Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

May ayının sakit keçməsi şərti, evi başına uçurulanlardan xəbərdar olan vitse-spiker və…


Mətbuat icmalı
Mətbuat icmalı
«Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub». «Yeni Azərbaycan» qəzeti yazır ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov mayın 2-də Avropa Yayımları Birliyinin Cenevrədə Azərbaycana həsr olunmuş tədbirdəki çıxışında deyib. Qəzet yazır ki, Əli Həsənov problemlərin olmasını da dilə gətirib.

«Bizim problemlərimiz yetərincədir. İki əsas problemi diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan biri azad medianın dairəsinin hələ Azərbaycan dövlətini qane edəcək səviyyədə olmaması, onların genişləndirilməsi ehtiyacıdır. Azad medianın dairəsini getdikcə genişləndirməliyik. İkincisi jurnalistlərimizin peşəkarlığını artırmalıyıq».

«QIŞ BULVARI» İLƏ BAĞLI NARAZILIQ EŞİTMƏMİŞƏM»

«Mən də evi başına uçurulan vətəndaşı görürəm». Bu fikirləri «Bizim yol» müsahibəsində Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Qəzetin yazdığına görə, Ziyafət Əsgərov əlində evinin sökülməməsinə dair məhkəmə qərarı olduğu halda adamların evinin sökülməsinə inanmadığını bildirib.

«Qış bulvarı» ilə bağlı onu bilirəm ki, vətəndaşlar onlara verilən kompensasiyadan razı qalıblar. Mən narazılıq barədə eşitməmişəm.

Jurnalistin «necə eşitməmisiniz ki, hətta Avropa telekanalları bu barədə reportajlar verib?
- Burda Ziyafət Əsgərova inanmırsınız, gedib Avropa telekanallarının yayımladıqlarına inanırsınız» -deyə vitse-spiker bildirib.

AZƏRBAYCANSAYAĞI QARA-QORXU

«Azadlıq» qəzeti Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Qarabağ məsələsində Qərbdən real dəstək olmasa başqa bloka qoşulmaqla bağlı bir neçə gün əvvəl «Bloomberg» dərgisinə dediyi fikirlərini şərh edib. Qəzet hesab edir ki, «Qərblə münasibətləri kəsmək» bəyanatının arxasında hakimiyyəti qorumaq instinkti durur.

«Zerkalo» qəzeti isə Novruz Məmmədovun bu fikirlərini «Azərbaycansayağı qara-qorxu» adlandırır.

«BU, BAŞ VERSƏ, MAY AYI SAKİT KEÇƏCƏK»

«Yeni Müsavat» qəzeti yazır ki, «AXCP və Müsavatın tələbi siyasi dustaqların azad edilməsidir - bu, baş versə, may ayı sakit keçəcək».

BÖYÜK İQTİSADİ-MƏDƏNİ İNQİLABLARA MÜƏLLİFLiK MƏSƏLƏSİ

«Heydər Əliyev siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır». Bu fikirlər Milli Məclisin deputatı Fəttah Heydərovun «Azərbaycan» qəzetində yazdığı məqalədə yer alıb.

Deputat yazır ki, «Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik var. Bu birlik sayəsində ölkə iqtidarı yaxın illərdə daha böyük iqtisadi-mədəni inqilablara müəlliflik edəcək».

BİR-İKİ OTAQLI MƏNZİLLƏR QITLAŞA BİLƏR, AMMA BİR ŞƏRTLƏ

«Exo» qəzeti isə yazır ki, «Bir və iki otaqlı mənzillər qıtlaşa bilər». Qəzet hesab edir ki, maksimum ipoteka limiti qaldırılmasa bu yaxın vaxtlarda baş verə bilər.
XS
SM
MD
LG