Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:11

İranda dollar yenə bahalaşdı


Arxiv foto
Arxiv foto
İRANIN QADAĞALARI…

İrandan qayıdan yerli sakinlərin dediyinə görə, hər iki gömrükdə adamları ciddi şəkildə yoxlayırlar. İran tərəfi artıq böyük həcimdə ərzaq və kənd təsərrüfatı məhsullarını Azərbaycana buraxmır. Quş əti, şəkər tozu, un, qənd, kişmiş və sair ərzaq məhsullarının Azərbaycana gətirilməsinə qadağa qoyulub. Deyilənlərə görə, bu qaydanı pozanlar İran gömrüyündə cərimə olunurlar və həmin dəqiqə həbs edilirlər. Cərimə ödənildikdən sonra məhkəmə yolu ilə azad olunurlar.

İranda olmuş Astara şəhər sakini Nəcibəddin Məmmədzadə deyir ki, orda baş verən bahalaşmada yerli adamlar bizi günahkar bilirlər:

«DEYİR BALIĞI BURDAN DAŞIYIRSINIZ…»

«İran əhalisinin narahatçılığı var, ora gedib-gəlməyimizlə bağlı. Ərzaqların bahalaşması ilə bağlı. Mən soruşanda bu necə olur. Deyir balığı burdan daşıyırsınız, biz onu 5 minə alırdıq, siz onu daşıyırsız, biz onu indi alırıq 15 min tümənə. Toyuq ətidir, 3 ay bundan qabaq 3600-3700 tümənə idi, indi bu yaxınlarda olub 1 kiloqramı 5 min tümənə. Manatla müqayisədə, bir ay bundan əvvəl 1 manat 1600 tümən idisə, indi olub 2300 tümən. Ona görə bəzi şeylər ordan alıb gətirmək bizə ucuz başa gəlir, iranlılara isə yox. Qiymət qalxır, onlar haqlı narazılıq edirlər».

Nəcibəddin Məmmədzadə deyir ki, İranda manatla dolların kursu təxminən bərabər götürülür. Onun sözlərinə görə, tümən dəyərdən düşdüyünə görə qiymət fərqi Azərbaycanın xeyrinə dəyişir. Nəcibəddin Məmmədzadənin fikrincə, bir neçə aydan sonra İrandan nəsə alıb Azərbaycana gətirməyin xeyri olmayacaq:

«Bəzi vətəndaşlar danışırlar, bilmirəm onlar hansı əsaslarla danışırlar? Elə bir fərq olmasaydı, insanlar gedib ordan alıb gətirməzdi».

İndi yerli sakinlər çəkisi 10 kiloqramdan artıq olmamaq şərti ilə İrandan əsasən pendir, makaron, qarğıdalı yağı gətirirlər. Sərhədyanı ərazidə yerləşən mağazalarda əvvəlki aylara nisbətən İranda istehsal olunan mallar azdır. Mağaza sahibləri deyir ki, İrandan gətirilən mallar artıq qiymətdə sərf etmir. Üstəlik həm də keyfiyyəti aşağıdır.

Astara şəhər sakini Elçin İbrahimli deyir ki, qonşu İranda baş verənləri dərk etmək heç də çətin deyil. Onun müşahidələri göstərir ki, İranda bahalaşma davam edir. Ötən il İran tərəfi viza rejimini bir tərəfli qaydada ləğv edib. Elçin İbrahimli deyir ki, bu gömrükdə hərbi vəziyyət yaradıb. Onun sözlərinə görə, artıq İranda deyirlər ki, gəlməyin. Çünki bahalaşmanın günahını Azərbaycan vətəndaşlarında görürlər:

«İRANDA İQTİSADİ VƏZİYYƏT GƏRGİNLƏŞİR»

«İranda bütün ərzaq məhsullarının qiyməti qalxıb. Az əvvəl toyuğun bir kiloqramını 1 manat 50 qəpiyə alırdılarsa, indi 2 manata qalxıb. Ət və başqa məhsulların qiyməti də hər gün qalxır. İranda iqtisadi vəziyyət gərginləşir. Bu vəziyyət sərhədyanı ərazilərdə yaşayan vətəndaşlarımıza da təsir edir. Bizim vətəndaşların sərhəddə gediş-gəlişi azalıb. Gündə bizim tərəfə İranın 100 yük maşını gəlirdisə, indi gündə 10-15 maşın gəlmir. İranla ticarət əlaqələri kəsilmək üzrədir. Vətəndaşlarımıza da sərf eləmir. Öz məhsulumuz, Siyəzən və başqa rayonlardan gətirilən toyuğun kiloqramı 3 manatdır, İrandan gətirilən toyuğun kiloqramı isə 3 manat 20 qəpiyə satırlar. Sərf eləmir, camaat da ordan gətirmir».

Astara şəhər 1 saylı orta məktəbin müəllimi Tarif Əliyev İranda baş verən bahalaşmanın qaçılmaz olduğunu deyir. Onun sözlərinə görə, bu bahalaşmanı sərhədyanı ərazilərdə yaşayanlar hiss edəcəklər. Tarif Əliyevin fikrincə artıq Azərbaycan hökuməti bununla bağlı tədbirlər görməlidir.

YERLİ HAKİMİYYƏTİN MÖVQEYİ…

Yerli hakimiyyət orqanları isə bu məsələdə elə də problem görmürlər. Astara rayon İcra Hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Xanverdi Şirinov deyir ki, İrana alverə gedən insanların çoxu kənd sakinləridir. Müavinin deməsinə görə, onların hər birinin pay torpaqları var. Əkin-biçin işləri ilə bundan sonra da dolanışıqlarını təmin edə bilərlər.

Vidadi Mirzəyev
Vidadi Mirzəyev
İqtisadçı Vidadi Mirzəyev də İran tüməninin dəyərdən düşməsini müşahidə etdiyini deyir. Onun dediklərinə görə, indi Azərbaycanın sərhədyanı rayonlarındakı qara bazarda İran pullarını dəyişən adamlar artıq yoxdur. Üstəlik adi vətəndaşlar belə İran valyutasını özündə saxlamağa risk etmirlər, bu pul etibarlı deyil:

«İRAN TÜMƏNİ ALICILIQ QABİLİYYƏTİNİ İTİRİR»

«İran tüməni alıcılıq qabiliyyətini itirir. Bu özünü açıq şəkildə göstərir. Son məlumatlara əsasən İran tüməni 1 dollara nisbəti 2300-2500 arasında fərq edir. İran banklarına iranlıların inamı azalıb. Baxmayaraq ki, İran qızılı ehtiyatda saxlayır. Lakin onu satmaq məcburiyyətindədir. Bu onu göstərir ki, böhranın qarşısını ala bilmir. İran vətəndaşlarından qəbul edilən bank əmanətləri, yəni depozitlər 25 faizlə ödənilirdi. Sonra 8 faizə saldılar. Gördülər ki, vətəndaşlar kütləvi şəkildə narazılıq edirlər, əmanətlərini banklardan götürürlər, buna görə də onlar əmanətlərin dərəcəsini 12 faizə qaldırdılar. Bu da kömək etmədi. Vətəndaşlar əmanətlərini banklardan götürürlər».

Vidadi Mirzəyev deyir ki, iqtisadi böhran yaşanan ölkədə istehlak mallarının qiymətinin qalxması, ərzaq və digər yeyinti məhsullarının qıtlığı adi hala çevrilir. İran bunun qarşısını almağa çalışır:

​«Son günlər İrandan Azərbaycana, demək olar ki, mallar buraxılmır. Kənd təsərrüfatı, yeyinti məhsulları heç birisi buraxılmır. İranda böhran artdıqca Azərbaycan manatı dəyərli olur. Azərbaycan manatı İran tüməninə nisbətən daha qiymətli olur. İranda yeyinti məhsullarının qiyməti İran pulu ilə qalxır, Azərbaycan puluna nisbətən ucuzlaşır. Azərbaycan manatı ilə daha çox məhsul almaq mümkündür. Bu böhranın göstəricisidir».

İqtisadçı deyir ki, manatın davamlılığı ABŞ dollarından asılıdır. Həm ABŞ dolları həm də Azərbaycan manatı İran Astarasında eyni qiymətə alınır.

Müstəqil iqtisadçıların fikrincə İranda qiymətlərin artmasının səbəbini Azərbaycandan gələnlərin üstünə atmaq heç də doğru deyil. Əsl səbəb İranın ciddi sanksiyalarla üz-üzə qalmasıdır.

Astara terminalından aldığımız məlumata görə, Azərbaycana keçən İrana məxsus yük maşınların sayı ötən ilə nisbətən bir neçə dəfə azalıb.

Azərbaycanın sərhədyanı rayonların bazarlarında İrandan gətirilmiş kartof məhsulları üstünlük təşkil edir. Bazarlarda satılan kişmiş məhsulları da İrandan gətirilir.

Aqronom Xanlar Əliyevin deməsinə görə, iki aydan sonra yerli kartof məhsulları bazarlara çıxarılacaq. Onda İrandan kartof gətirməyə də ehtiyac qalmayacaq.
XS
SM
MD
LG