Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 16:50

Oskar heykəlcikləri hərraca çıxarılır


Bazar günü paylanacaq Oskar mükafatından iki gün sonra Nate D.Sanders qalereyasının təşkil etdiyi açıq hərracda indiyədək verilmiş Oskar mükafatlarından bəziləri satışa çıxarılacaq.

Bu hərracın indiyə qədər satışa çıxarılan ən böyük kolleksiya olduğu xəbər verilir.
Kolleksiyada nələr var?

Kolleksiyada “Uğultulu təpələr”, “Həyatımızın ən gözəl illəri”, “Süvari alayı” kimi dünya şöhrətli filmlərə verilən Oskar heykəlcikləri var.

Məlum olduğu kimi, Kino Sənəti Akademiyası bu heykəlciklərin satışına icazə vermir.
Oskar mükafatı alan sənətçilərin heykəlcikləri 1 dollar qarşılığında ancaq Akademiyaya satması barədə 1950-ci ildə imzalanmış müqavilə var.

Deyilənə görə, satışa çıxarılan heykəlciklər həmin müqavilənin imzalanmasından əvvəl verilən mükafatlardır.

Nate D.Sanders qalereyası hərracı internetlə gerçəkləşdirəcək.

Açıq hərracda 15 heykəlciyin 2 milyon dollara satılmasının gözlənildiyi açıqlanıb.

Ən yüksək təklifi 1934-cü ildə Frank Lloydun “Süvari alayı” (Cavalcade) filminə verilən “Ən Yaxşı film” heykəlciyinin alması gözlənilir.

Xatırladaq ki, Orson Wellesin 1941-ci ildə çəkdiyi “Citizen Kane” filmiylə qazandığı “Ən yaxşı ssenari” Oskarı keçən il 861 min dollara satılmışdı.

1999-cu ildə isə Michael Jackson "Küləklə sovrulanlar” (Gone with the Wind) filminin yaradıcısı David O. Selznick'in qazandığı Oskar heykəlinə 1,5 milyon dollar ödəmişdi.
XS
SM
MD
LG