Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:05

Jurnalistin şikayəti ibtidai istintaqa qaytarıldı


Sumqayıt Apelyasiya Məhkəməsi Abşeron rayon polis idarəsi və Abşeron rayon məhkəməsinin «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevin işi ilə bağlı qərarlarını qanunsuz sayaraq ləğv edib. Apelyasiya Məhkəməsi jurnalistin vəkillərinin tələbini təmin edərək cinayət işini yenidən istintaqa qaytarıb.

Məlumatı Media Hüququ İnstitutu yayıb.

Seymur Həziyev 2011-ci il martın 26-na keçən gecə hücumla üzləşib. Ceyranbatan qəsəbəsi ərazisində qara maskalı bir qrup şəxs jurnalistin başına çuval keçirib oğurlamışdı. Avtomobillə naməlum istiqamətə apararaq ona işgəncələr vermişdi. Qara maskalılar jurnalistdən tənqidi yazılarından əl çəkməyi tələb ediblər.

Bundan sonra Abşeron rayon polis idarəsində döymə cinayətinə görə iş başlanmışdı. Ancaq araşdırmaların yekunu olaraq istintaq şöbəsi yetərli dəlillər olmadığını əsas gətirərək cinayət işi üzrə icraatın dayandırılmasına qərar vermişdi.

Media Hüququ İnstitutunun Seymur Həziyevi müdafiə edən vəkilləri həmin qərarı qanunsuz sayaraq Abşeron Rayon Məhkəməsinə şikayət ediblər. Ancaq məhkəmə şikayəti rədd etmişdi.

Abşeron məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə isə Sumqayıt Apelyasiya Məhkəməsində baxaraq cinayət işi yenidən istintaqa qaytarıb.
XS
SM
MD
LG