Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:21

Gökbey Uluç "Fahişələr də ağlayırmış" (20-liyə düşməyən hekayə)


Gökbey Uluç

Fahişələr də ağlayırmış

Şəhərə, barların olduğu meydançaya çatdı. Görünüşü gözəl, adı maraqlı olan bir bar axtarışı bitən kimi o tərəfə addım-addım getdi.

Qapıda gözləyən nəzarətçilə göz-gözə gəlsə də, heç salam da vermədən pillələrdən aşağı düşdü. Get-gedə səs-küy artır, adam heç öz daxilindəki səsi eşitmirdi. Pillələrdən düşəndə sola, barın olduğu tərəfə getmək istədi.

Meydançada əllərini qaldırıb-endirənlərin, başını sağa-sola döndərənlərin, hərdənbir hoppananların arasından sakitcə keçəndən sonra özünə oturmaq üçün yer tapdı.

Barmen gələndə nə istədiyini soruşdu, amma gurultudan heç nə eşitmədiyinə görə barmağını qaldırıb `bir` işarəsi verdi. Beləliklə, barmen də bir pivə təqdim elədi.

Meydançadakı oyundan ayrılıb gələn iki ortayaşlı kişi sağ tərəfindəki stullarda əyləşdilər. Sərxoşluqdan qaynaqlanan lazımsız xoşbəxtliklərinə görə həmişə öz-özlərinə gülürdülər. Pivələrini içəndən sonra Araza söz atdılar, “subaylıq sultanlıqdır”.

Görünür, boyu digərindən daha qısa olan təzə arvadından boşanıb, işləri də hələ ki yolundadı. Həmin adama tərəf üzünü çevirib, “amma heç bir sultan subay olmayıb” deyəndə, iki piyan kişinin də qaş-qabağı töküldü. Bu söz xoşlarına gəlməmişdi, Arazdan üz çevirdilər. Əyləncələrini heç kim poza bilməzdi.

Ayaqlarını üst-üstə atmış, əlində siqareti olan bir qız gördü. Göz-gözə gələndə gülümsəyib göz qırpan kimi qız da gülümsədi və ayağa durdu. Bu gözləmədiyi hərəkətə görə ürəyinə birdən qorxu düşdü. Nə edəcəyini unutdu. “Qız gələndə üzr istəyərəm” deyə fikirləşməyə, “gözümə toz girdi” deyə də bəhanə axtarmağa başladı. Qız yaxınlaşdıqca ürək döyüntüsü artırdı. Arxa tərəfində oturan qarnıyoğun kişinin qəhqəhəsi olmasa, özünü ələ ala bilməyəcəkdi. Artıq harda olduğunu xatırlayanda özündəydi.

Qız gözünün içinə baxa-baxa sol tərəfində əyləşdi. Ürək döyüntüsü, demək olar ki, azalmışdı. İndi daha diqqətli baxırdı, qara saçları belinə kimi axırdı. Döşlərini göstərmək üçün o qədər səy göstərmişdi ki, görməmək üçün kor olmaq lazımdı. Elə ən çox da döşləri xoşuna gəldi. Baxmayaraq ki, mini ətəyi budlarının bütün şəhvətini çıxardırdı.

Gurultulu, insanı özündən yayındıran, qanını tərpədən mahnı dayandı. Barmendən bir qədəh şərab verməsini istəyəndə, şərabı öz qabağına qoyacağını fikirləşməmişdi, amma əliylə həmin şərabı qıza tərəf sürüşdürəndə qızın xoşuna gəldi.

- Adın nədi?
- Önəmlimidi?

Əgər bu sözü gülümsəyərək deməsəydi, bəlkə də söhbətləri alınmayacaqdı, amma bundan sonra xeyli danışası oldular. Söz sözü, mövzu mövzunu açdı. Elə bil, neçə ildir ki, dostduydular.

Gecə yarısını keçəndən sonra, “Nə vaxt gedəcəyik?” sualını eşitdi. Elə bil, isti suyu başından tökdülər. “Doğurdan əə! Bu qız, mənim qara qaşım, qara gözüm üçün yanımda deyil axı...” deyə daxildən danışdı. Qısa bir müddət səssiz qalandan sonra:

- Məqsədin pul qazanmaq deyil?
- Bəli.
- Sənə istədiyin pulu verəcəyəm, amma əvəzində başqa bir istəyim olacaq.
- De görüm, nədir?
- Əvvəl onu mənə de ki, darıxdığın biri varmı?
- Kimsə yoxdu. Mənim heç kimim yoxdu.
- Yalan danışma. Kimsə yoxdursa, nəyə görə adını gizlətdin? Kimliyini saxladığına görə çəkindiyin biri olmalıdır.

Qız əsəbiləşirdi, üzünü sola çevirib içləndi və təzədən Araza qayıdıb:

- Sənə nə? Bunun sənə nə dəxli var?
- Nəysə, qulaq as indi. Anana-atana hiss elədiyin duyğularla mənə sarılmanı, əlini saçlarıma sürtməni, çiynimi qoxlamanı, sırtımı sıvazlamanı...
- Nə gijləyirsən? Başın xarabdı, yoxsa çox içibsən?

Demək olar ki, qızın gözləri nəmlənmişdi. Evi tərk edən ataları vecinə deyildi, amma evdə 3 ildir ki xəstəlikdən ayağa dura bilməyən anasını xatırlayanda dözə bilməmişdi ürəyi. Sən demə, fahişələr də ağlayırmış.

- Qulaq as, bitmədi. Sonra ərini öpürmüş kimi öpməni istəyirəm.
- Mən evli deyiləm. (ağlamağa davam edir)
- Evli deyilsən? Bəs onda barmağındakı üzük izi nədir?
- O öldü! Başa düşürsən? O öldü!

Artıq qız daha güclü ağlayırdı. Ağır olunca sözlər, ağlamaq istəyir gözlər. Süzülmək istəyir yaşlar, islanmaq istəyir yanaqlar.

Gözlərindən süzülən yaşlar göz boyasını pozub, yanaqlarından aşağı doğru axan bir cizgi əmələ gətirmişdi, amma heç də vecinə deyildi Arazın. Başqasının probleminin ona dəxli yoxdu. Sevməyən könül yanmağı da bacara bilmirdi.

Sonra üç dəfə “Səni sevirəm” deyə qışqıracaqsan. Razılaşdıq? Sənə deyirəm, razısanmı?

Qız asta-asta göz yaşlarını silə-silə ona nifrətlə baxırdı. Elə bil, qarşısındakı kişidən iyrənirdi. Bu vaxt Araz pulqabından pulu çıxardıb qıza uzatdı: “davay...”. Qız, pulu alıb çantasına qoyandan sonra kəskin baxışlarını bir müddət davam etdirsə də, axırda boynuna sarıldı. Bunda o qədər də səmimi olmadığı hiss olunurdu. Bir az sonra da əllərini saçları arasında gəzdirib, sırtını sıvazladı.

Qəribə hisslər keçirirdi. Birisi ona sarılırdı. Axırıncı dəfə kim sarılmışdı, bunu xatırlamırdı. Sonra qızın geri qayıdıb dodaqlarını ona doğru gətirdiyini gördü. Ürək döyüntüsü güclənmişdi. Necə olacaqdı? Heç bir vaxt öpüşməmişdi axı! Kinolarda izləyirdi, amma bu, kino deyil, öz həyatıydı. Nəticə olaraq, öpüşmək alınmadı. Qızın üzünə baxanda bunu anlamaq o qədər də çətin deyildi.

İndisə növbə ən canalıcı arzudaydı, “Səni sevirəm, Səni sevirəm, Səni sevirəm”. Ürəyi yerindən çıxacaq kimi oldu. Gözəl bir qız əllərini boynuna dolayıb, hamının içində “səni sevirəm” deyə qışqırırdı. Eşidənlərdən bəziləri ona tərəf baxır, bəziləri də alqışlayırdı. “Tanrım!” deyə pıçıldadı öz-özünə. Pula görə olsa da, həyatında ilk dəfədir ki, bir qızın ağzından özü üçün bu iki sözü bir araya gətizdirə bilmişdi: Səni Sevirəm. Qarnında qəribə bir ağrı hiss elədi, amma bu ağrı xoşuna gəlirdi. Bu sözlər bu qədərmi təsirlidi? Gülümsündü. Sonra fikrə getdi, bu sözlər həqiqətən də sevən birinin dilindən deyilsəydi, görəsən, necə olardı? Tanrım!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG