Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:38

Fəzail Ağamalı: «İqtidar bu mitinqdən hər hansı bir narahatçılıq keçirmir»


AzadlıqRadiosunun
Fəzail Ağamalı
Fəzail Ağamalı
​suallarına iqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının cavablarını təqdim edirik.

- Müxalifətin mitinqləri son vaxtlar intensivləşib. Siz bu aksiyaları necə dəyərləndirirsiniz?

- Azərbaycan demokratik ölkədir. Siyasi partiyaların sərbəst toplaşma azadlığı var. Bununla bağlı qanunvericilik mövcuddur. Digər insanların hüquqlarını pozmadan, təhlükəsizliyi təmin etməklə siyasi partiyaların mitinq keçirtməsi çox normal haldır. Mən buna qeyri-adi yanaşmıram. Son vaxtlar İctimai Palatanın çətiri altında Müsavat və AXCP-nin, eləcə də ətraflarındakı bəzi şəxslərin birgə keçirtdikləri mitinqlər onların baxışlarının ifadə formasıdır. Çalışırlar cəmiyyətin, xarici ölkələrin diqqətini özlərinə cəlb etməklə himayədar tapsınlar.

Artıq ilk mitinqlərini keçirdiblər. Qarşıdakı mitinqə hazırlaşırlar. Ancaq qarşıdan «Eurovision 2012» mahnı müsabiqəsi gəlir. Məncə, burada bütün siyasi ambisiyalar kənara qoyulmalıdır və hər birimiz çalışmalıyıq ki, bu tədbir yüksək səviyyədə keçsin, ölkəmiz, xalqımız üçün əhəmiyyətli fikirlər formalaşdırsın.

- Bu mitinqlərin təsir və cəlbedicilik baxımından yüksələn xətt üzrə inkişaf etdiyi və hakimiyyəti narahat etdiyi bildirilir.

- Bu cür fikirlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Haradadır o yüksələn xətt üzrə inkişaf. Birinci mitinqdə 1000, 1500 adam var idisə, sonrakında 2000, 2500 adamın yığışması yüksələn xətt üzrə inkişaf kimi dəyərləndirilirsə, bu, çox qeyri-ciddi yanaşmadır. Dəfələrlə söylənilib, məndə o fikrin tərəfdarıyam ki, nə Müsavatın, nə AXCP-nin, nə də digər müxalifət partiyalarının güclü sosial bazası var.

Dəfələrlə, hətta ərəb inqilablarından ruhlanaraq küçələrə çıxıb tərəfdarlarını mitinqə, yürüşə dəvət edən radikal yönlü ənənəvi müxalifət öz ətrafına heç 1000 nəfər də toplaya bilməyib. İndi isə taksi sürücüləri, evləri bu və ya digər səbəblərdən sökülən, ayrı-ayrı bu cür narazı insanları cəlb etməklə onları özünün sosial dayağı kimi təqdim etməyə çalışan Müsavat və AXCP kütləvi mitinq keçirtmək gücündə deyillər. Ona görə ki, onların sosial bazaları tükənib. Bunun da səbəbini hər şeydən əvvəl mən ölkə əhalisinin mütləq əksəriyyətinin prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməsində görürəm.

- Bizim də müşahidələrimizə görə, mitinq günü konkret olaraq bəzi avtobuslar xətdən çıxarılmışdı. Sürücülər özləri də mitinq ərəfəsi işləməmək barədə tapşırıq aldıqlarını etiraf edirdilər. İctimai Palatadansa bildirirlər ki, hakimiyyət qorxur və ona görə də aksiyada çox adam iştirak etməsinin qarşısını bu yolla almağa çalışır. Bəlkə həmin gün nəqliyyat mitinq keçirilən istiqamətə müntəzəm işləsəydi, aksiyaya gələnlərin sayı doğrudan da daha çox olardı?

- Düşünmürəm ki, hakimiyyət bunda maraqlı olsun. O cür avtobuslar özəl şirkətlərə məxsusdur. Onların üzərində dövlətin inzibati baxımdan təsir mexanizmi yoxdur. Məsələn, ola bilsin ki, həmin marşrut üzrə işləyən nəqliyyatın mənsub olduğu şirkət sahibi istəməyib ki, müxalifətin mitinqinə adam daşısınlar. Yəni, onun baxışları fərqlidir. Müxalifəti dəstəkləmir.
22 aprel mitinqi
22 aprel mitinqi
Ona görə də xətdən öz nəqliyyat vasitələrini çıxardır. Bunun ətrafında söz-söhbət yaratmaqla mitinqlərin, yürüşlərin zəif olduğunu, alınmadığını iddia etmək də ciddi yanaşma deyil.

- Sizcə, həmin o avtobuslar işləsəydi, aksiya iştirakçılarının sayı daha çox ola bilərdi?

- Mən bilmirəm hansı marşrutlar xətdən çıxardılıb. Nə qədər nəqliyyat işləməyib. Amma gümanımı deyirəm ki, bu, əsas təsir vasitəsi ola bilməz. Yəni, mitinqlərin kütləvi keçirilməsi üçün bir-iki marşrutdan bir-iki avtobusun çıxarılması belə məsələlərdə həlledici təsir imkanlarına malik deyil. Amma yəqin ki, siz də müşahidə etmisiniz ki, o istiqamətdə ümumiyyətlə marşrutlar tamamilə dayanmayıb. Marşrutlar intensiv şəkildə hərəkət edib. İndi avtobusun biri adamla dolubsa, digərlərinə yer olmayıbsa, bunu bəhanə gətirib iqtidarı günahlandırmağın özü nə dərəcədə ciddi hərəkətdir? Məncə, ciddi deyil.

- Yeniyetmələr mitinqə buraxılmır. Bu məsələyə münasibətiniz necədir?

- Yeniyetmələrin mitinqə cəlb edilməsi düzgün deyil. Yetkinlik yaşına çatmış insanların mitinqdə iştirakı daha məqsədəuyğundur. İndi uşaqla, yeniyetmə ilə o meydanları doldurmaq istəyirlərsə və bu məsələni də qabartmaq istəyirlərsə, bu da çox gülməli görünür. Kimsə öz uşağı ilə mitinqə gəlmək istəyirsə, gəlsin. Düşünmürəm ki, burada problem olsun. Ancaq bütövlükdə ora yeniyetmələri cəlb edib mitinqçilərin sayını artırmaq istəyirlərsə, bu da ciddi yanaşma deyil. Çünki yeniyetmə bilmir axı siyasət nədir? Kim düz, kim yalan danışır. Kimin dediyində həqiqət yükü çoxdur? Ona görə məncə, bu məsələnin ətrafında da ciddi fikir mübadiləsi aparmağın özü doğrudan gülüncdür.

- Belə anladım ki, valideyn mitinqə öz övladı ilə gəlirsə, deməli, həmin yeniyetmə aksiyada iştirak edə bilər. Düz anlamışam?

-
22 aprel mitinqi
22 aprel mitinqi
Parka gəzməyə getdiyi kimi mitinqə də gedə bilər. Yəni, valideyni ilə gedirsə düşünürəm ki, orada heç nə ola bilməz. Məncə, kimsə də bunu məhdudlaşdıra, yeniyetmənin ora getməsinə mane ola bilməz. Sadəcə uşaq, yeniyetmə belə yerlərə öz himayədarı, valideyni ilə getsə, daha ​yaxşı olar.

- Mitinqdə çıxış edənlərə hüquq-mühafizə orqanlarının sonradan təzyiq etməsi ehtimalı varmı?

​- Belə bir ehtimal yoxdur. Guya kimlərinsə evlərinə gedilməsi, qohumlara təzyiq edilməsi barədə deyilənlərin hamısı işlənmiş, köhnə variantlar, bəyanatlardır. Mitinqin kütləvi alınmamasını görərək bu və buna bənzər fikirlərlə özlərinə haqq qazandırmağa çalışırlar ki, onların gücü, imkanı var, lakin bu kimi səbəblər mitinqlərin kütləvi keçirilməsinə imkan vermir. Mən tam məsuliyyətimlə deyirəm ki, onların söyləmiş olduğu belə fikirlərin heç bir əsası yoxdur. Heç kimə təsir, təzyiq yoxdur. Malik olduğum informasiyaya əsaslanıb deyirəm ki, iqtidar bu gün müxalifətin hər hansı mitinq keçirməsindən narahat deyil. Onların böyük narahatçılıq yaşanması, iqtidarın guya təşviş içində olması barədə dedikləri kökündən yanlışdır. Əlbəttə, mənim hakimiyyətin adından danışmaq səlahiyyətim yoxdur. Sadəcə əldə etmiş olduğum informasiya və müşahidələrimə əsaslanıb məsuliyyətlə deyirəm ki, iqtidar bu mitinqdən hər hansı bir narahatçılıq keçirmir.

- Onda Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin İctimai Palatanın rəhbərləri ilə görüşünə bəlli reaksiyaları nədən irəli gəlir?

- Əslində vitse-spiker Ziyafət Əsgərovun reaksiyası yerində atılan addımdır. Axı 20 diplomatın yığışıb Azərbaycanın daxili işlərini ölkədə sabitliyi pozmağa köklənmiş insanlarla müzakirə etməsi elə o diplomatların özlərinin nüfuzuna böyük zərbədir. Digər tərəfdən də əlbəttə ki, ayrı-ayrı dövlətlərin diplomatları yığışıb ölkədə bu və ya digər qüvvələrin fəaliyyətini stimullaşdırırlarsa, özü də hansı səviyyəli məsələlərdən müzakirə getdiyi barədə məlumat verilmirsə, iqtidarın təmsilçisi də ona öz münasibətini bildirməlidir. Düşünürəm ki, burada qeyri-adi heç nə yoxdur.
XS
SM
MD
LG