Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Gəncədə II Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək


Aprelin 6-dan 15-dək baş tutacaq sərgiyə 14 rayonun incəsənət ustaları qatılacaq.

Bu barədə Gəncə Rəsm Qalereyasının direktoru Faiq Osmanov məlumat verib. Bildirib ki, festival zamanı xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) növlərində sənət əsərləri nümayiş olunacaq.

F. Osmanov deyir ki, festivalın keçirilməsi xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılması məqsədi daşıyır. Gəncədə keçiriləcək festivala respublikanın 14 rayonundan incəsənət ustaları öz əl işləri ilə qatılacaq. Sərgidə ən yaxşı nümunələrin sahibləri diplomlarla təltif olunacaqlar.

Festival çərçivəsində keçiriləcək sərgilər Gəncə ilə yanaşı Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərini də əhatə edəcək.

Birinci Respublika Dekorativ-Tətbiqi Sənət Festivalı 2009-cu ildə olub.
XS
SM
MD
LG