Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:36

Sahilə İbrahimovanın 20-liyə düşməyən hekayəsi


"Oxu zalı"nda "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərinin fərqləndirmədiyi hekayələrin də çapına başlayırıq.


Sahilə İbrahimova


YAŞAMAQ ÖDƏNİŞLİDİR

Hər şey onunla başladı ki, R. qəflətən Veronikanı öpmək istədi.

Qəflətən deyirəm, çünki R. əvvəllər də Veronikanın gözəl olduğunun fərqində idi, bir-iki dəfə oğrun-uğrun toppuş yanaqlarına, ətli qollarına baxmışdı, lakin onda belə bir istək baş qaldırmamışdı.

Əvvəla, Veronika yuxarı sinif oğlanlarının sevimlisi idi, adı tez-tez onların adı ilə birgə çəkilirdi, yaşıdlarına maraq göstərmirdi, sonra da lap bir möcüzə baş versəydi, qız sinif yoldaşları arasından kiməsə baxmağa qərar versəydi, bu, R. olmayacaqdı.

R. arıq, göygöz, yanaq sümükləri qabarıq, beli azca əyri biri idi. Səsi güclə eşidiləcək qədər yavaş çıxırdı, oturuşu-duruşu da dedikcə cəsarətsiz idi. Qızlar adətən, belələrini bəyənmirlər.

Bu arada haşiyə çıxıram, qızın əsl adı Veronika deyildi. Saçları çox gur və uzun olduğundan onu “Veronikanın saçları” adlı ulduzun şərəfinə belə çağırırdılar. Bəlkə də astronomiya dərsindən xatırlayırsız, belə bir ulduz var.

Veronikanı öpmək istəyi R.-nı ildırım vuran kimi səkkizinci sinfin ikinci rübündə vurdu. Daha dəqiq, ikinci rübün sonuncu fizika dərsində. Veronika lövhənin qarşısında hakim qarşısında müttəhim kimi durmuşdu.

Başını aşağı salmasa da, məyus olduğu hər halından bəlli idi. Qəribədir, tez-tez dərslərə hazır gəlməsə də, o gün buna görə xəcalət çəkirdi. Veronika qızarmışdı. Hətta R.-ya elə gəlmişdi ki, arada ani kövrəlmişdi də. R. Veronikanı heç vaxt belə çarəsiz görməmişdi.

Elə bu dəm qəflətən R. qeyri-adi istəklə Veronikanı bir dəfə çox yox, cəmi bircə dəfə öpmək istədi. Bu istəyin ardıyca sinifdə əvvəlcə pıçhapıç, sonra çaxnaşma düşdü. Müəllim danlağını kəsib laboratoriya otağına qaçanda isə iş-işdən keçmiş, kartof yanıb kül olmuşdu. Fizika müəllimi həmişəki kimi, sinif otağına bitişik laboratoriyada spirallı peç üstünə bişmək üçün kartof qoymuş, başı dərsə qarışdığından gunorta yeməyi yanıb kül olmuşdu.

Sonrakı dəqiqələr gülməkdən qarnını tutan kim, pəncərəni açan kim, dərs qarışdığından pis qiymət almadan ötüşdüyünə şükr edən kim...

O gün Veronika məyus-məyus yerinə qayıtmış, R. beyninə girmiş fikri uzaqlaşdırmağa cəhd etmiş, lakin bacarmamışdı. Ondan sonrakı günlər Veronika ona yaraşmayan ciddi sima ilə gəzib dolaşmış, bu dəyişikliklə R.-nın ona olan marağı daha da artmışdı. Maraq isə başqa bir şey deyildi, mahiyyəti fəlsəfi izahlarla açıla bilməzdi, onu çoxtərəfli və mürəkkəb adlandırmaq ağ olardı. R. sadəcə bircə dəfə o qızı öpmək istəyirdi. Lakin bu istək elə güclü, elə iqtidarlı idi ki, R. yalnız onu həyata keçirmək üçün yaşamağa başlamışdı.

Yuxudan oyananda dərhal belə bir istəyinin olduğunu xatırlayır, gecələr onu düşünə-düşünə oyaqlar komandasını tərk edir, yatmışlar dəstəsinə qoşulurdu.

Bir gün R. təsadüfən eşitdi ki, Veronika buraxılış sinfindəki sevgilisindən ayrıldığı üçün məyusdur. Səbəb isə sevgilinin söz verib onu aldatmasıdır. Buraxılış sinfindən olan sevgili vədinə xilaf çıxmış, söz verdiyi kimi Veronikaya xizək almamışdı.

Hər şey gün kimi aydın idi. Zəfərə çatmaq üçün yollar nişan verilmiş, qala divarlarını aşmaq, qələbə bayrağını sancmaq üçün yeraltı keçidin istiqaməti təyin olunmuşdu. Veronika xizək istəyirdi, ona çatmaq üçün fəth planının sadə bir adı var idi - xizək.
R. həyətlərinin ən zirəng oğlundan öyrəndi ki, xizəyi köhnə pulla otuz beş min manata almaq olar. Bu, evlərinin aylıq gəlirinin yarısına bərabər idi və onu əldə etmək həyətdə torpağı qazıb neft çıxarmaqdan daha çətin görünürdü. R. gecə-gündüz bu barədə düşünür, oxuduğu kitablarda, anasının işlədiyi qalereyanın divarlarından asılmış şəkillərdə, televizorda göstərilən verilişlərdə, yerdə, göydə hər yerdə, hər şeydə otuz beş min manat görür, daha doğrusu, o pulu hesablayırdı. Mağazalarda adamların bazarlıq torbalarının içindəkiləri, piştaxtalardakı ərzaqları, rəflərdəki kitabların dəyərini hesablayır, otuz beş min manat almağa çalışırdı. Eşitmişdi ki, bəzi şanslı adamlar sırf havalarını dəyişmək üçün başqa ölkələrə uçurlar, göyə baxanda səfər xərcləri içərisində otuz beş min manatın olmasını xatırlayır, həsrətlə gözlərini təyyarələrə zilləyirdi. Televiziya verilişlərinin çəkiliş xərcləri arasında otuz beş min manat, şübhəsiz, vardır, kaş o pulu mənə verəydilər, o düşünürdü.

Günlərin bir günü xizəyi bazar qiymətindən daha ucuz, məhz otuz beş min manata tapacağını deyən zirəng oğlan R.-ya pul toplamağın da yolunu öyrətdi. Zirəng oğlanın adı Rasim idi. Onların ailələrini xatırlayanda R.-nın yadına ilk olaraq milçəklər düşür. Rasimin anası vasvası olduğundan evdə həmişə əlində köhnə məhraba o yan-bu yana qaçır, açıq pəncərədən milçək qovmağa çalışırdı. Onların evindən həmişə gülüş səsləri gəlirdi. R.-ya isə elə gəlirdi ki, Rasimin anası milçəklə yanaşı qəm-qüssəni də qovub çıxarmağı bacarır. R.-gilin evində isə adamın ürəyini sıxan ölü bir sakitlik dövr edərdi çox zaman. R. uşaqlığını xatırlayanda balaca bacı və qardaşlarını köhnə oyuncaqlarla oynayan şəkildə yada salırdı. Bir də ona elə gəlirdi ki, bacı-qardaşlarının, elə özünün də ən sevimli oyuncağı məhz kədər olmuşdur. Onlar kədəri atıb-tutmuş, onunla başlarını qatmağa çalışmışlar. Anası atasının növbəti danlağından sonra bir az ağlayar, sonra balaca ləyənə un töküb xəmir yoğurmağa başlayardı. Bəzən bir saat, bəzən saat yarım var gücü ilə xəmiri ləyənin divarlarına yumruqlayar, handan-hana özünə gələr, sakit-sakit gülümsəyərdi. Atası anasını danladığı günlər R. təxmin edirdi ki, axşama əriştə, düşbərə, yaxud xəngəl yeyəcəklər. Atası hirslənəndə elə qəzəblə bağırırdı, elə bil sözləri, söz birləşmələrini arvadının üzünə tullayırdı. Anası söz zərbələrindən qorunmaq üçün uşaq kimi mətbəxə qaçır, qapı dalında gizlənirdi. Hərdən lap tutarlı sözləri yumrulayıb anasının üzünə tullayanda isə atasının sanki öz nəfəsi də kəsilir, tövşüyür, qapını çırpıb gedirdi. “Atanız müharibədə olanda yanında bomba partlayıb... o, hamımızı çox istəyir.” anası tez-tez təkrar edərdi.

Tətil başlayan kimi R. səhərlər maşın bazarında çay satmağa başladı. Arıq barmaqları termosun qapağını açar-açmaz çayın buğu şaxtanın buxarına qarışır, R. donmuş balaca əllərini bacardıqca tez hərəkət etdirməyə çalışırdı. Termosu açmağı, çayı tökməyi, qapağı bağlamağı bir göz qırpımında olur, digər çaysatanları kölgədə qoyurdu. O, əvvəllər heç vaxt heç kimi arxada qoymamışdı, həmişə özü ön sıralara həsrətlə baxmışdı.

İkinci həftənin sonu tətil qurtarmış, xizək üçün pul yığılmış, artıq belə qalmışdı. Xizəyi aldığı gün külək yavaş-yavaş yarpaqların arasında dolaşır, elə bil onları təftiş edir, göstərişlərini verirdi. R. bütün cəsarətini toplayıb Veronikagilin həyətinə getmiş, xoşbəxtlikdən, onu balaca qardaşı ilə skamyada oturan yerdə tapmışdı. R. təbiətinə xas olmayan qətiyyətlə skamyaya tərəf addımlamış, Veronika ona ötəri nəzər salıb qardaşının papağını bağlamağına davam etmişdi.

“Vera, sənə ciddi sözüm var, amma təklikdə... məktəbin həyətində. Uşağı burda qoy. Narahat olma, çox çəkməz. Bu, çox vacibdir.” R. demiş və cəld məktəbə tərəf getmişdi.
Tezliklə Veronika məktəb stadionundan keçib ona tərəf addımlamışdı. R.-nın ürəyi şiddətlə döyünmüş, həyəcanla saçını əli ilə yana daramış, burnunu qaşımış, gödəkçəsinin varatniklərini düzəltmiş, simmetrikləşdirmişdi. Veronika yaxınlaşıb heç nə demədən üzünə baxanda R.-nın əlləri əsirdi. Hətta o qədər həyəcanlı idi ki, bir an hər şeyi yarımçıq qoymaq, Veradan üzr istəyərək onu səhvən məktəbin yanına çağırdığını deyib qaçmaq, bacardıqca uzaqlaşmaq istədi. Lakin bir möcüzə nəticəsində R. özünə gəldi və xizəyi Veronikaya uzatdı. “Al Vera, bu sənindir.” Veronika təəccüblə sarı qutunun içindəki xizəyə baxdı, lakin yenə də dinmədi. R. yavaş-yavaş ona yaxınlaşdı və... və qızın yanağından öpdü. Bu elə qısamüddətli öpüş oldu ki, elə bil onun dodaqları qaynar ütüyə, qazın üstünə qoyduqları, üzərində çay dəmlədikləri, hərdən çörək və ət qızartdıqları yumru dəmirə dəydi. Bir an qəfil dəyəcək sillədən qorunurmuş kimi gözlərini qırpdı, əlləri ilə başını tutmağı gəldi. Lakin... lakin Veronika sakit idi. Birdən o, xizəyi əlində bərk-bərk tutub R.-ya yaxınlaşdı və ehmalca onun dodağından öpüb gəldiyi yolla geri qayıtdı.

R. məktəbin həyətindəki dəmir pilləkənə çökdü və uzun müddət sevincindən qalxa bilmədi. O sanki tərpənsə sevinci dağıdacağından, onu azaldacağından, salıb itirəcəyindən ehtiyatlanırdı. Lakin, R. həm də narahat oldu. O, borclu qalmışdı. R, özünü Veronikaya borclu sayırdı. O, yalnız Veronikanı bir dəfə öpmək üçün xizək almışdı. Lakin mözücə baş vermiş, Veronika da qayıdıb onu öpmüşdü. R. elə riqqətə gəlmişdi ki, qaçıb artıq qalan pulu Veronikaya vermək, “buna da istədiyini al” demək istəyirdi.
R. sonralar artıq qalan pula Veraya bir rəsmxətt dəftəri, üç dəfəyə 12 perajki aldı və onun məktəb yeməkxanasına olan borcunu ödədi.

R. bir müddət o sevinclə, o qələbə, o nəaliyyətlə keçinə bildi. Lakin tezliklə o sevinc köhnəldi, istifadə müddəti bitdi və R.nın cılız cismini sabaha itələməkdə aciz qaldı. Tezliklə R. qəflətən yenidən nə isə istədi. Birdən, heç gözlənilmədən, planlaşdırmadan nəyəsə baxdı və onu şiddətlə istəməyə başladı. Onun üçün çalışıb-vuruşdu...
Hansısa istəyini həyata keçirməyə çalışanda bir dəfə ortaya çıxdı ki, o, rus dilini bilir, kimsə onu mağazasına satıcı dəvət etdi, sonra R. elə ordaca müdir işləməyə başladı, bir müddət sonra onu bahalı maşında gördüyünü deyənlər tapıldı. Bəziləri iddia etdi ki, R. şəhərdə dörd ev alıb kirayəyə verib. R. ailə də qurdu, ata da oldu. İllər sonra onunla rastlaşanlar R.-nın özünəqapanıq, dinməz-danışmaz biri olduğundan gileyləndilər, bəziləri deyirdi ki, çox lovğadır, ağzını açan kimi, “alaram, ödəyərəm, pulunu verərəm” deyir.

Mən heç vaxt R. nı qınamamışam. Onun heç zaman nəyisə başqa cür əldə etmə imkanı olmamışdır. O,həmişə firavanlıq, sevinc qıtlığından əziyyət çəkmişdir. R. sevinc almaq üçün daima işləmişdir. Kimsə onu ödənişsiz sevməmişdir, o, kimsədən qarşılıqsız sevgi almamışdır. Bir gün R. intihar etmək istəsə, bir dəfə eşitmişdim cəhd edib, sonra dedilər yalan söhbətdir, yəni deyirəm bir də etsə, mən yenə də onu qınamaram. R. yaşadığı sürəcə xoşbəxt olmaq üçün səxavətlə saysız-hesabsız haqqlar ödəmiş, bəzən pulun qalığını belə götürməmiş, beləliklə həyatının mülkiyyətçisinə çevrilmişdir. Belə olduqda isə onun həyatı ilə istədiyi kimi rəftar etmə hüququ vardır. Bir gün onunla yenidən rastlaşsam, dilindən çox danışan gözlərindən bu sözləri eşidəcəyimdən əminəm: “Yaşamaq ödənişli imiş!”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG