, küknar, şam ağacları küləyin qarşısını elə də kəsə bilmirdi. Ağaclar yellənir, əyilir, çökmüş sükutda qəribə xışıltı yaradırdılar. Nəinki ucalan daşlara, torpağa, süni, rəngbərəng güllərə, hətta təbii çiçəklərin də görkəminə soyuq hüzn çökmüşdü. Ət ürpədən bu məkanda soyuqluq, lal sükut bir az da vahimə yaradırdı…

Torpağın altındakı sakinlər bir azdan qazılan çuxurun doldurulmasını səbirsizliklə gözləyirdilər.

…Tanış moizə sədası buranın bapbalaca sakinlərini sanki dondurdu. Həşəratlar "qulaqlarını" şəklədilər. Gəlirdilər. Gətirirdilər… Addımlayan izdiham bayaq qazılan çuxurun ətrafına cəmləşdi. Artıq əzbərləmişdilər moizənin tamamlanma vaxtını. Gətirdiklərini ehmalca qazılan çuxurun içinə yerləşdirilmiş taxta parçalarının üstünə qoydular. Yenə moizə. Yenə tanış səs. Qazılan torpağı yenidən yerinə qaytarıb tökürdülər. Nə çox torpaq oldu. Elə bil bu çaladan çıxmamışdı bu qədər torpaq. Yerdən bir qədər hündür oldu. Belin arxası ilə torpaq aşağı yatsın deyə döyəclədilər onu. Tap, tap, tap, tap… Sonra nazik taxta parçasının başından vurub yeritdilər torpağın canına. Yenə moizə. Bu dəfə ətrafdakılar da qoşuldular moizəyə. Bir səslə dua etdilər.

Addım səsləri uzaqlaşmağa başladı. Bu balaca sakinlər cıqqılı vücudları ilə bilirdilər ki, hökmən axıra qalan olacaq. Qazılıb torpağın canından çıxarılmış hissə daha belin ağzında gəldiyi təkin deyildi. Hamarlanmışdı. Bilirdilər ki, axıra qalan hökmən bu hamarlanmış torpağı aram-aram, sığallayacaq, sanki orada yatanı ovcunun hərarəti ilə isidirmiş kimi. Ya da nəvazişlə oxşayacaq. Onu da bilirdilər ki, göz yaşları da hopacaq bu hamarlanmış torpağın üstünə…

Gözlədikləri kimi də oldu. Torpağın altında, üstundə olan cücülər, həşəratlar "qulaqlarını" şəkləyib durmuşdular. Sonluğu gözləyirdilər. Lal sükutu. Aman Allah, nə üzün çəkdi. Hıçqırtılar səngimək bilmirdi. Qırıq-qırıq, sinədən gələn ah-naləli sözlər hıçqırtıya qarışmışdı. İçindəki itkinin acısı şor tamlı damcılara çevrilib gözlərindən süzülərək hamarlanmış torpağın üzərinə düşürdü. Sanki suvarırıdı bir az bundan qabaq "əkilən"i… Torpağa sarı əyilib göz yaşı tökəni yaman yandırmışdı, deyəsən, bu itki. Görünür çox cavan idi. Üstdəki işıqlı həyatdan heç nə "qopara" bilməmişdi. Görən əbədi qaranlıq həyat göyərdə biləcəkdimi torpağa "əkiləni"?!…

Kimsə torpağa sarı çökənin yanına qayıtdı. Çünki bayaqdan bəri sızıldayan səsə bir başqa səs qoşuldu. Qaldırdı onu torpaqdan. Cücülərin və həşəratların əzbərlədikləri səslər toplumu: "Gedək, ölənlə ölməzlər, qoy ruhu rahatlıq tapsın", - eşidildi. Addım səsləri gəldi. Getmirdilər, ayaqlarını sürüyürdülər. Büküb gətirdiklərini, basdırıb əkdiklərini lal, vahiməli sükutla baş-başa, tək tənha qoymaqdan qorxurdular sanki. Uzaqlaşdılar...

Saçlarını yola-yola ora-bura şütüyən küləyin vıyıltısı yenidən hakim kəsildi bu məkana. Elə bil xoşu gəlirdi sərv, küknar, şam, söyüd ağaclarını yelləndirməkdən. Bu zaman çıxan səs sanki vıyıltısını gücləndirirdi küləyin. Daha ayaq altda qalmayacaqlarını yəqinləşdirib hərəkətə keçdilər. Basdırılana çatmaq üçün sanki bir komanda verildi cücülərə, həşəratlara. Bu dəfə torpağın canı ilə irəliləmək elə də çətinlik yaratmırdı.

Məsamələr boşalmışdı. Nazik, tel təkin ayaqları, "caynaqları" ilə şütüyürdülər "yem"lərınə sarı… Çatıb dayandılar. Qaranlıqda domba gözləri heç nəyi seçməsə də, bığcıqları ilə toxundular axtardıqlarına. Tanrının verib aldığı canı, ruhsuz bədəni "ikinci dəfə can alanlar"a "əmanət" qoyub getmişdilər. Bəlkə də elə bu idi cəhənnəm əzabı?! Ya da ki, cənnətlə cəhənnəm arasındakı qıl körpüdən "keçid"...

Onlara tanış olan qoxu zülmətə yayılmışdı. Zəhlələri gedirdi bu tanış qoxudan. Yuxarıda, torpağın üstünə səpilmiş cənnət ətirli gülab qoxusu, torpağın altında isə sidri-kafir qoxusu bezdirmişdi onları.

…Soyuq və qaranlıq yeraltı dünyanın bapbalaca sakinləri üçün "bayram" başlanacaqdı bir azdan. Bircə o qalırdı ki, andıra qalmış bezi didib dağıtsınlar. Yerin üstündə ayaq altında qalmaq qorxusunu yaşayan biçarə, fağır həşəratlar yerin altında yırtıcı heyvanlardan betər davranırar. Zərrə-zərrə dişləyib qopartmaq ehey… xeyli müddət dolanıb yaşamaqdır. "Gor yırtıcıları" üçün elə bir əhəmiyyəti yoxdur məzara qoyulan cəsəd aqilin olsun, ya cahilin, cavanın olsun, ya qocanın.

Işıqlı dünyanın sakinləri, insanlar tez-tez öz aralarında səsləndirdikləri "Filankəs yediyi qaba tüpürəndir" məsəli zülmətin cıqqılı, əslində "yırtıcı" varlıqları üçün başqa tərzdə ifadə olunur. Onlar yedikləri yerə tüpürməkdən betərini həyata keçirirlər. Ruhsuz bədənə yumurta qoymaqla nəsil artımına start verəcəkdilər bir azdan. İnsan kimi dünyaya gəlib, torpağın üstündə nələrə qadir olub, nələr yaradan bəşəriyyətin ən ali varlıqlarının əbədi torpağa gömülməsi, onlarının əzizlərinin, doğmalarının ağrı-acısı, sonsuz qəm-kədəri idisə, yerin altında, axirətdə ölü "qıdıqlayıb dişləyən" minlərlə həşəratın əmələ gəlməsi üçün möhtəşəm bir bayram idi… Təzad nə qədər böyük olsa da, bunun hər kəsin həyatına hakim kəsiləcəyi, "oraya" qədər gedib çatanacan dünyanın faniliyi ideyasını unutmamaq anlamına gətirir.

Yuxarıda isə bir az aralıda həşəratların "qulaqları" səsdə idi. Gələni, "gətirilən"i səbirsizliklə gözləyirdilər. Külək isə vıyıldayır, bu soyuq, tükürpədən məkanda əkilən ağacların budaqlarını oyan-bu yana yellədərək sanki hər kəsə çatdırmağa çalışırdı: "Bacarsan, bacara bilsən, bu dünyadan doyunca kam al, çox y-a-a-ş-a-a!"…

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG