Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:29

“Fahişəliyi din pərdəsi ilə ört-basdır edirlər”


Rəsmi nikah olmadan, yalnız dini kəbinlə İrana ərə gedən qızları nə gözləyir?

Rəsmi nikah olmadan, yalnız dini kəbinlə İrana ərə gedən azərbaycanlı qızlar hansı hüquqlara malik olurlar? İslam ailədə tərəflərə bərabər hüquq verirsə, niyə azərbaycanlı qızlar boşanıb geri qayıdanda heç nəsiz qalırlar?

Bu mövzu “İslam və demokratiya” proqramında müzakirəyə çıxarılıb. Müstəqil hüquqşünas Xalisə Şahverdi deyir ki, nəinki İran, ümumiyyətlə istənilən xarici ölkənin vətəndaşı ilə ailə quran qadınlar rəsmi nikaha girməlidir:

“Bu, onlara müəyyən hüquqlar verir. Rəsmi nikaha girməyən cütlüklər ayrılanda, əmlakın bölünməsində problem yaranır. İstər Azərbaycan, itər İran tipli ölkələrdə adətən daşınmaz əmlak, böyük vəsaitlər adətən kişinin adına rəsmiləşdirilir. Belə olanda, ayrılanda qadına heç nə çatmır”.

Xalisə Şahverdi "qarımış qız" stereotipindən uzaqlaşmağı məsləhət görür
Xalisə Şahverdi "qarımış qız" stereotipindən uzaqlaşmağı məsləhət görür
RƏSMİ NİKAH OLMAYANDA, KİŞİNİ CƏZALANDIRMAQ ÇƏTİNDİR

Hüquqşünas deyir ki, xaricə ərə gedən azərbaycanlı qızlar bir çox problemlə üzləşir. Məsələn, onlar evlənmək adıyla aparıb cinsi istismara məruz qoyurlar, yaxud əməyini istismar edirlər:

“İran kişiləri bura gələndə bizim qadınlarla faktiki nikahda yaşayırlar, sonra da onları atır, uşaqları qoyub gedirlər. Bəzən qadınları cinsi yolla keçən xəstəliklərə yoluxdururlar. Bunlarla bağlı tədbir görmək üçün ölkə daxilində tənzimləmə mexanizmi var. Amma o insanları tapıb cəzalandırmaq problem olur”.

99 İLLİK SİĞƏ DƏ VAR, BIR SAATLIQ DA

Uzun müddət İranda yaşayan Nazlı Güneyli deyir ki, bu ölkədə rəsmi nikahda olan qadınların da hüquqları güclü qorunmur. Onun sözlərinə görə, İranda iki növ nikah var:

“Dövlət nikahı və siğə. Siğə sırf dini nikahdır. Bunu istənilən molla edə bilər, ya da tərəflərin özləri oxuya bilərlər. Siğələr 99 illik, aylıq və hətta saatlıq ola bilir. Mən hesab edirəm ki, saatlıq siğə elə fahişəliyin leqallaşdırılması deməkdir. İslam ölkəsi olduğuna görə bu ölkədə fahişəliyi din pərdəsi ilə ört-basdır edirlər”.

KƏBİN MƏBLƏĞİNİ 89 İLLİK KREDİTLƏ VERİBLƏR

Nazlı Güneyli deyir ki, İranda heç rəsmi nikah da qadının gələcəyinə tam zəmanət vermir. Çünki nikah zamanı qoyulan kəbin məbləği çox hallarda ödənilməmiş qalır:

“Bu, müəyyən qədər sikkə, qızıl, pul, əmlak ola bilər. Bu məbləği kişi evlənəndə qadına ödəməlidir. Amma əksər hallarda bu, boşanana qədər kağız üzərində qalır. Boşananda da məbləğ böyük olduğundan, kişinin gəlirinə uyğun olaraq ona kredit müddəti verilir. Bir dəfə məhkəmə belə bir qərar vermişdi ki, bir xanımın kəbin haqqı 89 illik kreditlə veriləcək”.

UŞAĞIN ÜSTÜNDƏ ANANIN HAQQI ƏMİDƏN DƏ AZDIR

İslam dini qadınlarla kişilərə bərabər hüquq tanısa da, Nazlı Güneyli praktikada başqa halların mövcud olduğunu deyir. Onun sözlərinə görə, bölgələrdə qadınların ailədəki hüquqları kobud surətdə pozulur:

“Bir qadın ərinin icazəsi olmadan işə girə bilməz, xaricə gedə bilməz, boşana bilməz, uşağa sahiblik edə bilməz. Əgər kişi ölsə, onda uşaq əvvəlcə qayınataya, qayına, onlar olmasa, sonra anaya çatar. Yəni, uşağın üstündə ananın haqqı babadan və əmidən azdır”.

HACI SƏDİ AXUNDZADƏ: "RƏSMİ NİKAH OLMASA KƏBİN KƏSİLMİR"

Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsinin nümayəndəsi Hacı Sədi Axundzadə isə deyir ki, idarənin tapşırığına əsasən, axundlar rəsmi nikah olmadığı halda, kəbin kəsə bilməzlər.

Qeyd edək ki, qanunlara əsasən, əgər Azərbaycan vətəndaşı hansısa xarici ölkənin vətəndaşı ilə evlənirsə, onda xarici vətəndaşdan nikahda olmaması haqda arayış tələb olunur. Əgər nikah burda kəsilirsə, onda tərəflər öz üzərilərinə Azərbaycan qayda-qanunlarına uyğun öhdəliklər götürürlər. Lakin Azərbaycan məhkəmələri vətəndaş nikahında yaşayanların hüquqlarını tanımır.

XS
SM
MD
LG