Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 18:19

Caz – Azadlıq musiqisi


Foto: Arxiv
Foto: Arxiv
BMT-nin Baş Məclisi UNESCO ilə birlikdə aprelin 30-nu ilk dəfə olaraq dünyada Beynəlxalq Caz Günü kimi qeyd edir. Caz günü ilə bağlı tədbirlərə isə aprelin 27-də UNESCO-nun Parisdəki qərargahında start verilib. Həmin gün müxtəlif tədbirlər, caz improvizələri ilə bağlı ustad dərsləri, konsert və sərgilər, caz ustaları ilə görüşlər keçirilib.

UNESCO-nun xoşməramlı səfiri Herbie Henkok'un rəhbərliyi altında tanınmış caz ustalarının çıxışları olub. Həmin tədbirdə – günorta konsertləri çərçivəsində Azərbaycandan olan Salman Qəmbərovun «Bakustik» caz qrupu və gənc ifaçı İsfar Sarabski də çıxış edib.

HƏM MİLLİ, HƏM AVANQARD MUSİQİ...

Salman Qəmbərov deyir ki, həmin auditoriyada çıxış etmək çox sevindirici olub. O deyir ki, həm Bakı, həm də əcnəbi auditoriya qarşısında eyni məsuliyyətlə çıxış edir:

«Hər bir layihənin öz musiqi dili var. Mən bəstəkarlığı bitirmişdim. Həmişə caz musiqisini dinləyirdim. Çalışıram ki, həm milli musiqidən, həm avanqard, həm akademik, həm də caz musiqisindən - bütün bunlardan nəyi bilirəmsə, hamısı mənim yaradıcılığımda özünü tapsın».

UNESCO-nun baş konfransı Caz Gününü universal azadlıq və yaradıcılıq dili kimi xüsusi rolunun tanınması əlaməti olaraq ötən ilin sonunda elan edib. UNESCO-nun baş direktoru İrina Bokova öz müraciətində deyir ki,
Salman Qəmbərov
Salman Qəmbərov
«Kökləri Afrika ənənələrinə gedib çıxan, Avropanın musiqi əsərlərinə söykənən caz dünyanın bütün mədəniyyətlərində yeni formalar kəsb edir. Dünyanın musiqi müxtəlifliyinin böyük hissəsini özündə birləşdirən caz sərhədləri asanlıqla aşıb insanları birləşdirir».

AZADLIQ MUSİQİSİ

Azərbaycanlı gənc ifaçılardan olan Ruslan Hüseynov bass gitara və kontrabasda ifa edir. O deyir ki, indi Azərbaycanda gənclər öz üzərində çox məsuliyyətlə çalışır:

«Caz musiqisi azadlıqdır. Orada çərçivə yoxdur. O çərçivəni musiqiçi bilməlidir. Ancaq o çərçivənin içində azadlıq var. Musiqiçi öz fantaziyasını, öz biliyini tam şəkildə göstərə bilər. Ancaq başa düşməyən insanlar deyir ki, caz nədir ki? Azadlıqdır, nə istəyirsən, çalırsan. Təbii elə deyil. Hər musiqinin, hətta avanqardın çərçivəsi, qanunlar var. Bu qanunları da mütləq bilmək lazımdır».

Bakı Musiqi Akademiyasının dosenti, caz tədqiqatçısı Turan Məmmədəliyeva UNESCO-nun tədbirində
Foto: Arxiv
Foto: Arxiv
iştirak edib:

BU GÜN VARSA, SABAH DA VAR

«Salman Qəmbərovun müxtəlif ölkələrdə təqdim etdiyi «Lətif» layihəsi böyük uğurla qarşılandı. Ora Fransa publikası, dinləyici auditoriyası yığılmışdı. Onlar layihənin ideyasını yaşayaraq əl çalırdılar. Sonuncu yekun konsertdə isə bizim gənc pianoçumuz İsfar Sarabski iki kompozisiya ilə çıxış etdi. Onu xüsusi olaraq dünya şöhrətli pianoçu, caz sənətkarı Herbie Henkok dəvət etmişdi. Bu onu göstərir ki, Azərbaycan cazının bu günü var. Bu gün varsa, demək sabah da var. Biz gərək həm cazın tədqiqi, həm də təbliği sahəsində çalışmalıyıq. Təbliğatın olmamasına görə bir az ləngiyirik, bəzən uduzuruq. Təbliğat güclü olmalıdır».

Birinci Beynəlxalq Caz Günü bütün dünyada konsertlərlə qeyd olunacaq. Bakıda isə Beynəlxalq Caz Günü mayın 2-də Bakı Caz Mərkəzində qeyd olunacaq.
XS
SM
MD
LG