Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Füzuli rayonunda reket söhbəti


Füzuli rayon Polis Şöbəsinin qarşısında insident
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

Füzuli rayon Polis Şöbəsinin qarşısında insident

Füzuli rayonunun köçkünlər üçün salınmış 1-ci Qayıdış qəsəbəsinin sakini Füzuli Abbasov deyir ki, Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin rəhbəri Eldəniz Səfərəliyev və onun ailə üzvləri rayonda reketliklə məşğul olurlar. Hər ay fermerlərdən 2 min manat civarında pul yığırlar:

«Bunlar bir dəstədirlər. Ferması, imkanı olan hər kəsdən pul alırlar, bizdən 2 min manat istəmişdilər. Deyirdilər hamı verir, siz də verməlisiniz. Söhbət də bunun üstündə başladı».

«QARDAŞIMI BIÇAQLAYANLAR TUTULMADI»

Füzuli Abbasov deyir ki, Eldəniz Səfərəliyevin atası İsfəndiyar Səfərəliyev əvvəllər rayon avtobazasına rəhbərlik edib, imkanlı şəxsdir. İndi də reketliklə məşğul olan övladlarına himayədarlıq edir.

Füzuli Abbasov deyir ki, ötən il dekabrın 23-də Səfərəliyevlər onlara pulu vermək üçün son müddətin başa çatdığını xatırladıblar. Ancaq onlar pulu vermədiyindən həmin axşam Sosial Müdafiə Fondunun şöbə rəhbərinin qardaşı Ağəddin Səfərəliyevlə İsrail adlı yaxın qohumu Niyaz və Nəcməddin Abbasov qardaşlarını bıçaqlayıblar:

«Qardaşım Niyaz başından da bıçaq yarası alıb, bu barədə polislər də məlumatlıdırlar. Ekspertin də rəyi var ki, başında həyat üçün təhlükəli kəsilmiş-deşilmiş yaralar var. Ancaq qardaşlarımı bıçaqlayan şəxslərin heç biri tutulmadı. Şikayət edirik, Baş Prokurorluq göndərir rayon prokurorluğuna, o da göndərir rayon polisinə. Ötür-ötürdür».

«REKET DÖVRÜ ARXADA QALDI»

Füzuli Abbasov deyir ki, onları fevralın 23-də Füzuli rayon polis şöbəsinə dekabr ayında baş vermiş hadisə ilə əlaqədar Səfərəliyevlərlə üzləşməyə çağırılıblar. Şöbənin binası qarşısında Səfərəliyevlər tərəfindən döyülüblər. Hətta qardaşı Nəcməddin xəsarət alaraq 12 saat xəstəxanada müalicə də alıb:

«Qoy nazir Ramil Usubov eşitsin, görsün ki, onun rəhbərlik etdiyi idarələrdə nələr baş verir. Polis orqanının qarşısında bir vətəndaş başqa vətəndaşı «dubinka» ilə qanına boyayır, polis işçiləri dayanıb baxırdılar».

«200 MANATDAN 500 MANATACAN PUL VERMİŞƏM»

Füzuli rayonundan adının çəkilməsini istəməyən başqa bir fermer də Eldəniz Səfərəliyevin ailə üzvləri tərəfindən təzyiqə məruz qaldığını deyir:

«6-5 ay əvvələ qədər məndən də alırdılar. Burda mal bazarı var, gətirib qoyun-quzu satanda, gəlirdilər bazara, deyirdilər satırsan, pulumuzu ver. Elə olub ki, 200 manatdan 500 manatacan pul vermişəm. Elə də olub ki, quzu aparıblar. Elə vaxtlar olurdu pul vermək imkanım olmurdu, evə kimi gəlirdilər. Həm vergi ödəyirdim, həm də onlara verirdim, Sonra gördüm özümə heç nə qalmır, yalvar-yaxar elədim, məndən əl çəkdilər».

Döyülən Nəcməddin Abbasov
Döyülən Nəcməddin Abbasov
«YA PUL VERİRLƏR...»

Fermer deyir ki, Səfərəliyevlərlə heç rayonun güc strukturları da bacarmır:

​«İdmançı adamları yığıblar başlarına. Bütün rayon onlardan bezib. Ya pul verirlər, ya da rəis onlardan qorxur. Maşının təkərini rəisin gözü qabağında göyə qaldırırlar. Heç kəs onlara söz demir».

Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin rəhbəri Eldəniz Səfərəliyev isə deyilənləri təkzib edir:

«Heç mən o adamları tanımıram. Reket dövrü isə keçmişdə qalıb. Hamısı yalan məlumatdır. Bizim nəslimizdə də belə işlə məşğul olan adam ola bilməz».

«MƏN İŞ ADAMIYAM»

Eldəniz Səfərəliyev fevralın 23-də Füzuli rayon polis şöbəsinin qarşısındakı hadisədən də xəbərsiz olduğunu dedi.

« - Videogörüntülər də var ki, o adamlar döyülüb. Demələrinə görə, siz də, atanız da orda olmusunuz.

- Yalan söhbətdir, mən iş adamıyam, heç mənim səviyyəm də onlara uyğun gəlmir.

Eldəniz Səfərəliyev deyir ki, onlar nə polis şöbəsində olublar, nə də kiminləsə qarşıdurmada. Həmin gün Abbasovlar polis şöbəsinə bir çobanı döydüklərinə görə gediblər və qarşıdurma da onlarla həmin çoban arasında baş verib.

MÜNAQİŞƏ XIRDA SÖHBƏT ÜSTÜNDƏ OLUB

Ancaq Eldəniz Səfərəliyevin dedikləri ilə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən deyilənlər üst-üstə düşmür. Çünki mətbuat xidməti Səfərəliyevlərlə Abbasovlar arasında dekabrın 23-də baş vermiş hadisəni təsdiqləyib. Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Səfərəliyevlərin rayonda reketliklə məşğul olmaları barədə deyilənlər həqiqətəuyğun deyil. Aralarındakı münaqişə isə şəxsi münasibətlər zəminində baş verib.

Orxan Mansurzadə Abbasov qardaşlarının bıçaqlanması faktını da təkzib edib. Deyir, dekabrın 23-də Abbasovlarla Səfərəliyevlər bir-birlərini döyüblər. Buna görə də faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Fevralın 23-də üzləşməyə gələrkən Füzuli rayon polis şöbəsinin qarşısında Səfərəliyevlərlə Abbasovlar arasında münaqişə yaranıb. Tərəflər bir-birinə qarşılıqlı xəsarət yetirib. O ki qaldı Abbasovların Səfərəliyevlər tərəfindən dəyənəklə döyülmələrinə və polisin hadisədə tamaşaçı qismində çıxış etməsinə, Orxan Mansurzadə bunu da təkzib edib. Deyib ki, polis dava-dalaşa müdaxilə edib və tərəfləri ayırıb. «Ekspertiza rəyi alındıqdan sonra müvafiq tədbir görüləcək», - Orxan Mansurzadə belə deyir.
XS
SM
MD
LG