Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:23

Qadınlara şarjlı təbrik [VİDEO]


Qadınlara portret hədiyyəsi
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

Qadınlara portret hədiyyəsi

Gənc rəssamlar kağızlarını-boyalarını götürüb qəhrəmanlarını Qoşa Qala Qapısı Meydanında gözləyirdilər. Yoldan keçən qadınlara şarjlarını çəkmək təklif edirdilər. 8 mart hədiyyəsi kimi əl işlərini təklif edənlər Rəssamlıq Akademiyasının tələbələri idi.

Ayaq saxlayan qadınlar isə əvvəlcə bu təklifə bir az təəccüblə, bir az da ürkək yanaşırdılar. Ancaq bir-iki nəfər rəssamların qarşısındakı stulda oturandan sonra əməlli-başlı növbə yarandı:

- «Qadınların şəkillərini çəkirlər».
- «Pulsuzdur! »
- «Nə yaxşı!»
- «Axırıncı kimdir?»

QADINLAR ÇOX, NÖVBƏ UZUN

Qadınlar çox, rəssamlar isə 5 nəfər olduğundan həm səbirlə, həm də çevik işləyirdilər. Rəssamlardan biri Valeh Əhmədov növbəyə nəzər salıb gülümsünür:

«Hamının şəklini çəkəcəyəm. Nə qədər qadın varsa, hamısının».

Təxminən 5 dəqiqədən sonra ilk şarj hazır olur. Şarjı ilə birlikdə rəssamdan üstündə bir qızılgül də alan Nərmin İsmayılova deyir ki:

«Birinci dəfədir belə şəkil çəkdirirəm. Maraqlı oldu, çox xoşuma gəldi. Gözlərimlə burnumu düz tutub. Gözlərim də, burnum da balacadır. Dodaqlarımın isə belə olacağını gözləmirdim. Ancaq o qədər də mənə oxşamır».

70 YAŞLI HƏYATINDA İLK DƏFƏ

Talidə Şükürova isə rəssamın ustalığını vurğulayır:

Qadınlar üçün rəsmli təbrik aksiyası
Qadınlar üçün rəsmli təbrik aksiyası
«Bu şəkildə çox qəmginəm. Özüm isə həyatda çox şənəm. Əslində gözlərim qəmgindir. Rəssam onu yaxşı tutub. Dodaqlarım gülsə də gözlərim doğrudan da qəmgindir».

70 yaşlı Salatın Xələfova isə həyatında ilk dəfə belə bir şəklinin olmasından çox sevinirdi:

«8 martdır, bayramdır, fikirləşdim, mənim də şəklimi çəksinlər. Heç vaxt belə şəklim olmamışdı. Elə bil cavanlaşdım. Aparıb evdəkilərə, qonum-qonşuya göstərəcəyəm».

Xanım isə rəssamın ona həmişə işıqlı olmaq mesajından təsirlənmişdi:

«Sağ olsun, çox xoşuma gəldi. Başımdan işıqlar çıxır, parlayır, ən çox bu xoşuma gəldi».


GÜLDƏNSƏ AZADLIQ VERSİNLƏR

Aksiyada fəal olan, deyib-gülən Səda Bünyadova belə tədbirlərdən isə qadınlara azadlıq verilməsinin tərəfdarıdır:

«Əslində qadınlar heç nədə azad deyillər. Bunu özləri də bilirlər, hüquqlarımız çox azdır. Bunlar isə göstərmək üçündür. Birinci hüquqlarımız bərpa olunmalıdır. Mən bir qadın kimi gülün yerinə hüquqlarımın tanınmasına üstünlük verərdim. Azərbaycanda qadınlarla müqayisədə kişilər üçün yaşamaq daha rahatdır ».

Qadın azadlıqları ilə bağlı Sədanın həmfikirləri də az deyildi:

- «Azərbaycanda qadınlar elə də azad deyillər. Məncə azadlığı məhdudlaşdıran bizim mentalitetimizdir».

- «Bölgələrdə vəziyyət daha pisdir. Qadın hara, cəmiyyət, siyasət hara? Belə fikirləşənlər çoxdur».

- «Müəyyən mənada artıq azadlıqlar var. Əvvəllər qızların təhsil hüququ daha çox pozulurdu. Qızların oxuması ayıb sayılırdı. İndi az-çox oxuyurlar. Hətta xaricdə oxuyanlar da var».

İçəri şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə Bakıda qadınlar üçün rəsmli təbrik aksiyası martın 7-də ilk dəfə keçirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG