Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:19

Bayram süfrəsinə 400 manat da xərcləyən var, 100 manat da


Bayram süfrəsinə 400 manat da xərcləyən var, 100 manat da
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00
Direct-ə keçid

Bayram süfrəsinə 400 manat da xərcləyən var, 100 manat da

Səməni, saxla məni. 50 qəpik oldu səməni...

Bayram qabağı müştəriləri cəlb etmək üçün bazarda satıcılar fantaziyalarını, şirin dillərini işə salıblar. Kimi oxuyur, kimi and içir.

Şirin olsun, atam.
Şirin deyil. Baldır, bal, Allah haqqı...

«ƏVVƏL 28 MANATA BÜTÜN BAZARLIĞI ETMƏK OLARDI»

Metronun «28 May» stansiyası yaxınlığındakı bazara daha çox kasıblar gəlir. Ətsatan Rafiq də deyir ki, bura varlı adam gəlmir, gələn kasıb-kusubdur. Gün günortadır, neçə manatlıq alver etdiyini xəbər alırıq. Barmaqlarını qatlayıb 4 göstərir.

- Nə qədər?

- 40 manatlıq. Müştəri gələndə sevinirik...

Bizim orda olduğumuz müddətdə də Rafiqin ət satdığını görmədik. Çoxu soruşub gedirdi. Amma balıq alan çox idi. Söhbət Əzimovla da balıq alanda rastlaşdıq. Masallıdan olan həmsöhbətim deyir ki, bayramda mütləq balıq bişməlidir. İki balıq seçdirən Söhbət Əzimov onlara 28 manat ödəyir.

Ət alan azdır
Ət alan azdır
Cürbəcür qiymətlərdir, xanı balıq 6 manat, kütüm 16 manatdır.

- Qiymət münasibdirmi?

- Bu gün üçün hə. Əvvəl 28 manata bütün bazarlığı etmək olardı. Amma iki balığa bu pulu verdim.

«400 MANATA YAXIN APARACAQ»

Söhbət Əzimov gülə-gülə deyir ki, bayram bazarlığı 2-3 gündür davam edir. Bazar günü şirniyyatın bazarlığını edib. «Nə qədər xərcləmisiz?», - deyə soruşuram.

- Srağagünkü məlumata görə, 200 manatı keçib. Undur, ləpədir, yağdır...

- 200 manat bəs edəcəkmi?

- Yox, 28 manat balığa verdim. Ət aldım 45 manata. Kilosu 8 manatdan. Qiymət normal deyil, bahadır.

- Ümumən nə qədər lazımdır bayrama?

- Ailədə 4 nəfərik. 400 manata yaxın aparacaq. Siyahı böyükdür maşallah.

Bazarda ucuz olan bircə göyərtidir. Mer-meyvənin, pomidor-xiyarın qiyməti də artıb. Söhbət Əzimov 2 kilo alma, 2 kilo pomidor, 2 kilo armuda 13 manat ödəməli oldu. «Qiymət bahadır» desə də, əlavə edir: «Uşaqlara görə almalıyıq. Axı uşaq bilmir nə haradan gəlir, hara gedir».

«NİYƏ ALAN YOXDUR, BAKI BÖYÜK ŞƏHƏRDİR»
«Uşaqlara görə almalıyıq. Axı uşaq bilmir nə haradan gəlir, hara gedir».
«Uşaqlara görə almalıyıq. Axı uşaq bilmir nə haradan gəlir, hara gedir».

Sevinc xanım təqaüdçü olduğunu deyir. 2 nəfərlik bayram süfrəsi açacaq. Deyir ki, bunun üçün də vur-tut 100 manat xərcləyəcək. Amma xərci çox da ola bilər, hələ qiymətlərdən xəbərsizdir çünki. Özü belə deyir. Həmsöhbətim çərəzlərin qiymətinə baxır. Biz də maraqlanırıq. Bazarda satıcılar hər qiymətə, hər cür mal təklif edirlər. Ordubaddan olan Qəhrəman Şirməmmədova üz tuturuq:

- Qoz, şabalıd neçəyədir?

- Qiymətlər üstündədir. 3 manat, 4 manat. Rayonlardan asılıdır.

- Bu qoz 8 manatdır, haranındır?

- Zaqatalanındır.

- Bəs 7 manata olan?

- O da Zaqatalanın, amma qırığı var. Qoz var 6 manata. Özü də qəşəng, bişirməyə, yeməyə. Badam 7 manat, 8 manat, fındıq 7 manat. Qabıqlı fındıq 3 manatdır.

- Alan varmı?

- Niyə yoxdur ki, Bakı böyük şəhərdir... Alan 1 kilo da alır. 2 kilo da. Baxır imkana. 100 qram alan da var...

- 1 kilo badam verin... Qaysı neçəyədir?

- Qaysı var 5 manat, 6 manat, 7 manat... Cürbəcür. İran var, Türkiyə var. Yerli bahadır. Keyfiyyəti daha yaxşıdır. Başqa bazarda 10 manata alarsan yerli malı.

Qadir İbrahimli
Qadir İbrahimli
Bu, Bakının nisbətən ucuz bazarındakı qiymətlərdir. Bu bazardan zənbili dolu çıxan da vardı, zənbilini yarıya qədər doldurmadan yellədə-yellədə gedən də...

OTURUŞMUŞ ƏNƏNƏ

Azərbaycanda bayramqabağı qiymət artımı oturuşmuş ənənədir. «Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli belə deyir:

«Azərbaycanda müstəqillik dönəmində bir ənənə formalaşıb. Bütün bayramlarda zəruri məhsulların qiyməti artır. Novruzqabağı isə balığın, toyuğun, şirniyyatın hazırlanacağı məhsulların qiyməti artır. Bəzi məhsullarda 10-15, bəzilərində isə 50 faiz artım var. Bu, anormal tendensiyadır. Əslində dünyada bayram vaxtı qiymətlərdə endirim edirlər. Aztəminatlılar bayramları normal keçirsinlər deyə».

Qadir İbrahimli deyir ki, qiymətlərə nəzarət edən dövlət qurumu var – İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti. İqtisadçıya görə, dövlət qurumları nəzarətin öhdəsindən gəlmirlər. «Bir çox hallardasa qurumların passivliyi qiymət artımına səbəb olur» deyir.

Rəsmilərsə bildirirlər ki, Novruz bayramında süni qiymət artımının qarşısının alınması məqsədilə Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil edilib.

Yarmarkalar 10 gün davam edəcək.
XS
SM
MD
LG