Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:21

Bakıda yaşıllıqlar azalır...


Bakının mərkəzində ağaclar kəsilir
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00
Direct-ə keçid

Bakının mərkəzində ağaclar kəsilir

Azadlıq və Xətai prospektlərində daha çox avtobus sürücülərinin məkanı kimi tanınan parkdakı ağaclar tamamilə kəsildi. Fevralın 28-i səhər saat 8-dən başlanan iş axşama yekunlaşdı. Kəsilən ağacların çırpısını elə parkdaca yandırıb, kötüklərini iri bir yük maşınına yığıb daşıdılar. Fəhlələr deyir ki, parkda yenidənqurma işləri aparılır, kəsilən ağacların yerinə yeniləri əkiləcək. Yayda çinar, şam və digər ağacların kölgəsində dincələn sürücülər isə deyirlər ki, burada yeni ağacların əkiləcəyinə inanmırlar. Hətta əkilsə belə, onun kölgəsini illərlə gözləməli olacaqlar.

«YAŞILLIQLAR MƏHV EDİLİR, YERİNDƏ İSƏ...»

Yaşıllar Hərəkatının son 5 ildə apardığı monitorinqə görə, Bakı və onun ətraf qəsəbələrində 70 faiz yaşıllıq məhv edilib. Hərəkatın sədri Fəridə Hüseynova deyir ki, kəsilən ağacların yerində ya şadlıq sarayları, ya hündürmərtəbəli binalar, ya da ticarət mərkəzləri inşa olunur:

Bakıda ağacların kəsilməsi - fevral 2012
Bakıda ağacların kəsilməsi - fevral 2012
«Yaşıllıqların məhv edilməsi vaxtaşırı baş verən bir hadisədir. Aidiyyəti dövlət qurumları yaşıllıqlara boş ərazi kimi baxır. Onları gözüyumulu sata bilirlər. Bir müddət öncə Şərifzadə küçəsində, metronun «İnşaatçılar» stansiyası yaxınlığında yolkənarındakı ağacları yolu genişləndirmək adı ilə kəsdilər. Yüzlərlə 30 yaşlı ağacın yerində «parkovka» düzəltdiklərini bildirdilər».

«CAMAATIN XƏBƏRİ OLMASIN DEYƏ, AĞACLARI GECƏ İLƏ KƏSİRLƏR»

2 ildir ki, Xıdır Mustafayev küçəsinin sakinləri Yasamal rayonundakı yaşıllıq zolağının məhvinə etiraz edirlər. Sakinlər deyirlər ki, ağacların kəsilməsi ilə əlaqədar bütün dövlət qurumlarına müraciət etsələr də, bunun xeyri olmayıb. Şərifzadə və Xıdır Mustafayev küçələrinin kəsişməsindəki yaşıllıq zolağında yüzlərlə ağac məhv edilib. Sakinlərdən biri Elşad Ağayev iddia edir ki, həmin ərazi hansısa özəl tikinti şirkətinə satıldığı üçün yaşıllıqlar məhv edilir:

«Qabaq uşaqlar orada oynayırdılar, yaşlılar otururdular. Biz özümüz də ağaclar əkmişdik. Yaxşı meyvə ağacları var idi. Neçə ilin ağacları idi. Yüzlərlə ağacı bir-bir kəsdilər. Haradasa 50-60 polis gecə əraziyə gəlmişdi ki, camaat yaxın dura bilməsin. Bütün ağacları gecə ilə kəsdilər, kötüklərinə kimi çıxarıb apardılar. Bu gecə də bütün ərazini hasara alıblar. Nəsə tikintiyə başlayırlar. Düz evimizdən 5 metr aralı hasara alınıb».

«MÖHTƏRƏM PREZİDENT, YAŞILLIĞIN MƏHV EDİLMƏSİNƏ İMKAN VERMƏYƏK»

Sakinlər dövlət qurumlarına etdikləri müraciətlərin nəticə vermədiyini görüb, Prezident Administrasiyasının qarşısında yaşıllığın məhvinə etiraz ediblər. Onlar «Möhtərəm prezident, yaşıllığın məhv edilməsinə imkan verməyək!», «Yaşıllıqları qoruyaq!» kimi
Prezident Administrasiyasının qarşısında yaşıllığın məhvinə etiraz
Prezident Administrasiyasının qarşısında yaşıllığın məhvinə etiraz
şüurlar səsləndiriblər:

«Ekologiya Nazirliyinin Ekspertiza İdarəsindən bizə cavab gəldi ki, ərazidə budanma işləri gedir, quru ağaclar kəsilir və onların yerində yeni həmişəyaşıl ağaclar əkiləcək. Halbuki, heç bir dənə də ağac əkilməyib. Şəkildə gördüyünüz bu ağaclar 3 ay əvvəl, bar vaxtı çəkilib. Bunların hansı qurumuş ağacdır?! Fakt odur ki, həmin ərazini götürən adam da deyir ki, «mənim əlim uzundur, gedin hara istəyirsiniz şikayətinizi edin». Bir tək ümidimiz cənab prezidentədir».

2 İLDİR APARILAN NƏTİCƏSİZ MÜBARİZƏ

Ötən ilin dekabrında keçirilən həmin aksiya zamanı sakinləri Prezident Administrasiyasının Dövlət-hüquq şöbəsinin müdiri Nailə Hüseynova qəbul etdi. Şöbə müdiri sakinlərin problemini dinlədikdən sonra onları Bakı şəhər İcra Hakimiyyəti aparatının rəhbəri Rasim Quliyevin qəbuluna göndərdi. Rasim Quliyev isə şikayətçiləri 2 saatdan sonra qəbul etdi və Bakı şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ərazidə araşdırma aparılacağına söz verdi.

Sakinlərdən İbrahim Ağayev deyir ki, icra nümayəndəsinin qəbulundan bir müddət sonra yaşıllaşdırma idarəsi orada 10 ədəd ağac əkib:

«O qədər mübarizə apardıq nəticəsi olmadı. Həmin ərazidə hökumətin əkdiyi zeytun ağaclarından başqa biz sakinlər nar, əncir və digər müxtəlif meyvə ağacları da əkmişdik. Bakı şəhər İcra Aparatının rəhbəri bizi qəbul etdikdən sonra yaşıllaşdırma idarəsinin əməkdaşları bura gəldilər.
Foto: Arxiv
Foto: Arxiv
Ərazidə cəmi 10 ədəd yeni ağac əkildilər. Amma bir neçə gündən sonra əkilən ağaclar da tikinti şirkətinin əməkdaşları tərəfindən məhv edildi».

«YENİ PARKLAR SALINIR, AĞACLAR ƏKİLİR»

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəsilən ağaclarla bağlı sualları cavablandırmadı.

Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Xalid Ələkbərov isə Bakıda ağacların məhv edilməsi fikri ilə razılaşmır:

«Kim nə deyir bilmirəm, amma Bakıda nəinki ağaclar məhv edilmir, əksinə, yeni-yeni yaşıllıqlar salınır, ağaclar əkilir. Kəsilən ağaclar isə ömrünü başa vurmuş qoca ağaclardır. Bakıda aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində ömrünü başa vuran ağaclar kəsilir, yerlərində yeniləri əkilir. Yeni-yeni bağlar və parklar salınır».

2011-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Bakıda gül, ağac-bəzək bitkilərinə 5 milyon manat xərcləyib.

Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova isə deyir ki, yaşıllıqların məhvi bu sürətlə davam edərsə, Bakıda qarşısıalınmaz ekoloji fəlakət baş qaldıracaq.
XS
SM
MD
LG