Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Rafiq Tağının ailəsi yenidən prezidentə müraciət etməyə hazırlaşır


Yazıçı-publisist Rafiq Tağının ailəsi yenidən prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır. Bunu «Media forum» saytına Rafiq Tağının qardaşı İlqar Tağı deyib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.

2012-ci ilin fevralında Rafiq Tağının ailəsi prezident İlham Əliyevə müraciət etmişdi.

Müraciətdə istintaqın qeyri-obyektiv aparıldığı vurğulanmış, cinayət işinin ətraflı araşdırılması üçün dövlət başçısının göstəriş verməsi xahiş olunmuşdu. Həmin müraciətdən az sonra prezidentin tapşırığı ilə baş prokuror Zakir Qaralov Rafiq Tağının ailə üzvlərini və ailənin vəkilini qəbul etmişdi.

İlqar Tağı bildirib ki, hüquq mühafizə orqanları işə dırnaqarası yanaşır və onların prezidentə yenidən müraciət etmək istəyi də bununla bağlıdır: «Artıq qətlin üstündən beş aya yaxın vaxt ötür. Amma heç bir yenilik yoxdur. Demək olar, hər gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə zəng edirəm. Amma normal bir cavab vermirlər. Elə eyni sözləri təkrarlayırlar».
XS
SM
MD
LG