Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:00

Sevinc el Sevərin 20-liyə düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-yə düşməsi üçün kifayət etməyib.


Sevinc el Sevər


MƏN NİYƏ ƏZİZƏ MUSTAFAZADƏ OLA BİLMƏDİM?!

Şəhərə köçdük-köçəli, doğma rayonumuza ildə bir dəfə - yay tətilində getmək fürsəti düşürdü əlimə.

Onda da gəzməyə getməzdik, hələ də rayon qeydiyyatında olduğumuzdan mütləq sənəd-sünəd işlərimiz olurdu, əl boyda kağızdan ötrü basa-basa durub gedirdik rayona. Atam cəmi idarələrə nifrət eləyirdi, qapı dalında gözləməyi, xahiş-minnətlə izn alıb müdir otağına girməyi sevməzdi.

Çar-naçar, deyinə-söylənə anam özü düşərdi kağız-kuğuzun dalınca. Həmişə də uşaqlardan birini yanına alırdı ki, rayon yerində deməsinlər, zənən xeylağı tək-tənha filan müdirin otağına girdi.

Bu dəfə mənim ucbatımdan rayonda idik. Universitetə sənədlərimi verəcəkdim, şəxsiyyət vəsiqəsi almalıydım, anam məni qabağına qatıb gətirmişdi, nənəm demişkən, irayona.

Nənəm rəhmətə gedəndən sonra ilini güclə yola verib, bir həsir, bir məmədnəsir qalan evimizi su qiymətinə satdıq, “ya Allah, asta qaçan namərddi” deyib, şəhərə üz tutduq. Nöşün ki, atam ev tikən idi, səksən minlik əhalisi olan rayonda daha heç kim ev tikdirmirdi, əksinə yavaş-yavaş evini söküb satırdı və pulunu çörəyə, una, qəndə, yağa verirdi.

Biz də evimizi bütöv satmazdan qabaq hissə-hissə söküb satdıq, əvvəl atam qala qapısı boyda olan doqqazımızı satdı, “qara bayramda”rəhmətlik nənəmə məclis düzəltdi. Az keçmədi ki, həyətimizdən üstü şiferli çardağ, böyük su çəni, artırma düzəltmək sevdasıyla alıb yığdığımız taxta-şalban yoxa çıxdı, lap sehrli nağıllardakı kimi.

Qara bayramda ehsan vermək atam üçün şərt idi, çünki iki il əvvəl hələ nənəm sağ ikən, qonşuluğumuzda qəribə bir hadisə baş verdi. Qonşumuz Ağahüseyn anasının qara bayramında yas düşən həyətlərin qapısını döyən, düşüb qapı-qapı gəzən bir dəstə adamın üstünə hirsindən yava itini salmışdı, nöşün ki, gələnlərin qabağına qoyası bir stəkan çayı, bir qəndqabı qəndi yox idi. Ağahüseyn qapısını döyənlərin yayın cırhacırında bir stəkan çay içib ürəklərini sərinlətmək ümidiylə gəldiyini bilirdi. Nənəm atamın uşaqlıq dostu Ağahüseyni yamanca qınamışdı, sonra da yazıq-yazıq atama sual eləmişdi ki, işdi-şayət birdən bu ağır vaxtda düşüb ölsəm, sən də qapıya gələnlərlə belə rəftar eləyərsən? Atam zarafata salmışdı: “Ay arvad, dayan görüm, hara ölürsən, ölmək vaxtıdı ilin-günün bu vaxtında?!” Sonra da gedib anasının boynunu qucaqlamış, üzündən-gözündən öpərək, “Allah səni bizə çox görməsin , ay ana” deyə əzizləmişdi arvadı.
Rayonda artıq evimiz olmadığından anamın atası evində gecələyirdik gələndə. Bu səbəb özü də atamı perikdirirdi rayondan. Babam onu, o, babamı sevməzdi. Atamgil çox kasıb olduğundan, babam anamı atama vermirmiş, bir-birinə qoşulub qaçıblarmış. Kişi hələ də kin saxlayırdı.

Qan qrupumu öyrənmək üçün verdiyim analizdən sonra bihuş olub yıxılmışdım. Anam da, xəstəxananın tibbi personalı da başlarını itirmişdilər. “Qandan qorxan erməni qızı, burda da başıma bu oyunu gətirəcəkdin?” gözümü açanda rəhmətlik nənəmdən öyrəndiyi cümlələri döşəyirdi anam. Nənəm də eyni cümlələri atama deyirdi həmişə. Dəvədən yekə cöngəni bir həmlədə qanırıb ayağının altına yıxan, baş bir yana, leş bir yana eləyən atam, di gəl, öz qanından bircə damla görcək, bihal olub yıxılırdı. Mən də oxşamışdım oxşamışıma.

Xəstəxanadan çıxandan sonra anam qoluma girib ağappaq bət-bənizimi sillələyə-sillələyə məni aparmırdı, əməlli-başlı sürüyürdü. İki yaşında bəbə də deyildim ki, yazıq arvad məni qucağına alsın, boyum boyundan uzun idi. İki qadın xeylağının tək-tənha tanımadığı taksiyə minməyisə rayonda əcaib görünərdi. Hər şey hesablanmalıydı, ölçülməliydi ki, sabah başımız ağrımasın camaatın dır-dırından.

- Bıy, Gülsüm bacı, nə əcəb sizdən yolunuz düşüb bu tərəflərə?

Böyürtülü kişi səsindən diksindim, xəstəxanada barmağımdan çıxardıqları yarım çay qaşığı qan yadımdan çıxdı. Başımı qaldıranda yup-yumru, üzü ağappaq tüklü bir kişi gördüm. Doqqazın ağzındakı ayaqları əyri taxta skamyanın üstündə oturub altdan-yuxarı bizə baxırdı. Ayaq saxladıq:

- Salam, ay Mirqayıb qardaş, hə... işimiz vardı, burda, xəstəxanada.

- Olmasın azar?

- Yox, uzaq... uzaq. Xəstəlik-zad yoxdu şükür Allaha. Uşağa vəsiqə çıxartdırırıq, instituta sənəd verəcək. Ondan ötəri gəlmişdik.

- Bu uşağa? – kişi barmağını mənə tuşladı.

- Hə... böyüyümüz budu.

- Böyüyünüz qızdı deməli? – kişi skamyadan qalxıb az qala başıma fırlandı, başım gicəldi.

- Qızdı, elədi...- bu cümləni anam elə çəkinə-çəkinə dedi ki, guya böyük uşaqlarının qız olmasında bir qəbahət vardı.

- Gəlin içəri, sizə bir dil-ağız duası yazım da... bağlayaq müəllimlərin ağzını. Mənim yeddi uşağımın yeddisi də o duanın hesabına oxuyub.

Bu yerdə dözə bilmədim heyrətimdən qışqırdım:

- Heç imtahana-zada hazırlaşmayıblar?

Paxıllığımdan ölürdüm, bir ildi nə gecəm vardı, nə gündüzüm. Əlim-ayağım bir-birinə dolaşırdı imtahan yadıma düşəndə. Oxumaqdan gözlərimin ağı qıp-qırmızı idi, şəhərdə gözümə eynək taxırdım ki, camaat təəccüb etməsin. Bir dəfə avtobusa minib eynəyimi çıxartdım. Üzbəüz oturacaqda anasının qucağında oturmuş balaca qızcığaz gözlərimi görcək qorxudan ağlayıb anasının başına dırmaşmağa başladı. Qadın utana-utana xahiş elədi, eynəyimi taxım, uşaq qorxmasın. Eynəyimi taxsam da uşaq kirimədi ki, kirimədi. Mənzil başına çatmamış avtobusdan düşməli oldum. Ay dadi-bidad mən özümə nə boyda zülm etmişəmmiş. Bəs mənim atam-anam yatıbmış fil qulağında, niyə mənə bu qədər əziyyət edirlərmiş bunlar?

- Siz elə Allaha dua eləyin, Allah özü kömək olsun sizə də, bizə də. İndi tələsirik, şəhərə qayıtmalıyıq, Qumru bacıya da salam deyin.

Kişidən aralaşan kimi yapışdım anamın yaxasından.

- Düz deyir o kişi , uşaqları hamısı oxuyub?

- Hə, yeddi uşağının hamısı institut qurtarıb. İki qızı konservatoriyanı bitirib, bir qızı tarix müəlliməsidir, elə tarix müəlliminə də ərə gedib. Oğlanlarının da ikisi politexniki, ikisi inşaaatı bitirib. Elə qızının biri də sənin musiqi müəllimən idi, yadından çıxıb Sevinc müəllimə?

- Hamısı da elə dua yazmaqla oxuyublar?

- Nə bilim, nəylə ay bala? Pulu çoxdu, babalı öz boynuna. O kişinin cəddindən səndə də var. Sənə də kömək edəcək.

Bu yumru kişi atamın əmisi oğluydu. Rəhmətlik nənəm qayınlarından, qaynı oğlanlarından yaman yanıqlı idi. Həmişə qaralarına danışırdı. Deməli, nənəmin xoşu gəlmədiyi Mirqayıb bu imiş. Nənəm danışırdı ki, atamın babasının qəbri üstündə şam yanır. O şam isə hər adamın gözünə görünmür, ancaq əməlisaleh adamların gözünə görünür. Qəbir ziyarətgaha çevrilib, ziyarətgahın da külli-ixtiyarı Mirqayıbın və qardaşlarının əlindədir. Qohum-əqrabadan heç kimi yaxına buraxmırlar. İldə filan qədər pul yığırlar ziyarətgahın hesabına. Babam cavan rəhmətə getmişdi, atam on yaşında yetim qalmışdı. Oxuyub bir sənət sahibi olmamışdı. Nənəm dizlərini yerə ataraq, “tifilimin əli çörəyə çatsın” deyib atamın babalarının cəddini çağırır , duası eşidilir, atam öz-özünə bənnalıq sənətini öyrənir. Hardan, necə öyrənir, bax bu, əsl möcüzə idi. Sevinib yeddi qapıya qovut paylayır qadıncığaz.

Tənha arvada heç kim kömək əlini uzatmamışdı deyə nənəm ölənə qədər acıqlı idi ər tərəfinin əlindən: “Sahib çıxmadılar tifilimə, getdi qoşuldu avara-uvaraya, oxumadı, tək arvad idim, bilmədim çörəyimin dalınca qaçım, ya uşağımın?”

Nənəmin əfsanəvi sevgisi olmuşdu. Öz doğma əmisi oğlunu sevibmiş. Körpəlikdən göbəkkəsdi ediblərmiş onları. Nənəm on dörd yaşına dolanda babam onu görür, görən kimi bir könüldən min könülə aşiq olur, elçi göndərir. Nənəmin atası almanların dərsini verməyə getdiyindən, əmisi elçilərin qabağına çıxır. “Qardaşım burda deyil, həm də qızı oğlumla göbəkkəsdi eləmişik, bu sevdadan vaz keçin” deyir. Elçilərinin əliboş qayıtdığını görüb babam nənəmin əmisinin üstünə gedir, “siz ki, məni əliboş qaytardınız, cəddim sizə qənim olacaq, peşiman olacaqsınız” deyə nalə çəkir qapıda.

Nənəm and içirdi ki, həmin il atasının qara kağızı gəlir, mal-qaraları durduğu yerdə ağızlarından köpük gələ-gələ murdar olur, kor bacısı Məryəm həyətlərindən axan arxa düşərək boğulub ölür. Söz ən bədbəxt hadisənin üstünə çatanda nənəm kövrəlməyə bilmirdi, əmisi oğlu da naməlum şəraitdə qatardan yıxılaraq ölür. Şahidlərin dediyinə görə, adamı qatardan heç kim itələməmişmiş, elə durduğu yerdəcə elə bil kimsə götürüb aşağı tullamışmış. Nənəmin əmisi dizin-dizin sürünə-sürünə babamgilə gəlir və yalvarır ki, gəlib qızı aparsınlar, başlarına gələn fəlakətlər də dayansın, daha heç kimə heç nə olmasın.

Nənəmin nakam sevgisi məni indi də kövrəldir.

Nənəm Mirqayıbgildən yanıqlıydı, çoxlu qurban vermişdi, amma düşdüyü evin ocağından ona bir qəpik belə xeyir yox idi.

Həmin bu Mirqayıbın konservatoriya bitirən qızlarından balacası Sevinc mənim musiqi müəlliməm idi. Qız nə qız, huri-qılman idi elə bil. Nənəm elə həmişə deyirdi, “bu bapbalaca Mirqayıbdan, çəpgöz Qumrudan necə gözəl-göyçək qızlar törəyib, ilahi”... Musiqi məktəbinin gözü idim. Hamı deyirdi, bu qız böyüyüb Əzizə Mustafazadə olacaq, Sevinc müəlliməm özü də inanırdı buna. O günə kimi ki, ortancıl dayım qara yola, qara saata Sevinc müəlliməyə aşiq oldu. Dayım musiqi dərslərindən məni evə aparmağa gəlirdi. Halbuki indiyə kimi özüm gedib-gəlmişdim bu yolu. O, dərs başlayandan qurtarana kimi ağac kimi bitirdi məktəbin həyətində. Dayım nə qədər ki, Mıxməmməd kimi həyətdə dayanırdı, Sevinc müəlliməm içəridə od püskürürdü. Səhv basdığım bir notu da bağışlamırdı. Dəfələrlə pianonun qapağını balaca, soyuqdan göyərmiş əllərimin üstünə endirmişdi. Necə ki “Tom və Cerri” də insafsız Cerri royalın qapağını Tomun əllərinin üstünə endirir ha, eləcə çırpırdı taxtanı barmaqlarımın üstünə. Qorxumdan səsimi çıxarmırdım ki, acıqlanıb yenə acığını barmaqlarımdan çıxar. “Si bimol, fa diyez, dodan başla... major, minor, ikinci oktavadan, barmaqlarını bərk basırsan!” - deyə qışqırırdı, boğazının yolu görünürdü, gözəlliyindən əsər-əlamət də qalmırdı. Müəlliməmin məndən nəyin acığını çıxdığını dayım balaca kağızı əlimə tutuzdurub aparıb ona verməyimi istəyəndə başa düşdüm. Bəbə deyildim, on bir yaşım vardı.

Musiqi sözünün özü məni qorxudurdu artıq. Anam səhər erkəndən məni oyadıb deyəndə ki, “Qalx, piano dərsinə gecikirsən”, elə bilirdim, “qalx, cəhənnəmə gecikirsən” deyir. Piano vahimə saçırdı. Artıq təkcə Sevinc müəllimənin yanında yox, evdə də pianonun dillərindən qorxurdum. Nağıldakı bir-birinə sarmaşmış ağ-qara ilanı xatırladırdı o dillər mənə. Elə bilirdim pianonun qapağı özü gəlib barmaqlarıma çırpılacaq. Barmaqlarım notların üstündə elə titrəşirdi, səhv edəcəyindən elə qorxurdu ki, qırxayağın gününə düşürdüm hər dəfəsində. Üç ayın içində mən musiqi məktəbinin ən pis şagirdinə çevrildim. Bundan sonra bir il də anam zor-güc məni musiqi məktəbinə göndərdi. Baxdı ki, yox, bu gedişlə məndən heç nə çıxmayacaq, daha başını buraxdı. Mən də musiqi məktəbinin daşını atdım. Axırda iş o yerə çatmışdı , musiqi məktəbində itirdiyim vaxta heyfslənirdim. Orta məktəbin dərsləri tökülüb qalırdı axı.
Dayım üç ay hər gün musiqi məktəbinə gəldi-getdi. Sevinc müəllimə dayımın heç üzünə də baxmadı. Elçilərə də yekə bir YOX dedilər. Anam qardaşının qarasına deyindi ki, əşi, Mirqayıbın donuzu kəmdi, onun qızı sənin kimi acından öləni bəyənəndi?! Amma neynirsən, Mirqayıbın qızının acığına, dayım rayonda başqa bir imkanlı adamın qızını aldı. Qız yeddi qardaşın tək bacısı idi, qardaşlardan altısı Rusiyaya mal vurur, ordan da bura taxta-şalban gətirirlərdi.

Ara yerdə olan mənə oldu, mən Əzizə Mustafazadə ola bilmədim.

Pianom babamgildə idi, ağır olduğundan şəhərə aparmamışdıq, həm də kim çalacaqdı onu şəhərdə? Qəfil küçənin ortasında qışqırdım:

- Tapdım!

Anam diksinib ətrafa baxındı , elə bildi qızı günün günorta vaxtı küçədən nəsə tapıb. Yazıq sevinibmiş ki, qızıl, ya da pul tapmışam.

- Hanı, nə tapdın?

- Ağlıma fikir gəlib. Tapdım liseyin pulunu necə ödəyəcəyik?

Şəhərə çatar-çatmaz “qalma dəbdən geri” deyib özəl liseyə girmişdim. Müəllim yanına məşğələyə getməkdən ucuz başa gəlirdi lisey. Orta məktəblərdə müəllimlər qəsdən dərs keçmirdilər, uşaqları korazehin eləyirdilər ki, instituta girmək üçün əlavə pullu dərslərə möhtac qalan uşaqlar bumeranq kimi qayıtsın üstlərinə. Sonra da valideynlərin xahiş-minnətindən sonra hərə öz qiymətini oxuyurdu .

Liseyə iki yüz əlli dollar borcumuz qalmışdı, təhsil haqqını ödəyib bitirməmişdik. Əgər pulu ödəməsəydik, direktor attestatımı verməyəcəyini deyirdi. Attestat olmasaydı, universitetə sənədlərimi verə bilməyəcəkdim. Hədər olacaqdı hamımızın əziyyəti, üstəlik xasiyyətimə bələd idim, həvəsdən düşəcəkdim, universitet barədə xəyallarım da puç olacaqdı. Təkcə mənim yox, elə atamla-anamın da arzuları məhv olacaqdı. Borc üçün ağız açmadığımız qohum-tanış qalmamışdı, heç kimin heç kimə etibarı yoxdu, hamı bir ağızdan “yoxumdu” deyirdi.

- Ana, pianonu sataq. Elə burda, rayonda, pulu götürək gedək.

- Axı o sənin cehizindi... - kədərin biri beş qəpik idi.

- Pianonu cehiz apardım, deməyəcəklər, piano çala bilmir, cehiz gətirib?

- Nə olsun? Rayonda çox adam qızına piano cehiz verir. Guya hamısı çala bilir? Yox bir hamısı Əzizə Mustafazadədi, xəbərimiz yoxdu.

Anam belə deyirdi, amma çıxış yolu tapıldığına görə ürəyində özü də sevinirdi. Pianonu satdıq, dairəvi fırlanaraq gah yüksələn, gah enən stulunu isə pianonu alan adam götürmədi, onu da pianosu olub stulu olmayan musiqi məktəbinin bir başqa şagirdinə satdıq. Pianonu satmağa isə atamın əmisi oğlu Mirqayıbın qızı, keçmiş musiqi müəlliməm Sevinc kömək elədi. Aradakı köhnə ədavət yaddan çıxıb getmişdi. Sevinc müəllimə ərə getmiş, oğlu-qızı vardı, özü də musiqi məktəbinin direktoru idi. Pianoma da, stuluna da alıcı tapdı deyə ürəyimdə mən də keçmiş ədavəti unutdum, əlimdə attestatı alacağım pulla şəhərə qayıdırdım. İndi mən köhnə uşaqlıq dostumun, pianomun xətrinə nə olur-olsun universiteti qazanmalı idim.
XS
SM
MD
LG