Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:50

Partiyalara pul bu qaydada veriləcək


Parlamentin binası
Parlamentin binası
Milli Məclisin 20 aprel iclasında «Siyasi partiyalar haqqında» qanuna dəyişikliklər qəbul olunub. «Media forum» saytının məlumatına görə, dəyişikliklərə əsasən, partiyaların maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Partiyalara ayrılacaq pulun ümumi məbləği hər il vəsait dövlət büdcəsində ayrıca göstərilir.

Vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq paylanır.

Siyasi partiyalar MM-ə seçkilərdə siyasi partiyalar bloku şəklində iştirak etdikdə ayrılan vəsait hər bir siyasi partiyaya ayrıca verilir.

Başqa bir dəyişikliyə görə, siyasi partiyaların ianə qəbul etmək hüququ var. Dövlət orqanları və digər dövlət qurumları, bələdiyyə orqanları və onların tabeliyində olan qurumlar, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini göstərməyən fiziki şəxslər, hərbi hissələr, ictimai birliklər, fondlar, dini qurumlar və hüquqi şəxslər siyasi partiyaları maliyyələşdirə və onlara ianə verə bilməz.

Siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı da maliyyə hesabatında qeyd edilməlidir. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidir.

Başqa bir yeniliyə görə, məhkəmə siyasi partiyanın ləğvi barədə iş üzrə qərar qəbul edənə qədər müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında həmin partiyanın fəaliyyətini dayandıra bilər.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Sənəd prezidentin imzasından sorna qanuni qüvvəyə minəcək.

Siyasətçilər nə deyir?


««Siyasi partiyalar haqqında» qanun demokratik əsaslardan məhrumdur».

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu «Siyasi partiyalar haqqında» qanuna edilən dəyişikliklərə münasibət bildirərkən belə deyib:

«Siyasi partiyaların iştirakı təmin olunmadan qəbul edilib. Avropa normativ qanunları ilə bir araya sığmır. Bu qanunun Azərbaycanda hansısa müsbət dəyişikliyə gətirib çıxaracağına inanmıram».

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə hesab edir ki, «Siyasi partiyalar haqqında» qanuna edilən dəyişikliklər Azərbaycanda siyasi islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Əli Əhmədov
Əli Əhmədov
Qanun layihəsinin parlamentdə müzakirəsi zamanı Əli Əhmədov deyib ki, bu dəyişikliklər Azərbaycan siyasi sisteminin daha da təkmilləşdirilməsinə, siyasi sistemdə partiyaların rolunun artırılmasına əhəmiyyətli təsir edəcək.

«Beləliklə də siyasi partiyalar daha sivil, səmərəli və ictimai dəstəyi qazanmaq imkanı yaradan formada fəaliyyət göstərə biləcək», - deyə Əli Əhmədov bildirib.

Müsavat Partiyasının da qanuna münasibəti mənfidir. Partiya başqanının müavini Gülağa Aslanlı deyir ki, dəyişikliklər nə demokratikliyi, nə də siyasi partiyaların inkişafı baxımından normalara cavab verir.
XS
SM
MD
LG