Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:23

Akif Səmədin lətifələri


Bir gün başqa rayondan olan şair tanışlarından biri sataşmaq məqsədilə soruşur:

- Aya, Akif, həncərisən?

Akif tövrünü pozmadan, çox ciddi tərzdə cavab verir:

- Həncəri həncərisən, görmörsənmi həncəriyəm?

Doğma kəndi Aslanbəyliyə tez-tez gedirdi. Bir dəfə çoban işləyən sinif yoldaşı ondan soruşur ki, Akif, diyən sən Bakının kəndində olorsan, haay?

Akif təəccüblənir:

- Nəydi ki?

- İyirmi ildi fikir vererəm, nə geyimin, nə danışığın-duruşun dəyişmeyif.

Şair gülməkdən uğunub gedir:

- A başın batsın, Bakının kəndində olanlar bizim kimi danışmerlər ha, deerlər ki, alə, necəsən, qərdüşüm?

Akif şeirlərini qəzet-jurnallara çox vaxt bizim təkidimizlə verirdi, bir az tənbəlliyi, ərincəkliyi vardı. Bir dəfə "Azərbaycan" nəşriyyatına gələndə yadına düşür ki, "Ədəbiyyat və İncəsənət" qəzetinə, şeir şöbəsinin müdiri Davud Nəsibə 3-4 aydı ki, yazılar verib. Davud onu görən kimi işi başa düşür və başlayır bəhanəyə:

- Aya, Akif, çoxdandı səni axtarırdım, sənə də adamın əli çatmır ha! Şeirləriyin hamısı qoşma, gəraylıdı. A qıvlasız, deyəcəklər, Davud yerlipərəstlik eləyir (Onlar bir kənddəniydilər). Hər şeriyin möhürbəndində adını çəkifsən, get elə şeirlər gətir ki, adın olmasın.

Akif həssas adamıydı, başa düşür ki, deyəsən, Davudun gücü çatmır yazıları verməyə. Sabahısı gün gətirib 5-6 şeir verir. Bir-iki gündən sonra qəsdən nəşriyyata gəlir. Davud onu görən kimi, - a qıvlasız, - deyir, mən xahiş elədim ki, elə şeir gətir, adın olmasın, indi gətirdikləriyin hər misrasında adın var! Oxuyuram, qulaq as:

Bu daşların biri Akif,
Çətin qana sirri Akif,
Yeri burdan, yeri Akif,
Çəkməz səni sinəsinə -
Bura şiryurdu, qurd yeri,
Yandım, aşıq, bir "Yurd yeri".

Akif bığaltı qımışır. Aya, fikir vermə, Davud müəllim, huşum yoxdu, yəqin yadımdan çıxıf. Davud Nəsib sevincək rahat nəfəs alır ki, xatadan da belə ötüşdük.

Akif Pedaqoji İnstitutun "Gənc müəllim" qəzetində məsul katib idi, mənsə texniki-peşə məktəbində hərbi rəhbər işləyirdim. İş yerlərimiz bir-birinə yaxın idi. Hər gün yanıma gəlir, çıxıb ya çayxanaya (Malakan bağına), ya da bulvara gedər, gəzişər, söhbət edər, bəzən də təzə yazdığı şeiri, ya məqaləni isti-isti mənə oxuyardı. Bir gün yanıma gələndə çox qayğılı görünürdü.

- Aya, general, (mən həm orduda iki il zabit kimi qulluq etmişdim, həm də məktəbdə hərbi rəhbər idim, ona görə də mənə general deyə müraciət edirdi. Bir də ki, yəqin Alı Ağa Şıxlinskiyə görə) bilersən ki, mən özümə əyin-baş almağa həm tənbəl, həm də xəsis adamam. Odu ki, bavam (atasına bava deyirdi) kənddən min manat pul göndərif. İndi gərək özümə baldon, kəstum-şalvar, papax, köynək-möynək, bir də əsas əyaqqavıdan-zaddan bir şey alam. Sən də ki, belə şeylərin yerini həm yaxşı bilersən, həm də etibarlı adamsan. Yoxsa, lotuların əlinə keçsəm, heç zadın yəyəsi olajam. Dedim, Akif sabah bir az tez gəl, hər şey tapıb alarıq. Bir həftə Akifdən xəbər çıxmadı, bərk narahat oldum. İşdə oturmuşdum, birdən Akif qanıqara içəri girdi. Başımın işarəsiylə soruşdum ki, nə olub?

- Səndən ayrılandan sonra İsmeellə Şaiqə rast gəldim (İsmayıl İsmayılovla Şaiq Vəli Akifin köhnə dostlarından idilər). Bir həftə Sumqayıtı (Akiflə Şaiq Sumqayıtda yaşayırdılar) ələk-vələk elədik ki, bir şey tapa bilmədik. Pulun yeddi yüzünü yeyif-içmişik. Bilmerəm nağayrem, bavama nə cavab verəjəm.

Akifi də götürüb tanışlarımdan birinin yanına getdim, 250 manata bir yaxşı kostyum, iki dənə də köynək aldıq. Dedim, sabah da gəl, bir çəkmə alaq.Razılaşdıq. İki gün daha keçdi, yenə görünmədi. Səhəri üzügülər gəldi ki, axırkı əyyaqabı da tapdıq. İsmellə Şaiq dedilər, Mehdi iş-güj adamıdı, biz həll eliyərik.Getdik Mərkəzi Univermağa, 16 manata bu əyağımdakını aldıq, 34 manatına düşdük, aşağıda, badvalda yaxşıca yeyif-içdik. Soruşdular ki, Akif, nətəəridi, xoşuna gəlermi? Dedim, həə, əyağım elə bil cənnətdədi.

Birdən gözlərim onun çəkmələrinə sataşdı:

- Akif, bə bunu alandasa fikir verməyibsinizmi, defektdi. Hərəsi bir rəngdi, biri göy, o biri mavi. Qanı möhkəm qaraldı.

- Sənnən general olmaz, o aldığın leytenantı da nahaxdan veriflər. Və məni niyə lotuların öhdəsinə buraxerdin?

Bir-iki gündən sonra hər şey yadından çıxdı, həmən ayaqqabıları da düz bir il geyindi.


Mehdi Şıxlinski

“Şərq qəzeti”

(ardı var)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG