Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 03:12

İsi Məlikzadə "Quyu" (Povest)


.
1

Umud gözlərini soğan, kartof qabıqları tökülmüş torpaq döşəməyə zilləyib, çirkli xalatının düymələrini yavaş-yavaş açmağa başladı. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi sözləri indi bərkdən dedi:
– Yox, kişi sənəti deyil bu!
Ocağın hisindən bomboz bozarmış xalatın yaxası da, ətəyi də yağ ləkələri ilə dolu idi. Umud yan-yörəyə göz gəzdirdi, elə bil ürəyini boşaltmaq üçün həmdərd axtarırdı. Əhəngi çoxdan qaralıb rəngini itirmiş divara baxdı. Bu divara soğan iyi hopmuşdu, bu iy gecələr də Umudun burnundan getmirdi. Umud xalatı iri ət kötüyünün üstünə tulladı.
– Bacarmıram, - dedi. - Zor deyil ki!
Başını balaca pəncərəyə dürtüb, müştərilərin arasında yeməkxananın müdirini nəzərləri ilə aradı. İçəridə adam çox idi, ağız deyəni qulaq eşitmirdi. Həmişə buralarda veyllənən müdir Umudun bu darıxdığı, təngidiyi vaxtda elə bil yağlı əppək olub yoxa çıxmışdı. Umud xörəkpaylayan caydaq oğlana əl elədi. Oğlan stolların yanından burula-burula, tələm-tələsik keçib pəncərəyə yaxınlaşdı. Umud arın-arxayın dedi:
– Özünüzə adam tapın... Məndən sizə aşpaz olmaz.
Umud caydaq oğlanın təəccüblənməyini də görmədi, duzlu-istiotlu söyüşünü də eşitmədi. Ət iyi, yağ iyi verən isti mətbəxdən yel-yepərək çıxdı.
Umudun canı od tutub yanırdı. Güman eləyirdi ki, beyni pıqhapıqla qaynayır, təpəsindən buxar qalxır. Alnında, çənəsində muncuqlanan təri əlinin dalı ilə sildi. Yenə burnuna zəhrimar soğanın iyi dəydi, elə bil ovcunda bir baş soyulmuş soğan tutmuşdu... Addımlarını yeyinlətdi. Özünü artezian quyusuna güclə çatdırıb, yarımqol, nimdaş köynəyini soyundu. Boynunu yoğun borudan şarhaşarla axan ilıq suyun altına tutdu. "Görəsən, işdən getməyimə dədəm nə deyəcək?". Su kürəyinə axanda Umud elə bildi ki, kürəyi qızmar dəmir kimi cızıldadı. "Xalıq dayı abrımı alacaq. Deyəcək, gündə baş-beynimi aparıb iş istəyirdin məndən. Deyəcək, onca gün kürənin dalında dayanmağa təpərin olmadı". Umud qollarını dirsəyəcən sarımtıl palçıqla sürtüb yudu. Əllərini iylədi. Deyəsən, əllərindən yenə soğan iyi gəlirdi. "Bacarmıram, vəssalam. Çox da ki, əsgərlikdə aşpaz olmuşam. Heç aşpaz olmamışam, aşpaz Kirsanova kömək eləmişəm. Buyruğa baxmışam: su gətir, kələm doğra, bu qazana kartof tök, bu qazanı qarışdır..."
Umud köynəyini geyinib fıkirli-fıkirli addımladı. Kəndin uzun, tozlu küçəsinə düşüb gedirdi. Hara gedir getsin, təki səsli-küylü yeməkxanadan uzaq olsun. Uzaq, uzaq, uzaq! Damı şiferli, çöl divarları çat-çat olmuş yeməkxananın birmərtəbəli, uzunsov binasını görməmək üçün tini burulub enli küçəyə çıxdı. "Xalıq dayı acıqlansa, qiymət cədvəlini göstərəcəm ona. Deyəcəm, ay sədr, Barnaulda iki ay aşpazlıq kursunda oxumuşam. Daha doğrusu, oxutdurublar məni. Deyəcəm, qiymətlərimə bax, təpədən dırnağa "üç"dür. Bircə dənə də "dörd"üm yoxdur, hələ "beşi" demirəm. Deyəcəm, ay sədr, bir adam ki, sənətini "üç"ə bilə..."
Sədrin "QAZ-69"u Umudun yanında dayandı. Maşının qabaq qapısı şaqqıltı ilə açıldı və Umudun bayaqkı fıkirləri pərən-pərən düşdü.
Xalıq zəndlə Umuda baxdı, ancaq Umud anlamadı ki, bu necə baxışdı. Sədrin, altı tuluqlanmış yorğun gözləri Umudun üzünə zillənmişdi, amma, deyəsən, Umudu görmürdü. Xalıq danışmaqdan təngə gəlmiş adam kimi ərincək-ərincək dedi:
– Axşam dədəni də götürüb bizə gələrsən.
Sədr, şofer Piriyə də ərincək-ərincək baxıb qapını çırpdı. Piri maşını tərpətdi. Tozun içində "QAZ-69" da görünməz oldu, Umud da. Sapsarı toz Umudun ağzına, burnuna doldu. Umud gözlərini yumdu. Fikirləşdi ki, toz pərdəsinin içindədir. Ona elə gəldi ki, bütün dünya tozun içindədir. Umud nəfəsi tıncıxa-tıncıxa gözlərini açdı. Sarı pərdə hərəkətdə idi, əriyirdi, seyrəlirdi. Umud yavaşca nəfəs çəkdi və elə bildi ki, toz burnunun deşiklərindən keçib dilçəyində palçığa döndü. "İşdən getməyimi nə tez sədrin ovcuna qoydular?"
Umud evlərinə sarı gedən cığıra buruldu. Papiros çıxardıb yandırdı. Fikirləşdi ki, yəqin indi yeməkxanada aləm bir-birinə qarışıb. Camaat xörək istəyir, müdir də qapının ağzında dayanıb hər gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da Umudun qarasınca dişinin dibindən çıxanı deyir. İndi müştərilər, güman ki, Umudu lağa qoyub gülürlər. Umud da ürəyində onların cavabını verdi: "Hamınız avarasınız. Hamınızın kənddə ev-eşiyi var. Örüşdən qayıdan mal-qara kimi toxsunuz. Yeməkxanaya laqqırtı vurmağa, qeybət qırmağa gəlirsiniz". Umud uzaqdan gördü ki, həyətlərindən ağımtıl tüstü qalxır. Düşündü ki, atası havayı zəhmət çəkir. Ağcaqanadın nə can-cəsədi var ki, tüstüdə boğulsun. "Dədəm axşamlar nahaq təzək yandırır, tay da delmə-deşikdəki ağcaqanadları ürküdür, onlar da hirslənib daraşırlar canımıza".
Umud əlindəki papirosu hələ yarıyacan çəkməmişdi. Yarımçıq atmağa heyfi gəlirdi. Papirosla da həyətə girmək olmazdı, çünki Umud bu vaxtacan nəinki atasının, heç qardaşı Kamranın da yanında damağına papiros qoymamışdı. Umud pitraq kollarının arasından keçən ensiz cığırın tən ortasında dayanıb, papirosunu arxayın-arxayın sümürdü. Başını qaldırıb göyə baxdı. Göydə günəş görünmürdü. Təkcə qızartısı qalmışdı. Yavaş-yavaş toran qarışırdı, ancaq gündüzkü isti hələ səngiməmişdi. Hələ hava bürkülü idi. Havadan toz iyi gəlirdi. Bu toz iyi Umudun yadına Xalığı saldı. Xalığın torbalanmış yorğun gözlərini saldı. "Sədr, deyəsən, məni dədəmin yanında tənbeh eləmək istəyir".
Umudun qulağının dibində bir ağcaqanad zümzümə çaldı. Bu zümzümədən Umudun bədəni uyuşub açıldı. Umud Altayda əsgərlik çəkmişdi. Altay meşələrində bal arısı boyda ağcaqanadlar görmüşdü, amma onlardan bu qədər qorxmamışdı, çünki onların səsi belə zəhmli deyildi, iynələri belə acı, belə ağrılı deyildi. Bu kəndin ağcaqanadları çox həyasız idi, sancdığı yeri yandırmasa, şişirdib yara eləməsə, adamdan əl çəkmirdi... Bayaqkı zümzümə birdən-birə kəsildi. Amma Umud sevinməyə macal tapmadı; sol əlinin üstünə elə bil iynə ucu boyda köz basdılar. Umud baş barmağının yanındakı xıpxırda, sarımtıl ağcaqanada baxdı. Bu sarımtıl ağcaqanad get-gedə böyüdü, rəngi dəyişdi onun, qarnı qıpqırmızı qızarıb yumrulandı. Umud dişlərini dişlərinə sıxıb əlinin üstündəki göynərtiyə dözdü. "Sor qanımı köpəkoğlunun malı. Qarnın partlayınca sor". Ancaq ağcaqanad partlamaq bilmirdi. Gənə kimi yapışıb qalmışdı Umudun əlinin üstündə. Deyəsən, yükünü qaldırmağa qanadlarının gücü çatmırdı.
Umud papirosu tullayıb sağ əlinin üstünə şappıltı ilə vurdu. Ağcaqanad xıncım-xıncım oldu və Umudun öz qanı öz əlinə yayıldı.
Umud həyətə girib yan-yörəyə göz gəzdirdi, ancaq atasını görə bilmədi. Təzək qalağının aşağısından süd rəngli qatı tüstü qalxırdı. Yuxarı milləndikcə tüstü seyrəlib saralırdı, sonra tamam göyərirdi. Bu üçrəngli tüstü burulğanının dalından Məcid kişi öskürə-öskürə çıxdı. Özü də ağappaq tuman-köynəkdə idi, heç tüstü sütunundan seçilmirdi.
Kişi artırmanın qabağında mat-məəttəl dayanmış oğluna baxdı.
– Ditdilinin dədəsinə od vurmuşam. - dedi. Ayağındakı şap-şupları sürütləyə-sürütləyə gəlib Umudla üzbəüz dayandı.
Məcid kişinin enli alnının tən ortasında bir ağcaqanad oturmuşdu. Deyəsən, tərpənmək fıkri yox idi, ömürlük qonmuşdu ora. Umud axşamın toranında atasının çəhrayıya çalan uzunsov sifətinə, çal qaşlarına nəzər saldı. Sonra kişinin alnında qara xala oxşayan ağcaqanada baxdı.
– Sancmır səni? - dedi.
– Nə?
– Alnındakı ağcaqanad.
Kişi çal qaşlarını çatdı. Alnındakı qırışlar dartılıb enləndi. Ağcaqanad tərpənmədi ki, tərpənmədi.
Umudun hövsələsi lap daraldı.
– Qov onu, dədə. Qanını sorur axı.
– Mənim nə qanım var ki, Allahın bu heyvanı da sora.
Təzəyin acı tüstüsü Umudun gözlərini gicişdirirdi, boğazını göynədirdi. Umud artırmaya çıxıb işığı yandırdı. Bu işıqda həyətin tüstüsü dağ dumanına oxşadı.
– Nahaq gözlərini kor eyləyirsən, dədə. Tüstü ağcaqanadın vecinə deyil.
Kişi də artırmaya qalxdı.
– Vecinə oldu, olmadı... Onsuz da həyət-bacadakı zir-zibil yanmalıdı.
Umud bilirdi ki, atasının ağcaqanaddan qorxusu yoxdur, atası onunçün əlləşir, gecələr miçətkəni də onunçün qurur.
– Aclığın var?
Umud cavab verməmiş təzədən atasının alnına baxdı. Qara xala oxşayan ağcaqanadı görmədi orda. Deyəsən, ağcaqanadın ağzı boşda qalmışdı. Yetmiş il dünyanın isti-soyuğuna tab gətirib köşəyə dönmüş bu qırışlı alından bircə damcı da qan sora bilməmişdi.
– Qayğanaq bişirimmi?
Umud başını buladı:
– Toxam.
– Orda yemisən?
Umud fıkirləşdi ki, indi hər şeyi açıb deməyin məqamıdır. Onsuz da bir azdan Xalığın yanına gedəcəklər, Xalıq taxçada-boğçada nə varsa, tökəcək ortalığa.
– Xörək bişirmək arvad işidi, dədə.
Məcid kişi oğlunun nəyə işarə elədiyini anlamadı.
– Əlacımız nədi? Evdə arvad xeylağı olmayanda gərək özümüz...
– Onu demirəm... İşdən çıxmışam... Aşpazlıq arvad peşəsidi.
Məcid kişi yanını taxta çarpayının qırağına qoydu. Əvvəlcə boynunu qaşıdı, sonra köynəyinin ətəyini qaldırıb qarnını qaşıdı.
– Bə çöldə tər tökmək arvad işidi? - dedi. - Traktor sürmək arvad sənətidi? Bə onlar niyə şikayət eləmirlər?
Umud arxasını sütuna söykəyib tüstüdən acışan gözlərini ovxaladı:
– Camaat mənim bişirdiyim xörəkləri bəyənmir.
– Niyə? Duzun, istiotun qədərini bilmirsən, yoxsa...
– Bunlar borş, sup, kotlet yemirlər. Tikəkababdan dəm vururlar. Mən də onların istədiklərini bişirə bilmirəm. Bir yekə qazan borş bişirmişəm, üç gündü qalıb elə heylə. Hər gün ocağın üstünə qoyub təzədən qızdırıram. O qədər qaynatmışam, xəşilə dönüb.
– Niyə borşu bəyənmir bu camaat? Qarnına azar dolub bu camaatın?
– Deyirlər, borş şəhər xörəyidir.
Məcid kişi elektrik lampasının həndəvərində fırlanan pərvanələrə baxdı.
– Qudurublar, - dedi. Sonra üzünü oğluna tutdu. - Bə əsgərlikdə nə qələt eləyirdin, ə?!
Umud başını aşağı saldı:
– Əsgərlik ayrı, bura ayrı... Orda yekə qazanlar asırdıq, hərəsi çəllək boyda. Kələmi, kartofu doldururduq içinə.
Məcid kişi çat-çat olmuş əlini ağzına qoyub əsnədi:
– Anaları ölməsin əsgərlərin. İki il sənin bişirdiyin zəqqutunu yeyiblər.
Kişi yenə nəsə demək istədi. Elə bu heyndə "QAZ-69"un tırıltısı eşidildi. Faraların işığı artırmanın əhəngli divarını yalayıb ötdü. Yolun sapsarı tozu həyətin ağappaq tüstüsünə qarışdı. Maşının səsi kəsiləndən sonra Məcid kişi öz-özünə danışırmış kimi dedi:
– Xalıq işdən nə tez qayıdıb, balam? - Tərs-tərs oğluna baxdı. Elə bil Xalığın işdən qayıtmağında Umud müqəssir idi. Kişi lampanın dövrəsində fırlanan pərvanələrə də tərs-tərs baxdı. Nursuz gözlərini lampaya zilləyib mülayim-mülayim soruşdu: - Bə bir işin qulpundan yapışmayacaqsan?
Umud çiynini çəkdi:
- Görək də... Xalıq dayı çağırıb məni.
- Neynir?
- Yəqin danlayacaq... Səni də çağırıb.
- Məni niyə? Mən borş bişirmirəm ki. - Məcid kişi çarpayının başındakı mütəkkəni qoltuğunun altına çəkib dirsəkləndi. - Heç hara gedən deyiləm. - Qərarının qəti olduğunu Umuda bildirmək üçün kəlləsini mütəkkəyə atıb, gözlərini yumdu.
Umud həyətə düşdü. Hasarın üstündən Xalıqgilin işıqlı eyvanına baxdı. O tərəfdən səs-səmir gəlmirdi. Səs-səmir eləyəsi adam da yox idi o evdə. Xalığın oğlu Tofıq Bakıda, qızı Solmaz da Ağdamda idi. Tofiq universitetdə oxuyurdu, Solmaz tibb texnikumunda. Xalığın arvadı Əslini dindirməsən dinməzdi, çimdikləməsən səsi çıxmazdı. Anası Minnət qarı bir teşt xəmir kimi idi, hara qoysan, orda dururdu. Bu evin yır-yığışına, biş-düşünə baxan qonşu Güləndam əldən yaman zirək idi, amma o da yerə baxan idi, su kimi lal axan idi. Bu yurdda hərdən şofer Pirinin dalğalı, yoğun səsi eşidilərdi. Şofer Pirinin boğazını elə bil iskənə ilə deşmişdilər, asta danışmaqla arası yox idi.
Piri eyvanda əyilib qalxdı. Pirinin qıvrım başının kölgəsi divara on qat böyüdü. Bu kölgə titrədi, səyridi və tavana qədər uzandı. Sonra Pirinin dalğalı, gur səsi eşidildi:
- Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdı, Əsli bacı.
Umud dönüb tövləyə tərəf getdi. Fikirləşdi ki, Pirinin sözləri səfeh sözlərdi, cəfəng sözlərdi. Çünki adam elə axşam da xeyir tapa bilər, lap gecənin yarısı da xeyir tapa bilər. Umud sonra da fıkirləşdi ki, bu sözlər Pirinin sözləri deyil, bunlar atalar sözüdür, atalar məsələdir. Atalara qurban olum, görünür, onların da içində tənbəli olub. Bu sözləri, yəqin axşamın işini sabaha qoyan ərincək atalar düzəldiblər. Ərincək olmasaydılar belə deməzdilər. Çünki onların fərasətli, diribaş tay-tuşları bunun tərsini deyiblər: "Bu günün işini sabaha qoyma".
Ağcaqanadlar yaman qol-qanad açmışdılar. Gah Umudun qulağına soxulurdular, gah burnuna dürtülürdülər, gah da gözlərinin qabağında zümzümə çalıb ona meydan oxuyurdular. Umud boynunu şappıdatdı, çənəsini qaşıdı, sinəsini cırmaqladı, axırda yoruldu, təngə gəldi. "Qoy sancsınlar. Qoy məni diri-diri yesinlər. Tərpənsəm, kişi deyiləm".
Kamrangil burda olanda Umudun başı qarışırdı, heç ağcaqanadları vecinə almırdı. İndi bu həyət, bu ev suyu sovulmuş dəyirmana oxşayırdı. Kamran arvad-uşağı yığışdırıb dağa aparmışdı. Mal-qaranı da yaylağa göndərmişdi. Qoca atasını bu yurda keşikçi qoymuşdu, Umudu da ona həyan. Umuddan nə həyan, Umuddan nə kömək? Day da atasına yük olub, kişinin dincliyinə haram qatıb. Görəsən, Kamran bilmir bunları?... Eh, Kamranda nə günah var? Çobanın işi belədir. Çoban köçəri quş kimidir: yayda dağa, qışda arana...
Umud artırmanın qabağında dayandı. Məcid kişi, deyəsən, gerçəkləmişdi. Deyəsən, şirin-şirin yatırdı burda.
- Dədə, ay dədə! Sədr, yəqin bizi gözləyir.
Məcid kişi elə bil bu səsə bənd idi, dikəlib ayaqlarını çarpayıdan sallatdı.
- Borşu xəşilə döndərən sən, məzəmmət yeyən mən? - Əllərini dizlərinə qoyub yalın ayaqlarına baxdı. Sədrin yanına alt tuman-köynəkdə getmək yaramazdı.
Məcid kişi nimdaş şalvarını arxayın-arxayın geydi. Sətin pencəyi çiyninə salıb artırmadan düşdü.
- Gəl, a befərin balası, gəl. Sən anadan olan gecə yanan çırağın nöyütünə hayıfım gəlir.
Məcid kişinin qaramtıl dodaqları təbəssümlə dartılanda Umud da istər-istəməz gülümsədi...
Uzun stolun bir başında Xalıq oturmuşdu, bir başında Piri. Məcidi görəndə Xalıq çəngəli boşqaba qoyub təəccüblə baxdı və onun baxışından Məcid də çaşdı, Umud da. Xalıq elə baxırdı, elə bil bu adamları ömürbillah görməmişdi, elə bil bunlar bu işıqlı eyvana indicə tavandan düşmüşdülər.
Süfrə üstünə çıxmağı Məcidi heç açmadı. Stoldan xeyli aralıda dayanıb mızıldandı:
- Gədə dedi ki, bizi çağırmısan.
Hə, deyəsən. Xalığın yadına düşdü. Qaşlarını çatıb başını silkələdi:
- Zəhmət vermişəm sizə... Əyləşin, Məcid dayı. Lap vaxtında gəlmisiniz. - Arvadı yanında müntəzir dayana-dayana üzünü eyvanın o başına tutdu. - A Güləndam, yemək gətir.
Umud Pirinin sağ yanında oturdu. Baxıb gördü ki, toyuğun budunu dişlərinə çəkib çeynədikcə Pirinin qulağı tərpənir. Alnının, üzünün dərisi rezin kimi dartılıb yumulur. Umud özü də hiss etmədən zəndlə Piriyə baxdı. Pirinin sifəti koppuş idi, yanaqları görünmürdü. Daha doğrusu, yanaqları yerli-dibli yox idi, çünki gözlərinin altınacan tük bitmişdi. Qulağının içində də uzun-uzun, qara-qara tüklər dikəlmişdi.
Umud nəzərlərini Piridən yayındırdı. "Haqqına buna Porsuq Piri deyirlər. Porsuğa oxşayır yazıq".
Güləndam Məcidlə Umuda yemək gətirdi. Sonra sual dolu nəzərlərini Əslinin üzünə dikdi.
Əsli stolun üstünə baxdı, gördü ki, süfrədə hər şey yerli-yerindədir, daha Güləndama ehtiyac yoxdur. Astadan dedi:
- A Güləndam, tay get balalarının yanına. Obaşdan burda ol, iş-güc çoxdu.
Güləndam eyvanın o başındakı düyüncəni götürüb pilləkəni asta- asta düşdü. Güləndam hər axşam bu evdən gedəndə qoltuğunda bir şey aparardı. Bu axşam da əliboş getmədi.
Əsli ərinin yanında dimdik dayanmışdı. Xalıq çəngəl tutan əlini hara aparırdısa, Əsli də ora baxırdı.
Umud Əsliyə diqqət yetirməyə utanırdı. Neçə il idi bu evdə olmamışdı, neçə il idi Solmazın anasını ağıllı-başlı görməmişdi. Umud tikəni ağzına aparanda Əsliyə ötəri nəzər saldı. Əslinin saçları sığallı idi, həm də qırmızımtıl idi. Deyəsən, başına həna qoymuşdu. Lampanın gur işığında bənizi solğun görünürdü. Boğazının altına nazik qırışlar düşmüşdü, ancaq Əsliyə qoca demək insafdan deyildi. Əslinin vur-tut 44-45 yaşı ancaq olardı.
Xalıq ağzındakı tikəni həvəssiz çeynəyirdi, əlini boşqaba həvəssiz aparırdı. Əsli yavaşcadan, amma məzəmmətlə dedi:
-Xalıq... Xörəyi soyutma...Ye...
Xalıq gülümsəyib başını buladı:
- Görürsən də, Məcid dayı. Calalın qızı boynumun ardını soldat kimi kəsdirib. Boşqabın dibini yalatdırmasa əl çəkmir məndən.
Məcid kişi baş barmağının ucu ilə bığının altını sildi.
- Halal olsun anasının südü ona. Anası rəhmətlik də yaman ər istəyən idi. Calalı yağ içində böyrək kimi saxlayırdı.
Əsli utanıb üzünü yana çevirdi:
- Neynəyim, - dedi. - Xalıq uşaqdan da betərdi, zor eləməsən boğazından tikə ötmür... Yazıq səhərdən axşamacan ayaq üstədi.
Əsli son sözləri az qala ağlamsına-ağlamsına dedi. Onun qayğılı səsindəki titrəyişdən, deyəsən, Xalıq da kövrəldi. Çəngəli boşqabın qırağma dirəyib köks ötürdü:
Vallah, Məcid dayı, əlacıın olsa, günü sabah sədrlik stulundan durub, yapışaram, sizin Kamranın çomağından. Deyərəm, qardaş, gəl yerimizi dəyişək, sən sədr ol, mən çoban... Mənim günüm it günüdü. Kolxozun hər işinə cavabdehəm. Heyf deyil çobanlıq!
Umud sədrin bəbəklərində bir işartı gördü, torbalanmış gözlərinin yanında xəfıf qızartı gördü. Anladı ki, Xalıq yalan danışır, Xalıq heç vaxt əlinə çomaq alıb sürü dalına düşməz. Anladı ki, Xalıq öz vəzifəsini pisləyə-pisləyə tərifləyir.
Əsli ərinin çiyninə ehmalca toxundu.
- Xörəyin buza döndü... Qatıq gətirimmi? Camış qatığıdı. Güləndam səhər çalıb.
Xalıq çəngəli təzədən götürdü:
- Qatığı yatanda verərsən, - dedi.
Umud daha yeyə bilmirdi. Xalığın səbri onu hövsələdən çıxardırdı. "Bizi bura niyə çağırıb? Mətləbi niyə uzadır?". Onsuz da Umud sədrin nə deyəcəyini əvvəlcədən bilirdi və cavabını da əvvəlcədən hazırlamışdı.
Piri bud sümüyünü boşqaba tullayıb yağlı barmaqlarını marçıltı ilə yaladı. Stolun arxasında oturanlara bir-bir nəzər salıb gülümsədi və bununla da məlum oldu ki, Piri nəsə bir söz deyəcək. Pirinin boğazındakı burum-burum damarlar şişdi, səsi gur-gur guruldadı:
- Mən bir şeyə məhəttəl qalmışam. Adam ki, sulu xörəyi isti-isti yeyir, ha, ağzı pörşələnəndə niyə başını qaldırıb yuxarı baxır? Nə qədər ağzı yanan görmüşəmsə, hamısı heylə eləyir.
Əsli pıqqıldamaq istədi, ancaq Xalığı qaşqabaqlı görüb dodaqlarını yumdu.
Məcid kişi qarşısındakı boşqabı kənara itələdi:
- Ağzı yanan adam öz xoşuynan başını yuxarı qaldırmır, a bala. Allah-təala onun qulağından yapışıb başını döndərir özünə tərəf. Deyir, gözlərimin içinə düz bax, ey səbirsiz bəndəm. Isti xörəyi qaşıqlayanda üfürməmiş udma, hər işdə səbirli ol.
Hamı süfrədən əlini çəkmişdi. Xalıq dördqatdalı, ütülü dəsmalı işıldayan dodaqlarına ehmalca toxundurub, başı ilə arvadına işarə elədi.
- Yığışdır buranı. Çay gətir. - Üzünü Məcid kişiyə tutdu. - Bilirsən sənə niyə zəhmət vermişəm? Gərək bir quyu qazasan bizə.
- Nə? - Məcid kişinin ağzı açıla qaldı.
- Quyu. Su quyusu... Qabaqlar qazırdın ha.
- A sədr, mən iyirmi ildi quyu qazmıram. İndi qollarımda heylə güc də qalmayıb.
- Kaş sənin təpərin məndə olaydı, Məcid dayı. Həvəsin olsa, gündə bir quyu qazarsan. Küllü-Qarabağda sənin kimi kənkan olmayıb. Sənin əlin xeyirlidi. Qazdığın quyunun suyu mət kimi şipşirin olur. Həm də dupduru... göz yaşı kimi... Çünki torpağın damarını tanıyırsan.
Məcid kişi çaşbaş qalmışdı. Anlaya bilmirdi ki, sədr gerçək danışır, yoxsa zarafat eləyir.
- Bu zamanada quyu kimin nəyinə lazımdı, a Xalıq?
- Lazımdı, Məcid dayı. - Xalıq başı ilə ara qapıya işarə elədi. - Minnət qarıya lazımdı... Görürsən ki, havalar necə isti keçir. Yer-göy od tutub yanır. Soyuducuya qoyduğumuz şeylərdən Minnət qarıya verən kimi yazığın ya qarnı pozulur, ya boğazı gəlir. Anadı da, hay-hayı gedib, vay-vayı qalıb. Gərək qulluğunda dayanam.
Məcid kişi ara qapıya nəzər saldı. Bildi ki, Minnət qarı o qapının dalındadır. O otaqdakı çarpayının üstündədir və dünyanın bütün dərd-sərlərindən uzaq öz yarıişıq-yarıqaranlıq, yarıyuxulu-yarıayıq aləmindədir.
- Yoxsa qarını quyuya sallamaq fıkrin var?
Məcid kişinin bu sözlərinə Piri güldü. Xalıq da gülümsədi.
- Yox, əşi, - dedi. - Quyuya cürdək, qarpız-yemiş sallayarıq. Göy-göyərti filan... Qarı da sərin-sərin yeyib-içər... Nə deyirsən, Məcid dayı? Gəl, bu işə boyun ol. Pulu pul, minnəti də minnət.
Məcid kişi naəlac qalıb çiynini çəkdi:
- Vallah, nə deyim... Qorxuram səni yarıtmayam.
Xalıq ona ürək-dirək verdi:
- Yarıdarsan. Maşallah, yanında pəhləvan kimi oğlun var.
Günortadan bəri başqa söhbət gözləyən Umudun sivri çənəsi tərpəndi, amma Xalıq ona ağzını açmağa macal vermədi.
- Xəbərdaram, - dedi. - İşdən əkilmisən. Lap əlinin içindən gəlib. - Başını bulayıb öz-özünü məzəmmət elədi. - Günah məndədi. Nahaq açdırdın oranı. Bu kəndin nəyinə lazımdı yeməkxana? Müsəlmana yaxşılıq yoxdu. Deyirdim, üç-dörd adam külfətinə ruzi qazanar ordan. Sonra gördüm yox, orda işləyənlər əliəyridi, ora yığılanlar da dələduz. Oturub mənim qeybətimi qırırlar... Çoxdan qapısına qıfıl vurmaq istəyirdim. Umud çıxdı böyürdən. Dedim, genə qurban olsunlar Umuda, qoy Umud bekar qalmasın... İstəyirsən səni göndərim şoferliyə... Kolxozun hesabına...
Umud atasının üzünə baxdı. Məcid kişi çal qaşlarını çatdı.
- Lətifəsi Piridən uzaq olsun, - dedi, - bu zamanada itə ağac atırsan, gedib şoferə dəyir.
Xalıq Əslinin armudu stəkanda gətirdiyi "xoruzquyruğu" çaydan bir qurtum içdi. Umuda elə gəldi ki, sədrin ağzı pörşələndi və bayaq Pirinin dediyi kimi, sədr indicə başını qaldırıb tavana baxacaq.
Xalıq çaydan bir qurtum da alıb stəkanı nəlbəkiyə qoydu.
- Yoxsa instituta getmək niyyətindəsən?
Umudun əvəzinə atası cavab verdi:
- Nəynən? Başında bir qara qəpiklik elm var ki, gedib dalını da oxusun? Bildikləri də əsgərlikdə yadmdan çıxıb.
Xalıq gözlərini qıyıb fikrə getdi. O, fikrə gedəndə Piri narahat-narahat Umudla Məcidə baxdı. Umuda elə gəldi ki, Piri bu dəqiqə şəhadət barmağını qalın dodaqlarına yapışdırıb "tcc" eləyəcək, yəni ki, susun, sədr çox vacib bir məsələ barəsində düşünür, allah eləməmiş, birdən cınqırınızı çıxardarsınız, sədrin fıkri dağılar. Piri gördü ki, Məcid daş kimi səssizdir. Umud ondan da betərdir. Inandı ki, bunları dürtmələməsən hay verən deyillər, ondan sonra Xalıq sayağı Pirinin də gözləri yol çəkdi. Pirinin gözləri yol çəkəndə Umudla Məcid başa düşdülər ki, sədr doğrudan da, çox vacib bir məsələni beynində götür-qoy eləyir.
Xalıq nəyisə xatırlayıbmış kimi şəhadət barmağını Umuda tuşlayıb sevincək dedi:
- Dayan, dayan. Gəlsənə sentyabrda səni göndərim mexanizatorluq məktəbinə? Qızlardan nəyin əskikdi, ə, sənin? Keçən il Xeyransanın qızı Tubuya orden vermişəm. Bir az işləyərsən, sənə də orden təşkil eləyərəm. Elə Tubunu da alarsan. Yumurta kimi qızdı. Bir evdə iki mexanizatorumuz olar.
Umud başını aşağı salıb uzun süfrənin saçaqlarını didişdirirdi. Xalıq anlaya bilmədi ki, Umud nədən incidi; mexanizator söhbətindən, yoxsa Tubunu almaq məsələsindən?
Sədr, Məcid kişiyə göz vurub gülümsədi:
- Gədən yaman dəymə düşərdi ha... Bir iş fıkirləşərəm onunçün. Qoymaram bekar qala...
Evə dinməz-söyləməz qayıtdılar.
Məcid kişi yenə çöldə miçətkən qurmaq istədi. Umud razı olmadı.
- İçəridə yatacam, - dedi.
- İstidən bişərsən.
- Qoy bişim.
Umud yaylı çarpayıda uzanıb gözlərini qaranlıq tavana zillədi. Yadma düşdü ki, Xaliqgildə bircə dənə də ağcaqanad yox idi. Bircə dəfə də ağcaqanadın zəhlətökən zümzüməsi eşidilmədi. Xalıqgilin eyvanı işıqlı idi. Xalıqgilin eyvanında adamın gözləri qamaşırdı. "Ağcaqanadlar işıqdan qorxurlar".
Umud cəld durub otağın işığını yandırdı.
2
Piri qatlama bıçağın tiyəsi ilə tut ağacının altında iri bir dairə cızdı.
- Burdan qazın, - dedi.
Məcid kişi qollu-budaqlı tut ağacının təpəsinə baxdı, yoğun gövdəsinə baxdı.
- Olmaz, - dedi. - Ağacın barı töküləcək quyunun içinə.
Məcid ağacın tuşundan başlayıb günçıxana tərəf iyirmi addım ölçdü.
- Quyunun yeri buradı, - dedi. - Quyu gərək açıqlıqda olsun.
- Nə deyirəm, əşi. - Piri cibindən bir göy iyirmibeşlik çıxardıb Məcid kişinin ovcuna basdı. - Xeyirli olsun. Bunu sədr göndərib. Siftədi...
- A bala, qaytar bu pulu sədrə. Nə siftəbazlıqdı?
- Elimizin adətidi, Məcid dayı. Bir işə başlayanda ev yiyəsi ustaya gərək xeyirlik versin.
Məcid kişi başını bulaya-bulaya pulu cibinə qoydu.
- Düzəlmişdi hər yarağım, qalmışdı saqqal darağım. Elin hansı adətini saxlamışıq ki, bunu da saxlayaq... Bəs sədr özü hardadı?
- Sədrin günü-diriliyi var? Tülküdurmazdan çölə aparmışam onu. - Piri evin kəlləsində qab-qacaq yuyan Güləndama nəzər saldı. - Bəlkə sədr günorta yeməyinə də gəlmədi.
Bayaqdan bəri tut ağacının dibində səssiz-səmirsiz dayanmış Umud təzəcə qızaran üfuqə baxdı.
- Dədə, gün çıxır ha, isti düşəcək.
- Səbr elə, halva bişər, ey qora səndən. - Məcid kişi ovcuna tüpürüb belin sapından yapışdı.
Belin ağzı saralmış çayırları xırpıltı ilə kəsə-kəsə yekə bir dairə cızdı. Elə bil dairəni kağızın üstündə pərgarla cızmışdılar. Umud atasının quyu qazdığını heç vaxt görməmişdi. Ona hərdən "kənkan Məcidin oğlu" deyirdilər və Umud düşünürdü ki, kənkanlıq peşə deyil, kim əlinə bel götürsə, quyu qaza bilər. İndi Məcidin bel tutmağından, dairə boyu gəzişə-gəzişə beli eyni xəttə tez-tez vurmağından Umud başa düşdü ki, kənkanlıq hər adamın xörəyi deyil.
Məcid kişi xırda gözlərini qıyıb tər-təmiz səmaya baxdı.
- Allah, Məhəmməd, ya Əli, - deyib birinci təpkeşi qazmağa başladı.
Belin ağzı torpağa yeridikcə Məcid kişinin çəhrayıya çalan boynundakı yoğun damarlar qabarırdı. Bu göyümtül damarlara baxanda Umud dünən gecə sədrin dediyi sözləri xatırladı: "...torpağın damarını tanıyırsan". Umud fikirləşdi ki, atası qaza-qaza yerin altındakı damarı lapacaq. Torpağın damarını partladacaq və bu damar quyunu mət kişi şipşirin, gözyaşı kimi dupduru su ilə dolduracaq.
Piri eyvana qalxmışdı, sinəsini məhəccərə söykəyib Məcid kişiyə tamaşa eləyirdi. Əsli səhərdən görünmürdü, deyəsən, hələ yuxudan durmamışdı. Həyətdə səs-səmir yox idi. Təkcə Güləndamın qab-qacaqları dınqıldayırdı.
Qara tula marığa yatmış kimi qarnı üstə uzanıb çənəsini yerə dirəmişdi. Pıçalıqlı ölgün gözlərini döyə-döyə mürgü vururdu. Tula keçəlləşmişdi: adda-budda yerlərdə belinin tükü tökülmüşdü. Qapqara ağzı-burnu qaloş üzü kimi işıldayırdı. Sallaq qulaqlarına qonan yaşıl milçəkləri qovmağa heç kəslə, heç nəylə işi yox idi.
Tulanı Xalığa on il əvvəl bir tənəkəçi usta bağışlamışdı. Xalıq evin damına dəmir vurdurmaq üçün Yevlaxdan usta gətirmişdi. Ustanın adı Turab idi. Amma bu kəndin camaatı daldada onun adına doqquzbarmaq deyirdi, çünki Turabın sağ əlində baş barmağı yox idi. Turab bu barmağını müharibədə qoymuşdumu, dəzgah-bıçağın ağzına vermişdimi, bilən yox idi. Ancaq məlum məsələ idi ki, Turab da bütün bəni-insanlar kimi anadan onbarmaqlı doğulmuşdu. Deyilənə görə, Qarabağda onun kimi taxtapuş düzəldən yox imiş. Turab yanınca Patron adlı bir tula da gətirmişdi.
Umud Turabı görmüşdü, saatlarla dayanıb onun işinə tamaşa eləmişdi. İndi qoca tulaya baxanda nəfəsi çiynindən çıxan o arıq, cılız kişini xatırladı. Turab tək işləyərdi. Titrəyəndə göy gurultusu qoparan ağ dəmir laylarından doqquzbarmaqlı yapışıb dama tək qaldırardı. Tənəkələri taxtalara tək mıxlayardı. Səhərdən axşamacan heç kimlə kəlmə kəsməzdi. Çoxlu su içərdi, çoxlu siqaret çəkərdi. Xalıq yeşik-yeşik mineral su alıb qoyardı dama. Turab bir dəmir vurandan sonra bir butulkanın ağzını qurumuş dodaqlarına dirəyib boşaldardı. Gün təpəsinə döysə də, qırış-qırış, seyrək tüklü, sarımtıl üzündə bir damcı da tər görünməzdi.
Solmaz tulaya yaman mehr salmışdı. İşi-peşəsi səhərdən-axşamacan Patronla oynamaq idi. Solmaz Patronun boğazına qırmızı lent bağlayardı. İri dişli dəmir daraqla tez-tez onun başını, belini darayardı. Yaxşı deyiblər ki, "uşaq məhəbbətə, it əppəyə gələr". Solmaz küncüddən tutmuş qarpız tumuna qədər əlinə nə düşsə, Patrona yedizdirərdi. Patron da bu xeyirxah, səxavətli qızcığazın dizlərindən uzağa getməzdi.
Turab işini qurtardı. Haqq-hesabını üzüb Yevlaxa qayıtmaq istəyəndə Solmaz tulanın boynunu qucaqlayıb ağladı.
- Vermərəm, - dedi. - Mənimkidi.
Əsli də kövrəldi, Xalıq da.
Xalıq Turabı dilə tutdu:
- Uşaq yaman öyrəşib bu itə, usta. Neçə deyirsən verim, aparma bu iti.
Turab qaşqabağını tökdü:
- Yox... Satmıram... - Sonra Solmazın yanaqlarına süzülən yaşa baxdı, tulanın göyümtül, şəfəqli gözlərinə baxdı. - Indi ki, mehrini ona salıb, qoy havayı götürsün, - dedi. Əllərini yellədib həyətdən çıxdı. Bircə dəfə də dönüb geriyə, canından çox istədiyi Patrona baxmadı.
- Dədə, bu tulanın cavanlığı yadındadı?
Məcid kişi oğlunun səsinə əl saxladı. Pıçalaqlı gözləri ilə mürgü vuran Patrona baxdı. Sonra Umuda məzəmmətli nəzər saldı:
- Sarsaq oğlu, sarsaq! Guya tula mənim tay-tuşumdu, - deyib təzədən işə girişdi.
Əsli heyvanda göründü, Piriyə nəsə dedi, sonra evin kəlləsində boşqabları suya çəkib çinləyən Güləndamı səslədi:
- Ay Güləndam! Bir az əlli-ayaqlı ol! Mitil-şitilin yununu çırpmaq lazımdı!
Əsli butalı, uzun xalatının açıq yaxasını örtdü, dirsəklərini məhəccərə qoyub Məcid kişinin işləməyinə xeyli tamaşa etdi. Sonra nəzərləri Patrona sataşdı.
- Ay Umud! - dedi. - O çər dəymişi qov ordan! Quyunu murdarlayar.
Umud tulaya baxa-baxa qaldı. Bilmədi Patrona necə acıqlansın, onu necə qovsun. Lap yavaşcadan, özü də çox həvəssiz dilləndi:
- Sürük burdan.
Patronun bir tükü də tərpənmədi. Bu dünya onun vecinə deyildi. Heç kimin də hədəsindən qorxmurdu. Umud başa düşdü ki, mürgüdən ayılmaq, yerindən qalxıb onca addım yerimək Patron üçün cəhənnəm əzabından da betərdi. Daha Patronu qovmağa Umudun ürəyi gəlmədi. Yenə onun yadına tulamn keçmiş sahibi düşdü. Gündə bircə dəfə qarnına qulluq eləyən cansız-cəsədsiz, sarı-sısqa Turab! Turab iki dəfə Yevlaxdan bura basa-basa Patronun görüşünə gəlmişdi. Axırıncı kərə tulanı qucaqlayıb bağrına basmışdı. Sonra barmaqlarının doqquzunu da Patronun belində, başında gəzdirə-gəzdirə göyümtül gözləri yaşara- yaşara demişdi: "Bu, qızıldı, qızıl... Bundan muğayat olun. Bu da mənim kimi təkdi, kimsəsizdi". Sonra Turab bu yerlərdə görünmədi. Xalıq dedi kı, Turab Yevlaxda kiminsə damından yıxılıb ölüb. Yazıq Turab dünyadan vaxtında köçüb. Patronun bu gününü görsəydi ürəyi partlardı. Patron bu boyda səmanın altında tək-tənha qalmışdı.
Piri qaça-qaça gəldi. Tut ağacının altına köhnə kilim saldı, kilimin üstünə qalın döşəkcə tulladı, mütəkkə qoydu, yenə qaça-qaça evə getdi. Bir azdan Piri döşəkağına bükülmüş bir şeyi qucağında bərk-bərk tutub, hıqqına-hıqqına pillələri düşdü. Elə bil döşəkağının arasına bir şaqqa quyruqlu ət qoymuşdular və Piri yeridikcə bu ət tir-tir titrəyirdi. Piri qucağındakını ehmalca döşəkcənin üstünə qoyub döşəkağını götürdü. Dümağ bir baş göründü. Hərəsi zoğal boyda bir cüt qıpqırmızı, kirpiksiz göz göründü. Umud anladı ki, döşəkcənin üstündə yumaq kimi bükülmüş bu kündəsifət məxluq Minnət qarıdır.
Piri döşəkağını qarının çiyninə salıb tıncıxa-tıncıxa dedi:
- Dincəl bu kölgədə.
Piri qollarını sinəsində çarpazlayıb eyvanda dayanmış Əsliyə ötəri nəzər saldı. Dodaqlarının ucu ilə gülümsəyib həyətdən çıxdı.
"QAZ-69" nərildəyə-nərildəyə doqqazdan uzaqlaşdı. Əsli də əlləri qoynunda, köks ötürə-ötürə maşının qaldırdığı qatı toz dumanına uzun-uzadı baxdı.
Umud gözlərini Minnət qarıdan çəkmirdi. Neçə il idi Umudun ayağı bu həyətə dəymirdi. Neçə il idi Umud Minnət qarını görmürdü, onun səsini eşitmirdi. Qarının bu kökə düşəcəyini Umud ağlına da gətirməzdi.
Minnət qarının qaşları da yox idi. Burnu yastılanıb yanaqlarına bitişmişdi. Amma yanaqları qırmızımtıl idi, elə bil onlara qızılgül suyu çəkmişdilər. Umud fıkirləşdi ki, qarının üzündəki çalm-çarpaz qırışları saymaq üçün düz bircə gün vaxt lazımdır. Qarının boğazı görünmürdü: çiyinlərinin üstündə yumru bir daş dayanmışdı. Dodaqları əyilib ağzına girmişdi və adama elə gəlirdi ki, Minnət qarı daim utana-utana gülümsəyir.
Umud gördü ki, atası da dayanıb mat-mat Minnət qarıya baxır. Məcid kişi beli torpağa sancdı, asta-asta gəlib Minnət qarının qarşısında çöməldi:
- Nə təhərsən, ay tanrının fağırı? - dedi.
Minnət qarının zoğal gözləri tərpəşdi. Amma qarı heç hara baxmırdı, heç nə görmürdü. Qıpqırmızı gözlərinin içində bəbəkləri də itib-batmışdı.
Məcid kişi köynəyinin ətəyilə alnının tərini silə-silə dedi:
- Bunun bir ağmaya vaxtı vardı ki... Dünya gözəli idi Minnət. - Ağzını qarının büzüşmüş qulağına tutdu. - Səninçün aranla dağın nə fərqi var, a bəxtəvər?! Istəyirsən çeşmə suyu iç, istəyirsən quyu suyu, təfavütü yoxdu!.. Yəqin Allah-təalanm yadından çıxmısan, yoxsa səni bu vaxtacan boğazlamışdı.
Qarı onun dediklərini eşitməsə də, zoğal gözlərini səmaya tuşlayıb, titrək dodaqlarının arasından civiltiyə bənzər bir səs çıxartdı.
Məcid kişi ayağa qalxdı.
- Qurban olum ilahinin məsləhətinə. Gündə neçə cavanı qara yerə quylayır.
Kişi elə bərkdən danışdı ki, eyvanda dayanmış Əsli də onun sözlərini eşitdi. Əsli əllərini qoynundan çıxarıb təzədən məhəccərə dirsəkləndi.
Məcid kişi quyunun yanına qayıdanda nəzərləri tulaya sataşdı. Qazdığı torpaqdan bir ovuc götürüb Patrona tərəf atdı.
- İtil burdan!
Tula diksinib gözlərini açdı, ancaq yerindən tərpənmədi. Məcid kişi təzədən aşağı əyildi.
- Sənnən döyüləm?!
Patron gümüşü saçlı, pəhləvan cüssəli, çalqaş qocaya mürgülü gözləri ilə baxıb tənbəl-tənbəl qalxdı. Yavaş-yavaş samanlığa tərəf getdi.
Eyvanda Əslinin səsi eşidildi:
- Kül onun it başına! Bu qapıya gələni bircə kərə də hürməyib! Səsinə həsrət qalmışıq! Amma beş adamın payını tıxır!
Məcid kişi bellə quyunun divarını hamarlaya-hamarlaya oğluna baxıb qımışdı.
- Bu da heyvanların müftəxorudur, - dedi.
Əsli Məcidin sözlərini eşitmədi. Gözlərini hündür daş hasarın üstündən uzaqlara zilləyib Patronun qarasınca deyindi:
- Çər dəymişi bir azdıran da yoxdu. Xalığa ha deyirəm, bu qulağından alıb, o qulağına verir.
Tula gedib samanlığın qabağında sərələndi. Umud o tərəfə baxdı. Yoğun pasnaya söykədilmiş motosikli bayaqdan bəri görmədiyinə təəccüb elədi. Motosiklin üstünə cırcında atmışdılar, təkcə təkərlərinin yarısı açıq qalmışdı. Onu Tofiq sürərdi. Umud da gendə dayanıb Tofiqə həsədlə baxardı. İkitəkərli bu maşını kəndin tozlu küçələrində heç olmasa, bircə dəfə sürmək Umuda qismət olaydı. Tofiq onu lazımsız bir şey kimi atıb getmişdi. İndi yəqin köhnəlib. Umud özünü saxlaya bilmədi, yaxınlaşıb motosiklin üstündəki cındırın bir ucunu qaldırdı. Avtomobil müfəttişlərinin motosikli eynən bu rəngdə olur, kəhrəba rəngində... Umud istər-istəməz əlini yəhərə çəkdi. Yəhərin üstündə bir barmaq qalınlığında toz vardı. Motor da tozlu idi.
- A gədə, gəl bu torpağı kürə burdan. - Məcid kişi çəkilib tut ağacının kölgəsində, Minnət qarıdan bir az aralıda oturdu.
Quyu üç bel ağzı qazılmışdı. Dərinliyi dizəcən olardı.
Umud torpağı kürəyəndə elə bil qəlbinə işıq doldu. Düşündü ki, göz yaşı kimi dupduru bu suda Solmaz əl-üzünü yuyacaq. Bayaqdan həri qızı xatırlamadığına heyrətləndi... Eh, niyə də xatırlasm? Xatırlamağın nə xeyri? Solmaz hara, Umud hara? Nə olsun ki, hərdən gecələr Solmazı yuxusunda görür? Əsgərlikdə də Solmaz onun yuxusuna girirdi. Görən, Umud da Solmazın yuxusuna girirmi? Bax, məsələnin düyün yeri buradır. Yox, Umud, bir daş altdan, bir daş üstdən!
- Dədə, qazımmı?
- Korlayarsan. Quyu gərək düppədüz olsun, divarları şüşə kimi hamar olsun. Bir balaca əyildimi, onda o, quyu deyil, lağımdı.
- Qoy özümü sınayım.
- Belə dur görüm. - Məcid kişi beli oğlundan aldı. - Ta sənlik iş yoxdu burda. Get, kənd-kəsəydə veyillən, axşamüstü gələrsən.
Umud getməyə bir bəhanə axtarırdı, ancaq hara gedəcəyini də bilmirdi. Hara olur olsun. Heç olmasa atasının gözündən iraq arın-arxayın papiros çəkər. Bir az tut ağacın altında dayanıb Minnət qarıya baxdı. Minnət qarı başmı mütəkkəyə qoyub büzüşmüşdü. Zoğalı gözlərinin qızartısı da görünmürdü. Qarının üstündəki kraxmallı, ağappaq döşəkağı asta-asta enib qalxırdı.
Umud samanlığın kölgəsində mürgü vuran Patronun yanmdan ötdü, motosiklin böyründən keçəndə kiçik uşaqlar kimi əlini yəhərə çırpdı.
Umud Xalıqgilin həyətindən çıxanda gün günorta olmuşdu.
Kəndin küçələrində adam görünmürdü. Yollardan toz qalxmırdı, elə bil maşınlar da kölgəyə təpilmişdi. İtlər də susurdu. Qarğı çəpərlərdə, kol hasarlarda cırcıramaların biahəng, yeknəsək cırıltısı eşidilirdi.
Papiros Umuda ləzzət vermirdi. Umudun ağzında ocaq tüstüsünün təmi vardı. Papirosu atdı. Kölgədən çıxmağına peşman olmuşdu, ancaq bu tezliklə geri qayıtmağa da utanırdı. Tozlu yolda ayaqlarını ehmallıca ata-ata gedirdi. Cırcıramaların mürgü gətirən səsi Umudun qulaqlarında bitməz-tükənməz uğultuya dönmüşdü. Gün təpəsini oyurdu və bu istidə Umud heç nə fıkirləşə bilmirdi, elə bil beyni yerli-dibli yox idi, buxarlanıb uçmuşdu.
Umud qəflətən başını qaldıranda bir anlığa özünü itirdi. Yeməkxana binasının çat-çat olmuş divarına çaşqın-çaşqın baxdı. "Lənət şeytana! Bura niyə gəldim?" İçəridən səs-küy eşidilmirdi, mətbəxin hisli-qurumlu bacasından tüstü qalxmırdı. Həmişə qapının ağzında dayanıb, sümsük gözlərini girib-çıxanların əlindən çəkməyən, canavara oxşayan boz köpək mətbəxdən azacıq aralıda, qıvrım çayırların arasında uzanmışdı. Hərdən qulaqlarını şappıldatmasaydı, deyərdin bəs ölüb. Umud yavaş-yavaş uzunsov binanın qarşısına keçdi. Ikilaylı hündür qapıda qapqara iri qıfıl görəndə Umudun ürəyindən bir səs qopdu: "Yaşasın Xalıq dayı!".
Yan-yörədə hələ kartof, pomidor qabıqları gözə çarpırdı, ancaq bu həndəvərdən daha ət iyi, soğan iyi gəlmirdi. Yeməkxananın qarşısındakı dayaz çalanı, nədənsə, torpaqlamamışdılar. Bu çalanın içindəki sür-sümüyə yepyekə, yamyaşıl milçəklər daraşmışdı. Milçəklər o qədər çox, o qədər yaşıl idilər ki, elə bilirdin sür-sümüyün üstünə bir yaşıl pərdə çəkiblər və bu pərdəni yel vurub yellədir.
Umud kəndin aşağısından keçən qobuya tərəf getdi.
İndi qıvraq yeriyirdi. Sağ olsun Xalıq dayı. Avaraların ayağını kəsdi burdan. Qoy gedib fərli bir işin qulpundan yapışsınlar. Qızlar, gəlinlər səhərdən axşamacan günün qızmarında bellərini əyib alaq vururlar, amma bığıburma cavanlar əllərini stola döyüb, Umuddan əmlik kababı istəyirlər. Bunlar da adlarını kişi qoyublar. Avaralar!.. "Bəs mən? Bəs özüm?". Umud ürkə-ürkə yan-yörəsinə baxdı. Guya çöldə alaq vuran qızlar kənarda dayanıb ona göz qoyurdular və bu qızlar onun beynindən keçən sualdan xəbərdar idilər. Yaxşı ki, ətrafda heç kim yox idi.
Umud addımlarını yeyinlətdi. Yerdən od qalxırdı, göydən od ələnirdi. Umud bu iki kürənin arası ilə gedə-gedə fıkirləşdi: "Mənə ürəyimcə iş versinlər, meydan versinlər, onda görərlər ki, analar necə oğullar doğub".
Umud qobuya çatan kimi köynəyini soyunub böyürtkən kolunun üstünə tulladı. Şalvarını çıxara-çıxara düşündü ki, o, bu işıqlı dünyaya kartof-soğan doğramaq, borş bişirmək üçün gəlməyib. Onu daha böyük, nəcib işlər gözləyir.
Umud nəyə güvəndiyini hələ anlamırdı, ancaq inanırdı ki, gözlədiyi gün uzaqda deyil. Bu inamla da Umud özünü suya tulladı.
Su ilıq idi. Umud başını sudan çıxarıb dikələndə ayaqları palçığa dirəndi. Yadına düşdü ki, bir vaxtlar bu ensiz qobunun dibi taxta kimi hamar idi. Onda kəndin bütün ətcəmətən uşaqlarını harda itirsəydin, burda tapardın. Deyəsən, Umud əsgərliyə gedəndən bəri bura ayaq qoymur. Qobunun enişində kol-kos, sarıtikan bitib. Bura su çiləyərdilər, burdan qarnı üstə sürüşüb tısbağa kimi qobuya girərdilər.
Umud suya cumub çıxdı. Başı sahildə, kökü suda olan yulğun ağaclarının dibində zirehli, qaramtıl, balaca tısbağalar dayanıb səksəkə içində Umuda baxırdılar. Qobunun kölgə tutan, nəm divarına yapışmış yaşılbel, dombagöz qurbağaların boğazı təngimiş ürək kimi çırpınırdı. Təyyarəvarı, uzunqıç cücülər suyun üstündə nazik iz qoya-qoya sürətlə o tərəf bu tərəfə qaçışırdılar.
Umud qırağa çıxmaq üçün ayağını qoymağa yer tapmadı. Sapsarı çayırlardan yapışıb yuxarı dırmandı. Başını kandalaş kolunun altına soxub kürəyini günə verdi. Beli qızdıqca canında hərarət, xoş bir süstlük duydu. Sonra şappıltı eşitdi. Dikəlib baxdı. Bəndin aşağısında, çaym dayaz yerində üç-dörd camış uzanmışdı. Camışlar qapqara lığ içində idilər. Hərdən tərpənib ağnayır, ağırlaşmış yaş quyruqlarını işıldayan bellərinə çırpırdılar.
Qobunun o tayındakı geniş sahədə pambıq kolları iki qarışacan boy atmışdı. Cərgələrin arasıyla tırıldaya-tırıldaya traktor gedirdi. Dörd-beş qız bir-birindən aralıda çömbəlmişdi. Qızlar hərdən dikəlib əyilə-əyilə irəliləyirdilər. Elə bil bu torpaqda, nəsə, qiymətli bir şey salıb itirmişdilər, həmin qiymətli şeyi axtarırdılar. Qızların hamısı başına qıyqac bağlamışdı. Umud onlardakı dözümə, təpərə məəttəl qaldı. "Görəydim isti kar eləmir bunlara? Gün yazıqları qovurğaya döndərib".
Umudun bədəni çoxdan qurumuşdu. Başının ortasma elə bil dağ basırdılar. Canında heysizlik vardı. Suya girmək istəyirdi, amma yerindən qalxmağa həvəsi yox idi. Təzədən başını gəndalaş kolunun altına soxdu.
Tofıq onu burda vurmuşdu. Bu qobunun qırağında.
Tofıq ondan bir yaş böyük idi, ondan bir sinif yuxarıda oxuyurdu. Uşaqlar çiçək üstünə toplaşan arı kimi Tofıqin başına yığışırdılar. Hamı onun karına gəlməyə can atırdı, hamı onun işinə yaramağa tələsirdi. Təkcə Umuddan başqa. Umud Tofıqi çox istəyirdi, çünki Tofıq Solmazın qardaşı idi, qaşları da onun qaşlarına oxşayırdı: nazik, uzun.
Bu qobuya çimməyə gələn uşaqların hamısının tumanı dizlərinə düşürdü. Çoxu da qobuda lüt anadangəlmə çimirdi. Tofiqin tumanı göyümtül idi. Qırağında ağ haşiyəsi, üstündə də bapbalaca cibi vardr. Özü də elə bil əyninə biçilmişdi.
...Tofıq həmin göyümtül tumanda dizlərini qucaqlayıb oturmuşdu. Umud sudan çıxıb bir ayağı üstündə silkinəndə Tofıq onu çağırdı: "Bura gəl, çəyirtkə!" Tofıqi dövrələyən tay-tuşları uğundular. Umud arıq idi, uzun idi, dayananda belini bir az əyri tuturdu, doğrudan da, çəyirtkəyə oxşayırdı. Gülməkdən uşaqların gözləri yaşarmışdı. Tofıqə bax ha, gör bu ayama ağlına necə gəlib. "Çıxart görüm o məktubu". Umudun nitqi qurudu: "Nə məktub?" Tofıq ayağa qalxdı: "Mənim bacıma yazdığm məktub". Bu məsələdən Umudun iki yoldaşı xəbərdar idi, indi ikisi də Tofiqin yanında dayanmışdı. Umudun ürəyindən bir sızıltı keçdi. "Görəsən, hansı satıb məni?" Bilmədi bu xəbəri Tofiqə hansı çatdırıb. Onda da soruşmadı, ondan sonra da. Tofıq yeriyib Umudla üzbəüz dayandı. "Tez ol, ə!" Umud çiynini çəkdi: "Məndə məktub-zad yoxdu. Mən heç kimə məktub yazmamışam". Umud bu sözlərdən xəcalət çəkdi. Düşündü ki, bu məsələdən xəbərdar olan dostlarının gözündə acizləşdi, xırdalaşdı, qorxacaq bir dovşan oldu.
Umud məktubda Solmazın adını yazmamışdı. Məktubu Tofiqə verə bilərdi: nə eybi var, qoy oxusun. Ancaq bu məktub Solmaz üçün yazılmışdı. Di gəl ki, oradakı sözlərdən Solmazın heç xəbəri olmayacaqdı, çünki məktubu Solmaza verməyə Umudun cəsarəti çatmazdı. Umud elə-belə, ürəyini kağıza boşaldıb yüngülləşmişdi. Fərli bir söz də yazmamışdı. Tofiq oxusaydı, güləcəkdi.
"Mən həmişə sənə baxıram, ancaq bilmirsən ki, qəlbimdə nələr var, ay insafsız. Qəlbimdə sən varsan. Səni görməyəndə darıxıb ölürəm. Mən səni unutmaram. Unutsam, qara torpaqlara qismət olum.
"Stolun üstündə üzüm,
Sənə qurban iki gözüm,
Məndən yaman gen gəzirsən,
Ayrılığa necə dözüm?"
"Kənkan Məcidin oğlu yəni belə qudurub?". Şillənin zərbindən Umudun başı çiyninə əyildi. Umudun sol yanağı od tutub yandı. Umud keyikmiş, uşaqlara baxdı. Sonra Tofıqin alacalanmış gözlərinə baxdı. Bu gözlərin lap dərinliyində sevinc gördü, qürrə gördü, üstünlük, qələbə gördü. Umud Tofiqdən boylu-buxunlu idi, özünü ondan güclü sanırdı. İnanırdı ki, Tofiqi burmalayıb ayaqlarının altına basa bilər. Ancaq əllərini tərpətmədi, çünki Tofiq Solmazın qardaşı idi, qaşları da onun qaşlarına oxşayırdı: nazik, uzun.
Umudun boğazına acı qəhər tıxanmışdı. Bu qəhər iri yumruq kimi idi. Nə irəli gedirdi, nə geri. Umud bükmələyib yulğun topasının dibinə atdığı dizləri domba, nimdaş şalvarını götürdü. Dil-dodağını çeynəyə- çeynəyə cibindən dördqatlı bir kağız çıxardıb Tofiqə verdi: "Oxu". Bu bircə kəlmə də, elə bil ağzından çıxmadı, boğazmdakı qəhərə toxunub içinə düşdü.
Tofıq məktubu tikə-tikə cırıb suya atdı. "Anqır, tayını tap" - dedi.
Umud tək-tənha kəndə tərəf üz tutub gedəndə arxadan Tofiqin qürrəli səsini eşitdi: "Qara çəyirtkəmiz əskikdi elə". Bu dəfə "çəyirtkə" sözünə gülən olmadı. Sanki qurbağa gölünə daş atmışdılar.
...Umud başını kəndalaş kolunun altından çıxardıb qolunun o tayındakı pambıq sahəsinə baxdı. Traktor susub dayanmışdı, qızlar da görünmürdü. Yaxınlıqda qurbağalar hürküşüb şappaşupla suya atıldılar. Umud üzünü o tərəfə döndərdi və heyrətdən ağzı açıla qaldı. Azacıq aralıda bir qız paltarını soyunub böyürtkən kolunun üstünə sərmişdi. Uzun, şəvə saçlarını boynunun ardında düyünləyirdi. Qızın tunc bədəni günün altında parpar parıldayırdı. Yupyumru döşlərinin rəngi bədəninin rəngindən azacıq açıq idi, ağımtıl idi. Görünür, günəş oranı çox döyəcləyə bilməmişdi. Çiyinləri əzələli, sinəsi qabarıq idi. Ancaq bu "əzələ" məsələsi Umudu heç açmadı. Çünki əzələ qızı qızlıqdan çıxarırdı. Onu bir az kişiləşdirirdi, oğlanlaşdırırdı. Umuda elə gəlirdi ki, əsl qız Solmaz kimi olmalıdır. Sifəti ağ, yanaqları al, qaşları nazik, uzun, bədəni də pambıq kimi yumşaq. Solmazın bədəninin bərk-boşluğundan Umudun xəbəri yox idi, amma təpədən dırnağa Solmaza baxanda, nədənsə yadına bir topa çiyidsiz pambıq düşürdü.
Qız saçlarını boynunun ardında düyünləyib qurtardı. Əlini gözlərinə kölgəlik edib göyə baxdı. Qız başını yuxarı qaldıranda onun dəyirmi sifəti apaydın göründü. Umud qızı tanıdı: Tubu! Xeyransanın qızı Tubu! Umud dünən gecə Xalığın dediyi sözləri xatırladı: "Elə Tubunu da alarsan. Yumurta kimi qızdı". Umud ha baxdı, ha baxdı, bədəni təzə-tər badımcan rəngində olan Tubunu yumurtaya heç cür oxşada bilmədi.
Tubu ehmallıca suya girdi və elə bil orada batdı. Umud nəfəsini içinə çəkib qulaq kəsildi, ancaq hənirti-filan eşitmədi. Dizləri üstə dikəlib irəli boylandı. Tubu qobunun tən ortasında üzü Umuda tərəf dayanmışdı. Çiynini, boynunu sığallayırdı. Su Tubunun qoltuğunun altınacan idi, yumru döşləri görünmürdü. Umud qorxdu ki, Tubu başını qaldırıb onu görər. Dirsəkləndi, hiss etdi ki, qolu tir-tir titrəyir, bədənini güclə saxlayır. Qıçları da boşalmışdı, elə bil özününkü deyildi. Birnəfəsə dağa çıxıb yorulmuş adam kimi ürəyi bərk-bərk çırpınırdı. Gicgahlarında, qarnının altında qəfil ağrı qopdu. Sonra elə bil onun damarlarını kəsib qanını buraxdılar. Canını xoş bir süstlük bürüdü. Bu süstlük Umudun sinəsinin ortasından başlayıb bütün bədəninə yayıldı. İstədi təzədən dikəlib Tubuya baxsın. "Lənət kor şeytana" deyib arxası üstə uzandı.
Nə yaman böyüyüb canıyanmış. Ətə-qana gəlib. Tubu bapbalaca, çəlimsiz, qarabəniz bir qız idi. Özü də Solmazla bir sinifdə oxuyurdu. Adamayovuşmazlığının ucbatından heç kim onu dindirib danışdırmazdı. Tubunun üç yaşı olanda atası Fərzəli bir gecə səhərə qədər qusub-qusub ölmüşdü. Tubunun bu dünyada anası Xeyransadan başqa, heç kimi yox idi. Oğlanlar məktəbdə danışırdılar ki, Tubunun atası yoxdu deyə həmişə qaşqabağı açılmır və Tubunun atalı uşaqlardan zəhləsi gedir. Deyirdilər ki, Tubu yaraşıqsızdı, böyüyəndə ona elçi düşən olmayacaq, yazıq qız Xeyransanın daxmasında qarıyacaq. Gəl Tubuya indi bax. Gör necə qız olub. Mexanizator! Özü də ordenli!
Umud fikirləşdi ki, əsgərlikdə olanda kəndin bütün adamlarını xatırlayıb, amma Tubu onun yadına bircə dəfə də düşməyib. Umud iməkləyə-iməkləyə kəndalaş kolunun dalına keçdi. Saralmaqda olan yarpaqların arasından qobunun o tayına baxdı. Gözlərini iri böyürtkən topasının üstündəki pal-paltara zillədi.
Tubu asta-asta qobudan çıxıb, arxası Umuda tərəf dayandı. İslanmış saçlarını burub sıxdı, təzədən boynunun ardında topladı. Tubu qollarını tərpətdikcə, əyilib-qalxdıqca bayaqkı çırpıntı az qalırdı Umudun ürəyini saplağından qırsın.
Bir azdan Tubunun tunc bədəni bozumtul kombinezonunun altında görünməz oldu.
Tubu sahənin ortasındakı traktora tərəf üz tutdu. Uzaqdan oğlana oxşayırdı. Yerişi də oğlan yerişi idi. Gedəndə qollarını yana atırdı.
Umuda elə gəldi ki, Tubu adlı bir tuncbədən qız qobunun gömgöy suyundan çıxandan sonra Tubu adlı bir oğlana dönüb getdi...
Umud kəndə qayıdanda gün günorta yerindən xeyli adlamışdı. İstidən Umudun ayaqlarının altı bişməcə olmuşdu, dərindən nəfəs almağa qorxurdu, havanı ciyərlərinə çəkəndə elə bilirdi təndirin dəmini udur. Umud yeyin-yeyin gedirdi. Xalıqgilin həyətindəki tut ağacının kölgəsi üçün burnunun ucu göynəyirdi.
Pirinin tozlu maşını hündür darvazanın qarşısında dayanmışdı.
Umud həyətə girdi. Eyvanda gözünə adam dəymədi. Güləndam samanlığın kölgəsində bardaşqurma oturub yun çırpırdı. Minnət qarı bayaq döşəkcəyə necə düşmüşdüsə, eləcə də qalmışdı. Patron da əvvəlki yerində idi. Məcid kişi kürəyini tut ağacının yoğun gövdəsinə söykəyib, dizəcən çırmalı qıçlarını yana uzatmışdı. Qabağındakı ağ süfrənin üstündə göy-göyərti, pendir, çörək, pomidor, bir kasa da qatıq vardı.
Umud çatan kimi quyuya baxdı.
- Niyə belə az, dədə?
Məcid kişi başını yuxarı qaldırıb yorğun gözlərini ağacın budaqlarında gəzdirdi.
- Havanı görmürsən? - Göy soğandan bir dişdəm aldı. - Quyu qazmağı yadırğamışam, bala. Həm də ki, güc o güc döyül. Canımda təpər qalmayıb. Ac döyülsən?
Umud süfrənin qırağında əyləşdi. Məcid kişi kasanı götürüb onun qabağına qoydu.
- Qatıq yanğı söndürən şeydi.
Umud kasadakı qatığı tez-tez qaşıqladı. Pomidora, pendirə də əl atdı.
Məcid kişi iki barmağı ilə çal bığını sığallayıb köks ötürdü.
- Havayı işdi bu.
- Nə, dədə?
- Mən bu quyunu əmələ gətirincə Minnət qarı bezin qırağın çəkəcək. - Başı ilə Minnət qarıya işarə elədi. - Quyu qurtarana qalmaz bu.
Umud Minnət qarının tükləri ağappaq, dərisi qıpqırmızı yumru başına baxdı. Daha yeməyə həvəsi olmadı. Gözlərini eyvanda gəzdirdi. Kaş Solmaz bu dəqiqə o eyvanda olaydı. Bayaq Əslinin durduğu kimi, dirsəklərini məhəccərə qoyub Umuda baxaydı. Umud onda pələngə, aslana dönərdi. Bu günün istisində canına heyfı gəlməzdi. Beli əlindən yerə qoymazdı. Quyunu Minnət qarı üçün yox, Solmaz üçün qazardı. Suyu mət kimi şipşirin, göz yaşı kimi dupduru quyu... Umud quyusu...
Umud düşündü ki, Əsli onun ürəyindən keçənləri bilsə, bu dəqiqə eyvana çıxıb qansız dodaqlarını büzər və elə qışqırar ki, bütün kənd onun səsini eşidər: "Xalqa it hürər, bizə də çaqqal! Qudurasan səni! Solmazı qapımdakı tulaya verərəm, amma kənkan Məcidin oğluna vermərəm!" Sonra Əsli ağappaq yumruğunu hənalı başının üstündə silkələyib, eynən oğlu Tofıqin neçə il bundan qabaq dediyi kimi deyər: "Anqır, tayını tap!"
Umud Əslinin yumruğunu görürmüş kimi gözlərini eyvandan çəkdi. Ağ daşdan hörülmüş hündür barıya baxdı. Umud balaca olanda bu barı da alçaq idi. Onda Xalıq kolxoz sədri deyildi. Umud böyüdükcə barı da kərpic-kərpic qalxdı. Sonra Xalıq kolxoz sədrinin yumşaq stulunda oturdu və barı qəflətən boy atıb iki Umud hündürlüyündə oldu. Küçədən keçən adam yalnız bu həyətdəki ağacların təpəsini, bir də ikimərtəbəli evin taxtapuşunu görə bilərdi. Yaşlılar bu evin hələ də pas atmayan dəmir damına baxanda usta Turabı xatırlayıb köks ötürərdilər: "Allah sənə rəhmət eləsin, doqquzbarmaq!"
Məcid kişi deyirdi ki, Xalığın tikdirdiyi ban Əlincə qalasına oxşayır. Umud Əlincə qalası barədə az-çox eşitmişdi. Bilirdi ki, bu qala onun ata yurdu Qarabağdan çox-çox uzaqda, Azərbaycanın o biri başındadır və bu qalanı indiki naxçıvanlıların əcdadlarının əcdadları tikiblər. Umud onu bilirdi ki, bu qalanın qənşərində neçə-neçə düşmən ordusunun beli sınıb, neçə-neçə yağının əcəli tamam olub...
Məcid kişi elə bərkdən öskürdü ki, Umud bircə anda Əlincə qalasından Xalığın qalasına düşdü.
- Əndamı yanmış Güləndam bura niyə bir içim su qoymadı? Ciyərim pörşələnir. - Məcid kişi başını tənbəl-tənbəl döndərib samanlığın kölgəsində yun çırpan Güləndamı səslədi. - Güləndam! Ay Güləndam!
Güləndam ağız-burnunu cuna qıyqacla bərk-bərk sanmışdı. Əlini qaldınb-endirdikcə nazik yun çubuğundan kəsik-kəsik vıyıltı qopurdu.
Məcid kişi Güləndamın qarasınca deyindi:
- Qulağının dibində top atsan da qımıldanmaz. Zalımın qızı adam döyül, qarışqadı. Gün çıxandan gün batanacan Xalığın qapısında əlləşməkdən savayı, fikri-zikri yoxdu. Görəydim Cəfərqulu, heç olmasa, gecələr bunun səsini eşidirmi?
Cəfərqulu Güləndamın əri idi. Xalıq sədr olandan bəri gecələr kolxoz idarəsində qarovul çəkir, gündüzlər isə Xalığın buyruğuna baxırdı. Xalıq sədr olandan bəri Güləndam da ev-eşik üzü görmürdü. Xalıq ona əməkgünü yazırdı. Əsli də hərdən görüm-baxım eləyirdi. Güləndamla Cəfərqulu bu işıqlı dünyaya yeddi qaraca uşaq gətirmişdi. Onların da ruzusunu, Cəfərqulu demişkən: "Göydən Allah, yerdən Xalıq yetirirdi".
- A gədə, Güləndamın boğazına diri ilan salsan da işini yarımçıq qoyan döyül. Dur gör bulların suyu hardadı.
- Mən bu öyə bələd döyüləm, dədə.
- Dilin də yoxdu? Qalx yuxarı. Əslidən soruş. Denən dədəmin ciyəri kababa dönüb.
Umud heç getmək istəmirdi, çünki Əslidən utanırdı. Tərs kimi Piri də yan-yörədə görünmürdü, yoxsa Piridən su istəmək olardı, Piri bu evdə yad deyildi.
Məcid kişi qalın, çal qaşlarının altında qaynaşan xırda gözlərini oğlunun üzünə zillədi. Umud başa düşdü ki, bir az da ləngisə, atası hövsələdən çıxacaq. Umud əvvəlcə aşağı mərtəbədə, artırmadakı qab-qacaqlara baxdı. Gözünə su qabı dəymədi. Naəlac qalıb ikinci mərtəbəyə qalxdı. Eyvanda heç kim yox idi. İstədi Əslini səsləsin. Ürək eləmədi. "Birdən yatmış olar". Pəncələri üstə yavaş-yavaş gedib qarşısına çıxan birinci qapını itələdi. İlk gözünə dəyən enli çarpayının üstündə Pirinin qıllı kürəyi oldu. Piri qapının cırıltısına qıvrım başını kötük boynu üstündə geri döndərdi və Umudu görəndə dəyirmi gözləri hədəqəsindən çıxdı. Həmin andaca Pirinin tüklü sinəsinin altında Əslinin hənalı başı tərpənib yastığın qırağına düşdü.
Piri çarpayıdan cəld sıçrayıb üzünü divara çevirdi. Əsli heyrətdən içini çəkib nazik adyalı tələm-tələsik hənalı başına dartdı.
Umud ilanvurmuş kimi taxta pillələri hoppana-hoppana düşəndə, qulaqlarında dünən gecə Əslinin ərinə dediyi sözlər guruldayırdı: "Xalıq... Xörəyi soyutma...Ye!.. Ye!..Ye!..".
3
Umud səhərəcən işığı yanılı qoymuşdu. Atası iki-üç dəfə haylayandan sonra gözlərini açdı. Dikəlib yerinin içində oturdu. Yumruqlarını sinəsinə vurub gərnəşdi:
- Mənsiz getsən olmaz?
- Elə bilirsən sənin qara qaş-gözünə aşiq olmuşam? Quyunun pəstahası bundan sonradı. Dur ayağa, dur! - Məcid kişi tavandan sallanan elektrik lampasına baxdı. - Bunu göz qırpmağa qoymursan. Ayın axırında bunun haqqı kimin kisəsindən çıxacaq? - Qapının küncündəki düyməni çıqqıldadıb işığı söndürdü.
Atası gedəndən sonra Umud əlini ağzına tutub əsnədi. Həvəssiz-həvəssiz paltarını geyinməyə başladı. Yadına düşəndə ki, yenə o həyətə gedəcək, uzaqdan da olsa Əslinin hənalı başını görəcək, təzədən paltarlı-zadlı uzandı yatağa.
Məcid çöldə beli vedrəyə vurub danqıldatdı:
- Nooldun, ə?! A yıxılı evin dirəyi, harda qaldın?!
İri laylı qırmızı darvazanın zəhmi birdən birə Umudu basdı. Umud elə bildi ki, bu darvazanın bala qapısı bir daha onun üzünə açılmayacaq. Daş barı da bu səhər Umuda yaman hündür, qaşqabaqlı göründü. Bu barı bir azdan acığını Umudgilin evinin üstünə tökəcək. Gün qalxdıqca barının qara kölgəsi xəlvəti, çərək-çərək sürüncək və Umudgilin çiy kərpicdən tikilmiş beşmərtəbəli daxmalarmı bərk-bərk qucaqlayacaq. Məcid kişinin evi bu qara kölgənin ağırlığı altında nəfəsini də çəkmə yəcək. Dözümü ilə kölgəni də, günəşi də heyrətdə qoyacaq. Sonra günəş ayaqlarının altındakı dünyanı şəfəqli, odlu gözləri ilə süzüb gizlənəcək və Məcid kişinin birmərtəbəli daxması daş barının qırsaqqız kölgəsindən çıxıb, gecənin qaranlıq qucağına atılacaq.
Umud bayıra baxdı. Hələ kölgədən əsər-əlamət yox idi, çünki günəş yuxulu gözlərini təzəcə açırdı. Bu an Umudun ağlına qəribə fıkir gəldi: "Kölgənin ömrü günəş ömrünə bənddi. Günəş olmasa, kölgə də olmaz".
Onlar həyətə girəndə Minnət qarını tut ağacının altında gördülər. Qarı yenə ağ başını göyümtül mütəkkəyə qoyub yumağa dönmüşdü. Güləndam daş hasarın dibində çöməlib, ocağın üstündəki iri qazanı çömçə ilə qarışdırırdı. Cəfərqulu onunla üzbəüz kətildə oturmuşdu, dizlərinin kündəsində də dərin boşqab vardı. Tikəsini görəndə Cəfərqulu dodaqlarını marçıldadıb dedi:
- İşin irəli, a Məcid!
- Xoş gəldin, - deyib kişi qırağı əyilmiş köhnə vedrəni torpaq qalağının yanına tulladı. Sonra gedib Minnət qarının başının üstündə dayandı.
Minnət qarı qıpqırmızı zoğalı gözlərini bir anlığa açıb təzədən yumdu. Ağzını tərpətdi və bürüş-bürüş, dəyirmi üzü kündə kimi yayıldı.
Məcid kişi yavaşcadan dedi:
- Bu nə bilir qarın ağrısı nədi? Quyu bunun nəyinə lazımdı? Bizi də əngələ saldı allahın mağmın bəndəsi.
Məcid kişi beli götürüb quyuya girdi. Quyunun dərinliyi onun qurşağından idi. Kişi bir ovuc torpağı xışmalayıb barmaqlarının arasından ələdi.
- Dərin olacaq bu quyu, - dedi.
- Nədən bilirsən, dədə?
- Yuxarının torpağı çox qurudu. Kəsəkdi elə bil. Hələ nəmlikdən əsər-əlamət yoxdu.
Məcid kişi qaramtıl, qabarlı əllərinə tüpürüb belin sürüşkən sapından yapışdı.
Umud çəkinə-çəkinə, ehtiyatla eyvana baxdı. Əslinin iyi-tozu da görünmürdü. Birdən Pirinin tüklü kürəyi Umudun yadına düşdü. Umudun qulaqlarında uğultu qopdu, özü də bilmədi ki, bu nə uğultudur. Yenə gözləri zəhrimar barıya sataşdı. Düşündü ki, bu barı Əslini qonşum- qonşudan, Minnət qarını dünyadan ayırıb. Bu barı Patronu kəndin zəncir çeynəyən, yava itlərinə yad eləyib. Barı qəflətən Umudun nəzərində köydələnə düşdü: "Bura quş gəlsə, qanad salar, qatır gəlsə dırnaq".
Umud dizlərini təzəcə atılmış sarımtıl torpağın üstünə qoyub udquna-udquna dedi:
- Dədə, bu quyunu qazmağa niyə razılıq verdin?
Məcid kişi belin ağzındakı torpağı çölə tulladı.
- Sarsaq-sarsaq danışma.
- Gəl gedək. Tüpürüm onların puluna.
- Pula mən də tüpürüm. Əvvəllər də olmayıb, indi də yoxumdu. Pul nəyimə lazımdı?
- Bəs niyə özünü həlak eləyirsən burda?
Məcid kişi belə ayaqlarının yanında torpağa sancıb tövşüyə- tövşüyə dedi:
- Kamranın çörəyinə bais olmaq istəmirəm.
- Əşi, Kamranın bura nə dəxli?
- Kamran çobandı. Özü də Xalığın kolxozunda, Xalığın fermasında. Mən bu quyunu qazmasaydım, Xalıq Kamrana quyu qazardı. Xalıqda dəvə kini var. Onun kolxozunda mən də işləmişəm. Ovcumun içi kimi tanıyıram onu. - Məcid beli torpaqdan dartıb çıxartdı.
Umud şüşələrində günəşin bərq vurduğu aynabəndə baxdı. Yadına qobu düşdü, şəvə saçlarını, boynunun ardında düyünləyən tunc bədənli Tubu düşdü. Umud gülümsədi və fıkirləşdi ki, bu həyət, bu barı onun təsəvvür elədiyi qədər də zəhmli deyil. Yəqin dünənki əhvalatdan sonra Umudun gözləri böyüyüb, bu həyətdəki hər şey ona sirli, müəmmalı görünür, hər şey ona ölçüsündən böyük görünür.
Umud qalxıb pasnaya söykədilmiş motosiklin yanına getdi. Cındırı yana çəkib yəhərə baxdı.
Darvazanın qabağında maşın dayandı. Motor dərindən nəfəs çəkib susdu. Sonra Piri balaca qapıdan həyətə girdi. Əlində ağır zənbil vardı. Tula quyruğunu bulaya-bulaya onun qabağına yüyürdü.
- Cəhənnəm ol burdan!
Pirinin səsi guruldayanda Umud üzünü yana çevirdi. Hiss etdi ki, boynu, sinəsi birdən-birə istiləndi- Umudun qıçları da əsdi. Ancaq bu əsməcə bir anlıq oldu. Umud fıkrini yayındırmaq üçün çöməlib motosiklin motorunu qurdaladı. Sonra yanında Pirinin kölgəsini gördü, tövşüyünü eşitdi. Piri zənbili çaparaq qoyub qayıtmışdı.
- Xoşun gəlir?
Bunu Piri soruşdu, ancaq bu səs Pirinin səsinə oxşamadı. Umud elə bildi ki, bu səs dədəsinin qazdığı quyudan gəldi. Umud Pirinin enli kölgəsinə baxdı:
- Yox, - dedi.
- İstəyirsən bunu...
- İstəmirəm! - Umud cındırı motosiklin üstünə çəkib durdu. Utana- utana, gözlərini tez-tez qırpa-qırpa tut ağacının təpəsinə baxdı.
Piri motosiklin açıq təkərlərinə nəzər saldı. Şəhadət barmağı ilə tüklü üzünü qaşıdı.
- İndi qayıdıram, - dedi. Bala qapıdan çıxmağı ilə maşının işə düşməyi bir oldu.
Umud quyunun yanına qayıtdı. Atasının yaxalıqsız ağ köynəyi tərdən islanıb kürəyinə yapışmışdı. Sümüklü boynunun kösöv kimi dərisinə elə bil şeh düşmüşdü.
- Dədə, ver bir az qazım.
- Fasfarağat otur yerində. Sənin də nobatın çatacaq. Bu quyunun lilini, palçığını sən çəkəcəksən.
Cəfərqulu yumyumşaq təndir çörəyini yavan-yavan yeyə-yeyə gəlib quyunun qırağında durdu.
- Dünəndən bəri qazdığın elə budu, ay Məcid?
Məcid kişi başını yuxan qaldırmadan dilləndi:
- Bir şahını bəyənməyən, bir abbası çıxardar. Əlindən gəlirsə, irəli
dur.
Cəfərqulu iki addım geri çəkildi.
- Yox, mənim qınjam var, - dedi. Axırıncı tikəni ağzına basıb çeynəyə-çeynəyə getdi...
Yenə darvazanın qabağına maşın gəldi, yenə motor dərindən nəfəs alıb susdu. Piri, əlində dəmir qab həyətə girdi.
- Benzin gətirmişəm.
Piri motosiklin üstündəki cır-cındanı götürüb atdı. Yaş əski ilə tozunu tər-təmiz sildi. Tofiqin bir vaxtlar kənddə səyirtdiyi sarı motosikl gün işığında parıldayanda köhnə həsəd Umudun ürəyində təzədən baş qaldırdı.
Piri nasos gətirib şinlərə hava vurdu. Sonra motosikli işə saldı. Tırıltı, gurultu həyəti bürüdü. Bu səsdən Patron səksənib qaçdı. Bu səsə Məcid kişi başını quyudan çıxarıb baxdı, ocağın qırağında dümələnən Güləndam döyükdü. Amma Əsli eyvanda görünmədi. Bu gurultu Minnət qarının vecinə olmadı. Minnət qarı zoğalı gözlərini yumub yatmışdı, qarının üstündəki soruq da asta-asta qalxıb-enirdi.
Piri yaman pörtmüşdü. Onun alnından, çənəsindən tər süzülürdü, amma tərini silmək yadına düşmürdü. Elə hey Umuda baxıb yazıq-yazıq gülümsəyirdi. Piri Umudu qaş-gözü ilə, təbəssümü ilə çağırırdı.
Umud ayağını yəhərin üstündən nə vaxt aşırdığını özü də bilmədi.
Piri hündür darvazanın bir tərəfini itələyib açdı...
Isti külək Umudun saçlarını dalğalandırır, üz-gözünü yalayırdı, köynəyinin yaxasından girib ətəyini torbalandırırdı. Təkərlər çala-çuxura düşdükcə, Umudun əti silkələnirdi. Ona elə gəlirdi ki, dabanlarından başlamış peysərinə qədər yüz əl onu qıdıqlayır. Umudun gülməyi tuturdu.
Motosikl divarları yarıyacan hörülmüş hamam tikilisinin yanından ötdü. Sonra kol hasarlı bir bağın böyründən keçdi. Yarpaqları tozdan bozarmış ağaclar motosiklin gurultusunu sürətlə bir-birinə ötürdü. Artezian quyusu da arxada qaldı, qapısı qara qıfıllı yeməkxananın uzunsov binası da.
Umud hərdən başını geri döndərib, təkərlərin altından fəvvarə kimi çıxan toza baxırdı. Uçmaq istəyirdi! Lap uzaqlara! Bax, göyün yerlə birləşdiyi o üfüqə. Orda nə porsuq Piri var, nə də saçları hənalı, bənizi solğun Əsli. Piri indi Umudun qolubağlı quludur. Umud onu dənə də göndərə bilər, dəyirmana da. Əgər Piri Xalığın yanında desə ki, "adamın ağzı pörşələnəndə niyə yuxan baxır?", onda Umud dinməz-söyləməz qalxıb Pirinin ənginə bir yumruq ilişdirə bilər. Piri də dinməz-söyləməz dəsmal çıxarıb ağzının qanını silər.
Umud ürəyində "Tüpürüm Piriyə!" deyib sürəti artırdı. Qobunun üstündəki ensiz taxta körpüdən keçdi. Kənarları kol-koslu araba yoluna buruldu. Motosiklin uğultusu qarğılığa düşüb dalğa-dalğa yayılırdı. Yan-yörədəki sərçələr, torağaylar hürküşüb pırıltı ilə havaya qalxırdı.
Umud dayaz arxı keçib açıqlığa çıxanda ucsuz-bucaqsız sahədə Tubunun traktorunu gördü. İstədi qayıtsın, amma onu qəribə bir maraq bürüdü: "Görəsən, Tubu məni tanıyacaqmı?"
Umud motosikli yolun kənarında qoyub traktora tərəf addımladı. Traktora yaxınlaşdıqca ürəyinin döyüntüsü də artırdı. Özünə acığı tutdu: "Lənət kor şeytana! Mən niyə belə ağciyərəm?"
Tubu traktorun yanında dayanıb Umuda baxırdı. Umud ona çata- çatda qız da irəlilədi:
- Xoş gəlmisən, saldat. - dedi. - Sənin də üzünü görmək olarmış. - Umudun əlini bərk-bərk sıxıb silkələdi.
Umud onun qaramtıl barmaqlarında oğlan gücü duydu. Qızın əzələli çiynini, qollarını xatırladı.
- Yaman böyümüsən ha, Tubu.
- Elə cırtdan qalmayacaqdım ki! - Qız Umuda zəndlə baxıb gülümsədi və qızın qabaqdakı üç qızıl dişi parıldadı. - Bığ sənə yaraşır, - dedi.
- Sənə də qızıl diş yaraşır.
Tubu əlini yellətdi:
- Heyf deyil adamın öz dişi. Texniki peşə məktəbində təcrübə keçirdik, traktordan yıxıldım, dişim sındı.
- Maşallah, yaman dilli-dilavər olmusan.
- İclaslarda danışmaqdan çənəmin çüyü çıxıb. İndi elə bir yığıncaq olmur ki, orda mənə söz verməsinlər. Tez-tez də Bakıya çağırırlar. Radio, televiziya, komsomol aktivi. Nə bilim nə... Əsgərlikdən qayıdanı Solmazı görmüsən?
Tubunun söhbətin səmtini birdən dəyişdirməyi Umudu çaşdırdı. Umud mat-mat qızın üzünə baxıb soruşdu:
- Necə yəni?
- Qonşunuzu də... Elə-belə xəbər alıram.
- Bir dəfə görmüşəm.
- Medsestra olacaq. İnstituta girmək istəmir. Texnikuma da zorla göndərdilər. Hamımız sözü bir yerə qoymuşduq ki, mexanizator olaq. Xalıq dayı az qalırdı Solmazı şişə çəksin.. - Qız yolun kənarındakı motosiklə baxdı. - Səninkidi?
Umud özünü eşitməməzliyə vurdu.
- Ordenin də mübarəkdi, - dedi.
Tubu:
- Sağ ol, - deyib utancaq-utancaq gülümsədi. Nazik dodaqlarının cəvcəsi qırışdı.
Umud onun işıqlı, qaynar gözlərinə heyran-heyran baxdı. Qız Umudun sirayətedici nəzərlərindən sıxılıb üzünü yana döndərdi:
- Çənəm söhbətə qızışıb, - dedi və traktora tərəf yönəldi.
- Bu kombinezonu geyinməsən olmaz? - Umud istədi desin ki, bu paltarda oğlana oxşayırsan, amma sözünün dalını gətirmədi, çünki bu dəm Xalığın səsi qulaqlarında cingildədi: "Yumurta kimi qızdı".
- Belə yaxşıdı. - Tubu bir sıçrayışla sükanın arxasında oturdu.
Umud traktora niyə dırmandığını özü də anlamadı. Ha fıkirləşdi bu
"niyə"nin cavabını tapa bilmədi. "Lənət kor şeytana. Birdən Tubu elə bilər ki, mən sırtığın biriyəm". Umud istədi yerə hoppansın, ancaq yadına bir atalar sözü düşdü: "Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb". Umud əzəl binadan zarafat eləməyi bacarmırdı, indi naəlac qalıb zarafata keçdi:
- Sür "İsa bulağına".
Bu sözləri deyəndə ağız-burnunun, gözlərinin nə kökə düşməyindən Umudun xəbəri yox idi, amma Tubunun ona diqqətlə baxıb qımışmağından hiss etdi ki, sir-sifəti xəmir kimi sıyrılıb. Umud dodaqlarını bir-birinə sıxıb dişlərinin üstünü örtdü. Bu məcburi zarafatı yarımçıq qoymaq olmazdı. "Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu".
- Ordan da sürərsən "Turşsu" yaylağına.
Tubu traktoru tərpətdi:
- Bəxtəvərlikdən dəm vurursan, saldat.
Maşın cərgələrin arası ilə silkələnə-silkələnə irəlilədi. Tubunun qolları, kombinezonunun yaxasını dikəltmiş döşləri titrəyirdi. Umud oğrun-oğrun qızın sinəsinə baxdı. Ovcunun içi kimi bilirdi ki, bunun bu titrəyən döşləri yupyumrudur, həm də bədəninə nisbətən ağımtıldır. Umud istədi ki, Tubunu xəyalən kombinezondan çıxartsın, onu dünən Qobuda gördüyü təkin görsün. Ancaq qorxdu ki, təsəvvürünə güc versə, dünən Qobunun qırağında olduğu kimi birdən yenə onu əsməcə tutar. Umud fıkrini yayındırmaq üçün bayaqkı söhbətin üstünə qayıtdı. Ağzını qızın qulağına yaxınlaşdırıb, maşının gurultusunu üstələməyə çalışdı:
- Yaylağa getmək yəni heylə bəxtəvərlikdi?!
Tubu gözlərini cərgələrdən çəkmədən qışqırdı:
- Mənim yaylağım burdadı! Səhər sübhdən ta şər qarışanacan gün vannası qəbul eləyirəm!
Umud yenə ağzını qızın yaraşıqlı balaca qulağına dirədi:
- Ona görə də canın polad kimidi!
Qız sifətinə dəyən isti nəfəsdən səksənib başını yana elədi və deyəsən, gülməmək üçün alt dodağını bərk-bərk dişlədi.

(ardını oxu)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG