Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:41

Vaqif İbrahimoğlu. Hamıya deyirəm ki, guya mən “yoq”am


Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

əvvəli burda

1 yanvar 1985-ci il (ardı)

Günorta saat 3-dək yatdım. Yuxudan Yavuz oyatdı və səhər yeməyini yatağa gətirdi...

Gedib qara mürəkkəb axtarmaq istəyəndə yadıma düşdü ki, bu gün dükan-bazar bağlıdır.

... “Türk Devlet Tiyatrosu”nun təşkilat strukturu belədir: ən yuxarıda “Genel Müdür”dür, yəni baş direktor. O, bir çar, bir ilahi və komandandır.

Sonra “Genel Katib” – baş katib gəlir (Opera Teatrında bu vəzifəni Hüsaməddin bəy tutur). O, teatrın beyni, mühərriki və mədəsidir. Daha sonra xor, balet, atelye şefləri və sex müdirləri gəlir.

Opera Teatrında bütün bunlardan başqa “Genel Müzik Müdürü” – baş redaktora bənzər bir vəzifə də var. Daha geniş funksiya və hüquqlarla bizim ədəbi hissə müdirini xatırladan “Baş Dramaturq” vəzifəsi də mövcuddur.

Onun yardımçları -- adi dramaturqlar da var. Bizdə “dramaturq” deyərkən ağlımıza yazar gəlir, ancaq oradakı dramaturqlar yeni pyes axtarışına çıxır, həmin presləri ədəbi cəhətdən işləyir (redaktə və ixtisarlar edir, müəlliflərlə əlaqə saxlayır, aktyorlara mətni və s.-i izah edirlər), özləri də pyes yaza, icmal, səhnələşdirmə və bəhrələnmələr hazırlaya bilirlər.

Rəcəblə söhbətdən anlaşıldı ki, indi onlarda Brext dəbdədir. Hamı epikləşdirmə,

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

özgələşdirmə və s. brextsayağı sayıqlamalarla baş qatır. Folklorla bir neçə nəfər məşğuldur və onlardan biri Avropaya çıxıb-gedib.

Millət folkloru “yemir”, çünki melodramların işi yaxşı gedir. Hər cür – siyasi, seksual, qərbsayağı, ya da yerli – təki melodram, bir də Hacıbabanınkılara bənzər komediya olsun – fərq etməz (komediya sənətçisi Hacıbaba Bağırov nəzərdə tutulur – Z.M.). Yüksək təbəqə opera və balet tamaşalarına gedir – özüm bunun şahidi oldum və bunları öz gözümlə gördüm.

Haşiyə: yenə müəzzinin azan səsi ucaldı və ona cavab vermək ürəyimdən keçdi.

Teatrlar “Kültür və Turizm Bakanlığı”na (Mədəniyyət və Turizm Nazirliyinə) tabedir, dotasiyadadır, bir dövlət müəssisəsi kimi planları və s.-i var. Operada yetərincə yüksək əməkhaqqı alırlar. Teatrın strukturunda aparıcı bölüm sayıldığından xorun üzvlərinə solistlər qədər maaş verilir. Çox doğru qərardır, o üzdən belə səviyyəli xorları var.

Təhsillərini konservatoriyada alırlar. Orada aktyorluq, rejissorluq və dramaturgiya fakültələri var. Bənzər fakültələr universitetlərdə də mövcuddur (tarix, coğrafiya və ədəbiyyat bölümləri).

Rəcəb 3 evi, Karsda torpağı və qəhvəxanası (açıqlaması daha sonra olacaq) və Hollandiyada çalışan atası olan 26 yaşlı kapitalistdir. Universitetin dramaturgiya bölümünü bitirib. Orduda xidmətini başa vurub, 2 il Hollandiyada yaşayıb və sabahdan “Devlet Sanat Tiyatrosu”nda çalışacaq. Bütün daşınar və daşınmaz əmlakdan gələn ümumi gəliri 200 min türk lirəsi (TL)+gələcək işindən alacağı 100 min TL-dir. Xeyli təminatlı sayılsa da, varlı hesab olunmur. O, indi öz qəhvəxanasını bir cür bədii-bohem klubuna çevirməyi düşünür. Belədə istəyini də doğruldacaq, orada yemək də veriləcəyindən əvvəlkindən 2 dəfə çox gəlir götürəcək. Ondan “İşin düz gəlməsə, necə olacaq?” – deyə soruşuram.

- Ben modern kapitalistim. Şans! – cavabını verir.

Rəcəbin qəhvəxanası Qızılayda, böyük bir binanın 2-ci mərtəbəsində yerləşir. Tər-təmiz zal, yaşıl mahudla örtülmüş masalar diqqət çəkir. Burada kart (qumar), domino və tavla oynayır (“tavla” – türk nərdinə deyilir, eynən bizim kimi, ancaq döymə oynayırlar), TV-yə baxır və çay içirlər. Rəcəb buraya az adam gəldiyi üçün yanıb-yaxılır, çünki qonşudakı kirli-paslı, tütün qoxulu qəhvəxanada gəlib-gedənlərin əlindən yer tapmazsan. Maraq üçün onunla oraya getdim və söylədiklərinin şahidi oldum. O, kollektiv psixologiyasının incəliklərindən də söz açdı: müştərilərlə nə qədər nəzakətli və mədəni davranırsansa, o qədər də sayları azalır. Dediyinə görə, təbiətinə nə qədər zidd olsa da, bir-ikisini döyəndən və bir neçəsini kobudlayandan sonra həmin adamlar daimi müştəriyə çevriliblər! Demək, qara camaatın da öz “dili” var!..

Qəhvəxanadakı söhbətdə Əziz Şərifin “Ölülər”lə eksperimentini təkrarladım. Fal açıb tapmaq istədik və gözlənilmədən Camal lap gözündən vurdu. Demək, o, daha çox azərbaycanlıdır. Onlara Levi-Strossun nəzəriyyəsindən, Ternerdən, Rəhmandan, Niyazidən də (filosoflardan Rəhman Bədəlov və Niyazi Mehdi nəzərdə tutulur – Z.M.) söz açdım. Qeyri-adi dərəcədə maraqlandılar. Çalışıb siyasi mövzulardan yan keçirəm (elə onlar da), çünki hə şey elə dolaşdırılıb ki, ortaq baxış tapmaq mümkün deyil.

Rəcəb (yeri gəlmişkən, elə indicə telefon açdı, danışıb-vədələşdik ki, sabah görüşək) teatr işini çox yaxşı bilir, özü pyes və kiçik hekayələr yazır. Xırda bir folklor teatrı yaratmağa xeyli meyllidir, amma-ancaq və lakin bürokratik əngəllərdən çəkinir.

Camal iqtisadçıdır, dzen-buddizmi, psixologiyanı, Freydi, Yunqu (birinin də adı çəkildi, amma transkripsiyasından baş çıxarmadım) köklü şəkildə bilir.

Onlar evdə söhbətləşərkən özlərini xeyli sərbəst aparır, xanımlarının yanında ədəbsiz sözlər işlədir, məndən bizdəki seksin problemlərindən danışmağı xahiş edirdilər. “Qeyrət, namus” məsələsini düşünüb allanıb-bullandım, utandım və bu halımı görüb məndən əl çəkdilər. Ertəsi gün Rəcəb utanmağımın niyəsini soruşdu və səbəbini öyrənib mat qaldı. Onların xanımları siqaret çəkir, sərbəst gəzib-oturur, qulluq etmir, söhbətə qarışırlar və s. və i.a.

Yeri gəlmişkən, Ankaraya gələndən bəri, mənim “libido”m qarğışlanmışcasına susub. Ya “eqo”nu “supereqo”yla basdırıblar, ya buranın suyundandır, ya da əsəb gərginliyndəndir-nədir, -- porno, yarımporno və hər cür başqa şirniklənmələr məndə heç
Zeynal Məmmədli
Zeynal Məmmədli
bir həvəs oyatmır. Əxlaqım parlaq ayna qədər tər-təmizdir. Daha yuxu da görmürəm. Sərhəd zolaq 2-5 dəqiqəyədək qısalıb. “Zingildəyib-eləmədən”, bir göz qırpımında oyanıram (telefon zəngiylə). Nelyanın həyatımı nə qədər yüngülləşdirdiyini, onun çiyinlərinə necə yük olduğumu yalnız burada anlayıram. Eyb etməz, gedib-unudaram...

Dünən söhbət əsnasında Oskar Aytmatov dedi ki, türkologiyanın durumu barədə türklərin anlayış və bilgisi bizdəkindən azdır, çünki Qərb, özəlliklə Amerika təbliğatı onları çox böyük basqı altına alıb.

Burada ilk baxışdan (elə sonra da) kiminsə yaşını ayırd etmək çox çətindir. Mən mənsub olduğum nəslin yaşını nəzərdə tuturam. Hamı öz yaşından böyük görünür – tezcə yetkinləşir, tez də müstəqilləşir. Biləndə ki, 35 yaşım var – bir ağızdan təəccüblənirlər. Onlarla müqayisədə mən sütül oğlana bənzəyirəm. Eləcə də Oskar: 25 yaşı var, altında QAZ-24, bir ildir ki, Ankaradadır... Təbii ki, 10 ildən sonra o, mənim indi göründüyümdən xeyli müdrik olacaq. Ona üz tutub – “Hansı əlaqələrin hesabına burdasan?” – deyə soruşanda Oskarcığım (Əskərciyim) çoxmənalı şəkildə qımışdı:

- Xarici İşlər Nazirliyi yoluyla!..

İncə davranışla başqa suallardan yayındı. Danışarkən, harasa – aşağıya baxır və elə təsəvvür yaranır ki, səni eşitmir. Amma-ancaq-lakin həmən və tezcə cavab verir. Bakıda çox olub. Həsən Adıgözəlzadəylə tanışlıq saxlayır. Tapıb söhbətləşməyi vəd etdi. Çox güman, adi insani maraq onu danışdırır.

Buranın yerli azərbaycanlıları H.Ə.Əliyevi yaxşı tanıyırlar. Onunla maraqlanır və bir çoxu qürur duyur. Azərbaycana dair H. Əliyevin, Ş. Bədəlbəylinin, R. Behbudovun, Z. Xanlarovanın, Anarın fotoşəkilləri olan türk nəşrləri var.

Hamı səbrsizliklə “Arşın mal alan”ın ilk tamaşasını gözləyir. Söz gəzir ki, 2-ci (və ya 3-cü) tamaşaya prezident də gələcək...

Bügünün qəzetlərini oxudum. Yeni ilə görə, nə qədər desən, reklam, dilək və hərdən Turqut Özalla da bağlı zarafat və çox az xəbər var. “Hürriyet”də fotomontaj (fotokollaj – Z.M.) diqqətimi çəkdi: yenicə doğulmuş çılpaq çağa başı üstə döşəməyə düşüb... Fonda yazılar və yaşamın dəyərini açıqlayan rəqəmlər yer alıb. Çağanın ağzından yazı “tökülüb”: “Ben doğulmadan öldüm. Be-e-e-e-!”.. Karpov-Kasparov matçı haqqında heç bir bilgi verilməyib, tərslikdən səfirlikdə soruşmağı da unutmuşam.

... Ara verib defikasiya aktını gerçəkləşdirdim: təbriklər – çıxanlar tam qaydasındadır!!! Bu, təbiətin qara qüvvələri üzərində hamımızın ortaq qələbəsidir. Demək olar, xoşbəxtəm... İyi aktlar!..

1 yanvar 1985-ci il (ardı, axşam – türk mürəkkəbiylə yazıram)

Saat 6.30-da Yavuz yanıma gəldi və biz oteldən çıxdıq. Mənə baş çəkməyə gələn Savaşla rastlaşdım: zavallı bütün bu günləri dincəlmədən işləyib. Dayanacağadək yola saldım. Getdi yenə işləməkliyinə.

Dolmuşa oturub (Bu mikroavtobus “RAF”-dan azacıq yekə və “PAZ”-dan bir tikə balacadır), Yavuzgilə qonaq getdik. 10 dəqiqədən sonra “Musabəyov”a bənzər bir yerə çatdıq. Evə girəndə Yavuzun atası Məmməd kişi, anası, qardaşları tökülüşdülər. O dəqiqə yemək gətirdilər – balaca kasalarda vermişel şorbası, bulğurlu toyuq, kartof, salat və turşu. Yavuzun əmisi -- 32 yaşlı çox dostcanlı bir gənc də gəlib-çıxdı. Çay süfrəsinə oturduq. Deyib-gülüb-zarafatlaşdıq. Yavuzun atası akkordeonda çalır, əmisi zərb alətində. Oynamağa başlayanda mən kövrəldim. Hamı rəqs edir və mahnı oxuyurdu. Boğazım gərləndi, dodağım səyridi və nə baş verdiyini anlamadan öncə o ki var duyğulandım!.. Türkiyənin başkəndində -- Ankarada azərbaycanlı ailəsi – melodiya demir, söz demir, qanından gələn mahnılarını oxuyur, canından gələn və yüzillərdənqalma rəqslərini oynayır... Hər şey bir yana, milli şüur belə qorunur... Yalnız 53 yaşlı ata, bir də 25 yaşlı Yavuz azərbaycanca təmiz (ya da, demək olar ki, təmiz ) danışırlar. O birilər, demək olar, öztürkləşiblər, amma hamılıqca oxuyur və oynayırlar!!

Dərin və rahat kreslolarda oturmuşduq. Evlər kömürlə qızdırılır. Qışda estetik görünüşlü
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
və burma boruları bütün otağı dövrələyən müvəqqəti soba quraşdırırlar. Divarlar dip-diri sarmaşıqlarla bəzənib, yerə xalça-palaz döşənib.

Sonra onların kirvəsi gəldi və sürəkli, həm də sınayıcı baxışlarını mənə zilləyib durdu. Uzun susqunluğun ardından dillənərək, sovet adamlarına olan bəzi qadağalardan söz açdı və dedi ki, yanına gələn qohumları hər sualdan səksənir və özlərini yerdən-yerə vurub yalvarırdılar ki, onlardan heç nə soruşmayaq. “Kirvə”dən hansı mövzuda danışmaq istədiyini soruşdum və dedim ki, sovetlərin hərbi gücü barədə danışmayacağam, çünki dövlət sirrindən söhbət gedir və yeri gəlmişkən, o sirri nə mən bilirəm və nə də sən bilirsən ki, müzakirəyə çıxaraq. Yerdə qalan nədən desən, danışa bilərik. O bu sözlərdən cəsarətlənib soruşdu:

- Niyə siz sovetdən ayrılmırsınız?

- Bəs siz niyə NATO-dan ayrılmırsınız?

Bu sualla tezcə onun sözünü kəsdim və özünə gəlməyə imkan vermədən üyüdüb-tökdüm:

- Niyə ayrılım? Yaşayışım yaxşı, gələcəyim, bu günüm yaxşı...

Və s. və i.a. Mənim ehtiraslı və vətənpərvər “tirada”mı dinləyəndən sonra onun şübhələri sanki əridi və üzünə gülümsəyiş qondu. Ardınca atüstü, amma ənənəvi bir sual da verdi:

- Bəs xaricə gedən sovet adamlarının üst-başına, bədəninə quraşdırılan mikrofonlar barədə nə deyirsən?

- Düz buyurursan. Bax mənim sağ gözümə fotoaparat, sol gözümə video quraşdırılıb...
Yumoru tutmadığından onun rəngi qaraldı və yalnız göy gurultusuna bənzər qəhqəhə səsi otağı dolduranda, sarsıntıdan ayılıb özünə gəldi. Adam bilmir nə desin? Axı, avam demək olmaz -- elektrik mühəndisidir, Fransada, Belçikada olub...

...“Kirvə”ylə dostlaşıb-ayrıldıq. Yavuzun atasının israrlı xahişlərindən sonra V.Mustafazadənin “Bayatı”sını gözünə qata-qata bacardığım dərəcədə Canikin mahnısını yamsıladım. Kövrəlib-ağlamsındıqlarını görüncə, keflərini açmaq üçün Telliylə Vəlinin kupletlərini oxudum. Yavuzun atası da akkordeonda müşayiət etdi. Anasıyla Yavuz nəqəratı söyləyə-söyləyə rəqs etdilər...

Bütün gecə maqnitofon susmadı. Gah Zeynəb Xanlarovanın, gah Hüseyn Saraçlının, gah da İran azərbaycanlısı – yanılmıramsa, Azəroğlunun səsi ucaldı...

... Çalışıram az yeyəm. Türkiyə yeməkləri mənə düşmür. Gör neçə gün məni sıradan çıxaran ilk doyunca yeməyimi (əti) yadda saxlayıb, hamıya deyirəm ki, guya mən “yoq”am və bu üzdən az yeyirəm. Mat qalsalar da, razılaşırlar. Bax, bu gün də önümə orta ölçülü bir toyuq qoydular. Bircə budunu yesəm də, budur e... reaksiya başlayıb – ağzım quruyub, od tutub yanır, dodaqlarım qaysaq bağlayıb, içim göynəyir – halbuki azı 15 stəkan çay içmişəm. Özü də otel çayı yox a – gözəl ev çayı!..

Yavuzun atası bizimkinə oxşayır, amma nisbətən cavandır. Anası və xalası tipik rayon qadınlarına bənzəyirlər...

Yenə dolmuşa minib geri qayıtdıq. Allah üzümüzə baxdı – sürücümüz bir-iki sm yanılsa, düz betondaşıyan maşının arxasına dəyəcəkdik. Tamam.

(ardı gələn çərşənbə axşamı)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG