Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:59

Aqşin Evrənin 20-liyə düşməyən hekayəsi


Agshin Evren
Agshin Evren
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Aqşin Evrən

DƏHŞƏTLİ METAMARFOZA (13+)

Şəhərin əsilzadələr yaşayan qəsəbəsində əslən Nigeriyadan olan Samuel adlı bir oğlan yaşayırdı.

Yerli əhali tərəfindən daha çox "Qır adam" kimi tanınan bu oğlan 12-13 yaşlarında olardı. Onu öz yaşıdlarından, eləcə də digər insanlardan fərqləndirən yeganə xüsusiyyət qaradərili olması idi.

Məhz bu lüzumsuz fərqlənmə Samuelin cəmiyyətdən kənara qovulmasına kifayət edirdi. Gülməşəkər qonşu uşaqları onu "qaranlıqda görünməyən adam", "yeriyən neft çəlləyi", "meymun balası" kimi alçaldıcı sözlərlə çağırıb məsxərəyə qoyurdular.

Sırf qaradərililiyinə görə Samuelin günü qara, çörəyi para olmuşdu. Ögey anası Stella xanım ona "ailənin üz qarası" kimi baxırdı. Çünki, təmtəraqlı məclislərdə övladlardan söz düşərkən rəfiqələri onun Samuelindən gileylənirdilər. Onun qarasına deyinirdilər. Deyirdilər ki, Samuel onları lap təngə gətirib; hər gecə küçədə meymun kimi qışqırır, blokları zibilləyir, banan qabıqlarını qapımızın ağzına qoyur.

Stella xanım övladlığa götürdüyü oğlunu hər axşam danlayır, onu "qara günə çıxmış meymun balası" adlandırıb evdən qovurdu. Belə hallarda Samuel qapı qonşuları Nidlen babanın mənzilinə pənah gətirirdi. 63 yaşını haqlamış qoca Nidlen ruhi xəstə olmaqla yanaşı, həm də görmə qüsurlu idi.

O, bütün günü öz əlil arabasında oturub dayanmadan qışqırır, onun qayğısını çəkən gənc Mariyanı söyüb şillələyirdi. Samuel bir dəfə anasından bunun səbəbini soruşdu. Stella xanım izah etdi ki, Nidlen ruhi xəstədir. Onu təkcə pəncərəsini döyəcləyən yağışın səsi sakitləşdirə bilir. Nidlen baba kor olduğu üçün Samuelin zənci olmasından da xəbərsiz idi.

Qəsəbədə, demək olar ki, təkcə qoca Nidlen onunla normal münasibət qururdu. Sakinlər üçün isə Samuel "kömür oğlan" idi. Əyləncə və məsxərə mövzusu idi. Lakin o, bütün bunlara görə heç kimə qarşı zərrə qədər də olsun inciklik hissi duymurdu. "Kömür oğlan" öz qara bəxti ilə barışmışdı. Lakin ağdərili olmaq xülyasından da əl çəkmirdi.

O, futbol oynamağı çox sevsə də, heç kim onu özünə yaxın buraxmırdı. Ərköyün yaşıdları həmişə gəlib anasına şikayətlənirdilər ki, bizim topumuz ağ rəngdədir, Samuel qara ayağı ilə topumuzu çirkləndirir.

Anası da hər şikayətdən sonra onu otağa salıb oxlov ilə döyürdü. Stella xanım öz şəxsi nüfuzunun qorunması naminə gözünün ağı-qarası bircə balasına işgəncələr verirdi. Bir dəfə Samuel eyni cəzaya məruz qalanda gördü ki, oxlovdan tökülən un qırıntıları onun dərisini ağardıb. Onun yeganə arzusu ağdərili olmaq idi. Deyəsən, arzusunu həyata keçirməyin yolunu tapmışdı.

Bir gecə gizlin-gizlin evdən çıxıb qarşıdakı pəzəvəng dəyirmançının un anbarına girdi; yun torbalara doldurulmuş unu bütün bədəninə sürtüb özünü ağartdı. Qollarına, ayaqlarına, qar kimi ağaran sinəsinə baxıb qürrələndi. Samuel ən sevimli oyuncağını tapmış uşaq kimi sevinirdi. Nəhayət ki, ən böyük arzusuna çatmışdı; ağdərili olmuşdu. Ancaq tam nəticə əldə etməkdən ötrü unla dolu çəlləyə girib gecəni anbarda gecələdi. Səhər sübh tezdən anbarın sahibi gəlib bütün un torbalarının yerlə bir olduğunu görəndə Samueli anbarın küncünə sıxışdırıb üstünün unu gedib dərisi qaralana kimi döydü.

Samuel yenidən özünə qayıtdı. Ancaq o, bunu qətiyyən istəmirdi. İnsanların onu görəndə meymun səsi çıxartmasına, sevdiyi qızın pəncərədən ona banan göstərib əylənməsinə tab gətirə bilmirdi.

Qara keçən günlərin birində Samuel yenə də qoca Nidlenin qonağı idi. Əzəl gündən dünyanı zülmət görən bu yaşlı kişi bir dəfə Samuelin qaradərililər haqqında olan sualını belə bir hekayə ilə cavablandırdı:

"Fivdə bənnalıqla məşğul olan gənc bir qaradərili oğlan yaşayırdı. Firondan tutmuş ən aciz qula qədər hər kəs onun meymun olduğunu sanırdı. Oğlan hara gedirdisə, təhqirlərə, təzyiqlərə məruz qalmaqdan yaxa qurtara bilmirdi. Bir dəfə ağlına gəldi ki, söyüşləri, atmacaları eşitməmək üçün karlaşsın. Hər kəs kimi sıradan insan olmaq üçün belə bir ağlasığmaz yola əl atdı. Gecə, qızdırılmış civə ilə spirtli kükürdü qulağına töküb yatdı. Səhər tezdən yataqdan qalxanda artıq o, öz hənirtisini də eşitmirdi; tamamilə kar olmuşdu. Ancaq eşitmə qüsurlu olması da onu ətrafının alçaldıcı təzyiqlərindən xilas etmədi; insanlar onu görərkən meymun yerişini təlqin edib cürbəcür heyvani hərəkətlər göstərirdilər. Belə olan halda o, bu eybəcər səhnələrin şahidi olmamaqdan ötrü kor qalmaq yolunu seçdi. İş aləti kimi istifadə etdiyi pərgarın iti ucu ilə bəbəklərini oydu, görmə qabiliyyətini itirdi. Beləcə, təzyiqlərdən qulağı dinc, gözü tox yaşamağa başladı. Lakin zaman keçdikcə o, başa düşdü ki, heç bir qüsur,dünya nurundan məhrum olmaq qədər dəhşətli ola bilməz. Oğlan artıq güzgüyə baxanda özünü qaradərili olaraq görmürdü, əvəzində isə bütün mövcudatı, var olan hər şeyi qara rəngdə görüb hiss edirdi."

Samuel qoca Nidlenin bu əhvalatını dinlədikcə təskinlik tapırdı, ancaq irqçiliyin caynağında qan qusmaq ona olduqca ağır gəlirdi. Hərdən uşaqlar onu dövrəyə alıb döyürdülər, başına daş yağdırırdılar. Samuel hər dəfə bayıra çıxanda ənənəvi hal ilə qaşılaşırdı.

İlin 33-cü cümə gecəsində o, qoca Nidlenin səsinə yuxudan oyandı. Cəld pəncərini açıb havaya baxdı; şaxtalı külək qarı sağa-sola səpələyirdi, çovğun qəsəbəni başına götürmüşdü. O, başa düşdü ki, Nidlen yenə xəstəlik ucbatından əziyyət çəkir; onun səsi, söyüşləri bütün bloka yayılmışdı. Samuel anasını oyatmadan eyvana çıxdı.

Məhəccərdən tuta-tuta öz eyvanlarından Nidlenin evinin eyvanına keçdi. Ayağını daş çıxıntının üstünə qoyub pəncərənin qarşısında dayandı. Xətkeşlə asta-asta şüşəni tıqqıldatmağa başladı; yağış səsi. Az sonra Nidlen susdu. Samuel isə şüşəni döyəcləməyə davam edirdi. Yavaş-yavaş tıqqıltının tonu aşağı düşməyə başladı, tezliklə də tamam kəsildi. Samuel xumarlanaraq başını pəncərəyə söykədi. Gözlərini yumdu.

Bütün sümükləri, əzələləri boşalıb fəaliyyətini itirdi. Özü də hiss etmədən ayağı büdrədi, halsız bədəni sürətlə aşağıya - qarla örtülən səkiyə doğru şığıdı…

"Samuel, orda nə işlə məşğulsan" - Stella xanım səsləndi.

"Yuyunuram" - Samuel vanna otağının qapısını bağlayıb cavab verdi. Güzgünün qarşısında dayanıb bənizini nəzərdən keçirdi. İllərdir başının bəlasına çevrilən qaradərililiyi onu öz gözündə miskin bir varlıq kimi canlandırdı. Samuel artıq qərar vermişdi; o, qara bəxti ilə barışmayacaqdı. İşarət barmağı uzunluğunda olan mismarı ovucunda sıxıb dodaqlarını gəmirdi. Cəsarətini topladı, mismarı sonuna qədər qulağına soxdu. Qulaq pərdəsinin deşilməsi ilə beyninə dözülməz uğultu yayıldı, gözlərində yaş gilələndi. Qulaq seyvanı büs-bütün qana boyandı. Dəhşətli ağrıdan yerində balıq kimi çapaladı. Sonra ülgücü götürüb dərisini soymağa hazırlaşdı. Almacıq sümüyünün yumşaq ətindən tutub dartdı. Bir hərəkətlə iti ülgücü yanağına qədər çəkdi; üzünün dərisi yarılıb buğlana-buğlana qan püskürdü. Şiddətli göynətmə iliklərinə qədər işlədi. Sonra mismarı əlinə alıb bəbəklərini oymağa başladı. Xırçıltı, göz qapaqlarından ayrılıb düşən ət parçaları, vücudunu əsir alan gizilti... O, gizilti duyur. Şaxta və gizilti. Samuel gözlərini açıb səmaya baxdı. Başının üstündə ucalan binalarını gördü. Orada dumanlı şəkildə Nidlen babanın eyvanını seçə bildi. Sonra ömrünün 11 ilini keçirdiyi evlərinin eyvanına baxdı. Qar isə fasiləsiz olaraq yağmağa davam edirdi. Səmanın boşluqlarındakı buludlardan qopan qar dənəcikləri yerə enib onun gözlərini bağladı.

33-cü cümənin səhəri bütün qəsəbə bəyazlara bürünmüşdü. Qəsəbədəki bütün uşaqlar həyətə səpələnib qartopu oynayır, qar adamı düzəldirdilər. Samuel isə gözə dəymirdi.

Binanın qarşısında qartopu oynayan azyaşlı qızcığazlardan biri Samuelin qarın altında qalan cəsədini anasına göstərib dedi:

- Ora bax, ana. Bu, Samueldir. O ağarıb, ana, o ağarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG