Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Suriyada hökumət qoşunları Hama şəhərinə hücuma başlayıblar


Homs şəhərindən görüntü
Homs şəhərindən görüntü
Zirehli texnikadan və zenit qurğularından yaşayış məhəllələrinə atəş açılır. Hökumət qoşunlarının Homs şəhərinə hücumu isə artıq 13-cü gündür davam edir. Hüquq müdafiəçilərinin məlumatına görə, fevralın 14-də bu şəhərdə azı 20 nəfər həlak olub.

Bu arada Fransa bildirib ki, Suriya xalqına kömək etmək istəyən yardım təşkilatları üçün 1 milyon avro məbləğində vəsait ayırıb. Gələn həftə Suriya ilə bağlı Tunisdə keçiriləcək görüşdə bununla bağlı təklif irəli sürəcək.

Fransanın xarici işlər naziri Alain Juppe deyib ki, humanitar dəhlizlə bağlı təklifi də müzakirə olunmalıdır:

«Düşünürəm ki, qeyri-hökumət təşkilatlarına qətllərin həyata keçirildiyi zonalara daxil olmaq üçün humanitar dəhliz verilməsi barədə bir neçə gün əvvəl qaldırdığım məsələ Təhlükəsizlik Şurasında müzakirə edilməlidir».

Misir isə BMT Baş Assambleyasında Suriya ilə bağlı qətnamə layihəsi yayıb. Sənəddə insan hüquqlarını pozduğuna görə, Bashar Assad rejimi kəskin tənqid olunur və Ərəb Dövlətləri Liqasının Assadi istefa verməyə çağıran planı dəstəklənir. Qətnamənin mətni Təhlükəsizlik Şurasında müzakirə olunan və fevralın 4-də Rusiya və Çin tərəfindən veto edilən qətnamənin mətni ilə oxşardır.

BMT Baş Assambleyasının qətnamələrini veto etmək mümkün olmasa da, onlar Təhlükəsizlik Şurasında qəbul edilən qətnamələrdən fərqli olaraq məcburi hüquqi qüvvəyə malik deyil. Verilən məlumata görə, qətnamənin fevralın 16-a qədər Baş Assambleyada qəbul ediləcəyi gözlənilir. Qətnamə qəbul edilsə, bu, Baş Assambleyanın son iki ayda Suriya ilə bağlı qəbul etdiyi ikinci qətnamə olacaq.

RİAD HADDAD: «BASHAR ASSAD İSTEFA VERMƏYƏCƏK»


Fransanın xarici işlər naziri Alain Juppe bildirib ki, Rusiyanı razı salmaq üçün danışıqlar davam etdirilir:

Fransanın xarici işlər naziri Alain Juppe
Fransanın xarici işlər naziri Alain Juppe
«Biz öz tərəfimizdən BMT Təhlükəsizlik Şurasında Rusiyanı qətnaməni qəbul etməyə razı salmaq üçün danışıqları davam etdiririk. Nəhayət, Baş Assambleyada səsvermə olacaq. Bu da simvolik xarakter daşıyacaq. Lakin biz dünyanın 130, ya da 140 ölkəsinin dəstəyini alsaq, bu qədər ölkə bildirsə ki, qətliam dayandırılsın, Ərəb Dövlətləri Liqasının planı həyata keçirilməlidir», onda bu simvolik qətnamə müəyyən gecə malik olacaq».

Suriyanın Rusiyadakı səfiri Riad Haddad bildirib ki, prezident Bashar Assad istefa verməyəcək.

Fevralın 15-də Moskvada keçirdiyi mətbuat konfransında səfir deyib ki, Bashar Assadi çoxluq seçib, o legitimdir. Səfir onu da bildirib ki, rəsmi Dəməşq Suriyaya beynəlxalq sülhməramlıların gətirilməsinin qəti əleyhinədir.

BMT-nin insan hüquqları üzrə ali komissarı Navi Pillay bildirmişdi ki, Təhlükəsizlik Şurasının qətnamə qəbul edə bilməməsi Assad rejimini hərbi əməliyyatları sürətləndirməyə həvəsləndirib. Pillay onu da deyib ki, ötən ilin martından davam edən əməliyyatlar bəşəriyyətə qarşı cinayətlər də ola bilər.

Dəməşq bu isə bu iddiaları rədd edir. Suriyanın Xaric İşlər Nazirliyi bildirib ki, BMT-nin insan hüquqları komissiyası Suriyanı hədəf alan bəzi ölkələrin əlində alətə çevrilib və Suriyada silahlı qrupların həyata keçirdiyi terror hadisələrinə məhəl qoymur.

Fevralın 15-də isə Suriya prezidenti Bashar Assad fevralın 26-da yeni konstitusiya ilə bağlı referendum keçiriləcəyini elan edib. Bu haqda Suriyanın dövlət televiziyası xəbər verib.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG