Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:23

ARDNŞ jurnalist İdrak Abbasovun döyülməsini araşdırır


Dövlət Neft Şirkəti (ARDNŞ) jurnalist İdrak Abbasovun döyülməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə AzadlıqRadiosuna şirkətin Hüquqi mübahisələrlə iş şöbəsinin rəisi Şahin İsmayılov məlumat verib.

Ş.İsmayılov deyir ki, Sulutəpədə baş verənlərlə əlaqədar yaradılan komissiyanın üzvləri aprelin 25-26-da xəstəxanada İdrak Abbasovla görüşüblər. Hansı şəraitdə, kimlər tərəfindən döyülməsi barədə söhbət aparıblar:

«Gördük ki, o, doğurdan da xəsarət alıb. Amma o xəsarətləri hansı vəziyyətdə və kim tərəfindən alıb, biz bunu araşdırırıq. Araşdırma başa çatmadan fikir bildirə bilmərik».

Jurnalist İdrak Abbasov isə döyülməsinin hansısa şirkət tərəfindən araşdırılmasına pis baxır:

«Şirkət nümayəndələrinə dedim ki, siz maraqlı tərəfsiniz və bu araşdırmanı sizin aparmanız düzgün deyil. Hesab edirəm ki, prokurorluq cinayət işi açmalı və araşdırmalara başlanmalıdır».

«Ayna» və «Zerkalo» qəzetlərinin əməkdaşı İdrak Abbasov aprelin 18-də Bakının Sulutəpə qəsəbəsindəki evlər sökülərkən qarşıdurma zamanı xəsarət alıb. Jurnalistin dediyinə görə, onu Dövlət Neft Şirkətinin təhlükəsizlik xidməti əməkdaşlarının formasında olan 10-a yaxın adam döyüb.
XS
SM
MD
LG