Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:44

Müxalifət Əli Həsənovun dialoq söhbətinə nə deyir?


İsa Qəmbər
İsa Qəmbər
Bu günlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib ki, onlar müxalifətlə dialoqa həmişə hazırdırlar. Və yaxşı tövsiyələri nəzərə almaq istəyirlər. Əli Həsənov hakimiyyətin təmsilçisi kimi istənilən vaxt müxalifətin istənilən təklifini dinləməyə, onlarla bu məsələləri müzakirə etməyə hazır olduğunu da bildirib:

«Ürəkləri harada istəyir, mən onlarla görüşməyə, onların Azərbaycan dövləti, dövlətçiliyi, ictimai-siyasi həyatımız, siyasi-iqtisadi sistemimizlə, həyata keçirilən tədbirlərin dəyərləndirilməsi ilə bağlı söhbət etməyə, müzakirələr aparmağa hazıram. Burda qeyri-adi heç nə yoxdur».

İctimai Palata isə bu bəyanatın ardınca toplaşıb aprelin 8-dən mitinqlərə başlamaq barədə qərar verir.

İndi ölkənin siyasi dairələrində və mediada dialoqun baş tutub-tutmayacağı məsələsi müzakirə olunmaqdadır.

HANSI DİALOQDAN DANIŞILIR?

Müsavat başqanı İsa Qəmbər hesab edir ki, əslində hakimiyyətdəkilər qərar verməkdə tərəddüd edirlər. Onlar bir tərəfdən cəmiyyətlə, siyasi qüvvələrlə dialoqun qaçılmaz olduğunu, onun təkcə Azərbaycan üçün yox, həm də özlərinə də lazım olduğunu dərk edirlər, buna görə də dialoq haqqında müəyyən fikirlər səsləndirirlər. Digər tərəfdən dialoq məsələsini heç cür qəbul edə bilmirlər. İsa Qəmbərin fikrincə, İctimai Palatanın hazırlayıb təqdim etdiyi «Avtoritarizmdən demokratiyaya yumşaq keçid – yol xəritəsi» adlı sənədə iqtidarın münasibəti də bunu təsdiqləyir:

«Əli Həsənov demokratik qüvvələrin əsas toparlanma mərkəzinin ciddi müzakirələrdən sonra təqdim etdiyi, kifayət qədər məsuliyyətli hazırlanmış bir sənədi cəfəng fikirlərdən ibarət bir sənəd adlandırıb. Bundan sonra hansı dialoqdan danışılır və bu dialoq hansı məqsədə xidmət edir? Onlar dərk etməlidirlər ki, söhbət sadəcə hakimiyyət və müxalifət nümayəndələrinin oturub danışmasından getmir. Dialoq ciddi bir anlayışdır və o ölkədəki problemləri həll etməkdən, ab-havanı dəyişməkdən
Zahid Oruc
Zahid Oruc
ötrü aparılır».

İsa Qəmbər deyir ki, hakimiyyət belə bir dialoqa hazır olduğu anda təbii ki, demokratik qüvvələr, İctimai Palata da buna hazır olacaq.

DİALOQ ÜMUMMİLLİ MÖVZULAR ƏTRAFINDA OLA BİLƏRDİ

İqtidaryönlü Ana Vətən Partiyasını təmsilçisi, deputat Zahid Orucun fikrincə, müxalifət bu dialoqun dövlətin rəhbərləri ilə aparılmasını istəyir ki, Azərbaycana da, xaricə də əsas müxalifətin kim olduğunu nümayiş etdirsin. Masa arxasında da tərəflər arasında bərabər çəkililik özünü göstərsin. Deputat düşünür ki, bu və digər istəklər də dialoqa mane olur. O, yaxın gerçəklikdə belə bir dialoqun alınacağına da ümidli deyil. Zahid Oruc İsa Qəmbərin Əli Həsənovun dediklərinə yanaşmasından təəccübləndiyini bildirir:

«Məncə Əli Həsənovun bu açıqlamasına rəğmən illərdən bəri hakimiyyəti dialoq vasitəsilə susdurmaq istəyən qüvvələr buyurub bu məsələni bir daha gündəmə gətirə bilərdilər. Özü də buna çox ehtiyac var. Dialoq ən azı ümummilli mövzular ətrafında təşkil oluna bilərdi. Bu məsələlərdə konsensus tapılması ümumi həyatımızdakı ictimai-siyasi məsələlərə də müsbət təsir göstərərdi».

Zahid Oruc hesab edir ki, müxtəlif məsələlər üzərində ayrı-ayrı siyasi qüvvələrin müzakirəsi hansısa bir məxrəcə gətirib çıxarardı və bu halda dialoq siyasi sistemin xeyrinə işləyərdi.

BİR AYA YAXIN VAXT VAR...

Ərəstun Oruclu
Ərəstun Oruclu
«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, müşahidə edilənlər əslində ortada dialoq istəyinin olmamasından xəbər verir. O deyir ki, Əli Həsənov təkcə İctimai Palata «Yol xəritəsi»ni təqdim ediləndə yox, həm də bu günlərdə müxalifətə münasibətdə aşağılayıcı açıqlama verib. Və təəssüf ki, bu cür açıqlamalar heç bir halda dialoq istəyinə xidmət etmir. Ərəstun Orucluya görə, bu kimi səbəblərdən artıq İctimai Palata üçün də dialoq aktuallığını itirib:

«Artıq qərar verilib ki, aprelin 8-də müxalifət etiraz aksiyası keçirəcək. Hələ ki, bir aya yaxın vaxt var. Məncə, bu vaxt ərzində siyasi iradə ortaya qoyularsa, bir çox məsələləri çözmək olar. Ən azı dialoq prosesini başlamaq olar. Yox, hakimiyyətin daxilində müxtəlif maraqlar varsa və bu maraqlar müxtəlif təhrikçi açıqlamalarla dialoq prosesinə mane olmaq istəyirsə, bu, artıq müxalifətin günahı deyil. Hakimiyyət öz kursunu konkret müəyyənləşdirməlidir ki, onun daxilində bu və ya digər qruplaşmalar öz maraqlarını reallaşdırmağa nail ola bilməsinlər. Yəni, bu gün hakimiyyətin yekcins olmaması problemi də var».

Ərəstun Oruclu deyir ki, dialoqa nail olmaq üçün hakimiyyət ilk növbədə reallığı nəzərə almalıdır. Bu olmasa, dialoq da olmayacaq.
XS
SM
MD
LG