Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Mayın 1-dən Azərbaycanda xarici teleserialların yayımı dayandırılır


Milli Televiziya və Radio Şurası (MTRŞ) mayın 1-dən ölkə ərazisində türk seriallarının yayımının dayandırılmayacağına dair səslənən fikirlərə münasibət bildirib.

APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, MTRŞ-nın qadağası ancaq xarici teleseriallara aiddir: «Biz xarici bədii televiziya filmlərinə qadağa qoymamışıq. Məsələn, Türkiyənin «Çalıquşu» filmi teleserial deyil, bədii televiziya filmidir. Və yaxud «Baharın 17-ci anı» kimi çoxseriyalı bədii televiziya filmləri var. MTRŞ-nın qoyduğu qadağa onlara aid deyil. Təbii ki, telekanallar bədii televiziya filmlərini dublyaj edib göstərə biləcək. Amma telekanallar gərək dublyaj prosesinə daha diqqətlə yanaşsınlar və dublyajin keyfiyyətini artırsınlar».

MTRŞ sədri deyib ki, mayın 1-dən ölkə ərazisində xarici, o cümlədən türk teleseriallarının yayımı birmənalı şəkildə dayandırılacaq: «Telekanallar öz işlərini buna uyğun qurmalıdır. Bununla bağlı hər hansı əlavə fikir formalaşdırmaq doğru deyil. Bu, bizim tərəfimizdən qətiyyətlə pislənilir. Xarici serialların dayandırılması məsələsi bu ildən başlamayıb. Hələ ötən ildən biz bununla bağlı telekanallarla mütəmadi görüşlər keçirmişik. 1 ildən artıqdır ki, bu məsələ müzakirə olunur. Telekanalların da borcu idi ki, bu işə hazır olsun. Onların bəziləri bu məsələni uzatmaq və özlərinə hər hansı əziyyət vermək istəmirlər. Amma telekanallar cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. O məsuliyyətin biri də Azərbaycan tamaşaçılarını Azərbaycanda istehsal olunan filmlərlə təmin etməkdir. Telekanallar işlərini xaricdə istehsal edilən filmləri göstərməklə bitmiş hesab etməli deyillər».
XS
SM
MD
LG