Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:18

«Əgər bir də qabağımızı kəssələr...»


Mətbuat icmalı
Mətbuat icmalı
«BAKI DÜNYANIN «HUMANİTAR DAVOS»UNA ÇEVRİLİR»

«Azərbaycan» qəzeti 11 aprel tarixli sayında «Bakı dünyanın «Humanitar Davos»una çevrilir» adlı məqalə dərc edib. Məqalədə müəllif yazır, indi Azərbaycan elə bir ölkədir ki, multikulturalizm onun vizit kartıdır: «Bu termin nisbətən yaxın vaxtlarda yaranmışdır, Azərbaycanda isə xalqlar artıq neçə əsrdir ki, multikulturalizm şəraitində yaşayırlar. Təsadüfi deyil ki, Bakı Humanitar Forumunda müzakirə mövzularından biri məhz multikulturalizm idi. Prezident İlham Əliyev bu hadisənin Azərbaycanın ictimai həyatında əhəmiyyətini xüsusi vurğulamışdır: «Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Bizim bu gün keçirdiyimiz forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir».


«ƏGƏR BİR DƏ QABAĞIMIZI KƏSSƏLƏR...»

«Azadlıq» qəzeti İctimai Palatanın üzvü İbrahim İbrahimli ilə müsahibə dərc edib. İ. İbrahimli aprelin 22-nə təyin etdikləri mitinqdən danışıb və deyib ki, İctimai Palata kütləviliyin qarşısının alına bilməməsi üçün tədbirlər görməlidir: «Mən təklif edəcəm ki, əgər marşrutların qarşısı kəsiləcəksə, metrodan mitinq iştirakçılarının aksiya yerinə gəlməsinə maneçilik törədiləcəksə, biz buna harada cəhd göstəriləcəksə ordan yürüş edək. Əgər bizim sərbəst toplaşmaq azadlığımızı məhdudlaşdırırlarsa, aksiyaya icazəni şəhərin ən ucqar yerində verirlərsə, hələ üstəlik ora getməyə də maneçilik törədirlərsə, bu hakimiyyətin qorxusundan, mitinqlərin yüksələn xətlə gedəcəyindən irəli gələn haldır».


UNİVERSİTETLƏRDƏ «ÖLÜ» ŞTAT, ARTIQ MAAŞ MƏSƏLƏSİ...

«Bizim Yol» qəzeti Hesablama Palatasının 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatını açıqlayıb. Qəzet bildirir ki, büdcə təşkilatlarında xeyli sayda yeyinti faktları aşkarlanıb. Məsələn, yazıda göstərilir ki, Bakı Peşə Liseyinə bir müqavilə üzrə eyni adlı, eyni parametrlərə malik inventar və avadanlıqların satınalınması zamanı qiymətlərində kəskin fərqlər müşahidə olunub və bu zaman dövlət büdcəsindən artıq vəsait xərclənib. Hesabatda deyilir ki, Tibb Universitetində kənar adamların adına açılmış kart hesablarına maaş köçürülərək götürülüb, bəzi işçilərə isə artıq maaş yazılıb və bu vəsait digər işçilərin kart hesablarına köçürülüb.
Texnologiya Universitetində isə 49 «ölü» ştat müəyyən olunub.


HAKİM AİLƏYƏ BEYNƏLXALQ MÜKAFATLAR

«Yeni Azərbaycan» qəzeti Mehriban və Leyla Əliyevaların aldığı mükafatlara geniş yer ayırıb. Qəzet yazır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il üçün «Birlik Ulduzları» dövlətlərarası mükafatına layiq görülüb. Bu yüksək mükafat ona humanitar fəaliyyətinə görə verilib. «Aprelin 6-7-də Bakıda «Ətraf mühitin mühafizəsi» VI Beynəlxalq layihə olimpiadası («İnepo-Avrasiya») keçirilib. Olimpiada təşkilatçıları və münsiflər heyəti bu il qaliblərin təklifi ilə təsis edilmiş «Ekoloji mühitin qorunmasına görə» Xüsusi Beynəlxalq Şərəf Mükafatını Heydər Əliyev Fondunun vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevaya təqdim ediblər».


GƏNCƏDƏ MTN-ÇİLƏRLƏ ATIŞMADA ÖLDÜRÜLƏN OĞLANIN TARİXÇƏSİ

«Yeni Müsavat» qəzeti bu günkü sayında Gəncədə MTN-nin əməliyyatı zamanı öldürülən Vüqar Padarovun ailəsindən yazıb. Qəzet əməkdaşları Zaqatalaya, Aşağı Tala kəndinə gedib Vüqarın atası İspaxan Padarovla və anası ilə söhbət ediblər.
İspaxan Padarov deyib ki, oğlu Vüqar 1990-cı illərdə Rusiyaya gedib və orda çeçenlərin təsiri altına düşüb. Atası söyləyib ki, Vüqar təkidlə qardaşının da namaz qılmasını, dindar olmasını istəyirmiş. İspaxan Padarov evlərindən tapılan silahlardan xəbərləri olmadığını, oğlu Mehdinin günahsız yerə həbs olunduğunu deyir.
XS
SM
MD
LG