Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:20

Qənimət Zahid: «Yalın əllə, entuziazmla başladıq bu işə»


Qənimət Zahid
Qənimət Zahid
«Azərbaycan saatı». «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin «Kanal Avropa»da apardığı yeni veriliş belə adlanır. Veriliş Almaniyada qeydiyyata alınmış, Türkiyədən yayımlanan bir kanalda hər çərşənbə axşamı və şənbə efirə gedəcək. Bakı vaxtilə saat 21-dən 22-dək.

Bəs bu ideya haradan gəlib? Qənimət Zahid kimlərlə işləyir? Bu sualların cavabını aparıcı Qənimət Zahidin öz dilindən eşidək.

«HEÇ YERDƏN PUL DA YOXDUR»

- Açığı deyim, ideya yalnız özümə məxsusdur. Bu məsələylə bağlı bir neçə aydır fikirləşirdim, müxtəlif axtarışlarım vardı. Azərbaycanda əhali davamlı olaraq informasiya blokadasında saxlanır. Hökumət də son aylarda qəzetlərin yayımı ilə bağlı dəhşətli sanksiyalar həyata keçirir. Qəzet köşkləri yığışdırılır, alternativ fikri çatdıran qəzetlərin yayımına hər cür vasitələrlə əngəl törədilir. Bu da məni təhrik etdi ki, belə proyekt üzərində düşünüm. Mən başa düşürəm ki, bu, çox pul aparan işdir. Amma heç yerdən də pul yoxdur. Faktiki olaraq yalın əllə başladıq bu işə. Entuziazmla başladıq. İnşallah davamı olar.

- Kimlərlə işləyirsiz, kimlər dəstək verir sizə?

- İnanırsız ki, burda verilişin hazırlanmasında məndən başqa 2 nəfər iştirak edir. Amma Bakıda da – hər halda çox sağ olsunlar - bəzi adamlar materialların göndərilməsinə kömək edirlər. Düzü, bu da çox azdır. Yeri gəlmişkən, gənclərə, xüsusən də yeni texnologiyalardan anlayışı olan hər kəsə müraciət edirəm ki, maraqlı saydıqları hər cür videomaterialı bizə göndərsinlər. Bu, bizim işimizə çox yarayardı.

«ANLAŞDIQ VƏ BAŞLADIQ!»

- Qənimət bəy, niyə məhz «Kanal Avropa»?

- Mən bir neçə ay əvvəl Türkiyədə axtarışlarda oldum ki, hansı kanalda Azərbaycan əhalisinin baxa biləcəyi veriliş yarada bilərik. Müxtəlif variantlar oldu. Amma bu, ən uyğunu, əlverişlisi idi. Həm Türkiyədən verilişləri hazırlamaq olar, həm də Avropadan. Türkiyədə də, Avropada da studiyaları var. O baxımdan razılaşdıq. Həm də başqa parametrlərə görə bu kanala üstünlük verdik. Anlaşdıq və başladıq!



«KİMSƏ BU VERİLİŞİ QAPATMAĞA CƏHD ETMƏSİN»

- Qənimət bəy, bu verilişin dayandırılması üçün Azərbaycan hakimiyyəti təzyiqlər edə bilərmi? Bunu gözləyirsizmi?

- Bizim hökumət təsir edə bilərmi? Təbii, hökumətdir də, imkanları genişdir, təsir edə bilər. Amma mən elə birinci proqramda elan etdim ki, kimsə bu verilişi qapatmağa cəhd etməsin. Əngəl törətməyin nə mənası var ki? İndi dünyada sonsuz sayda telekanallar var. Birində baş tutmaz, o birində davam etdirərik. Başlamışıqsa, davam edəcəyik.

- Qənimət bəy, birinci veriliş efirə getdi. Reaksiyalar nədir?

- Açığı, özümün baxışım odur ki, peşəkar baxımdan yüksək bir şey alınmayıb hələlik. Öz qüsurlarımızı görə bilirik. Həm bir qədər ekstravaqant şəkildə hazırladıq bunu, tələsik oldu, həm mənim televiziya təcrübəm yoxdur. Burda bu verilişi hazırlayacaq böyük heyət də yoxdur. Amma hər halda Azərbaycanda uzun illərdir televiziya kanallarında tamaşaçının izləyə biləcəyi, müstəqil fikir çatdıracaq proqram olmadığına görə əhali verilişi maraqla və sevgiylə qarşıladı. Mənə gələn reaksiyalardan bunu bilirəm. Bir də sosial şəbəkələrdə proqramın yayılması və şərhlər məni daha da ümidləndirir və həvəsləndirir. Hesab edirəm ki, Azərbaycan üçün vacib bir işə başladıq.

- İlk verilişdə müsahib seçimində deyəsən, çox götür-qoy etməmisiz?..

- İlk proqramda biz Əli Kərimlidən və İsa Qəmbərdən müsahibə aldıq. Ona görə yox ki, birləşmiş müxalifət bu 2 nəfərin simasında təsəvvür olunur. Həm də ona görə ki, onların televiziyalara çıxarılmasında sərt yasaq var. Ona görə onların üstündə dayandıq.

- Vaxtınızı çox almayım, yeni proqrama hazırlaşmalısız. Qənimət bəy, yalın əllə hara qədər davam edə biləcəksiz?

- Mən o qədər də pessimist deyiləm. Güman edirəm ki, davam edə biləcəyik. Hər halda görəcəklər ki, biz hamı üçün xeyirli bir işlə məşğuluq. Yəqin ki, yardım edəcəklər. Azərbaycanda bu məsələnin texniki tərəfiylə məşğul olan çox sayda adamlar var, xüsusən də gənclər bizə yardım edəcəklər. Eyni zamanda, maddi imkanı olan həmvətənlərimiz də bizə yardım haqqında düşünəcəklər.
XS
SM
MD
LG