Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:33

Ermənistanda bir seçici səsinə 20 dollar


Ermənistanda mayın 6-dakı parlament seçkilərinin ədalətli keçiriləcəyindən danışılır, ancaq
seçki kampaniyasında hədiyyələr paylanması və hətta seçici səsinin pulla satın alınması seçki kampaniyasının düzgünlüyü ətrafında mübahisə yaradıb.

Bunu Londonda qərarlaşan Hərb və Sülh Xəbərləri İnstitutu yazır.

MOBİL TELEFON

Yerevanın 15 km-liyində olan Eçmiədzində yaşayan Lusine Mkrtchyan deyir ki, Qanunun Aliliyi Partiyasından olanlar qapı-qapı gəzərək adamlardan xahiş edirlər ki, bu partiyanın üzvü olsunlar. Əvəzində hər bir adama mobil telefon təklif olunur.

Qanunun Aliliyi Partiyasının sədri Artur Baghdasaryandır. O, prezidentin Təhlükəsizlik Şurasının katibidir.

Qanunun Aliliyi Partiyası Respublika Partiyası və Çiçəklənən Ermənistan partiyası ilə birlikdə hakim koalisiya yaradır.

Qanunun Aliliyi partiyasının parlamentdə deputat olan üzvü Heghine Bisharyan mobil telefon paylanması ittihamını rədd edir, ancaq deyir ki, seçicilərə ərzaq, spirtli içki və başqa hədiyyələr verilməsi qəbahət deyil.

4 KİSƏ KÖMÜR

Yerevandan 100 km aralıdakı Gümri şəhərinin sakinləri Çiçəklənən Ermənistan Partiyası üzvlərinin fevral və mart aylarından onlara peyk antennası təklif etdiyini deyirlər.
Onların sözlərinə görə, Çiçəklənən Ermənistan Partiyası ona səs verəcək hər ailəyə peyk antennası vəd edir.
Yaxınlıqdakı kəndlərdə isə səsin müqabilində 4 kisə kömür təklif olunur.

Gümridə yaşayan pensiyaçı Azniv öz soyadını demək istəməyib. Fikrini isə deyib: “ Bir cavan oğlan gəldi, dedi ki, Çiçəklənən Ermənistana qoşulsanız, sizə peyk antennası verəcəyik. Mən mat qaldım. Bu adamların nə qədər pulu var? Bir peyk antennasının qiyməti 150 dollardır.”

Gümrinin başqa sakini Lusine Grogoryan isə deyir ki, onun ailəsi peyk antennası hədiyyəsini qəbul etdi.

Çiçəklənən Ermənistan Partiyası Gümridə seçicilərə hədiyyə verdiyini inkar edir.

Ermənistanda seçicilərə pul və ya hədiyyə verilməsinin fakt olması ətrafında mübahisə gedir.

Ancaq bu ilin fevral ayında Razdan şəhərində mer seçkiləri vaxtı seçki məntəqəsinə bir qadın gələrək şikayət edib ki, niyə lazım olan namizədə səs verdiyinə görə, onun qonşularına pul verilib, ona isə verilməyib? Bu qadını görüntüsünü məntəqədə olan jurnalistlər çəkib, Youtube da qoymuşdular.

Qadın deyirdi: “ Mənim iki uşağım var. Mən utanmıram. Niyə mənim uşaqlarıma çatacaq pulu yeyiblər?... “


QANUNDA BOŞLUQ


Harutyun Hambardzumyan
Harutyun Hambardzumyan
Ermənistanda seçkidə hədiyyə məsələsini monitorinq edən, öyrənən qeyri-hökumət təşkilatı da var.

“Sizin Seçiminiz” adlanan bu QHT-nin rəhbəri Harutyun Hambardzumyan deyir ki, seçkidə hədiyyə paylamaq Ermənistanın seçki qanunlarına ziddir.
Hətta qanun bunu aydın çəkildə qadağan edir.

“18-ci maddə namizədlərə və partiyalara hər hansı vətəndaşa pul və ya pulsuz mal verməyi , xidmət göstərməyi, yaxud da aşağı qiymətlə mal verməyi və ya xidmət göstərməyi və hətta belə vəd etməyi qadağan edir”.

Ancaq ekspert deyir ki, qanunda boşluqlar da var.
“Həmin boşluqlar partiyalara hədiyyə verməyə yer qoyur. Partiyalar hədiyyələri xeyriyyə fəaliyyəti kimi verirlər”.

Müxalifətin İrs Partiyasından olan Styopa Safaryan hesab edir ki, seçki xərclərini və fəaliyyətini dəqiq tənzimləyən qanuna və dəyişikliyə ehtiyac var.

O deyir ki, “Seçki kampaniyasına bir neçə ay qalmış partiyaların xeyriyyəçiliyi qadağan olunmalıdır.”

BİR SƏSƏ AZI 13 DOLLAR

Seçiciyə pul verilməsi ittihamları da var.
Müxtəlif məlumatlara görə, bir səsə 5 min dramdan 10 min drama, yəni 13 dollardan 26 dollara kimi pul verilir.

Ermənistanda seçicinin səsini pulla satın almaq cinayətdir. Bunun cəzası 41 min dollar cərimə və 3 il həbsdir.

İrs Partiyasından olan Anahit Bakhshyan deyir ki, onun seçki dairəsində rəqibləri seçicilərə 8 min dramdan 13 min drama kimi pul təklif edirlər.

Bakhshyanın ittihamları barədə Çiçəklənən Ermənistan Partiyasının katibi Aram Safaryan deyir ki, “Bakhshyan qoy məhkəməyə müraciət etsin”.

Hakim koalisiyadan olan Respublika Partiyası isə bildirir ki, o heç bir seçiciyə rüşvət vermir.

PARTİYA SƏDRİ BİZNESMEN OLANDA ...

Çiçəklənən Ermənistan partiyasından millət vəkili Naira Zohrabyan deyir ki, seçicilərə hədiyyə vermək qanunsuz deyil. Bu hədiyyələr xeyriyyə kimi paylanır.

“Partiyanın lideri Gagik Tsarukyan biznesmendir, öz imkanı daxilində xeyriyyə kimi hədiyyə paylayır”.

Seçki qanunları üzrə şərhçi Armen Badalyanın ekspert rəyinə görə, xeyriyyəni partiya yox, xeyriyyə təşkilatı paylayıb. Partiya bunu etmədiyinə görə, seçki qanunu formal olaraq pozulmayıb.

Ancaq o, bütün bu baş verənlərin seçkiyə təsir göstərəcəyini düşünür.

O deyir: “Yalnız bir yol var ki, insanlar seçkini 13 dollardan daha böyük dəyər hesab etsinlər”.

Seçici səslərini satın almaq ittihamlarının hamısı hakimiyyət partiyaları ilə bağlıdır.

MÜXALİFƏT PROKURORLUĞA ŞİKAYƏT EDİR

Müxalifətin İrs Partiyasından Safaryan prokurorluğa müraciət edib ki, seçki kampaniyasının qanuna uyğun aparılmasını yoxlasın.

Müxalifətin ən böyük və nüfuzlu partiyası olan Erməni Milli Komqresinin sədri Ter-Petrosyan isə ATƏT-in seçki monitorinqi missiyasının başçısı Radmila Sekerinskaya başqa problemi deyib.

Ter-Petrosyanın sözlərinə görə, seçki siyahılarında yüz minlərlə adam var ki, Ermənistanda yaşamırlar.

Bu ittihama ölkə prezidenti Serj Sarkisyanın cavabı da var. O, tələbələrlə görüşəndə deyib ki, “Ermənistanı tərk etdiyinə görə, adamın siyahıdan çıxarılması düzgün deyil”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG