Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:10

BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib


Arxiv foto
Arxiv foto
Mayın 1-də BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi başlayıb. Bütün may ayı boyu Azərbaycan Şuraya sədrlik edəcək.

APA-nın BMT İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, may ayında BMT Təhlükəsizlik Şurasının əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaq. Mayda BMT TƏhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclasının keçiriləcəyi gözlənilir, iclasda Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.

BMT radiosuna müsahibə verən Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib ki, may ayı üçün Təhlükəsizlik Şurasının proqramı tam razılaşdırılmayıb, bununla belə əsas diqqətin Yaxın Şərq problemi, nüvə silahının yayılmasının qarşısını almaq, beynəlxalq terrorçuluğa qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranının nizamlanması üzərinə salınacağı şəksizdir.

Səfir BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı Kofi Annanın təklif etdiyi altı maddəlik planın dəstəklənməsi məsələsində həmrəyliyi qoruyub saxlaya biləcəyinə ümidvar olduğunu söyləyib. A. Mehdiyev may ayında BMT TŞ-da İran problemi ilə bağlı məsələnin müzakirə olunmayacağını deyib.

Azərbaycan keçən ilin oktyabrında ilk dəfə olaraq Şərqi Avropadan Təhlükəsizlik Şurasına üzv seçilib.

«AZƏRBAYCAN İNSAN HAQLARINI ƏSAS TUTACAQ»

Deputat Əli Əhmədovun fikrincə, bu post Azərbaycana imkan yaradacaq ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verə bilsin:

Əli Əhmədov
Əli Əhmədov
​«Azərbaycan hüquqlarını daha geniş miqyasda reallaşdırmaq imkanı qazanacaq. Azərbaycanın pozulmuş hüquqlarının bərpası, Qarabağ münaqişəsinin ədalətli həlli sahəsindəki səylərinin uğurlu olmasına töhfə verəcək».

Əli Əhmədov deyir ki, Suriya məsələsində Azərbaycan öz mövqeyini ortaya qoyub və bu münasibət beynəlxalq birliyin mövqeyindən fərqlənmir. O, Azərbaycanın quruma sədrlik müddəti boyu insan haqlarını, sülh, əmin-amanlığı əsas tutacağını söyləyir.

«AZƏRBAYCAN DİKTƏ ALTINDA İŞLƏYƏCƏK»

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Azərbaycan xarici siyasətini təkbaşına idarə etmir və Təhlükəsizlik Şurasının sədri kimi də böyük dövlətlərin diktəsi altında işləyəcək:

«Heç kəs düşünmür ki, Azərbaycan müstəqil siyasət yürüdür və onun xarici siyasətində məqsədi var;
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
istər Qarabağ, istər qaz-enerji məsələsində, istər də qonşularla münasibətdə. Azərbaycana diktə edən qüvvələr var və bu qüvvələrin iradəsi altında rəhbərliyini texniki sədr kimi həyata keçirəcək».

Zərdüşt Əlizadənin fikrincə, Təhlükəsizlik Şurasına sədrlik etmək Qarabağ münaqişəsinin həllində müsbət dəyişikliyə gətirməyəcək.

«BU, PROTOKOL VƏZİFƏDİR»

Politoloq Arif Yunus da hesab edir ki, Qarabağ münaqişəsi ilə bağlı gözlər BMT-nin Təhlükəsizlik Şurasına dikilməməlidir, hətta BMT-nin məlum qətnamələri olsa belə. Onun fikrincə, bu münaqişənin həlli istiqamətində Minsk Qrupu yaradılıb və dünyanın qlobal problemi
Arif Yunus
Arif Yunus
sayılmır.

«Amma bir aylıq da olsa, belə bir post Azərbaycanın beynəlxalq imicinə təsir edəcək», - Arif Yunus belə fikirləşir. Onu da qeyd edir ki, qıraqdan nə qədər cəlbedici görünsə də, bu post sadəcə protokol vəzifəsidir və sədrlik rotasiya yolu ilə üzv ölkələrə keçir:

«Kimsə düşünürsə ki, Azərbaycan bu postdan öz mənafeyi üçün istifadə edəcək, yanılır».

BMT-nin Təhlükəsizlik Şurasında İran məsələsinin qoyulmayacağı deyilsə də, Arif Yunus hesab edir ki, hər hansı bir qətnamə çıxarılsa belə, diplomatiyadan xəbəri olanlar Azərbaycanın sədrlik məsələsini qabartmamalıdırlar: «Çünki ağıllı diplomat ölkənin səsvermədəki davranışını təhlil edər, iclasa kimin sədrlik etdiyini yox».
XS
SM
MD
LG