Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

Jurnalist İdrak Abbasovun bədənində yeni xəsarətlər aşkarlanıb


İdrak Abbasov
İdrak Abbasov
Aprelin 18-də döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən jurnalist İdrak Abbasovun bədənində yeni xəsarətlər aşkarlanıb.

Həkimlər onun 2 qabırğasının sındığını, bir neçəsində də çatlar olduğunu müəyyənləşdiriblər.

Bunu AzadlıqRadiosuna jurnalistin özü deyib:

«Bədənimi korsetə salıblar. İndi bir qədər nəfəs almam asanlaşıb. Neçə gün idi ağrılardan nəfəs ala bilmirdim. Amma daxili orqanlarımda yenə də ağrılar var. Gözümü də aça bilmirəm, şişi hələ yatmayıb».

Aprelin 20-də Ombudsman Elmira Süleymanova ona baş çəkib, vəziyyəti ilə maraqlanıb.

Jurnalistin dediyinə görə, xəstəxanaya yerləşdiriləndən sonra bir müstəntiq onunla maraqlanıb. Bir nəfər də gizli nömrədən zəng edib müstəntiq olduğunu bildirib:

«Mənimlə hədə tonunda danışdı. Bunu Ombudsmana da dedim, ondan qabaq da Daxili İşlər Nazirliyinin 102 «qaynar xətt»inə də məlumat vermişəm».

«Ayna» və «Zerkalo» qəzetlərinin əməkdaşı İdrak Abbasov aprelin 18-də Bakının Sulutəpə qəsəbəsindəki evlər sökülərkən qarşıdurma zamanı xəsarət alıb. Jurnalistin dediyinə görə, onu Dövlət Neft Şirkətinin təhlükəsizlik xidməti əməkdaşlarının formasında olan 10-a yaxın adam döyüb.

Jurnalistləri Müdafiə Komitəsi, «Amnesty International», «Freedom House», «Sərhədsiz reportyorlar» təşkilatları, ATƏT və ABŞ səfirliyi Azərbaycan hakimiyyətindən İdrak Abbasovu döyənlərin dərhal cəzalandırılmasını tələb edib.

Jurnalistin döyülməsini Azərbaycan Prezident Administrasiyası da pisləyib.
XS
SM
MD
LG