Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:32

Qadın reqbistlərin yarışa ehtiyacı var


Gürcüstan prezidentinin həyat yoldaşı Sandra Roelofs reqbistlərə azarkeşlik edir
Gürcüstan prezidentinin həyat yoldaşı Sandra Roelofs reqbistlərə azarkeşlik edir
-

«Yarışlara qatılmaq üçün 12 oyunçu lazımdır, bizim isə 12-ci oyunçumuz yoxdur»


25 yaşlı Nino Eloshvili reqbi üzrə milli yığma komandada oynayır. Komanda 7 nəfər oyunçudan ibarətdir. Dərhal belə bir sual yaranır ki, niyə qadın reqbi oynayır?

«Hamı təəccüb edir ki, niyə reqbi? Bəlkə də bu ona görədir ki, Gürcüstanda ilk dəfədir ki, qadınlardan ibarət reqbi komandası yaranıb. Reqbi mövcud olandan belə bir şey olmayıb, ona görə də hamı təəccüblənir. Bir halda ki qadınlar cüdo, boks, futbol, basketbol və ya güləşlə məşğul ola bilirsə, nəyə görə reqbi də olmasın?»

Gürcü reqbistlər deyirlər ki, meydanda əsl idmançı, meydandan kənar isə qadındırlar:

«MEYDANDA İDMANÇI, MEYDANDAN KƏNARDA BÜTÜN QADINLAR KİMİYİK»

«Meydanda biz idmançıyıq, meydandan kənar isə qadınıq, bütün qadınlar kimi həyat sürürük, geyinib-keçinirik, bəzənirik. Ola bilsin ki meydanda bizə tamaşa edənlərə başqa təsir göstəririk, amma bizi küçədə görsələr tanımaya bilərlər. Ona görə də kişilərə tövsiyyəmiz odur ki, bizim barədə xüsusi fikrə düşməsinlər, biz də bütün qadınlar kimiyik».

24 yaşlı reqbist Bela Qoqsadze belə deyir və əlavə edir ki, reqbi oynayandan onda özünə inam yaranıb və özünü kişilərlə eynihüquqlu hesab edir:

«Reqbiyə gəlməzdən öncə özümü bu qədər güclü hesab etmirdim, indi isə həm əqli, həm də fiziki baxımdan özümü kişilərlə eyni tuturam. Niyə də olmasın?! Amma hər halda hər şeyin öz yeri var».

«REQBİDƏ ƏSAS GÜC DEYİL»

Gürcüstan Reqbi ittifaqının prezidenti Qiorgiya Nijaradzenin fikrincə, reqbi, xüsusilə də, 7 qadın oyunçunun iştirakı ilə reqbi qadınlar üçün münasib idman növüdür. Nijaradze deyir ki, 7 oyunçudan ibarət reqbi heç də fiziki güc tələb edən idman növü deyil, burada əsas amil sürətlilik və çeviklikdir:

«Güc reqbidə həlledici amil deyil. Burada daha vacib olan tez düşünmə qabiliyyəti, öz komanda yoldaşın uğrunda mübarizə və komandada birlikdir. Ona görə də mən reqbini idmanın digər növləri ilə müqayisədə daha çox qadınlara uyğun hesab edirəm».

SPONSORSUZ REQBİ

Qiorqiya Nijaradzenin dediyinə görə, reqbi adi idman növü deyil, bu bir fanatizmdir. Bu elə bir idman növüdür ki, burada emosional məmnunluq maddi gəlir əldə etməkdən üstün durur. Nijaradze deyir ki, reqbistlərin maddi qazancı demək olar ki yox səviyyəsindədir, bu sahəyə ayrılan vəsait yalnız bir neçə çempionatın keçirilməsinə yetir. İttifaqın prezidenti reqbinin sponsora ehtiyacı olduğunu bildirir:

Reqbi izləyən gürcü azarkeşlər
Reqbi izləyən gürcü azarkeşlər
«Bizim büdcəmiz yalnız il ərzində 3-4 yarış təşkil etməyə və bir də ki, Tiflisdə məşqlər keçirməyə çatır. Sponsorlar cəlb etmək lazımdır, xüsusən də, qadınlardan ibarət yığmanın baş sponsora ehtiyacı var, amma təəssüf ki bizdə bizneslə idman bir araya gələ bilmir».

Qadınlardan ibarət reqbi komandası Beynəlxalq Reqbi ittifaqı və dövlət büdcəsindən maliyyələşir. Amma söhbət sadəcə bir neçə on min laridən gedir. Reqbistlər deyirlər ki, əsasən müxtəlif oyunlarda hakimlik etməklə gəlir əldə edirlər, bəzi oyunçular isə məktəblərdə dərs deyir.

YARIŞA EHTİYAC VAR

7 qadın oyunçudan ibarət reqbi komandası həftədə dörd dəfə məşq edirlər. Amma təəssüf ki, qadınlara rəqib komandalarla oynamaq tez-tez qismət olmur. Yığmanın meneceri İya Xurcilava deyir ki, idmanın bu növünə maraq hələ indi-indi artmağa başlayır, artıq Gürcüstanın bir neçə böyük şəhərində komandalar yaranıb. Amma bu komandaların əksəriyyəti yetkinlik yaşına çatmayanlardan ibarətdir və onlarla yarış təşkil etmək qeyri-mümkündür. Buna görə də, reqbistlərin təcrübəsi istənilən səviyyədə deyil:

«Komanda yalnız Avropa çempionatında iştirak edir. Biz yeni yaranmış bir komandayıq, 3-cü divizionda iştirak edirik. Cəmi 11 qadın oyunçumuz var, yarışlarda isə 12 oyunçu ilə oynamalı olursan, amma bizim 12-ci oyunçumuz yoxdur, digər oyunçularımız yetkinlik yaşına çatmayanlardır, onları isə yarışa buraxmırlar».

İLK ADDIM

İya Xurchilava ümid edir ki, qadınlardan ibarət komanda 2016-cı ildə Braziliya Olimpiadasına qatıla biləcək. Məlum olduğu kimi 2015-ci ildən 7 oyunçudan ibarət kişi və qadın reqbi komandalarının olimpiadası start götürəcək. İya Xurchilava hesab edir ki, o vaxta qədər yerli çempionatlar keçirilməlidir:

«Bu ilin may ayından qadınlar arasında çempionat keçirmək qərara alınıb, 6 tur üzrə 6 komanda olacaq. Çempionata 97-98-99-cu il təvəllüdlü Tbilisi, Kutaisi, Batumi, Senaki və Lanchxuti məktəblilərindən ibarət komandalar qatılacaqlar. Gürcüstanın tarixindi ilk dəfədir ki, reqbi üzrə çempionat keçirilir, bu həm də irəliyə doğru ilk ciddi addımdır».

Bu yaxınlarda gürcü reqbistlər İtaliyaya yola düşəcəklər. Daha çox ümidlər isə iyunda Belçikada keçiriləcək Avropa çempionatına köklənib. Bu çempionat komandanın dünya çempionatında ölkələrini təmsil edib edə bilməyəcəklərini müəyyənləşdirəcək.
XS
SM
MD
LG