Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Hökumətin hesabatı nəyi əks etdirdi?


Milli Məclis
Milli Məclis
2011-ci ildə qeyri-neft sektorunun gəlirləri 9.4 faiz, ümumi daxili məhsul isə 3 dəfə artıb. Eyni zamanda əhalinin gəlirləri 2.6 milyard manat artıb, açılan iş yerlərinin sayı 1 milyonu keçib. Ölkədə yoxsulluq 5.3 dəfə azalıb.

Bunu martın 16-da Milli Məclisə hökumətin illik hesabatını məruzə edən Baş nazir Artur Rasizadə deyib:

«2011-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard ABŞ dollarını ötüb, pensiyalar 40 faiz artıb. Azərbaycanda internet istifadəçilərinin sayı 65 faizə çatıb və dünya üzrə orta göstəricini iki dəfə üstələyib. Əhalinin su və kanalizasiya ilə təmin edilməsi istiqamətində mühüm işlər aparılıb və bu işlərin davam etdirilməsinə ümumilikdə 3 milyard dollar xərclənəcək. Təhsil sahəsinə gəlincə, keçən il 182 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib».

AZƏRBAYCAN GERÇƏKLİYİ, YOXSA?

Artur Rasizadə səhiyyə, təhsil və başqa sahələrdə aparılan islahatların sosial-iqtisadi həyata müsbət təsirini qeyd edib.

O deyib ki, kosmik sahədə görülən işlər artıq bu ilin sonunadək Azərbaycanın kosmosa öz peykini buraxacağına əminlik yaradıb.

Spiker Oqtay Əsədov isə hökumətin bu il səslənən hesabatına münasibətində də ötən ilki fikirlərini təkrarlayıb. Deyib ki, dünyada başlanan iqtisadi böhrana baxmayaraq, Azərbaycanın inkişafı dinamikliyini saxlayıb. Onun fikrincə, beynəlxalq təşkilatların rəyinə əsasən, Azərbaycan investisiya yatırılan ölkələr sırasında ən yüksək yerlərdə durur .Deyir ötən il ölkənin investisiya imkanları 72 faizə çatıb. Əhalinin gəlirləri isə 20 faiz artıb.

Deputat İqbal Ağazadənin fikrincə isə, bu hesabat Azərbaycanın real həyatını əks etdirmir. Bu, sadəcə hökumətin həm parlamentə, həm də xalqa təqdim etdiyi özünün fəaliyyətini yüksək qiymətləndirmə kitabçasıdır. Deputat düşünür ki, hesabatda Azərbaycan gerçəkliyindən tamamilə fərqli rəqəmlər yer alıb. Ölkə elə qiymətləndirilib ki,
İqbal Ağazadə
İqbal Ağazadə
sanki heç bir problemi yoxdur:

TƏZADLARI KİM İZAH ETMƏLİDİR?

«Hesabatda elan olunur ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 7 faizdir. Amma beynəlxalq hesabatlarda bu rəqəm 22-25 faiz göstərilir. Hökumət bu təzadı izah etməlidir. Hökumətin hesabatında qeyd olunur ki, Azərbaycanda iqtisadi inkişaf üçün hər cür şərait var, bu qədər sahibkar qeydiyyatdan keçir, xarici investorlar gəlirlər, sərmayə yatırır. Amma beynəlxalq təşkilatlar Azərbaycanın adını «azad olmayan» ölkələr siyahısına salırlar. Və yaxud korrupsiya və rüşvətxorluğun miqyasına görə Azərbaycan 143 ölkə içərisində 85-95-ci yerləri bölüşür. Ölkədə korrupsiya ilə bağlı mübarizə aparıldığı deyilir. Keçən il təkcə investisiya layihələri üçün 5 milyard manatdan artıq vəsait xərclənən bir ölkədə satınalmalardan tutmuş qiymət müəyyən olunmasına qədər külli miqdarda qanun pozuntuları var. Amma bu qanun pozuntularının heç birini nə Hesablama Palatası, nə də Korrupsiyaya qarşı Mübarizə Komitəsi araşdırıb. Eyni təzadlar gömrük sistemində də var. Nədən? Qoy, hökumət bu təzadları izah etsin».

KƏMİYYƏT YOX, KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ OLMALIDIR

İqtisadçı-ekspert Rövşən Ağayev isə deyir ki, Azərbaycan hökuməti adətən öz hesabatını keyfiyyət yox, kəmiyyət göstəriciləri, yəni nə qədər iş görülməsi üzərində qurur.
Rövşən Ağayev
Rövşən Ağayev
Halbuki bu cür hesabatlar dolğun sənəd sayıla bilməz:

«Məsələn, təhsilə nə qədər vəsait ayrıldığı, nə qədər məktəb tikildiyi deyilir. Amma ötən il ərzində təhsildə hansı keyfiyyət dəyişiklikləri baş verdi, ali məktəbə qəbul əmsalı nə qədər yüksəldi, deyilmir. Hesabatın səhiyyə ilə bağlı bölümündə çoxlu xəstəxana tikildiyi deyilir. Amma səhiyyənin keyfiyyətinin yüksəldilməsi istiqamətində nə dəyişdi? Eləcə də iş yerləri barədə deyirlər ki, 1 milyon iş yeri açılıb. Amma ali məktəbi bitirənlərin nə qədəri işlə təmin olunub, deyilmir. Halbuki, bu, çox vacib göstəricidir. Bu iş yerləri nə qədər Ümumi Daxili Məhsul (ÜDM) yaradıb? Bu iş yerləri Sosial Müdafiə Fonduna nə qədər əlavə ödəniş gətirib? Nə qədər adam sosial sığorta riskindən uzaqlaşıb bu iş yerlərinin hesabına və s».

Rövşən Ağayev deyir ki, beynəlxalq təcrübədə hökumətin fəaliyyətini qiymətləndirmək üçün kəmiyyət və keyfiyyət göstəricilərindən birlikdə istifadə olunur. O hesab edir ki, Azərbaycanda da belə olmalıdır. Hökumətin hesabatı ilk növbədə cəmiyyətdə hansı keyfiyyət göstəricilərinə nail olunduğunu özündə əks etdirməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG