Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58

Sergey Lavrov Azərbaycana gəlir


Sergey Lavrov
Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinin proqramı açıqlanıb. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, səfər aprelin 3-4-də baş tutacaq. Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub.

Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Onu prezident İlham Əliyev də qəbul edəcək.

Səfərdə ikitərəfli ticari-iqtisadi, regionlararası və sərhəd xidmətləri arasında əməkdaşlıq məsələləri, humanitar məsələlər, Qarabağ münaqişəsinin tənzimlənməsi, Xəzərin statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Rusiya XİN-in məlumatında deyilir ki, “Azərbaycanı Cənubi Qafqazda və Xəzər regionunda strateji tərəfdaşımız hesab edirik. Azərbaycanla münasibətləri bərabərhüquqluluq, bir-birimizin maraqlarına hörmət və yaxşı qonşuluq əsasında inkişaf etdiririk”.

Sergey Lavrov Elmar Məmmədyarovla regional və beynəlxalq problemləri müzakirə edəcək. Ticari-iqtisadi sahədə Rusiya Azərbaycan münasibətləri haqqında da fikir mübadiləsi aparacaq. “Keçən il iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 2,5 milyard dollardan çox olub. Bu göstəricinin artırılması üçün potensial var”.

Məlumatda bildirilir ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 23 yanvar Soçi görüşü fonunda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi gündəlikdə qalmaqdadır. “Rusiya münaqişə tərəflərinin indiyə qədər görülmüş iş nəzərə alınmaqla, təməl prinsiplər üzrə razılaşmalar əldə olunmasını sürətləndirməyə hazır olmasını alqışlayır. Həm üçtərəfli formatda, həm də ATƏT-in Minsk qrupunun həmsədri qismində buna kömək edəcək”.

Rusiya və Azərbaycanın regionlararası və sərhəd xidmətləri arasında əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaq. Nazirlər Rusiya-Azərbaycan münasibətlərinin humanitar tərəfinə ətraflı müzakirə edəcəklər. “2011-ci ildə işə salınmış yeni birgə layihəni - Bakı Beynəlxalq Humanitar Forumunu qeyd etmək lazımdır. Onun perspektivli regional və beynəlxalq qarşılıqlı fəaliyyət formatı olacağına ümid edirik”.

Xəzər dənizinin statusu məsələsi bütün Xəzəryanı dövlətlərin 2010-cu ilin noyabrında beştərəfli Bakı sammitində verdikləri tapşırıqlar nəzərə alınmaqla müzakirə olunacaq. Xəzərin hüquqi statusunu müəyyən edən Konvensiyanın hazırlanması üzrə işlərin müzakirəsi, sahilyanı ölkələrin iqtisadi əməkdaşlığının inkişafı üçün əlverişli şərait yaradılması nəzərdə tutulur.
XS
SM
MD
LG