Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 06:06

Müxalifət liderləri niyə görüşdü?


Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Aprelin 15-də 5 müxalifət partiyasının liderləri bir araya gəliblər. Görüşdə Azərbaycan Demokrat Partiyası (ADP), Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Müsavat Partiyası təmsil olunub. Toplantıda əsasən «Siyasi partiyalar haqqında» qanuna edilən əlavə və dəyişikliklər müzakirə olunub. Sonda partiya liderləri bəyanat qəbul edib.

ADP sədri Sərdar Cəlaloğlu deyir, partiya liderlərinin «Siyasi partiyalar haqqında» qanunu müzakirə etməsi təsadüfi deyil. İqtidar bütün imkanlardan istifadə edərək ölkədə çoxpartiyalı sistemin qarşısını almağa çalışır. Qəbul edilən bəyanat da məhz bu məsələni diqqətə çatdırmağa yönəlib:

22 APREL MÜZAKİRƏ OLUNMAYIB

«Bəyanatda iqtidarın qəbul etdiyi qanun və qərarlarda, apardığı islahatlarda məqsədin çoxpartiyalı siyasi sistemi məhv etmək olduğu bildirilir. Bundan əvvəl proporsional seçki sisteminin ləğvi, indi də «Siyasi partiyalar haqqında» qanuna dəyişikliklərdə yalnız hakimiyyət və onun ətrafındakı partiyaların maliyyələşməsinin nəzərdə tutulması, siyasi partiyaların ləğvini asanlaşdırıb bu işin icra strukturunun ixtiyarına verilməsi və s. addımlar sadalanır. Göstərilir ki, bunların hamısı çoxpartiyalı siyasi sistemin əleyhinədir. Sənəddə beynəlxalq təşkilatlardan tələb edilir ki, bu əlavə və dəyişikliklərin, eləcə də digər məsələlərin Azərbaycan qarşısında qoyulan öhdəliklərə uyğun olub-olmamasına münasibət bildirilsin».

Sərdar Cəlaloğlu toplantıda İctimai Palatanın aprelin 22-nə planlaşdırdığı mitinqin müzakirə olunmadığını deyir. Amma bununla belə o, qeyd edir ki, həmin aksiya keçirilsə, ADP-çilər orada fəal iştirak edəcəklər.
Zahid Oruc
Zahid Oruc

«MÜXALİFƏT BƏYANAT VERMƏKDƏNSƏ...»

İqtidaryönlü Ana Vətən Partiyasından deputat Zahid Oruc deyir ki, keçmiş dönəmlərdə də bu 5 partiya arası, eləcə də daha geniş formatda partiyaların birliyinin şahidi olub. Onların ölkənin ictimai-siyasi həyatına, eləcə də qanunvericilik prosesinə münasibəti indikindən fərqlənməyib. Bu mənada Zahid Oruc indiki toplantıda əlahiddə bir şey olduğunu düşünmür. Deyir, müxalifət bəyanat verməkdənsə, vaxtında «Siyasi partiyalar haqqında» qanunla bağlı konstruktiv təkliflər etsəydi, ümumi işin xeyrinə olardı:

«Müxtəlif təkliflər, fərqli mövqelər ola bilər. Çox arzulayırıq ki, bu, baş versin, həqiqətən də konstruktiv bir məcrada «Siyasi partiyalar haqqında» qanun hər tərəfin maraqlarını tanıyan, başlıca olaraq da Azərbaycan seçicisinin, insanının maraq və mənafelərini təmin edən bir səviyyəyə çatdırılsın. Parlamentdə bu məsələlər açıq şəkildə müzakirə edildi. Düşünürəm ki, müxalifət də bu istiqamətdə təkliflərini verə bilərdi. Yox, onlar düşünürlərsə ki, bu, hakimiyyət üzərinə getmək və siyasi xal toplamaq üçün ənənəvi, əlverişli bir mövzudur, onsuz da müxalifətin sənədi qəbul olunsaydı belə, onlar nəsə fərqli bir ideya düşünüb onu hakimiyyətin əleyhinə çevirəcəkdilər».

QEYRİ-RƏSMİ MƏSLƏHƏTLƏŞMƏ

İsa Qəmbər
İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər deyir ki, bu, adıçəkilən 5 partiyanın ikinci belə toplantısıdır. Bu, yeni bir format, yaxud blok deyil. Görüşlər qeyri-rəsmi məsləhətləşmə xarakteri daşıyır. Budəfəki mövzu isə «Siyasi partiyalar haqqında» qanuna əlavə və dəyişikliklər məsələsi idi.

Bu kimi toplantıların İctimai Palatanın növbəti mitinqlərinə dəstək baxımından müsbət təsiri ola biləcəyi məsələsinə gəlincə, İsa Qəmbər əlavə edir ki:

«Bizim ümumi razılaşmamız var ki, bu 5 partiya sədri vaxtaşırı, ölkəmiz, xalqımız üçün aktual hesab edilən məsələlərlə bağlı məsləhətləşmələr keçirmək üçün bir araya gəlsin. Təbii ki, partiyalar arasında bu məsləhətləşmə prosesinin başlanmasını biz ümumilikdə ölkədə demokratik qüvvələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış bir addım kimi qiymətləndiririk. Hesab edirik ki, bu, ümumi işimizə fayda gətirəcək».

HƏR PARTİYANIN LAYİHƏSİ OLMALIYDI

Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, partiyaların beşlik, altılıq halında bir araya gəlməsinin çox şahidi olub. Ona görə bu formatın siyasi müxalifətə nəsə verəcəyinə inanmır.
Azər Rəşidoğlu
Azər Rəşidoğlu
«Siyasi partiyalar haqqında» qanuna edilən dəyişikliklər isə, Azər Rəşidoğlunun fikrincə, həqiqətən də birpartiyalı siyasi sistemin yaradılmasına xidmət edir. Təəssüf ki, müxalifət partiyaları da bu işdə yalnız bəyanat verməklə kifayətlənmiş oldular.

««Siyasi partiyalar haqqında» qanun 1992-ci ildə qəbul olunub və yeni qanuna ehtiyac var. Bu baxımdan siyasi partiyaların hər birinin özünün «Siyasi partiyalar haqqında» qanun layihəsi olmalı idi. Onlar qanunverici təşəbbüslə çıxış etməli idilər. Parlamentdə təmsil olunmasalar belə, ictimaiyyətə öz qanun layihələrini təqdim etməli idilər. Bütün bunlar baş vermədi. Bu da onu göstərir ki, müxalifət ancaq bəyanat verməklə və ən yaxşı halda 6-7 ildən bir mitinq keçirməklə öz fəaliyyətini yekunlaşdırır».

Azər Rəşidoğlu düşünür ki, İctimai Palatanın növbəti mitinqi bundan əvvəlkindən daha güclü olacaq. Amma deyir ki, partiya liderlərinin maraqları bir-birindən xeyli fərqli olduğu üçün bu mitinqlər uzun müddət davam etməyəcək. 1-2 mitinqdən sonra, Azər Rəşidoğlunun fikrincə, yenə də bəyanat vermə ənənəsi ön plana keçəcək.
XS
SM
MD
LG