Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:01

Sakinlər şikayətlənir, məktəb direktoru isə problem görmür


Foto: Arxiv
Foto: Arxiv
Yeni-Əhmədli qəsəbəsi, Sarayev küçəsindəki 15 saylı binanın sakinləri «Qaynar xətt»ə şikayət ediblər ki, bina ilə üzbəüz yerləşən 95 saylı orta məktəbin direktoru qanunsuz hasar çəkməklə binanın həyətini zəbt edib.

Bina sakini Aytəkin Qurbanova:

«5 il əvvəl məktəbə hasar çəkmişdilər. İndi o hasarı söküb məktəbin həyətini genişləndirmək üçün binaya qədər gətirib çıxardıblar. Gediş-gəliş yolumuz kəsilib. Həyətin qarşısı, on illərlə əkib-becərdiyimiz yüzlərlə ağaclar kəsilmək təhlükəsi ilə üzləşib. Düzəltdiyimiz oturacaqlar çəkilmiş hasarın arxa tərəfində qalır. Bizə istirahət üçün yer qalmır. Kütləvi bir hadisə baş versə, həyətdən çıxmağa imkan yoxdur. Direktora bu barədə deyəndə, deyir, siz pis şeyləri yada salmayın, yaxşı şeylərdən danışın».

Aytəkin Qurbanova deyir ki, bina sakinlərinin bir neçəsi məktəb direktoru Tahir Süleymanovun yanına gedib hasarın hansı qanuna əsasən tikilməsi ilə maraqlanıblar. Direktor onlara Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsi tərəfindən tərtib olunmuş, üstündə Xətai rayon şöbəsinin müdirinin və Tahir Süleymanovun özünün imzası olan bir plan göstərib:

«Biz ondan bu planın hansı qanunlar əsasında tərtib olunduğunu soruşsaq da, bizə dürüst cavab vermir».

Bina sakini Sevda Əliyeva da binanın həyətinin zəbt olunduğunu deyir:

«Həyətin stadionunu da məktəbin ərazisinə qatıb. Başa düşmək olmur, bizi hər tərəfdən hasarlayıblar. Binadan çıxmaq üçün hasardan tullanmalıyıq?».

95 saylı məktəbin direktoru Tahir Süleymanov isə deyir ki, bu hasar qanuni sənədlərə əsasən tikilir:

«Tikilən hasarın binanın həyətinə heç bir aidiyyəti yoxdur. Bu hasar 5 il əvvəl tikilməyə başlamışdı. Sadəcə, həmin vaxt sakinlər etiraz edəndə bizim əlimizdə hasarın tikintisinə dair qanuni sənəd yox idi, işi yarımçıq dayandırmalı olduq. İndi isə əlimizdə rəsmi çertyoj, icazə sənədi var. Həyətdəki skamyalara, ağaclara dəyməmək üçün hasarı həmin ərazilərə qədər uzatmadıq. Halbuki, çertyoja görə həmin yerlər də məktəbin ərazisinə düşməlidir. Biz heç kəsin sahəsinə girmirik. Bizə verilmiş çertyoj əsasında tikintimizi aparıb, abadlıq işləri görürük».

Sakinlər deyirlər ki, hasarın tikintisinin qarşısının alınması üçün dövlət orqanlarına məktublar göndərsələr də, cavab almayıblar.
XS
SM
MD
LG